GENERAL CƏMŞİD XAN
NAXÇIVANSKİ
(Sonuncu Kəngərli generalı)
Şəmistan Nəzirli
istefada olan polkovnik-leytenant
(əvvəli
ötən saylarımızda)
1923-cü ildə Moskvadakı qısa müddətli Ali
Hərbi Akademiya kursuna göndərilən Cəmşid xan
Naxçıvanski 1924-cü ilə qədər orada hərbi
təhsil almışdı. Azərbaycana
qayıdandan sonra yenidən diviziya komandiri təyin
edilmişdi. Üç il sonra o,
ikinci dəfə Hərbi Akademiyaya oxumağa göndərilmiş
və 1928-ci ildən 1929-cu ilədək məşhur
generalımız Əliağa Şıxlinskinin təşəbbüsü
ilə Azərbaycan dilində nəşr olunan "Hərbi
bilik" jurnalının redaktorlarından biri olmuşdur.
Mərhum general Akim Abbasov vaxtilə Naxçıvanskinin
komandir olduğu diviziyada xidmət edib. Onun dediklərindən:
- Cəmşid
xan Naxçıvanski qətiyyətli komandir idi. Onun gözəl
cizgili siması, səliqəylə yana
ayrılıb daranmış qara saçları və
qalın qaşları altında açıq, aydın
baxışları indi də gözümün önündədir.
O, yaraşıqlı qaməti, hərbçilərə məxsus
dəyanəti ilə müasirlərindən seçilirdi. Biz
- Cəmşid xan Naxçıvanskinin diviziyasında xidmət
edənlər, bu istedadlı sərkərdədən hərbi
peşənin sirlərini öyrənmiş komandirlər onu
iftixarla xatırlayırıq. Biz bu gün də
keçmiş ənənələrə görə onu
"Xan Naxçıvanski", döyüş təxəllüsünə
görə "Şamo" deyə yad edirik. Xanlar rayon ərazisindəki iki kilometr cənub-şərqdə
yerləşən dağı biz komandirlər və
qızıl əsgərlər, həmçinin yerli sakinlər
komandirimizə ehtiram əlaməti olaraq "Xan
Naxçıvanski dağı" adlandırırdıq.
Cəmşid xan komanda məntəqəsini bu dağda
qurmuşdu. Buranın relyefi elədir ki, həmin dağdan ətrafda
Azərbaycan diviziyasının təlim meydançaları
aydın görünürdü.
Cəmşid xan Naxçıvanski hərtərəfli
mütəxəssis, siyasi cəhətdən
hazırlıqlı, hərb işinə sədaqətli zabit
idi. Məhz bu yüksək keyfiyyətlərinə
görə 1923-cü ildə Hərbi İnqilab
Şurasının əmri ilə Cəmşid xan
Qızıl Ordunun Ali Komanda Heyəti kursuna dinləyici qəbul
olundu. Bu kursu müvəffəqiyyətlə bitirən
Naxçıvanski 1931-ci ildən M.V.Frunze adına
Ali Hərbi Siyasi Akademiyanın xüsusi qrupunda təhsilini
davam etdirdi. Buranı da fərqlənmə
diplomu ilə başa vuran Cəmşid Naxçıvanski Xalq
Müdafiə Komissarının əmri ilə akademiyada müəllim
saxlanıldı.
Həmin
dövrdə C. Naxçıvanskiyə verilmiş attestasiya sənədində
oxuyuruq:
"C. Naxçıvanskiyə əvvəllər verilən
müsbət rəylər öz qüvvəsində
saxlanılsın. O, hər cəhətdən inkişaf etmişdir. Cəmşid xan Naxçıvanski hərbi təlimlərdə,
operativ taktiki təlimatlarda özünü bacarıqlı sərkərdə
kimi göstərmişdir. C. Naxçıvanskidən
korpus komandiri kimi də istifadə etmək olar. O, təmkinli,
sakit təbiətlidir, tükənməz enerjiyə malikdir, təşəbbüskardır,
gözəl inzibatçıdır, yaxşı təşkilatçılıq
qabiliyyəti vardır..."
