İSTEDADLAR ÜZƏ ÇIXARILIR...

 

Müasir dövrdə məmləkətimizdə çoxlu sayda istedadlı yeniyetmələr və gənclər var. Sadəcə olaraq, bu istedadlı uşaqları arayıb-axtarmaq və tapmaq lazımdır. Bunun üçün isə hər bir insandan məsuliyyət və işə vicdanlı münasibət hissləri tələb olunur. Bu yaxınlarda eşitdik ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi 4-cü siniflər arasında "İntellektə gedən yol" adlı müsabiqə keçirib. Müsabiqəyə şəxsən Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva rəhbərlik edib.

Müsabiqənin adından da göründüyü kimi, şəhər məktəblərində istedadların üzə çıxması üçün bu addım atılıb. Müsabiqədə yeniyetmələrin dünyagörüşü, məntiqi təfəkkürü və informasiya bilgiləri əsas əhəmiyyət kəsb edib. Təbii ki, bu cür müsabiqədə 4-cü sinif şagirdlərinin iştirak etməsi və özlərinin təsdiqi o qədər də asan olmayıb. Həmin müsabiqədə 47-i şagird qalib adını qazanıb. Deməli, 47-i istedadlı yeniyetmə aşkar edilərək üzə çıxarılıb.

Həmin müsabiqədə Bakı şəhərinin Sabunçu rayonundakı 271 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Nərgz Eldar qızı Məhərrəmli də iştirak edib. İstedadlı yeniyetmə müsabiqənin bütün mərhələlərində uğurla çıxış edərək qaliblərdən biri olub. Məktəbin direktoru, tanınmış ziyalı, yazıçı-publisist Səməndər Məmmədli bildirir ki, Nərgiz Məhərrəmli məktəbimizin adını uca tutaraq yeni bir tarix yazıb. O, həm məktəbimizin, həm də müəllimlərinin etimadını doğruldaraq ümumşəhər müsabiqəsində öz sözünü deyib. Onu da qeyd edim ki, Nərgizin sinif müəlliməsi İradə xanım Daşdəmirovadır.

Biz həmişə çalışmışıq ki, dərs dediyimiz şagirdlərimiz elmin müxtəlif sahələrində yeniliklərə imza ata bilsin. Bunun üçün ilk növbədə məktəbimizdə müasir texnika və avadanlıqların istifadəsinə böyük diqqət yetirilib. Çox sevindirici haldır ki, nəinki müəllimlərimiz, hətta şagirdlərimizin əksəriyyəti müasir texnologiyanı çox yaxşı öyrənir və onlardan istifadə etməyi bacarırlar.

Səməndər Məmmədli bir fikri də xüsusi ilə vurğuladı ki, məktəbimiz ötən ilin dərs ilində əsaslı təmir edilərək şagirdlərin və müəllimlərin istifadəsinə verilib. Təbii ki, bu cür şəraiti olan təhsil ocağında müxtəlif fənlərin yüksək səviyyədə tədrisinə gözəl imkan yaranıb. Yəni heç kim deyə bilməz ki, 271 nömrəli tam orta məktəbdə hansısa sinif otağında və fənn kabinasındə nəsə bir çatışmazlıq mövcuddur. Birmənalı olaraq deyə bilərəm ki, Təhsil Nazirliyinin və eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bizim qarşımızda qoyduğu bütün vəzifələr zamanında icra olunur. İlk növbədə məktəbdə yüksək nizam-intizam və məsuliyyət hissi var. Başqa sözlə demiş olsaq, heç bir müəllim və şagird dərsdən yayına bilməz. Əksər siniflərdə dərsə davamiyyət yüz faiz təşkil edir. Amma bəzən üzürlü səbəbdən də xəstə olduğuna görə dərsə gəlməyən şagirdlərimiz var. Ümumiyyətlə, əgər biz istəyiriksə təhsildə, təlim-təlbiyədə böyük uğurlar qazanaq, ilk növbədə həm müəllimlər, həm də şagirdlər öz üzərlərinə düşən vəzifəni dərindən dərk etməlidirlər.

Məktəbin direktoru Səməndər Məmmədli təhsildə qazandığı uğurlara görə, Təhsil Nazirliyi tərəfindən "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub. Bir sözlə, Səməndər müəllimin tərcümeyi-halında təhsildə qazandığı çox uğurlar qeyd olunub. Bütün bunlara gərgin axtarışlar və yüksək tələbkarlıq nəticəsində nail olmaq mümkündür.

Bir faktı da qeyd edək ki, bu məktəbin neçə-neçə məzunu müxtəlif ali məktəblərdə təhsil alır. Məktəbin 10-cu və 11-ci sinif şagirdləri müxtəlif fənn olimpiadalarında iştirak edərək yüksək yer tutublar. Əlbəttə, belə şagirdlərlə həmişə məktəb fəxr edib. Şagirdlərdən Nəzakət Həsənli, Günel Xəlilova, Kamil Daşdəmirov belələrinə nümunə sayıla bilər. Bununla yanaşı, onların hər hansı uğur əldə etməsində hər bir müəllimin böyük zəhməti var. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Rüxsarə Əlizadə, müəllimlərdən Teymur Rzayev, Rəfiqə Behbudova, Xatirə Əsədova həmişə şagirdlərin sevimlisi olub. Çünki onlar şagird-müəllim münasibətlərinə diqqətlə yanaşıb və lazımi addımlar atıblar. Şagirdlərə tərəf atılan bu addımlar həmişə dəyərləndirilib.

İndiki şagirdlərin çoxu kifayət qədər informasiya bilgisinə malikdir.

Yəni müasir texnologiya və texnika ilə işləmək bu şagirdlərin təfəkküründə və dünyagörüşündə yeni izlər qoyub. Təbii ki, bu da onunla əlaqədardır ki, məktəblər arasında müasir texnologiyaya müəllimlər böyük maraq yarada bilib.

Əlbəttə, əgər təhsildə dünya standartlarından və Avropa dəyərlərindən danışırıqsa, deməli bugünkü şagird yüksək təfəkkür və məntiqi düşüncə qabiliyyətinə malik olmalıdır. Ancaq bu düşüncə ilə XXI əsrdə nəsə qeyri-adi bir şey əldə etmək mümkündür.

 

 

Faiq QİSMƏTOĞLU

 

Ədalət.-2013.-23 yanvar.-S.4.