Dalğalı ömrümüzün "Dalğa"lı günləri və çillə ərəfəsində bir dəstə payız gülünün ətri

 

Yaxud mənə də payı düşmüş dünya barədə improvizə

 

Uşaqlıq illərində ən çox sevdiyim təbiət hadisəsi "Peyğəmbər qurşağı"nın görünməsi və yox olması idi. Biz o vaxtlar göy qurşağını elə adlandırırdıq. Hər dəfə yağışdan sonra işim-gücüm səmanın buludsuz tərəfindəki həmin möcüzənin yox olmasına tamaşa eləmək idi. O rənglər tamamilə əriyib gedənə qədər hərəkətsiz və səmirsiz dayanıb daha nələrinsə baş verəcəyini gözləyirdim... Amma heç nə baş vermirdi. Altı yaşımda da elə idim, altmış yaşımda da eləyəm. Həmişə rənglərin yaratdığı əsrarəngizlikdən, möcüzəyəbənzər anlardan nə isə gözləyirəm... və heç nə baş vermir. Baş verən ancaq ruhun təzələnməsindən və yaddaşın çözülmək bilməyən düyünlərinin növbəti dəfə dartılıb bərkiməsindən ibarət olur. Fərq ondadır ki, indi göy qurşağına baxıb donuq, dinməz qalmıram. İndi xatirələr mənim üçün "Peyğəmbər qurşağı" olur. Özü də daha çalarlı, daha gectükənən. Nahid Hacızadənin "Yada düşdü" kitabını oxuyanda da elə olmuşdum, "Yada düşdü" adlı jurnalını vərəqləyəndə də. İndi isə, Dilarə Vəkilova ilə Əlövsət Bəşirlinin birgə ərsəyə gətirdikləri "Bizim dünya" kitabının çoxrəngli, çoxsəsli və çoxmərtəbəli təəssüratlarının əsrarəngiz sehrinə düşdüm. Səssiz və hərəkətsiz, eynilə göy qurşağına baxdığım kimi. Gözümün önünə nələrin gəldiyini yaza bilirəmmi ki... Mümkün deyil.

... Mən sözün dalınca düşəndə hələ 15 yaşım vardı. İlk yazım rayon qəzetində veriləndə neçə yaşım vardısa, tamamilə unutmuşam. Amma mətbuata gələndə... o vaxta qədər kolxozun, neft mədənlərinin, peşə məktəbinin qarışıq sularını çox içmişdim. Fəqət, bəxt adamın üzünə güləndə qətiyyən yaşını soruşmur. Elə-belə, sadəcə, bizim bacarmadığımız şəkildə gülüb gedir və həmin gülüşlə də başlayırsan uğurlu günlərin, sevincli anların sayını itirməyə. Təki itirdiyimiz həmin say olsun, qələmə almağa başladığımız yazının məramını itirməyək ( yaxşı ki, giriş bir qədər də uzanmadı, yoxsa mən yazının istiqamətini tamamilə başqa səmtə yönəltmək üzrə idim). Qərəz, ötən əsrin sonuncu onilliyi ərəfəsində bəxt mənim üzümə necə güldüsə, gəlib ölkənin ən tanınmış qələm sahibləri ilə bir kollektivdə işləməli oldum. Elşad Quliyev, Nahid Hacızadə, Ələkbər Abbasov (Şəhrili), Dilarə Vəkilova, Əlövsət Bəşirli (o zaman Əlövsət müəllim "Bilik" Cəmiyyətində şöbə müdiri işləyirdi), Firudin Şahbazov kimi yaradıcılıq nüfuzu ölkənin mətbuat aləmini başdan-başa əhatə edən ünlü insanlarla birlikdə "Dalğa" adlı mükəmməl bir qəzet ərsəyə gətirdik. Daha doğrusu, həmin qəzet onlar üçün növbəti bir iş yeri, mənim üçünsə məktəb oldu. Çox sonralar dövlət radiosunda İlyas Adıgözəlov, Hidayət Səfərli, Mailə Muradxanlı, Şamil Məcidov, Mövlud Süleymanlı, Heydər Zeynaloğlu, Zərxanım Əhmədli... kimi səs-söz sahibləri ilə həmkar olmağm da həyatımda olduğu qədər qələmimdə də əsaslı dəyişikliklər eləmişdi. Ancaq mənim üçün əsas məktəb "Dalğa" qəzeti oldu. Bu barədə dönə-dönə söz açmışam və oradakı müəllimlərimin - bu ifadəni böyük səmimiyyətlə işlədirəm - hər birinə dəfələrlə minnətdarlığımı bildirmişəm. Həmin qəzetdə işləməyin başqa bir önəmi də ondan ibarət idi ki, o illərdə ölkənin bütün ziyalıları məhz "Bilik" Cəmiyyətinin ətrafında toplaşmışdılar və bizim qəzet də "Bilik" Cəmiyyətinin təsisçiliyi ilə çıxırdı. Yəni, redaksiyada hər gün beş- on nəfər görkəmli alimlə salamlaşırdıq. İndi Dilarə Vəkilova ilə Əlövsət Bəşirlinin "Bizim dünya" kitabını vərəqləyərkən həmin günlərin əksəriyyətini yenidən yaşadım.