Bu da Hərbi
Akademiyanın kurs rəisi və komissarı, sonralar Sovet
İttifaqı marşalı Boris Şapoşnikovun həmin
attestasiyasının təsdiqi barədə rəyi:
"Cəmşid Naxçıvanskinin attestasiyası ilə
razıyam, atıcı diviziyasının komandiri vəzifəsinə
münasibdir".
Vaxtilə süvari qoşunun qızğın pərəstişkarı
olan Cəmşid xan orduda bir qoşun növünə vətəndaş
müharibəsinin təəssüratı ilə həddən
artıq aludə olanlarla razılaşmır. Akademiyanın
dinləyicilərini köhnəlmiş şablonlardan tezliklə
yaxa qurtarmağa çağırırdı. Sübut
edirdi ki, gələcək müharibədə cinahların
dövrələnməsi üstünlük təşkil edəcək:
döyüş meydanlarında o kəs qalib gələcək
ki, müxtəlif qoşun növlərinin
qarşılıqlı fəaliyyətini təmin edə
bilsin, döyüşün idarə olunmasına
yaradıcı şəkildə yanaşmağı öyrənsin.
Toxum münbit zəminə
düşmüşdü. Lakin bu toxumun cücərməsi...
Bəli, nadanlar, şər və iftira düşkünləri
bu toxumun cücərməsinə imkan vermədilər. Onun tərbiyə
edib yetirdiyi müdavimləri - S.Biryuzov, A.A.Qreçko,
P.F.Batistki marşal rütbəsinə çatdılar. Özü isə günahsız məhv edildi.
Onun fəaliyyətinə verilən xasiyyətnamələrlə,
rəylərlə tanış olandan sonra
Cəmşid Naxçıvanskinin "xalq düşməni"
olmasına inanmaq çox çətindir. Bu
ağa qara demək kimi bir şeydir. Ona
görə də polad kimi əyilməyən Cəmşidi
sındırdılar. Lakin o, istintaqda
heç bir iftiranı boynuna almayıb, özünün
günahsız dostlarını satmayıb, xalqının,
nüfuzlu nəslinin adını ləkələməyib.
İllər keçdi. Başqaları kimi
sonralar ona da bəraət verildi. Vaxtilə
haqqında ürək dolusu ilə danışa bilmədiyimiz
bu görkəmli komandir haqqında gənc nəslə məlumat
vermək imkanı yarandı. İndi onun adına
Bakıda Hərbi lisey var. Boya-başa çatdığı
Naxçıvanda isə ev muzeyi
açılmışdır.
Bakı Dövlət Universitetinin müəllimi,
hüquq elmlər doktoru, professor Əyyub Əsgərov vaxtilə
yetmiş yeddinci Azərbaycan atıcı diviziyasının
sıralarında zabit kimi xidmət edib. O, istedadlı sərkərdə
Cəmşid xan Naxçıvanskinin son günlərinin
şahidi olub:
- 1937-ci
ilin payızında Sankt-Peterburqda keçirdiyim məzuniyyətdən
geri qayıdırdım. Moskvada hərbi kursda oxuyan
yoldaşlarımla görüşmək üçün
Frunze adına Hərbi Akademiyaya getdim.
Yaxın dostum və Akademiyanın müdavimi Hacıbaba
Zeynalovun qonağı oldum, həmyerlilərimiz Cəlil Əliyev,
Əhmədəli Əliyev, Bayram Şıxıyev, Fərhad
Şahbazov və başqaları ilə də burada
görüşdüm.
Bir gün Hacıbaba Zeynalovun otağında şam yeməyinə
toplaşmışdıq. Bu vaxt C.
