FƏLSƏFİ ŞEİRİN GÖRKƏMLİ NÜMAYƏNDƏSİ

 

Bəxtiyar Vahabzadə

 

İlham Abbasov hüquq üzrə fəlsəfə doktoru

 

Artıq beşinci ildir ki, xalq şairi, görkəmli dramaturq, akademik Bəxtiyar Vahabzadə aramızda yoxdur.

Adətən, böyük sənətkarlar haqqında çıxış etmək yüksək səviyyəli mütəxəssislərin işidir. Lakin şairə olan böyük el məhəbbətinə görə bu haqda danışmaq və yazmaq hər bir ziyalının mənəvi borcu və şərəf işi hesab olunur.

Bəxtiyar Vahabzadə həm xalq şairidir, həm də xalqın şairidir. Azərbaycan xalqı həqiqətən şair xalqdır. Azərbaycanın şairi də çoxdur. Lakin bunların içərisində Bəxtiyar Vahabzadə şeriyyatının özünəməxsus yeri vardır.

Bəxtiyar Vahabzadə yaradıcılığının palitrası çoxşahəli və rəngarəngdir. Onun bütün yaradıcılığı üçün fəlsəfi xətt xüsusilə xarakterikdir. Bəxtiyar Vahabzadə yaradıcılığında vətəndaş mövzusunun xüsusi yeri vardır. Təsadüfi deyildir ki, o, "Vətəndaş" şeirində göstərir:

 

Vətəndaş!

Nə gözəl səslənir bu söz.

Yəni - bir Vətənin övladıyıq biz.

Anamız eynidir,

Qardaşıq demək.

Mən sənə arxayam,

Sən mənə kömək.

Bəxtiyar Vahabzadənin sadəliyi bir də ondan görünür ki, şairin heç vaxt təxəllüsü olmamış, o həmişə öz adı və soyadı ilə çıxış etmişdir. Şair özündən narazıyam şeirində belə ifadə etmişdir:

Bizim sənət dünyasının

Qırıq telli sazıyam;

Bircə bundan razıyam ki,

Özümdən narazıyam.

 

Böyük şair "Yaşaya-yaşaya yaşamayan var" şeirində göstərir:

 

Sən bütün sulardan qupquru çıxdın

Düzəlir ən çətin işin bir anda.

Kim deyə bilər ki, bir yol karıxan,

Məgər danışdın ki, karıxasan dag

Susmaqdır ən böyük silahın sənin

Olmadı heç zaman "günahın" sənin.

 

Xalqın birliyi məsələsi həmişə Bəxtiyar Vahabzadə yaradıcılığında özünü büruzə vermiş o, xalqı həmişə birliyə çağırmışdır. Xalqın birliyi isə bizə bu gün daha çox vacibdir.

Böyük şair öz yaradıcılığında ana dilinin saflığının qorunmasına, bu dilin müqəddəsliyinə təbliğinə xüsusi yer ayırmışdır. Təsadüfi deyildir ki, Bəxtiyar Vahabzadə "Ana dili" şeirində göstərir:

 

Dil açanda ilk dəfə "ana" söyləyirdik biz,

"Ana dili" adlanır bizim ilk dərsliyimiz.

İlk mahnımız laylanı anamız öz südüylə

İçirir ruhumuza bu dildə gilə-gilə.

 

Bu dil - bizim ruhumuz, eşqimiz, canımızdır,

Bu dil - bir-birimizlə əhdi-peymanımızdır.

Bu dil - tanıtmış bizə bu dünyada hər şeyi,

Bu dil - əcdadımızın bizə miras verdiyi

Qiymətl xəzinədir...gonu gözlərimiztək

Qoruyub, nəsillərə biz hədiyyə verək.

 

Öz ana dilində danışmayanları, ana dilində danışmağı özlərinə ar bilənləri böyük şair yaradıcılığında kəskin tənqid etmişdir. O, həmin şeirində daha sonra göstərir:

 

Ey öz doğma dilində danışmağı ar bilən,

fasonlu ədabazlar,

Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.

Bunlar qoy mənim olsun,

Ancaq vətən çörəyi sizlərə qənim olsun.

