O qıza haqsızlıq olunmuşdu...
Hal-hazırda
şahidi olduğumuz ədəbi mühit öz zəngin
dövrünü yaşayır. Hər gün yeni imzalar,
kitablar çap olunur. Lakin bu çoxluğun içərisində
davam gətirmək, imza təsdiq etmək də həmişə
mümkün olmur. Bunun üçün hərtərəfli
dünyagörüşü, mükəmməl bilik,
güclü ədəbi mütaliə tələb olunur.
İmzası yetərincə tanınan, lakin üzdə
olmağı çox sevməyən bir xanım var ki, mən
onu hər zaman bəyənmişəm. Maraqlı hekayələrin,
romanların müəllifini artıq bir neçə ildir ki,
izlədiyimdən onunla söhbətləşmək qərarına
gəldim.
Beləliklə
gənc, istedadlı qələm sahibi olan Sahilə
İbrahimova ilə iki saata yaxın davam edən söhbətin
müsahibəsini sizlərə təqdim edirik.
- Ədəbiyyata gəlişini,
ilk hekayələrinin yayımlanmasını necə
xatırlayırsan?
-
Bunu o qədər də dəqiq xatırlamıram. Çünki
ilk hekayəm səkkiz yaşım olanda qəzetdə
çap olunmuşdu. O yaşlarımda mən teatrda kiçik
uşaq rollarında oynayırdım. Ümumiyyətlə
uşaqlığım çox maraqlı keçib. Bir
çox tədbirlərə, müsabiqələrə,
şairlərin gecələrinə qatıldığımdan
və çox erkən yaşlarımdan bu mühitin içərisində
olduğumdan belə deyək də, bir az yorulmuşdum.
Sonra bir
müddət ara verdim, yəni heç
yazmırdım. Təxminən 2006-cı ildən
sonra yenidən yazmağa, yayımlanmağa başladım.
Universitetin son kursunda hiss elədim ki, mən
yazıçı olmaq istəyirəm.
- Sahilə bildiyimə görə sən
ixtisaca tarixçisən. Sənin fikrincə
tarixin ədəbiyyata nə dərəcədə təsiri
olur?
- Məncə
tarixin ədəbiyyata təsiri çox olur. Və
bir çox hallarda tarix ədəbiyyata diqtə edir. Baxmayaraq ki, biz o ədəbiyyatı sifarişli ədəbiyyat
hesab edirik. Amma görünən və
görünməz tərəfləri ilə tarixin ədəbiyyata
mütləq müəyyən təsirləri var.
Mən həmişə deyirəm ki, əgər sovet
hökuməti dağılmasaydı, inanmıram ki, kimsə
Pasternakı tapıb oxuya bilərdi. Ya da ki, Amerika ilə
Sovet hakimiyyəti rəqabətdə olmasaydı, Pasternak bu qədər
məşhurlaşmazdı. Podsovet məkanı
onu qərbin vasitəsi ilə öyrəndi.
Bir tarixçi kimi tarix şəxsən mənim
yazılarıma da təsiri edir. Çünki həm
tarixi, həm də ədəbiyyatı çox sevirəm.
Mənə elə gəlir ki, onların ikisini
sintez etsək çox maraqlı, məlumatlı bir əsər
ortaya qoymaq olar. Çox istərdim ki,
tarixi bir roman yazım. Lakin buna özümü o qədər
də hazır hiss etmirəm. Həm də dilim
hələlik buna imkan vermir. Amma gələcəkdə
mütləq yazmağı düşünürəm.
- Tarix hər zamanmı təhrif
olunur?
- Bilirsən,
məsələ burasındadır ki, heç bir hadisə,
heç bir əhvalat, hekayə olduğu kimi nəql oluna bilməz.
Məsələn, bizim öz həyatımızı bizdən
yaxşı heç kim bilmir. Amma buna baxmayaraq biz özümüz haqqında bir
başqasına danışanda mütləq bizə sərf edən,
yaxşı tərəfləri qabardırıq. Sevmədiyimiz o illərimi, günlərimi deyək,
ixtisar edirik. Və bu çox normal
haldır. Çünki ikinci dildə həmişə
təhrif olur. Bir halda ki, biz
özümüz haqqında bunu etməyi bacarmırıqsa, o
zaman bunu başqasından gözləmək də
düzgün deyil. Eləcə də arada
olan zaman kəsiyinin də çox əhəmiyyəti
vardır. Necə əsrlər bundan əvvəl
baş vermiş hadisələrin milyonuncu dildən bizə
çatdırılmasında təhrif olunmamaq
mümkünsüzdür.
- Ən çox sevdiyin tarixi
şəxsiyyətlər kimlərdi?
-
Makedoniyalı İsgəndəri çox sevirəm. Çünki o şərqlə qərbi birləşdirmək
istəmişdi. Çox cavan
yaşlarından öz siyasətini bəşəri ideyalar
üzərində qurmuşdu. Baxmayaraq ki,
bu çox adamın sevdiyi bir şəxsiyyətdi. Amma mən onu seçmişəm. Bir də Fidel Kastronu sevirəm. Bəlkə
də çoxları üçün bu qəbuledilməz
sayılar. Çünki onun öz
qızı belə Fidel Kastronun siyasi xəttini bəyənmirdi.
Ola bisin ki, tarixin müəyyən dönəmində
o yolundan çıxdı, belə deyək də büdrədi.
Amma mən həmişə
düşünürəm ki, tarix tərəfindən ona
qarşı haqsızlıq olunub. Bəlkə
də onun başından vuran Amerika olmasaydı, Fidel Kastro
Kubanı düşündüyü ölkə kimi dünyaya
təqdim edəcəkdi.
