DOĞULDUĞU GÜN ÖLƏN SƏNƏTKAR...

 

Hər kəs tərəfindən tez-tez işlədilən məşhur bir deyim var: həyat çox qəribədir. Ən adi diqqət kifayət edir ki, bunun məhz belə olduğunu görəsən. Və mənə elə gəlir ki, bu kəlamın heç yaşı da bilinmir. Çünki insan övladı özünün kimliyini dərk edən zamandan içərisində olduğu həyatın qəribəliyini anlayıb. Bəlkə də həyatın, elə dünyanın da öyrənilməsində, nəzəriyyələrin, elmlərin yaranmasında, hətta kəşflərin təzahüründə məhz bu qəribəliyin rolu əvəzsiz olmuşdur.

Sayı-hesabı bilinməyən bu qəribəliklər sırasında biri də var ki, hər kəs həyatında onunla qarşılaşır. Yəni, çox zaman ən böyük ehtimal etdiyimiz deyil, onun əksi baş verir. Bəzən ən çox üzərində əsdiyimiz, qoruduğumuz məhv olur, heç bir dəyər vermədiyimiz isə əbədiymiş kimi yerində durur. Bir çox hallarda bütün varlığımızla, gücümüzlə həll etməyə çalışdığımız, amma bacarmadığımız nəsə, heç gözləmədiyimiz, özü də ən adi bir səbəb üzündən öz çozümünü tapır... Hələ neçə-neçə belə oxşar hadisələri, təsadüfləri sadalamaq mümkün olsa da buna lüzum görmürəm. Və mənə elə gəlir ki, bu gözlənilməzliklər, bu əksliklər, bu qəribəliklər... olmasaydı heç həyat dediyimiz bir nəsnə də olmazdı.

Məncə elə o balaca qızcığaz üçün də bu sadaladıqlarımız keçərlidir. Çünki hələ çox balacaykən ən yaxınlarını, doğmalarını itirən, tamamilə köməksiz qalan kiçik İnqridin bir zamanlar dünya şöhrətli bir insan olacağına kim inanardı ki? Onun üzləşdiyi şərtlərlə, əlbəttə ki, heç kim...

 

Amma bunlar bir gerçək idi...

 

O, xəstəliyinə görə, ən ağır günlərini yaşayanda Amerikanın ən nüfuzlu nəşrlərindən biri hesab olunan "Nyu-York Tayms"ın əməkdaşı Cudi Kelmesruda vaxtıyla belə demişdi:

"Bütün bunlar mənim başıma gəldiyi üçün mən xoşbəxtəm. Mən çox dolğun həyat yaşamışam. Heç vaxt darıxdırıcı məqamlarım olmayıb. Mən İsveçdə hələ çox gənc ikən Allaha yalvarardım: "İlahi, yalvarıram, mənə darıxdırıcı həyat vermə". Və yəqin ki, O, məni eşitmişdi".

Həqiqətən də yaşadığı həyat heç vaxt ona imkan verməmişdi ki, İnqrid Berqman darıxsın, boşluqdan üzülsün. Hətta o özü bunu istəsəydi, düşdüyü mühit, istedadına bələd olan insanlar buna yol qoymazdılar. Çünki hər kəs ondan yeni nəsə gözləyirdi, hər kəs onun istedaddan doğan yeni-yeni obrazlara təkrar-təkrar valeh olmaq istəyirdi. Və o özü də bunun üçün yaşadığını düşünürdü. Əslində isə heç də hər şey önünə sinidə hazır gətirilməmişdi. Amerika, sonra isə dünya ekranlarına yol əzablardan keçmişdi. Keçmişdi və tamaşaçıların ürəyini fəth edə bilmişdi...

Kim idi o, qəribə qadın? Bu, istedadla sehrlənmiş İnqrid Berqman idi.

 

BALACA QIZCIĞAZ.... AMANSIZ HƏYAT...

 

O, 1915-ci il, avqustun 29-da İsveçin paytaxtında - Stokholmda dünyaya gəldi. Kiçik, xoşbəxt bir ailədə. Atası Yustus Samuel isveçli, anası Fridel Adler isə əslən Almaniyanın Hamburq şəhərindən idi. Valideynlərinin yeganə övladı olan balaca İnqridin ata-anası ilə birgə rahat həyatı çox qısa çəkdi. Taleyin böyük, dözümlü insanların iradəsini belə sarsıda biləcək zərbələri qısa fasilələrlə, ardıcıl gəldi. Əslində faciəli hadisələrin beləcə davamı qızcığazda bir fikir oyatmışdı ki, bunların sonu olmayacaq. Belə ki, İnqridin 3 yaşı olar-olmaz anası öldü, bununla da hər bir şey - qızının tərbiyəsi, ailənin qayğıları, evin dolanışığı, gündəlik problemlərin hamısı Samuelin üzərinə düşdü.