 

Bəxtiyar Vahabzadənin ictimai-siyasi fəaliyyəti zəngin təqdirəlayiq olmuşdur. Ona görə onun xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, bir neçə çağırış Azərbaycan Respublikası Ali Sovetinin Milli Məclisinin deputatı seçilmiş Bəxtiyar Vahabzadə xalqımızın həyatının ən çətin mürəkkəb anlarında baş verən taleyüklü hadisələrə münasibətdə əsl vətənpərvər ziyalı mövqeyi nümayiş etdirmişdir.

Bəxtiyar Vahabzadənin ədəbi-elmi ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, bir sıra orden medallara, o, cümlədən Azərbaycan Respublikasının ali dövlət təltifi olan "İstiqlal" ordeninə layiq görülmüşdür.

Şairin yaradıcılığı keçmiş Sovetlər məkanında da layiqincə qiymətləndirilmişdi. O, keçmiş SSRİ-nin Dövlət mükafatına da layiq görülmüşdü. Onun yaradıcılığı Türkiyədə , həmçinin, türkdilli ölkələrin hamısında sevilir yüksək qiymətləndirilir.

Mən deyərdim ki, şairin ölümü ilə böyük türk dünyasının fəlsəfi şeirinin bel sütunu qırıldı. Təsadüfi deyil ki, Bəxtiyar Vahabzadə təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının böyük, sevimli əbədiyaşar şairidir. Bəxtiyar Vahabzadənin türkçülüyü onun aşağıdakı misralarından daha aydın görünür:

 

Mən ilk qaynağımdan türk oğlu

türkəm!

Sübutdur, dəlildir ağlın qibləsi,

Dəyişə bilərsən adımı ancaq.

Canım çıxanadək qəlbimin səsi,

"Türkəm" gerçəyini pıçıldayacaq.

 

Böyük şair həmişə özünə qarşı tələbkar olmuş, həyatı boyu öz yaradıcılığına tənqidi yanaşmışdır. Amma bu fikir onun "Layiqəmmi mən?" şeirində daha bariz şəkildə özünü büruzə vermişdir:

 

Atalar sözləri öyüddür bizə,

Yüz illər, min illər deyiləcəkdir.

"Elə yaxşılığı, sən at dənizə,

Balıq bilməsə , xaliq biləcəkdir.

 

Ölməz şair öz yaradıcılığında fiziki ölümlə mənəvi ölümü həmişə fərqləndirməyə çalışmış fiziki ölümü deyil, mənəvi ölümü faciə saymışdır. O, bu fikri aşağıdakı misralarda daha poetik fəlsəfi mənəda daha dəqiq işlətmişdir:

 

Ölüm belə qəm deyil, bu həyatı duyana,

Mən bu ağ saçlarımla öyünürəm, ay ana!

Qara, şəvə saçları təbiət vermiş mənə,

Mən güvənə bilmərəm onun bu töhvəsinə,

Zəhməti, həyatımın ilk bəzəyi sanmışam,

Ağ saçları həyatda mən özüm qazanmışam.

 

Bəxtiyar Vahabzadə öz yaradıcılığında qədim xalq sənətini, o cümlədən, Azərbaycanın qədim mədəniyyət incilərindən olan muğamlarımızı yüksək qiymətləndirmişdir. Təsadüfi deyildir ki, şair "Muğam" şeirində belə deyir:

 

Dəfn edin siz məni Zabul segahın mayəsinə,

Deyirəm, bəlkə, məni bir gün oyandırdı muğam.

Çox kitablar oxudum, zənn elədim bəxtiyaram,

Mənə çox mətləbi ahəstə qandırdı muğam.

 

Təbii ki, bir məqalədə, özü mütəxəssis olmayan tərəfindən Bəxtiyar Vahabzadənin çoxcəhətli yaradıcılığının bütün səciyyəvi cəhətlərini əhatə etmək mümkün deyil. Bunu mən qarşıma məqsəd kimi qoymamışam. Sadəcə olaraq, bu Bəxtiyar Vahabzadə yaradıcılığına olan oxucu məhəbbətinin təzahürüdür.

Allah ona qəni-qəni rəhmət eləsin.

 

 

Ədalət.-2013.-23 yanvar.-S.5.