GENERAL CƏMŞİD XAN NAXÇIVANSKİ

 

(Sonuncu Kəngərli generalı)

 

Şəmistan Nəzirli istefada olan polkovnik-leytenant

 

(əvvəli ötən saylarımızda)

 

Sual: 1930-cu ildə Azərbaycan Milli Mərkəzinin darmadağın edilməsindən sonra yenidən yaradılmış mərkəz tərəfindən kapitalist ölkələri ilə əlaqə yaradılmışdımı?

Cavab: 1937-ci ildə Qarayevlə olan söhbətim zamanı öyrəndim ki, Bakıda Azərbaycan Milli Mərkəzi tərəfindən müvafiq konsulların vasitəsilə Türkiyə və İran hökumətləri ilə müvafiq danışıqlar aparılır. Kömək, müvafiq kompensasiya hesabına silahlı yardımdan ibarət olmalı idi. Azərbaycan Milli Mərkəzindən bu danışıqları aparmaq üçün konkret olaraq kimə səlahiyyət verildiyini Qarayev mənə deməmişdi və mən bu haqda ondan heç nə soruşmadım.

Türkiyə və İran hökumətlərinə veriləcək kompensasiya ərazi güzəştindən (Naxçıvan Respublikasını - Türkiyəyə və Lənkəran qəzasının İrana), material kompensasiyadan - başlıca olaraq neftlə və sonralar ticarət razılaşmalarının bağlanması zamanı müvafiq imtiyazlardan ibarət olmalı idi. Qarayev buradaca bu söhbətin böyük məxfiliyi barədə məni xəbərdar etdi və Korku bu barədə məlumatlandırmamağı xahiş etdi.

Sual: Moskvada olduğunuz zaman ərzində Siz Azərbaycan mərkəzinin iştirakçılarından daha kimlə görüşmüsünüz?

Cavab: Azərbaycan Milli Mərkəzinin Azərbaycandan gələn iştirakçılarından Xəzər donanmasının (mülki) rəisi işləyən Azdiviziyanın keçmiş hərbi komissarı Həsən Rəhmanovla və Bakı şəhərinin komendantı Məhərrəmovla Azərbaycandakı vəziyyət haqqında söhbətlərim olmuşdu.

Mən Həsən Rəhmanovla Azərbaycan Milli Mərkəzi tərəfindən aparılan cəlbetmədən və silahlı üsyanın hazırlanması haqqında danışırdım. Rəhmanov mənə Azərbaycan Milli Mərkəzinə daxil olan şəxslərin adlarını çəkdi, soyadları Qarayevin mənə dedikləri ilə uyğun gəlir. Bütün soyadlarını mən xatırlamıram; yadımda qalan soyadlarını mən artıq ifadəmdə sadalamışam. Rəhmanov məni həmçinin, silahlı üsyana hazırlığın gedişi haqqında da məlumatlandırdı. O, göstərdi ki, Azərbaycan Milli Mərkəzinin olduqca nüfuzlu heyəti hesabına cəlb etmə olduqca uğurla gedir. Rayonlarda iş xüsusilə uğurla gedir. Rəhmanov, həmçinin, göstərdi ki, hazırlanan üsyanla Azərbaycanda əvvəllər baş vermiş üsyanlar arasında əsas fərq ondan ibarət olacaqdır ki, gələcək üsyana rayonların məsul şəxsləri başçılıq edəcəklər.

Rəhmanov tam əminlik bildirdi ki, üsyan tam uğurla nəticələnəcək. Mən Məhərrəmovla başlıca olaraq cəlbetmə ilə bağlı vəziyyət və Azdviziyada aparılan iş haqqında danışmışdım.

Məhərrəmov göstərdi ki, diviziya komandiri Vəzirovla diviziyanın hərbi komissarı Cabir Əliyev arasında baş tutan barışıqdan sonra iş uğurla getməyə başladı.

Məhərrəmov cəlb edilməsinə müyəssər olunmuş şəxslərin adını sadaladı. Məhərrəmov diviziya komandiri Vəzirovun hərbi komissar Cabir Əliyevin, Azdiviziyanın siyasi şöbəsinin rəis müavini Yusifovun, diviziyanın qərargah rəisi Sursal İbrahimovun (onun diviziya qərargahı rəisi və ya qərargahın 1-ci hissəsinin rəisi olub - olmadığını xatırlaya bilmirəm), Azdiviziyanın tribunalının sədri Tağıyevin, diviziya qərargahı rəisinin köməkçisinin (soyadını yaxşı xatırlamıram, deyəsən Məmmədovdur) adlarını çəkdi.