Naxçıvanski otağa girdi. Biz
hamımız ayağa qalxdıq, ehtiramla, rəsmi təzim edərək
onu salamladıq. Görkəmli sərkərdə
hər birimizlə ayrı-ayrılıqda
görüşdü. Üz-gözündə xoş təbəssüm
cilvələnirdi... O, 77-ci Azərbaycan atıcı
diviziyasında xidmət etdiyimi biləndə məni söhbətə
tutdu. Azərbaycan xalqının həyatı ilə
yaxından maraqlanırdı, diviziyanın siyasi döyüş
hazırlığı sahəsində əldə etdiyi
uğurlar barədə məlumatları çox diqqətlə
dinlədi və ürəkdən sevindi. O, Vətənin
müdafiə qüdrətini daim möhkəmləndirməyin,
dövrün tələblərinə uyğun olaraq, yüksək
bilikli kadrlar hazırlanmasının, xüsusilə yeni
texnikaya yiyələnməyin vacib olduğunu bildirdi. Sonra:
"Oğul, bizim xalqımıza yaxşı
hazırlıqlı kadrlar lazımdır",-dedi. Gedərkən
hamıya müraciət etdi: "Bu Ali Hərbi məktəb-Akademiya
əsl siz gənclərin yeridir, sizin üçündür, əfsus
ki, bizim nümayəndələrimiz burada çox
azdır". Üzünü mənə döndərdi:
"Çalışın, qoçaq olun, mən elə sizi
də burada görmək istərdim".
DÖRD QARDAŞIN FACİƏSİ
Xan nəsilli
generalın Naxçıvandakı ev
muzeyində 1898-ci ildə çəkilmiş köhnə bir
şəkli var. Tən ortada oturmuş ana - Fərəntac
xanım körpə qızını bağrına basıb. Yanında şux qamətli üç oğlu - Ehsan
xan, Kəlbalı xan və Cəmşid xan əyləşib.
Çərkəzi geyimdə olan üç
qardaşın duruşunda yaşlarına uyuşmayan ciddilik,
mərdanəlik və vüqar oxunur. Həyatın
hələ dinclik və rahatlıq dövrüdür. Yastığın üstündə oturan
üç yaşlı Cəmşid uşaqlara məxsus
heyranlıqla obyektivə baxır. Dünyaya
uşaq marağı ilə baxan, iki ildən sonra başlanacaq
yeni əsrdə onu nələr gözlədiyindən hələ
bixəbərdir. Dünyanın inqilab tufanı, həyat
qasırğası və müharibənin alovları balaca Cəmşidi
on altı il sonra polad kimi bərkitdi... Hələ qarşıdakı həyat faciəsinə
bir qərinədən çox qalırdı. Elə bir
faciə ki, orada Cəmşid xan yox, onun qardaşları Ehsan
xan, Kəlbalı xan və hansı təsadüfdənsə
bu fotoşəkilə düşməyən Davud xan da məkr
və böhtanın qurbanı olacaq.
1920-ci ilin iyununda Cəmşid xanın xidmət etdiyi
ikinci Qarabağ süvari alayı Şuşada yerləşirdi. Podpolkovnik
Naxçıvanski nizami hissə üzrə müavin idi.
Qardaşı Ehsan xan onun qonağı idi.
Ondan iki yaş böyük olan Ehsan xan da peşəkar
hərbçi idi.
O, Moskvada
zadəgan balalarına məxsus kadet korpusu məktəbini
bitirmişdi. Ehsan xanın da, çox saylı gənc
Naxçıvanski zabitlərinin də tam süvari generalı
Hüseyn xan Naxçıvanski kimi örnək əmiləri
vardı. Hüseyn xanın şöhrəti
bütün Rusiyaya yayılmışdı. Onlar belə igid əmiləri ilə fəxr edir,
onun hərb sənətinin davamçısı kimi orduda
şərəflə xidmət edirdilər.
Elə Əlahəzrət
imperator adına şöhrətli on yeddinci Nijeqorodsk Draqun
alayında ştabs-rotmistr Murad xan, qvardiya rotmistri Kəlbalı
xan (nəvə), poruçik İsgəndər xan
Naxçıvanskilər göstərdikləri şücaətlərə
görə cəbhədə ad-san qazanmışdılar.