Elşad müəllim sözün gücünü də bilirdi, yerini də və güclü sözün xiridarı idi. Nahid müəllim sözdə ancaq və ancaq səmimiyyət axtarırdı və həmişə olmasa da, onu tapırdı. Xüsusən, öz yazılarında. Ələkbər Abbasovun tələbi daha konkret idi: -Yazını artıq sözlərlə yükləmə! Konkret fikirini söylə, vəssalam. Dilarə Vəkilova ana dilimizin imkanlarına elə dərindən bələd idi ki, onun redaktəsindən sonra istənilən zəif və soyuq yazı da isinir, üzə gülürdü. Ələkbər müəllim hansısa müəllifin fikirlərinə müdaxilə etməkdən çəkinmirdi: - Qəzeti müəlliflər çıxarmırlar, redaksiya rəhbərliyi çıxarır, - deyə öz qənaətinə bəraət qazandıran Ələkbər Abbasovun redaktor kimi işlədiyi yazılar kollektivə başucalığı və üzağlığı gətirilməsi baxımından çox əhəmiyyətli idi. Məhz onun sayəsində bizim qəzetin səhifələrində ictimai-siyasi və ya ədəbi-bədii səhvə yol verilməsi qətiyyən mümkün deyildi. Hər halda, mən görmədim. Dilarə xanım isə nəinki müəllifin mövqeyinə toxunmurdu, hətta, hansısa yazıdan ayrı-ayrı fikirlərin və ya sətirlərin çıxarılmasına da yol vermirdi. Buna baxmayaraq onun işlədiyi yazı təsbeh dənələri kimi düzülürdü. Bir dəfə "Bilik" cəmiyyətinin redaksiya-nəşriyyat şöbəsinin müdiri İsmət Səfərov Dilarə xanımın qəzetin növbəti nömrəsi üçün işlədiyi yazılar barədə təqdiredici fikirlər söylədi. O fikirlərə qocaman jurnalist Tofiq Axundovun münasibəti isə çox maraqlı idi: -Yaxşı redaktənin kökündə dili, sözün imkanlarını dərindən bilmək kimi əsas keyfiyyət dayanır. Dilarə xanımın isə Səməd Vurğun nəslinin nümayəndəsi olduğuna görə Azərbaycan ədəbi dilinin imkanlarını dərindən bilməsi tamamilə təbiidir. Bəlkə də belə idi.