O, həmçinin, baş və orta rəis heyətindən olan şəxslərin də soyadlarını dedi. Bütün soyadlarını xatırlamıram. Mənim yadımda bu şəxslərin soyadları qalıb: Bakı alayının komandiri Seyfulla Mehdiyevin, alay komandiri Murtuz Talıbzadənin, artilleriya alayının komandirinin (soyadını unutmuşam). O, həmçinin, bir sıra alay qərargahları rəislərinin və alay komandirləri köməkçilərinin də soyadlarını dedi, ancaq mən indi o soyadlarını xatırlamıram.

Məhərrəmov göstərdi ki, cəlbetmə davam edir və güman etmək olar ki, diviziyanın rəis heyətinin çox böyük faizini əhatə edəcək.

Mən Məhərrəmova məlumat verdim ki, bu cür kütləvi cəlbetmə moskvalı işçiləri (mən Hərbi Mərkəzi nəzərdə tuturdum) ehtiyatlandırır, bu konspirasiya prinsiplərini pozur və bütün işin iflasına gətirib çıxara bilər. Məhərrəmov göstərdi ki, bu məsələ Azərbaycanda heç kəsdə qorxu yaratmır, çünki etibarlı adamlar cəlb edilirlər. Ancaq o cəlbetməni ən etibarlı və lazımlı adamların əhatə edilməsi və ağırlıq mərkəzinin rəis heyətinin və əsgərlərin müvafiq seçiminə keçirilməsi, həmçinin, diviziyanın şəxsi heyətinin şovinist ruhunda tərbiyələndirilməsi göstərişi haqqında xəbərdar idi

Sual: Siz göstərdiniz ki, İranda yaşayan mühacir qardaşınız Kəlbalı xanla əlaqəniz olub. Deyin, Siz Kalbalı xanla ancaq antisovet işi ilə bağlı olaraq əlaqədə idiniz?

Cavab: Xeyr, antisovet işi üzrə əlaqədən başqa, mən Kalbalı xanla həm də casus fəaliyyəti ilə bağlı olaraq əlaqədə idim. Mənim casus fəaliyyətim 1921-ci ilin sonundan başlandı.

1921-ci ilin sonunda soyadını xatırlamadığım Naxçıvanın bir sakini yanıma gəldi və xəbər verdi ki, o tez-tez qeyri-leqal şəkildə İranda olur. Həmçinin, mənim valideynlərim haqqında bəzi məlumatları da xəbər verdi və qardaşım Kalbalı xandan məktub çatdırdı. Qardaşım özü və yaxınlarımız haqqında xəbər verir və məktubu çatdıran şəxsin vasitəsilə Azərbaycandakı vəziyyət, həmçinin, qoşunların yerləşməsi haqqında ona məlumat verməyi xahiş edirdi.

Mən məktubu çatdıran şəxsin vasitəsilə qardaşım üçün Qafqaz ordusu hissələrinin dislokasiyası və sayı haqqında məlumatı ötürdüm.

1924-cü ildə mən casusluq işi ilə bağlı olaraq Azərpambığın rəisi Məmməd Hacıyevlə əlaqə yaratdım.

Məmməd Hacıyev xidməti işləri ilə əlaqədar tez-tez İranda olur və orada mənim qardaşım Kalbalı xanla görüşürdü.

Hacıyev bir dəfə mənim yanıma gəldi və qardaşımdan salam çatdırdı və danışdı ki, İranda mənim qardaşımı görüb və qardaşım xahiş etmişdi ki, İrana növbəti səfəri zamanı mən onun vasitəsilə Qırmızı ordu hissələrinin Azərbaycandakı dislokasiyası və say tərkibi haqqında məlumatları qardaşıma ötürüm.

Müəyyən müddətdən sonra Hacıyev mənimlə görüşdüyü zaman yaxın günlərdə İrana yola düşəcəyi haqda məni xəbərdar etdi və qardaşımın dilədiyi məlumatları tərtib edərək ona ötürməyi xahiş etdi ki, mən də bunu yerinə yetirdim.

Analoji məlumatları mən Kalbalı xan üçün elə həmin Hacıyevin vasitəsilə 1926-cı ilə qədər ötürürdüm.

1926-cı ildə Məmməd Hacıyev İrana getdi və qayıtmaz oldu.