1914-cü
ildə bölüyü ilə düşmən qüvvələrini
pərən-pərən salan Murad xanın döyüş
xidmətləri "Müqəddəs Anna" ordeninin
dördüncü dərəcəsinə, 1915-ci ildə
"Müqəddəs Stanislav" ordeninin
üçüncü dərəcəsinə (qılınc və
bantla birgə), "Müqəddəs Anna" ordeninin
üçüncü dərəcəsinə (qılınc və
bantla birgə), "Müqəddəs Stanislav" ordeninin
ikinci dərəcəsinə (qılıncla birgə) və
1916-cı ildə "Müqəddəs Anna" ordeninin
ikinci dərəcəsinə (qılıncla birgə) layiq
görülmüşdür.
Birinci Dünya müharibəsindən sonra Vətənə
qayıdan rotmistr Murad xan Naxçıvanski Milli Ordunun
üçüncü Şəki alayında birinci
bölüyün komandiri oldu.
Döyüşlərdə
igidliklə vuruşan poruçik İsgəndər xan
Naxçıvanskinin xidmətləri isə "Müqəddəs
Anna" ordenin üçüncü dərəcəsinə
(qılınc və bantla birgə), "Müqəddəs
Anna" ordeninin dördüncü dərəcəsinə
(İgidliyə görə yazısı ilə) və
"Müqəddəs Stanislav" ordeninin
üçüncü dərəcəsinə (qılınc və
bantla birgə) layiq görülmüşdür.
1916-cı
il aprelin 1-də "Kaspi" qəzeti
yazırdı: "Ulan Leyb - qvardiya alayının rotmistri Kəlbalı
xan Naxçıvanski 1914-cü il avqustun 15-də Sokokov kəndini
düşməndən geri aldığına görə
"Georgi silahı" ilə təltif olunmuşdur. Onun komandir olduğu vzvod heyəti alayın sol cinahında
döyüşlər apararkən qəflətən
avstraliyalıların bir eskadronunun basqısına məruz
qalmışlar. Özünü itirməyən rotmistr Kəlbalı
xan az saylı qüvvə ilə hücuma
keçərək düşməni qaçmağa məcbur
etmiş, qaranlıq düşənə qədər
onları təqib dərək döyüş ərazisindən
çıxartmışlar. Ötən
döyüşlərdə də uğurlu qələbələr
qazanan rotmistr Kəlbalı xanın xidmətləri
üçüncü dərəcəli "Müqəddəs
Anna" (qılınc və bantla birgə) və ikinci dərəcəli
"Müqəddəs Anna" ordenləri ilə
(qılıncla birgə) qiymətləndirilmişdir".
1918-1920-ci illərdə Azərbaycan
Milli ordusunda xidmətini davam etdirən Kəlbalı xan
Naxçıvanski və Kərim xan İrəvanski
haqqında Respublika Nazirlər Soveti sədrinin adına
1919-cu ilin mart ayında yazılmış raport
saxlanılır. Həmin sənədi Hərbiyyə
naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarov və
Baş Qərargah rəisi general-mayor Həbib bəy Səlimov
imzalamışlar. Sənəddə oxuyuruq: "Qvardiya
ştab-rotmistrləri Kəlbalı xan Naxçıvanskinin və
Kərim xan İrəvanskinin keçmiş Rusiya hərbi
nizamnaməsinə görə rütbələri
ştab-rotmistr idi. Bugünkü orduya dəyişdirildikdə
isə həmin rütbə podpolkovnik olmalıdır. Şərur və Naxçıvan qəzalarının
erməni daşnaklarından azad olunmasında fərqləndiklərinə
görə onlar polkovnik rütbəsi almağa tam mənada
layiqdirlər".
Naxçıvan
və Şərur qəza qoşunlarının komandanı
olan Kəlbalı xanın polkovnik rütbəsi alması barədə
fakta təəssüf ki, sonrakı arxiv sənədlərdə
rast gəlmədik. Dörd qardaşdan ikisi - Ehsan xanın və
Cəmşid xanın doğma qardaşı Davud xan və Kəlbalı
xan 1920-ci ildə bolşevik istilasından sonra İrana
mühacirətə getməyə məcbur oldular.
