Qarapaltarlı qızın sirri,
erməni Barxudarın əsirliyi, qır qazanına dönən
Qazançı...
Qarabağ müharibəsinin
gerçək hekayətlərini Lent.az-a və "Ədalət"ə
kəşfiyyatçı Rey Kərimoğlu yazır
Layihə: "Kəşfiyyatçının
xatirələri"
Dost-tanış
yaxşı bilir, Qarabağ savaşında
döyüşçü gündəliyi yazmamışam.
Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər
belə bir fikrim olub, amma gündəliklərlə
bağlı baş verən bir neçə xoşagəlməz
hadisələr bu işdən daşındırıb məni.
O günlər elə hey beynimdə canlanıb nəsə
yazmağa vadar edir, yəqin yaddaşın elə qatları
var ki, orda yaşayan xatirələr mütləq
yazılmalıdır. Həyat əsl gündəlikdir, nə
vaxt yazılırsa yazılsın...Elə məqamlar var ki,
onlar heç vaxt unudulmur.
Digər
tərəfdən, düşündüm ki, bu həm də o
günləri yaşamış, döyüşlərdə qəhrəmancasına
şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü
nəticəsində sağ qalan insanların unudulmaması, gələcək
nəslə bizim müstəqilliyimizin ilk illərində
yaşadığımız keşməkeşli günləri,
ələlxüsus da torpaqlarımızın erməni
işğalçılarından müdafiəsi məqsədi
ilə çətin şəraitdə milli ordunun yaranması
prosesinin şahidi kimi hadisələri olduğu kimi
çatdırım. Əlbəttə, mən əsasən
1991-1993-cü illərdə gördüklərimi, çox
nadir hallarda isə 3-4 mənbədən təsdiqini tapan
eşitdiyim hadisələri qələmə alacam...
Bu da
mənim bir vaxtlar yazmaq istəyib yaza bilmədiyim bir gündəliyin
bir səhifəsi. İndi bu səhifənin bəzi yerləri
o qədər pozulub ki, oxunmaz hala gəlib. Amma hələ gec
deyil, nə qədər ki, biz - bu qanlı səhnənin
gerçək şahidləri varıq, bu səhifələri
bir yerə toplayıb o günlərin xatirəsini əbədiləşdirməliyik.
Tamamilə oxunmaz hala gəlmədən...
Növbəti
ikimərtəbəli bir evə daxil oluruq... Odun
sobasının üstündə çaydan və qazan var.
Sobanın yanındakı qırmızı kərpicin
üstündə isə çaynik qoyulub. Yemək stolunun
üstünə səliqəsiz süfrə salınıb,
süfrədə siqaret qutusu və müxtəlif ərzaqlar
var. Divarın yanında rezin uzunboğaz çəkmə, bir
az kənardakı şkafda 16 kalibrli ov tüfənginin
patronları yığılmış patrondaşı
gözümüzə sataşır. Əlabbas mətbəxdə
qoyulmuş qədimi su səhənginin dolu, ya boş
olmasını yoxlamaq üçün səhəngi silkələyir:
- Nə
yaxşı oldu, susuzluqdan ciyərim yanırdı.
Sonra
səhəngi yuxarı qaldırıb başına çəkir...
Eldarın, "Ə, neynirsən? Zəhərli olar ey!"
çağırışına məhəl qoymadan. Doyunca su
içib, səhəngi yerə qoyur. Və bir anlığa əvvəlcə
mənə, sonra Eldara baxır:
-
Eldar, Rey təcrübəsizdir, bizə baxanda hələ
çox gəncdir, amma sən Əfqanıstan müharibəsindən
çıxmısan, belə şeyləri çox
görmüsən. Açıq küçə
döyüşləri gedir, hər an kimsə həlak ola bilər.
Taleyin qismətidir, kim həlak olsa, onun meyitini burada qoymayaq,
yaxşımı?
Eldar
Əlabbası qınayır:
- Ə,
vallah, sənin başın xarabdı ey!
Amma
qapıdan çıxar-çıxmaz astadan əlavə edir:
-
Düz deyirsən!