"Bizim dünya" kitabında ("Mütərcim" nəşriyyatı, 2012-ci il) diqqəti cəlb etməyən, oxunaqlı olmayan hansısa səhifəyə rast gəlmək mümkün deyil. Amma insafən, Dilarə xanımın oçerk və xatirələri bir az da olsa fərqlidir. Mənim dostum Valeh Məhərrəmli həmişə yaxşı bir kitab haqqında söz açanda deyir ki, bu kitab yaxşı oxunur. Guya, kitab özü ərsəyə gəlib. Dilarə xanımın yazıları da sadəcə yaxşı oxunur. Xüsusən, onun yaratdığı lövhələr sanki sözlə deyil, səslə yaradılıb. Mənim uşaqlıq illərimdə, öz kəndimizdə on dəfələrlə şahidi olduğum bir lövhəni Dilarə xanım elə təsvir edib ki, sanki o əhvalatı Cəlilabaddakı Bolqarçayda deyil, Qəbələdəki Mirzəbəyli çayında görmüşdü: "Şükufə o sahildə vurnuxan adamlar içərisində ata-anasını tanıdı. Deyəsən onlar da qızı görmüşdülər. Suyun səsindən, adamların qışqırığından ağız deyəni qulaq eşitmirdi." Yaxud, selin səngiməsindən sonrakı lövhəyə baxaq. " Səhər Bolqarçay sahilindən xeyli aralı qoyduğu "qənimətlərdən"- orda-burda qaralan ağac kötüklərindən, kol-kosdan... əli üzülmüş kimi öz yatağına çəkilmişdi" ("Qoşa qanad", səhifə-45). Bu qəbildən olan misallar onlarla, yüzlərlədir. İctimai-siyasi və sosial həyatımızın istənilən sahəsi barədə söz açan Dilarə xanım həmin yazıda mütləq öz qələminin izlərini qoyur. Doğrudur, ictimai-siyasi məzmun Əlövsət Bəşirlinin yazılarında öz həllini daha yaxşı tapır. Ancaq bir oxucu kimi məni mövzunun həllindən daha çox yazının ahəngi maraqlandırır. İnanıram ki, oxucuların əksəriyyəti belədir. Bir daha qeyd edirəm, hər iki müəllifin yazıları (onların ayrı-ayrılıqda verilməsi çox uğurlu variantdır) müasir oxucunun tələb etdiyi bir keyfiyyətə - əlüstü oxunmaq imkanına malikdir. Üstəlik öz valideynləri barədə qısaca fikirlərlə söz açan Aynur və Pakizə Bəşirlilərin yazıları da kitabın önündə verilsə də, ümumi ab-havanın tamamlanması baxımından xüsusi önəm kəsb edir. Amma...

Amması odur ki, kitabın əvvəlində "Ön söz" əvəzinə dastansayağı, fəqət, cəmi 15 səhifəlik bir yazı verilib. O yazı həm müəlliflərin özləri haqqında, həm də onların bu kitabda verilmiş və ya gələcəkdə çoxsaylı kitablarda veriləcək yazılarının hamısı barədə elə müfəssəl təəssürat yaradır ki, adam məmnun olur. Həmin dastanın müəllifi isə 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə Dilarə Vəkilova və Əlövsət Bəşirovla birlikdə qəbul olunmuş , "J" qrupunun tələbəsi, bugünkü əməkdar jurnalist, müasir mətbuatımızın öndə gedən simalarından biri - Ələkbər Abbasovdur. Bu ustad qələm sahibinin dastanını... bir neçə dəfə oxudum. Beş-altı abzas yuxarıda onu öz müəllimim kimi qeyd etmişdim. Ona görə də yazısı barədə fikir söyləmirəm. Bir az özümü böyümüş kimi göstərmiş olaram. Ancaq bu qəzetin oxucularına məsləhət görərdim ki, həmin dastanı oxusunlar. Unutmasınlar ki, təkcə dastanın əsas obrazları qəhrəman olmurlar, dastan yaradanlar da qəhrəmana çevrilirlər.