Birinci
Dünya müharibəsi illərində ştab-rotmistr Ehsan
xan da leyb-qvardiya Varşava Ulan alayında şöhrətli
döyüş yolu keçmişdir. 1914-1916-cı illərdə
üstü "İgidliyə görə" yazılı
dördüncü dərəcəli "Müqəddəs
Anna", yenə həmin ili üçüncü dərəcəli
"Müqəddəs Stanislav" (qılınc və bantla
birgə), 1915-ci ildə "Müqəddəs Anna"
(qılınc və bantla birgə), 1916-cı ildə ikinci dərəcəli
"Müqəddəs Anna" (qılınc birgə) ordenləri
ilə təltif olunmuşdur.
Polkovnik
Tuqanov 1918-ci il avqustun 20-də Tiflisdə Ehsan xana verdiyi xasiyyətnamədə
yazırdı ki, alayın bütün yürüş və
döyüşlərində, xüsusilə 1916-cı il
aprelin 3-də apardığı kəşfiyyat işlərində
bacarıqlı komandir kimi fərqlənmişdir.
İmperiya
ordusu dağılandan sonra Vətənə qayıdan
ştab-rotmistr Ehsan xan 1919-cu il mayın altısınadək
dördüncü Borçalı süvari alayında
bölük komandiri kimi Lori nahiyəsində və Qarayazı
ərazisində daşnak ermənilərə qarşı
döyüşlər aparmışdır. Həmin ildən
üçüncü süvari alayında,
üçüncü bölüyün komandiri olan Ehsan
xanın Qarabağda göstərdiyi qəhrəmanlığa
görə rütbəsi də polkovnikə
çatmışdı.
Cəmşid
xan kiçik qardaş kimi onun şücaətinə,
döyüşlərdə aldığı ordenə və
rütbədə sürətlə irəliləməsinə
çox sevinirdi. Podpolkovnik Ehsan xan yenə Qarabağı
daşnaklardan qorumağa gəlmişdi. 1920-ci ilin aprelində
Azərbaycana soxulan silahlı bolşeviklər hər şeyi
tar-mar eləmişdi. Azərbaycan hökuməti
buraxılmış, ordusu dağıdılmışdı.
Bolşeviklər Bakıda və Gəncədə talan həftəsini
yenicə qurtarmışdılar. Amma müsavat əsgər və
zabitlərinin sorğu-sualsız güllələnməyi hələ
də davam edirdi. Gecə yarısı qapı döyüləndə
Ehsan xan hamıdan tez ayıldı. Qardaşı Cəmşidin
oyanmasına qıymayıb durub qapını açdı.
Bolşevik-daşnak əsgərlərinin tüfənglərindəki
süngülər ay işığında parıldadı.
Taxta qoburlu mauzeri olan daşnak zabiti soruşdu: "Cəmşid
xan Naxçıvanski sizsiniz?" Ehsan xan dərhal məsələni
anladı. Bir anlığa ləngidi, kandarı o tərəfə
adlayıb qapını bağladı. "Bəli, Cəmşid
xan mənəm" - dedi.
Onu
şəhərin kənarına aparıb müsavat zabiti
olduğuna görə sorğusuz-sualsız güllələdilər...
1920-ci
il iyunun 11-də isə Fövqəladə Komissiya 1108
saylı "Həbs sənədi" tərtib etdi.
Nəyə
görə həbs olunub güllələnmişdir
sualının qarşısında : on birinci orduda xidmət
etmək istəmədiyinə görə müsavat zabiti kimi
güllələnmişdir. - Cavabını yazdılar. İyirmi
yeddi yaşı yenicə tamam olan Ehsan xan
Naxçıvanskinin ömrünə namərdlər nöqtə
qoydular.
Otuzuncu
illərin axırlarında isə İran ordusunda xidmət
edib yüksək rütbələrə çatan Davud
xanı və Kəlbalı xanı şah 1934-cü ildə
qvardiyaçılarına güllələtdi. Çünki
bu taydan gedən bolşevik-daşnak donoslarına əsaslanan
şah, igid Kəngərli qardaşlarına inamını
itirmişdi. Dörd qardaşdan heç biri otuzuncu illərin
tufanlarından salamat çıxmadı...
Ədalət.-2013.-23 yanvar.-S.5.