Əvvəlki
qaydada döyüşə-döyüşə kəndin
sonuncu evlərinə tərəf irəliləyirik... Növbəti
evə yaxınlaşırıq. Ermənilər evi tərk
edib binanın sağ tərəfindən kiçik ot
tayasının arxasına, sağ və sol tərəfinə
çəkilir. Oradan bizi güclü avtomat və pulemyot atəşinə
tuturlar. Biz dərhal ermənilərin atəş nöqtəsi
ilə üzbəüz hasarın arxasında mövqe tuturuq.
Hasar
deyəndə, bura eni 20-25 sm, hündürlüyü texminən
1 metr, uzunluğu 4-5 metr olan betonun üzərinə çəkilmiş
dəmir tordan ibarət bir yerdi. Hasarın arxasında
özümüzə etibarlı bir mövqe seçirik.
Artıq
onların müqaviməti zəifləmiş, Əlabbasın
sərrast atəşləri ilə xeyli erməni cəhənnəmə
vasil edilmişdi, amma nə qədər çalışsaq
da, ermənilərin atəş nöqtəsini tam susdura
bilmirdik. Bu zaman Əlabbas deyir ki, kaş yanan güllələrimiz,
ya da fişəngimiz olaydı, ot topasını
yandırardıq, dığalar da üzə
çıxardı... Qəflətən arxadakı evdən atəş
səsi gəlir... Ani olaraq güllələr
vıyıltı ilə sağımızdan, solumuzdan
keçərək beton hasara dəydikcə hasardan toz
qalxır. Qəfil mənə bitişik uzanmış Əlabbasın
səsini eşidirəm:
14-cü
yazı
Qazançı
döyüşü (ardı)
-
Uyy...məni vurdular!
Mən
sola çevriləndə Əlabbas halsız vəziyyətdə
qollarımın üstünə düşdü. Rəngi
ağarıb... Başını azacıq qaldırıb nəsə
demək istəyir... Səsi xırıldayır, heç nə
deyə bilmir. O, başı sinəmə dayanmış vəziyyətdə
elə bil donub qalıb. Əlimi sifətinə vururam, sifəti
buz kimidi... Tez əlimlə başını yoxlayıram, qan
yoxdu, deməli, yarası da yoxdu... Hərbi mundirinin
yaxasını açıram, sinəsində də yara yeri
yoxdu. Əlimlə kürəyini yoxlayıram, yenə güllə
yarası tapılmır. Lənətə gəlmiş
güllə axı buna haradan dəyib?! Bu arada tez-tez
ayağıma ilişən elektrik naqili ağlıma gəlir:
- Yəqin,
Əlabbasa güllə dəyməyib, onu "tok" vurub!
Axı
kəndin bütün elektrik naqilləri qırılıb yerə
tökülüb. Yanan evlər isə qarı əridib deyə
yer tamam palçıqdı. Özümüz də suyun
palçığın içindəyik. Yəqin yerə
düşən elektrik naqillərindən birinə toxunub.
Üzümü Eldara tuturam:
-
Eldar, yəqin Əlabbası "tok" vurub?!
Eldar
qayıdır ki, Əlabbasa güllə dəyib, o, həlak
olub! Bu dəfə elə bil məni "tok" vurur! Necə
yəni həlak olub?! Özümdən asılı olmayaraq
ayağa durub, avtomatı ermənilərin atəş nöqtəsinə
tərəf tutub söyə-söyə,
bağıra-bağıra atmağa
başladığımı sonralar xatırladım. Eldar deyir
ki, heç yanımdan ötüb-keçən güllələr
vecimə də deyilmiş... Eldar məni dartıb yerə
yıxdığını, hətta özümə gəlmək
üçün mənə çəkdiyi bir-iki silləni də
indi xatırlayıram.
Əlabbas
həlak olmuşdu! Eldar, Məhəmməd bir də mən
böyük çətinliklə Əlabbasın cəsədini
Qazançının ortasına qədər gətirə
bildik. Döyüşün əməliyyat qərargahı kəndin
mərkəzinə köçürülmüşdü.
Burada Kərim Cəlilovu, Telman Bağırovu, gənc əsgər-həkim
Müşfiqi və digərlərini gördük. Ermənilər
buranı ardıcıl atəş altında
saxlayırdı...