Həmin vaxtdan həbs gününə qədər casus işi ilə əlaqədar heç kəs mənimlə əlaqə yaratmamışdı və mən öz casus fəaliyyətimi bərpa etmədim.

Protokol mənim tərəfimdən oxunub və mənim sözlərimdən düzgün qeydə alınıb.

İmza

(Naxçıvanski)

 

 

İĞTİŞAŞLI İLLƏRİN HƏYƏCANI

 

...Naxçıvanda mütərəqqi ziyalılar az deyildi. Kəngərli nəslindən olanları da mən ehtiramla yada salıram. Bu nəsildən bir sıra məşhur ziyalılar yetişmişdir. Böyük xan, general İsmayıl xan, Hüseyn xan, Cəfərqulu xan, Məmmədqulu bəy, Məmməd ağa Şahtaxtinski, rəssam Bəhruz Kəngərli buna misal ola bilər. Naxçıvanlılar bu adamlara inanır, onlara müşkül bir işdə müraciət etməkdən çəkinmirdilər. Onu da qeyd edim ki, məşhur general Cəmşid xan Naxçıvanski də bu nəslin layiqli nümayəndəsidir.

Əli Səbri (1892 - 1983) nasir, tərcüməçi

Haqqında söhbət açdığımız Kəngərlilərin xan nəsli Azərbaycan hərb tarixinə qızıl səhifələr yazmış Cəmşid xanı 1895-ci il avqustun 15-də dünyaya bəxş etdi. O, yeddi yaşına çatanda anası Fərəntac xanımdan Azərbaycan dilində yazmağı, dayəsi Anna İvanova Nikolayevadan isə rus və fransız dillərində danışmağı öyrənmişdi. Rus ordusunun zabiti olan atası Cəfərqulu xan səkkiz yaşlı Cəmşidi Tiflisdəki yunkerlər məktəbinə qoydu. 1914-cü il noyabrın 8-də onu Qərbi Ukraynadakı Yelizavetqrad (indiki Kirovqrad - Ş.N.) qvardiya məktəbinə göndərdilər. 1914-cü ildə praporşik rütbəsi ilə həmin məktəbi bitirdi. Birinci Dünya müharibəsi başlananda imperiyanın müsəlman əhalisindən təşkil olunmuş tatar süvari eskadronunun komandiri təyin olundu. Cəmşid xan Naxçıvanski öz hərbi məharəti ilə ilk dəfə Birinci Dünya müharibəsində ad-san qazanmışdı. "Brusilov cəbhəsi"nin yarılmasında iştirak etmiş, "Müqəddəs Georgi" ordeninin dördüncü dərəcəsi ilə təltif olunmuşdur. Avstriya və Rumıniyanın cəbhələrində üç dəfə yaralanan Naxçıvanski igid bir süvari zabit kimi 1916-cı ilin fevralından 1917-ci ilin yanvarınadək xidməti müddətində gümüş silahla təltif edilmiş və ikinci, üçüncü və dördüncü dərəcəli "Müqəddəs Anna", ikinci, üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordenləri ilə mükafatlandırılmışdır.

Cənub-qərb cəbhəsi dağıdıldı. Ştab-rotmistri Naxçıvanski başçılıq etdiyi süvari alayı ilə birgə doğma Azərbaycana qayıtdı.

1918-ci il sentyabrın 15-də Türk qoşunları Azərbaycan Əlahiddə Korpusu ilə birgə Bakını düşmənlərdən təmizlədi. Əlahiddə Korpusun sıralarında Azərbaycanın müstəqilliyi uğrunda Cəmşid xan da inamla vuruşurdu. Füsunkar Qarabağın Şuşa şəhərində yerləşən Cəmşid xan Naxçıvanskinin alayı 1920-ci ilin martında daşnak tör-töküntülərinə və daxili düşmənlərə qarşı döyüş əməliyyatlarında fəal iştirak etdi.

Azərbaycanda Sovet hakimiyyəti qurulandan bir neçə gün sonra Respublika Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov Şuşaya təcili teleqram göndərdi. Milli Ordu hissələrinin təşkilinə başlansın. Cəmşid Naxçıvanskinin komandirlik etdiyi ikinci Qarabağ süvari polku könüllü olaraq sovet ordusu tərəfinə keçdikdən sonra birinci fəhlə-kəndli polku adı ilə XI Ordunun tərkibinə daxil edildi. Podpolkovnik Cəmşid xan Naxçıvanskinin özü isə ilk Azərbaycan Birləşmiş Komanda məktəbinin rəis müavini, az sonra isə rəisi təyin olundu. İgid komandir kimi ilk günlərdən ləyaqətlə xidmət edən C. Naxçıvanskiyə həmişə müsbət xasiyyətnamələr verilmişdir.