İnsafən onun çabaları nəticəsində ailə ayaqları üzərində qalxmağı bacardı. Hətta ata övladının daha intellektual, daha yaxşı zövqli bir insan kimi yetişməsi üçün ona müxtəlif kitablar alır, tez-tez teatra aparırdı. bütün bunlar İnqrid üçün çox cəzbediciydi.

Amma sən demə, bu balaca qızcığazın hələ görəcəyi dəhşətlər bitməyibmiş. Yeddi il sonra, yəni 10 yaşına çatanda atası da bu dünyadan köçərək İnqridi tək qoydu. Belə kiçik yaşlı bir qızın bu böyük, özü sərt şərtlərlə dolu olan dünyada yaşaya bilməsi çox inandırıcı görünmürdü. yaxşı ki, həyatda xeyirxah insanlar az deyil. İnqridin xalası valideynlərinin hər ikisini itirmiş bacısı qızına himayəçi çıxdı. Bacardığı kimi onun tələbatlarını qarşılamağa, tərbiyəsi ilə məşğul olmağa başladı. İlk dövrlər onlara çətin olsa da sonradan vəziyyət düzəlməyə başladı. Deyəsən işlər qaydasına düşürdü. Amma...

Amma itkilər bitmək bilmirdi. Yeni şəraitdə yaşamağa təzəcə alışmağa başlayan İnqrid bu dəfə xalasını da itirdi. Qadın öldü. Bundan sonra onu özünün beş övladı olan digər xalası yanına gətirdi. Burada həyatının növbəti mərhələsini yaşamaq məcburiyyətində qalan İnqrid məktəbi bitirdi, sonrasa dramatik kral teatrı yanında məktəbə qəbul edildi. belə demək mümkünsə, onun aktrisa kimi ilk debütü məhz elə tələbəlik illərində oynadığı rol oldu. Özünü bütünlüklə incəsənətdə görən, varlığı ilə aktrisalığa can atan İnqrid təhsilini başa vuranda onun artıq 18 yaşı vardı. Daxilindəki enerji həvəsi onu daim bu aləmə çəkirdi. inanırdı ki, bir gün bütün arzuları çin olacaq.

 

BÖYÜK YOLUN ÖNÜNDƏ

 

Təxminən iki ildən sonra Berqman aktrisa kimi ölkəsində böyük ekranlara çıxdı: "İntermesse" filmində Anita Hoffman rolunda. O, ifa etdiyi bu ilk obraza da ürəyini, daxilindəki enerjisini verə bilmişdi. Məhz elə bu səbəbdən tamaşaçıların, hətta İsveç kinosunun bir sıra tanınmış simalarının diqqətini çəkmişdi. Onda bir fitri istedadın gizləndiyinin fərqindəydilər. Qısa zamandan sonra İnqrid kinostudiya ilə iki illik yaradıcılıq müqaviləsi bağladı. Daha sonra gözlənilməyən bir təklif gəldi: rejissor Malander gənc aktrisanı çəkdiyi lentə dəvət etdi. Bu dəfə İnqrid sevgi ilə qarşılandı. (Ardınca onu daha iki filmə çəkdilər). ilk uğurları gənc Berqmanı göyün yeddinci qatına qaldırmışdı. Onun üçün yeni xəyallar yaranmaqdaydı. Lakin birdən...

Qarlı, şaxtalı Stokqholmda o ilk məhəbbəti ilə - yaraşıqlı bir gənclə qarşılaşdı. gənc aktrisa anladı ki, yaşına görə ciddi görünən, diş həkimi Petter Lundstrom onun sevgi şahzadəsidir. Doğrudan da bu qarşılaşma onların arasında qızğın məhəbbətə çevrildi bir müddət sonra isə onlar talelərini birləşdirməyə qərar verdilər, vaxt itirmədən evləndilər. Həmin dövrlər İnqridə həqiqətən elə gəlirdi ki, artıq həyat onun üçün göndərdiyi acı kədərli sürprizlərə son verib, hər şeyi daha gözəlləri ilə əvəzləyib. Çünki indi onun xoşbəxtliyi üçün nəyi çatmırdı ki? İsveçdə onu bacarıqlı bir aktrisa kimi sevirdilər, yaraşıqlı əri vardı, yenicə dünyaya gətirdiyi qızı, maddi imkanları... vardı.