Müşfiqə
dedim ki, Əlabbasın ölüb-ölmədiyini dəqiqləşdirsin.
O, Əlabbasın cəsədinə görəndə bərkdən
ağlamağa başladı, anlaşılmaz sözlər
deyib qışqırırdı. Eldarın üsulundan istifadə
edərək onu sillələdim, yaxasından tutub möhkəmcə
silkələdim, üstünə qışqırıb
özünə gətirmək istəyirdim. O sakitləşdi,
amma bu dəfə də keyləşib qalmışdı. Eləcə
üzümə baxırdı... Əlabbasın cəsədini
götürüb kəndin ayağına tərəf getməyə
başladıq, bu zaman dağlara çəkilmiş ermənilər
bizi atəşə tutdu. Məcbur olub yaxınlıqdakı
çaya tullandıq. Əlabbasın paltarı qarın,
palçığın içində olduğundan cəsədi
daha da ağırlaşmışdı, aparmaq çətin
idi.
Ziyad
çayın kənarındakı ağaclardan iki
böyük budaq kəsdi, kəmərlərimizlə
ağacları üç yerdən bir-birinə bağlayaraq xərək
düzəltdi Əlabbasın cəsədini xərəyə
qoyub oradan çıxartdıq. Onun cəsədini çox
böyük çətinliklə güllə
yağışı altından çıxardıq! Cəsədi
yuyulanda məlum oldu ki, güllə Əlabbasın sağ
qolunun altından girib, gedib ürəyini parçalayıb sinəsində
qalmışdı. Məzarı da Ağdamdadır Əlabbasın,
Ağdamdakı şəhidlər xiyabanında...
Qeyd:
Əməliyyat başlanmasına az qalmış Əlabbas
axırıncı dəfə rabitə ilə əlaqəyə
çıxıb son məlumatını verib. Məlumatın
sonunda açıq mətnlə zarafatla qızlara bunu deyib:
"Bərk acmışam..." Rabitəçi qızlar Əlabbas
şəhid olandan sonra danışıqların stenoqramı
yazılan jurnalda "Dağlının məlumatı" sətirlərində
boş qalan yerə SON sözünü əlavə
etmişdilər. Qeyd belə alınmışdı: "Dağlının
SON məlumatı".
Ölümündən
sonra Əlabbas İsgəndərova Azərbaycanın Milli Qəhrəmanı
adı verildi.
Qazançı
döyüşü: başqa istiqamətdə baş verənlər
Qazançı
döyüşünün digər cinahlarında baş verənləri
isə mənə kəşfiyyat dəstəsinin komandiri Əkbər
Məmmədov, Xıdırlı rotasının komandiri Elbrus
Mustafayev, kəşfiyyatçılar Həsən Mehdiyev,
Rafiq Kərimov və digər döyüşçü
dostlarım danışıblar.
Döyüş başlayanda kəşfiyyat dəstəsinin komandiri Əkbər dəstəsinin digər üzvləri - Mehdiyev Həsən, Kərimov Rafiq (Çantos ) ilə Qazançının qəbiristanlığından sol tərəfə hərəkət etdilər. Amansız küçə döyüşündə ilk Həsən yaralandı. Ermənilər onu ayağından vurmuşdu... Rafiq Həsəni bağrına basıb yuvarlana-yuvarlana döyüş meydanından çıxaranda Həsən ikinci dəfə ayağından güllə yarası aldı. Həmişə şən, hazırcavab olan Həsən bu dəfə də öz zarafatından qalmadı. Onun yaralı halda erməniyə səslənməsi indi də keçmiş döyüşçülər arşında bir lətifə kimi danışılır.
"Ayə, ay erməni!.."
İkinci
dəfə güllə yarası alan Həsən Rafiqə
qayıdıb deyir ki, ayə, sən canın bir dəqiqə
dayan! Elə Rafiqin qollar üstündəcə güllə
atılan tərəfə səslənir:
- Ayə,
ay erməni! Ay qurumsaq, nədi, gözün elə təkcə
məni görüb? Ayrı adam yoxdur burda atasan?!