İstedadlı sərkərdənin xalqına, Vətəninə sədaqəti, yüksək hərbi biliyi XI Ordunun komandanı M.İ.Levandovski, Hərbi İnqilab Şurasının üzvü S.Orconikidze, Azərbaycan Hərbi Dəniz Xalq Komissarı Əliheydər Qarayev tərəfindən yüksək qiymətləndirilmişdir.

1921-ci il martın 14-də ordu komandanı M.İ.Levandovskinin Cəmşid Naxçıvanskiyə verdiyi xasiyyətnamədə oxuyuruq:

"Korpus da daxil olmaqla bütün hissələrə operativ, taktiki cəhətdən komandanlıq etməyə tam layiqdir. Sakit, təmkinli, fəal və təşəbbüskardır. Azərbaycan MİK-in və Zaqafqaziya MİK-in tərkibinə seçilmişdir. Diviziya komandirliyi vəzifəsinə tam uyğundur". İllər keçdi. Qızıl Ordunun məşhur komandirlərindən biri olmasına baxmayaraq, otuz yeddinci ilin qara tufanlarında M.İ.Levondovskiyə də inam, etibar azalıb yox dərəcəsinə endi. 1938-ci ilin martında onu da həbs etdilər. Martın 23-də çekistlər ondan zor gücünə Cəmşid xanın əleyhinə belə bir ifadə aldılar:

"Mənim Cəmşid xan Naxçıvanski ilə 1927-ci ildən yaxın dostluq əlaqəm vardır. Elə o zaman - 1927-ci ildə Naxçıvanski Azərbaycan MK-nın keçmiş katibi Qarayev (Əliheydər Qarayev - Ş.N.) tərəfindən burjua-millətçi əksinqilabi təşkilata cəlb olunmuşdu. Bu barədə mənə şəxsən Qarayev özü demişdi. Eyni zamanda o, mənə bildirmişdi ki, Naxçıvanskinin nüfuzunu orduda artırmaq üçün onu Sov. İKP sıralarına keçirmək lazımdır.

Qarayev öz kabinetində mənə kollektivin zəmanətini öz imzası ilə hazırlamışdı. Xatırlaya bilmirəm, deyəsən, Bakı şəhər partiya komitəsinin keçmiş katibi Levon Mirzoyan da ona imza atmışdı. Az.K(b)PMK-nın Naxçıvanskiyə həsr olunmuş iclasında qərar qəbul olunmuşdu ki, mən "şəxsən" açıq şəkildə onunla söhbət aparmalıyam.

Mən Cəmşid Naxçıvanskini "Avropa" mehmanxanasına öz yanıma çağırdım. Ona aid olan ittihamların hamısını dedim. Yəni ki, onun İranda qubernator işləyən əmisi ilə əlaqələri və casusluq işləri barəsində danışaraq ittiham etdim. Naxçıvanskini qorxutduqdan sonra mən ona mənimlə birgə keçmiş zabitlərin əksinqilabi təşkilatın üzvü kimi işləməyi təklif etdim. Naxçıvanski razılıq verdi. Mən ona məsləhət gördüm ki, şübhələri öz üzərindən götürmək üçün yığıncaqlarda çıxış etmək, riyakarlıq edərək sözdə Sovet hökumətini müdafiə etmək mövqeyində durmalıdır. Bundan sonra Naxçıvanski mənə bildirdi ki, onun tərəfindən təşkilata Azərbaycan alayının keçmiş komandiri Veysov və digərləri də cəlb olunmuşlar".

Milli diviziya yaratmaq işindəki fəallığına görə Cəmşid xan Naxçıvanskiyə 1921-ci il dekabrın 19-da Azərbaycan Hərbi-Dəniz Xalq Komissarlığı təşəkkür elan etmiş və mükafat olaraq ona gümüş dəstəkli qılınc hədiyyə vermişdi. O, yeni yaradılan Azərbaycan Dağ-Atıcı diviziyasına komandir təyin olundu.

 

(ardı var)

 

 

Ədalət.-2013.-22 yanvar.-S.5.