Elə bu yazının sonunda qələmə almaq istədiyim qısa bir xatirədə də dalğalı həyatımın "Dalğa"lı günlərini yada salmaq istəyirəm. Beləliklə, dərs xarakterli unudulmaz bir məqam. Qəzetin baş redaktoru Nahid Hacızadə əməkhaqqımı artırmaq məqsədiylə məni məktublar şöbəsinə müdir təyin etdi. Redaksiyaya gələn məktubları mən oxumalı oldum. Ağdamdan bir nəfər mədəniyyət işçisi yazı gətirmişdi. Müəllifin yanında oxumaq zərurəti yarandı. Sərlövhə belə idi: "Qarabağ Azərbaycanın musiqi konservatoriyasıdır". Mən dərhal sərlövhəni dəyişmək istədim. Müəllif razılaşmadı. Fikrimi qonağa izah etmək istəyəndə Ələkbər müəllim dedi: - İttifaq, nə üçün mübahisə edirsən? Götür bax, iqtisadiyyat, tarix, riyaziyyat konservatoriyası sözləri varsa, musiqi konservatoriyası ifadəsi də qalsın. Yoxdursa, sərlövhəni dəyişdir. Qonağı incitmə. Qonaq doğrudan da incimədi.

Yazının əvvəlində qeyd etdiyim kimi mən qəzetdə işləməyə gələndə axırıncı iş yerim müəllimlik olmuşdu. Yəni, mətbuatda təzə idim. Buna baxmayaraq Nahid müəllim məni bir neçə məsul müsahibələri hazırlamağa göndərirdi, xüsusi tapşırıqlar verirdi. Ələkbər müəllimdən belə qayğını görmürdüm. Bir dəfə isə... Novruz nömrəsi hazırlayırdıq. Rəssam Ədalət ("Bizim dünya" da onun qələminin dadını, duzunu görüb) birinci səhifə üçün çox mükəmməl bir bahar rəsmi çəkmişdi. Novruzgülü, səməni, qaranquş, sevincdən tumurcuğu çırtlayan budaqlar, uzaqda soyuqdəyməsi açılırmış kimi görünən dağlar, dağılmış təsbeh dənələritək orda-burda görünən quzular və tütək çalan balaca çoban... Rəsmi hamı bəyəndi. Xüsusən, Ələkbər müəllim. Birdən Ələkbər müəllim mənə çevrildi: - Mirzəbəyli, bu şəkilə ad ver. Mən şəkilə əvvəldən baxdığıma görə düşünmədən cavab verdim: -Torpağın səsi. Ələkbər müəllim çox məmnun oldu. Dərhal qələmi götürüb şəkilin adını yazdı və qələmi yerə qoyub -əla, əhsən -dedi. Görünür, Şəhrilinin qayğısı üçün məqam məhz o anda yaranmışdı. Bu gün də qəzetin həmin nömrəsi mənim üçün çox əzizdir. Indi, Dilarə xanım, mənə də payı düşmüş "Bizim dünya"nı oxuyanda orada "Torpağın səsi"ndəki bütün elementlərdən üstün cizgilər gördüm. Amma "Bizim dünya"da həyatın səsini eşitdim və dinlədim. Bütün səsləri eşitsək də hamısını dinləmirik.

Və qəribə bir təsadüf. "Bizim dünya" barədə sətirləri qələmə alıb qurtaranda iş otağımızda, yazı stolumun üstündəki bir dəstə payız gülünü götürüb növbəti dəfə iylədim. Bu çiçəkləri çox sevirəm və eyni hərəkəti gündə beş-on dəfə təkrarlayıram.. Kənddən, anamın məhləsindən gətirib Bakıda əkdiyim çiçəklərdir. "Bizim dünya" isə Dilarə ananın bağçasından gəlmişdi. Həmişə güllü-çiçəkli olmasını sidq- ürəklə arzuladığm bağçadan.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Ədalət.-2013.-22 yanvar.-S.8.