Həsəni
döyüş meydanından çıxarıb geri
qayıdan Rafiq qəflətən erməni ilə
rastlaşır. Qarşılaşan kimi erməni Rafiqə atəş
açır və vurur. Güllə Rafiqin sinəsinin sağ
tərəfindən dəyir. Bu arada qeyd edim ki, ermənilər
də bizim kimi sovet hərbi mundirində olduğundan bəzən
döyüş meydanında qarşılaşanda onları səhv
salırdıq. Erməni onu vuranda Rafiq də ani olaraq elə
bilib o, bizim əsgərlərdəndir. Və qayıdıb
deyib:
- Ə,
qardaş, nağayrırsan? Məni
öldürmüşdün ki...
O,
son anda anlayıb ki, bu ermənidir və dərhal da ermənini
vurub.
Erməni
başından ölümcül yaralanır. Rafiq isə ani
olaraq huşunu itirir və böyük bir ağacın
budağı üstünə yıxılır. Əkbər
Rafiqi ağacın budağı üstündə
yırğalanan görüb, elə bilib yellənir orada.
Öz-özünə Rafiqin qarasına deyinib ki, bunun kefinə
bax ey, burada qan su yerinə axır, bu da özü
üçün yellənir. Yalnız Rafiqin ayağa durmaq istəyərkən
yenidən yıxıldığını və onu qan
apardığını görəndə anlayıb ki, o,
yaralıdır. Əkbər Rafiqin yarasını sarıyarkən
yerdə can üstə olan erməni yalvarıb deyib ki, onun da
yarasını sarısın, qoymasın ölməyə.
Uşaqlar sonradan erməninin avtomatını yoxlayanda
görüblər ki, avtomatın qoruyucusu tək-tək
atılmaya qoyulub, avtomatik rejimdə olsaymış, Rafiq də
həlak olmuşdu.
Batalyonumuzun
ilk könüllü tibb bacısı Diləfruz da bu
döyüşdə ağır yaralandı. Başqa bir
istiqamətdə gedən döyüşdə Bağbanlar, ya
da Saybalı kəndindən olan Əliyə - ona Alik deyirdilər
- ilk tibbi yardım göstərəndə Diləfruzu vurdular.
Əlinin bir ayağı onsuz da axsayırdı, bu dəfə
salamat ayağından yaralanmışdı. Onun
ayağını dizləri üstə alıb sarıyarkən
güllə Diləfruza dəymişdi. 20 il əvvəl
aldığı o yaradan hələ də özünə gələ
bilməyib Diləfruz.
Digər
cinahda isə Baratı vurdular, xıdırlı Baratı. Elbrus
danışır ki, Baratı bir erməni qadının
arxasında gizlənmiş erməni
döyüşçü vurub. Düz beş güllə
Baratın ürəyinə dəyərək, sinəsində
balaca dairə şəkli çəkmişdi. Ürəyinin
üstündə həmin güllələrin yeri
qalmışdı...
Şiraslan
Qazançının girəcəyində BRDM-də minaya
düşərək həlak oldu...
Ağdamın
Saybalı kəndində olan iki dost (həm də qohum idilər)
Manafla Əyyub da bu döyüşdə qəhrəmanlıqla
şəhid oldular. Hər ikisi gözəl dam ustası idi, həmişə
mənə deyirdilər ki, "Sənin
Şıxbavalıdakı eviyin damını özümüz
vurajıyıx". Çox təəssüf, nə onlar
salamat qaldı, nə də mənim
Şıxbabalıdakı evim.
Digər
şəhidimiz isə Məmməd müəllim oldu. Məmməd
Bağbanlarda hərbi hazırlıq müəllimi işləyirdi.
Bağbanlar rotasının komandiri idi.
Maarifin
ölümü və onun nakam sevgisi
Bu
döyüşdə şəhid olan Maarif adlı dostumuzu
xatırlayıram. Ağdamın Qiyaslı kəndindən idi
Maarif və taborda xidmət edən "R" adlı bir
qızla bir-birini sevirdilər. O qızın adını indi
çəkmək istəmirəm. Ancaq Maariflə bir-birini
çox sevirdilər. Həmin gün biz əməliyyata gedəndə
o qız başdan-ayağa qara geyinmişdi. Müğənni
Nəzakət Teymurovanın bacısı Aida bizim taborda rabitədə
işləyirdi. O da, digər qızlar da Maarifin sevgilisi
qınadılar ki, "sən niyə qara geyinmisən, axı
bu gün uşaqlar döyüşə gedir".
