Azərbaycan səfirliklərində 20 Yanvar faciəsi anıldı
Xarici
ölkələrdə akkreditasiya olunmuş səfirlik və
baş konsulluqlarında 20 Yanvar faciəsinin 23-cü
ildönümü münasibətilə anım tədbirləri
keçirilib.
Azərbaycanın
Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğu
Manqistau vilayətində yaşayan azərbaycanlıların
"Dostluq" milli-mədəni cəmiyyəti ilə birgə
20 yanvar şəhidlərinin anım mərasimi keçirib.
Konsulluğun mətbuat xidmətindən APA-ya daxil olan məlumata
görə, mərasimdə Manqistau vilayətində
yaşayan çoxsaylı soydaşlarımızla
yanaşı vilayətin tanınmış ziyalıları,
müharibə və əmək veteranları, vilayətdə
fəaliyyət göstərən digər diasporların
nümayəndələri, jurnalistlər iştirak ediblər.
Tədbirdə
20 Yanvar faciəsi ilə bağlı foto stend və kitab sərgisi
təşkil olunub.
Azərbaycan
Qazaxıstanın Aktau şəhərindəki Baş
Konsulluğunun konsulu Elxan Zeynalov çıxış edərək,
20 Yanvar faciəsi barədə, həmçinin Dağlıq
Qarabağ münaqişəsi barədə ətraflı məlumat
verib.
Azərbaycanın
Serbiyadakı səfirliyində təşkil olunmuş mərasimdə
isə yerli ictimaiyyətin nümayəndələri, Serbiya
parlamentində fəaliyyət göstərən Azərbaycanla
dostluq qrupunun üzvləri, Belqraddakı Azərbaycan Mədəniyyət
Mərkəzinin və Serbiya-Azərbaycan ticarət-iqtisadi
Palatasının üzvləri, Serbiyada yaşayan Azərbaycan
icmasının üzvləri və təhsil alan azərbaycanlı
tələbələr, KİV, həmçinin Belqrad şəhərinin
müsəlman icmasının nümayəndələri
iştirak ediblər.
Tədbirdə
çıxış edən səfir Eldar Həsənov 20
yanvar faciəsi zamanı Sovet qoşunları tərəfindən
törədilmiş vəhşilikləri xatırladıb,
müstəqillik yolunda şəhid olan qəhrəmanların
xatirəsinin xalqımızın yaddaşında əbədi
yaşayacağını diqqətə çatdırıb. Səfir
faciə zamanı 130-dan artıq insanın qətlə
yetirildiyi və 700-dən artıq insanın müxtəlif dərəcəli
bədən xəsarətləri aldığını qeyd
edib.
Sonra
mərasim iştirakçıları "Azadlığa
aparan yol" sənədli filminə baxıblar.
Azərbaycanın
Küveyt dövlətindəki səfirliyi də diaspora
üzvlərinin, yerli hökumətin nümayəndələrinin
və diplomatların iştirak etdiyi anım tədbiri
keçirib. Mərasimdə çıxış edən səfir
Tural Rzayev keçmiş sovet ordusunun Bakıda və ölkəmizin
bir sıra digər şəhərlərində törətdiyi
vəhşiliklərdən danışmış, bu qanlı
faciədə, başda Mixail Qorbaçov olmaqla, əli
olanların insan hüquqları, uşaq hüquqları, vətəndaş
hüquqlarına riayət olunmasını tələb edən
bütün beynəlxalq hüquq normalarına zidd hərəkət
etməsi barədə ətraflı məlumat verib.
Həmçinin
səfirliyin təşəbbüsü və yardımı ilə
ərəb dilində hazırlanıb,
çoxaldılmış "20 Yanvar" fotoalbomu və faciə
ilə bağlı sənədli filmin ərəb dilində
CD variantı tədbir iştirakçılarına təqdim
olunub.
Ədalət.-2013.-22 yanvar.-S.5.