Amma görünür tale onu daha uzaqlara, daha yüksəklərə aparmağa qərarlıydı. İnqridin ifasından xəbərdar olan Hollivudun məşhur prodüsserlərindən biri Devid Selznik onu çəkəcəyi filminə dəvət edəndə nəinki aktrisanın özü, elə əri Petter heyrətə fərəhə qərq oldular. Maraqlıydı ki, İnqrid əvvəlcə bu təklifi kiçik qızı Piaya, yeni ailəsinə, yaşadıqları şəraitə görə tərəddüdlə qarşılasa da Petter Lundstrom özü artıq təklifə "" cavabını vermişdi. bununla da okeanın o tayına - hər bir gənc sənətçinin ən böyük arzusu olan Hollivuda gedən yolların qapısını açmışdı.

 

HOLLİVUDA

 

Əslində o, Amerikada onların sevgisini, ailə həyatını nələrin gözlədiyini bilsəydi bəlkə də buna etirazını bildirərdi. Petter Hollivudun məşhurları Hemfri Boqartın, Şarl Buayenin, Qreqori Pekin, Keri Qrantın... onun arvadı ilə yaşadıqları məhəbbət romanlarına mane ola bilməyəcəkdi. Bəzi təhqiqatçılara görə, ailənin Amerikaya köçüb getməsində Avropada müharibə alovlarının görünməsinin də böyük rolu olmışdı. Çünki artıq imkanı olanlar, müharibə qurbanlarına çevrilməkdən ehtiyat edənlər uzaqlara üz tutmağa başlamışdılar.

1939-cu ildə Amerikaya gələndən dərhal sonra aktrisa Devid Selzniklə 7 illik bir müqavilə bağladı. Əgər onun çox da uzun çəkməyən İsveçə yaradıcılıq ezamiyyətini nəzərə almasaq, demək olar ki, İnqrid səkkiz il Hollivuddan ayrılmadı. Aktrisa Selzniklə iki filmə imzasını atdı. Və hər iki filmdəki obraz çox uğurlu alındığından İnqrid Berqmanın amerikalılar arasında da pərəstişkarları yaranmağa başladı. Hətta 1940-cı illərdə onu yeni istedad adlandırdılar. Artıq bir il sonra - 1941-ci ildə çəkildiyi "Doktor Cekill və mister Hayd"dan sonra tamaşaçılar gözlərinə inanmırdılar. Çünki İnqrid Berqman burada istedadının yeni tərəflərini göstərə bilmişdi. Onun obrazları daxili aləmləri ilə seyirçilərin qarşısına çıxır, İnqridin səmimi ifasıyla hər kəsin qəlbinə yol tapırdı.

Məhz bu filmdən sonra onu karyerası daha inamlı şəkildə yüksəlməyə başladı. Rejissorlar, böyük kino sənayeçiləri daha sıx şəkildə onunla iş birliyinə girməyə maraq göstərirdilər. Yeri gəlmişkən, qeyd edim ki, Avropadakı işlərini qoyub Amerikaya gələn Pettertin də fəaliyyəti az qazanc gətirmirdi. Lakin sonradan İnqridin işlərinin həddən artıq çoxalması onu arvadının menecerinə çevirmişdi. Və o heç də bu işin öhdəsindən pis gəlmirdi.

1942-ci ildə Selznik İnqrid Berqmana "Kasablanka" filmində İlza Land rolunu tapşırdı. Filmin rejissoru isə Maykl Kertits idi. Onu demək lazımdı ki, film gözləniləndən də uğurlu alındı və İnqridin yaratdığı obraz yenə də alqışlarla qarşılandı. Maraqlıdır ki, çex müqavimət hərəkatının liderinin arvadı olan Landı ifa etmək ona həvalə ediləndə aktrisa çox tərəddüd içərisində qalmışdı. Niyəsə ona elə gəlirdi ki, bu obrazın daxili aləmi onun üçün tam aydın deyil. Hətta bu səbəbdən çəkiliş zamanı zaman-zaman problemlər də yaşanmışdı. Amma bütün bunlara baxmayaraq İnqrid işinin öhdəsindən yüksək səviyyədə gəldi və məhz elə bu üzdən də İlza Land onun yaratdığı ən gözəl obrazlar sırasında yer alıb. Filmin özünü isə 1943-cü ildə Amerika Kinoakademiyası ilin ən yaxşı filmi elan etdi...

 

(Ardı qəzetin 29 yanvar sayında)

 

 

BABƏK YUSİFOĞLU

 

Ədalət.-2013.-22 yanvar.-S.4.