Rəhmətlik
Maarif hamıya "dayıoğlu",
"dayıqızı" deyə müraciət edirdi. Qızların
sevgilisinə irad tutmasını da zarafata saldı.
Üzünü qıza tutub:
-
Narahat olma, dayıqızı, inşallah, sağ-salamat
döyüşə gedim, gəlim, Novruz bayramında səni
bu qızların tənəsindən qurtaracağam, - dedi.
Novruzda
onların nişanı olmalı idi...
Qazançı
döyüşündə Maarif həlak oldu. Səhv etmirəmsə,
düz ağzından vurmuşdular Maarifi. Sevgilisi
döyüşdən qayıdan hamının üstünə
qaçıb Maarifi soruşurdu. Elə bil ürəyinə
dammışdı ki, Maarifə nəsə olacaq. Şəhidlərin
hamısının üzü örtülü olsa da o Maarifin
cənazəsini uzaqdan tanıdı. Biz istəmirdik ki, qız
sevgilisinin cəsədini görsün. Ancaq mümkün
olmadı, o, Maarifin cəsədi aparılan xərəyə tərəf
qaçdı. Onu tutmağa çalışdıq, xeyri
olmadı, əlimizdə çıxıb Maarifin cənazəsini
qucaqladı. Bir neçə kişi onu saxlaya bilmirdik.
Maarifin
şəhid olması, cənazəsinin gətirilməsi,
sevgilinin reaksiyası çox dəhşətli idi... Buna
ürək dözməzdi, amma dözdük.
Həmin
gün biz səkkiz oğul itirdik. Səkkiz oğul! Məmməd
müəllimi (Ağdamın Bağbanlar kəndi), Manafı, Əyyubu
(Ağdamın Saybalı kəndi), Hümbəti
(Ağdamın Bağbanlar kəndi), Marifi (Ağdamın
Qiyaslı kəndi), Baratı (Ağdamın Xıdırlı
kəndi), Şiraslanı (Ağdamın cinli kəndi) və Əlabbas
İsgəndərovu (Ağdamın Mollalar kəndi)...
Azərbaycanlı humanizmi, yoxsa xəyanət?
...Dörd
tərəfdən kəndi mühasirəyə alıb ev-ev təmizləyərək
mühasirə halqasını daraldırdıq. Amma bizim
gözləmədiyimiz halda azərbaycanlılar yaşayan
Manik kəndi tərəfdəki mövqeyimizdən (Orada əsasən
Manik kəndindən olan döyüşçülər ermənilərin
çıxa biləcəyi yolları qoruyurdular) ermənilərə
koridor verildi, təxminən 50 nəfərə yaxın erməni
silahlısı oradan qaçıb sağ-salamat
qurtarmışdı. Sonradan bu xəyanəti batalyonda hamı
bildi. Məsələnin maraqlı tərəfi ondan ibarət
idi ki, ermənilərin başçısı olan
Barxudarın həyat yoldaşı Manik kəndindən olan bir
azərbaycanlı qadın idi. Hələ də bilmirəm,
bunu azərbaycanlı humanizmi hesab edim, yoxsa xəyanət?
Bu
döyüşdə çoxlu itki verdi ermənilər,
silah-sursatla birgə 15 nəfər də əsir
götürdük. Əsir götürdüyümüz erməniləri,
meyitləri Xocalıda əsir düşmüş insanlarla dəyişdirdik.
Əsir düşənlər arasında hələ sovet
dönəmində ermənilərin separatçı məqsədləri
üçün vəsait toplayan gizli təşkilatın -
"Krunk"un fəallarından biri, həm
Qazançının müdafiəsini, həm də azərbaycanlılar
yaşayan kəndlərə hücumları, qətlləri həyata
keçirən Arutunyan Barxudar da var idi...
(Ardı var)
Ədalət.-2013.-22 yanvar.-S.6.