Şəhid məktubları
Şəhid
məktubları uçur havada
bu kəndin
göyləri məktubla dolu.
Ağaclar məktublu, otlar məktublu,
bu gün bu toylarda məktublar
uçur,
bu
gün bəy üzündə tər puçur-puçur.
Xəyallar, röyalar uçur, hey, uçur.
Danışan, dolaşan, uçan
məktublar,
hərdən dövrə
vurur başının
üstə,
hərdən dövrə
vurur yaşının
üstə.
Bu kəndi məktublar alıb qoynuna-
şəhid məktubları
tut dərir indi,
şəhid məktubları
dərd sərir indi.
Bir cavan gəlinin röyalarında
şəhid məktubları
gül dərir indi,
məktubun üstünə
tül sərir indi.
Dünən də növbədə,
bu gün növbədə,
şəhidin növbəsi
qurtaran deyil.
Gör neçə aylardı, gör neçə ildi,
şəhid sərhəd
boyu növbədə
durur,
ruhları Vətəndə
dövrələr vurur.
Şəhid məktubları uçur
havada
bu kəndin göyləri məktubla dolu.
Nişanlı qızların adı
yazılı,
sevdiyi qızların kodu yazılı,
arzu məktubları
uçur havada.
Gözləri qapıya, yola dikilən
ananın qoynunda şəhid məktubu,
ananın gözündə
toy mağarları,
düzülüb dalbadal,
həyətbəhəyət.
Ana ürəyinə damanlar damır,
ana ürəyinə
gümanlar damır.
Bulud arxasına çəkilən
ay da,
səmada məktublar
oxuyur indi,
bu dünya məktublar toxuyur indi-
sevinc məktubları,
qəm məktubları.
Göylərin gözləri dolub
bu gecə,
parlayan ulduzlar solub bu gecə.
Qaralı-qırmızı lentlər yellənır,
qırmızı yağışlar
yağacaq indi,
məktublar gecəni
boğacaq indi.
Qara-qırmızıdı bölgə hər gecə,
qara-qırmızıdı ölkə
hər gecə.
Şəhid məktubları uçur
havada
bu kəndin göyləri məktubla dolu.
Dünənki döyüşün təəssüratları,
sabahkı döyüşün
xoş ovqatları,
sevginin, həsrətin vüsal anları,
arzunun üzündə
güllə qanları.
Məktublar güllədi, sözlər
güllədi,
bu güllə məktublar, bu söz məktublar,
bir qıza, gəlinə bu göz məktublar,
anaya-ataya bu köz məktublar,
döyür qapıları,
döyür evbəev.
Əlləri xınalı gəlinlər
açır,
məktubun
dalınca neçə qız qaçır.
Bu
gecə royalar işıqlar saçır
bu
gecə, bu gecə hamı göylərdə.
Şəhid
məktubları uçur havada,
bu kəndin
göyləri məktubla dolu.
Bu
gecə məktubu paylayan külək
neçə
qapıları qəfil döyəcək.
Rafail Tacızadə
Ədalət.-2013.-19 yanvar.-S.10.