- Yaddaşında hər zaman
yaşayan ədəbi qəhrəman necə var?
- Mənim
ən çox sevdiyim ədəbi qəhrəman Jan
Valjandır. Orta məktəbdə oxuduğum
zaman inşa yazanda da onun adını yazmışdım,
yeddinci sinifdə də. Və bu gün
yazsam yenə də Jan Valjanın adını yazardım.
Bir də mənə nədənsə, Cenni
Herhard obrazı daha doğmadı. Bəlkə
də əsər olaraq o güclü ədəbi əsər
deyil, amma Cenni Herhard obrazını çox sevirəm. Və onun əsərdəki çarəsizliyi həmişə
mənim xatirimdədi.
- Bu yaxınlarda yeni kitabın
çap olundu. Bir çox yazarların narazı
qaldığı oxucu azlığı sənin
kitabının satışında da özünü büruzə
verdi? Yoxsa, oxucularından
razısan?
- Mən
sözün açığı ikinci kitabımda
oxucularımdan razıyam. Və mənə elə
gəlir ki, ətrafıma keyfiyyətli oxucu yığa
bilmişəm. Mən dediyimi, demək istədiyim
anlada bilirəm. Həm də birinci
kitabıma nisbətən, ikinci kitabımın dili daha
asandır. Çünki bu kitabda artıq
hesablamışdım ki, məni kimlər oxuyacaq. Bir söz də deyim ki, dərdli olanda dərddən,
sevincli olanda sevincdən yazan yazıçıları da qəbul
etmirəm. Bunları ədəbiyyat deyə
oxucuya sırımaq olmaz. Çünki
oxucu o kitaba pulunu, vaxtını və enerjisini sərf edir ki,
zövqlü məlumat əldə etsin. Bir
halda ki, mən də kitab çıxarıram, mütləq
oxucunun zövqünü nəzərə almalıyam.
- Xasiyyətcə necə insansan?
-
Mehribanam, ünsiyyətciləm. Sevinməyi və
insanları sevindirməyi çox sevirəm. Məndən xahiş edib hər şey elətdirmək
olar, sözsüz ki, əgər o mənim prinsiplərimə
zidd deyilsə. Hətta mənə əziyyət
verə biləcək, vaxtımı ala biləcək işləri
də mənə elətdirmək olar. Hərdən
özüm haqqında yalandan da informasiya verirəm ki,
çox kinliyəm. Əslində isə
kinli insan deyiləm. İnsanların
xoşuna gəlməyi xoşlayıram. Bəzən
bu hal məni narahat edirdi. Sonra bir dəfə
Markesin bir fikrini oxudum. O deyirdi ki: "Mən bilsəm
ki, dünyada bir adam var və o məni
sevmir, mən hər şey edərdim ki, o məni sevsin". Bu həqiqətən belədir. Mən
istəyirəm ki, hamı məni sevsin, çünki mən
də insanları sevirəm.
- Həyatda səni sarsıdan, əzmini
qıran haqsızlıqlar çox olub?
- Elə
də çox olmayıb. Çünki mən həmişə
özümə müəyyən qədər yer
saxlamışam ki, bu sözü desəm artıq uduzacam.
Bəzən olub ki, çox pis vəziyyətdə
olmuşam, lakin bunu özümə belə etiraf etməmişəm.
Amma indiki
yox, hardasa bir üç il bundan əvvəl
özümü yadıma salanda, düşünürəm
ki, o, qıza bir dəfə haqsızlıq olunmuşdu. Bunu mən yalnız yaxın adamlarıma demişəm.
Bəlkə də indi o hərəkət mənə
qarşı olsa, onu haqsızlıq kimi qəbul etmərəm.
Amma o vaxtkı qıza kənardan müşahidəçi
kimi baxanda deyirəm ki, bəli o qıza haqsızlıq
olunmuşdu...
- Bəzi yazıçılar ədəbiyyata
şeirdən gəlirlər. Sənin şeirə
münasibətin necədir?
- Şeirə münasibətim çox
yaxşıdı. Bilirəm ki, çox adam şeirdən
gəlib ədəbiyyata. Ancaq bizim cəmiyyətdə
nədənsə, ədəbiyyatla məşğul olan
adamları şair kimi təqdim edirlər. Məncə cəmiyyətin tanıdığı
şair, şairə obrazı yaxşı deyil. Bunu korrektə edib yenidən təqdim etmək
lazımdır. Mənə belə gəlir
ki, yazıçı sonradan olmaq olar. Ancaq
şair olmaq üçün insan mütləq şair
doğulmalıdı. Orxan Pamuk deyirdi ki,
"mən özümdən yazıçı düzəltdim".
Ancaq kimdənsə şair düzəltmək
olmaz. Olsa da, onların şairliyi də
süni olar.
- Bəşəriyyətin tarixinə,
ədəbiyyatına nəzər saldıqda görərik ki,
kişilərin statusları hər zaman daha güclü və
sarsılmaz olub. Bəs qadınların tarixdəki
yerləri nə dərəcədə möhkəmdir?
- Mənə
elə gəlir ki, sən də, mən də bu sualın
cavabını artıq bilirik. Qadına tarix boyu
haqsızlıq olunub. Mən
özümü haqsızlığa uğramış cinsin
nümayəndəsi hesab edirəm. Biz
doğulanda artıq bu etirafla doğuluruq. Tarixin
qadınlara vermiş olduğu imtiyazlar, hüquqlar ki, var, mənə
hərdən elə gəlir ki, bu kişilər tərəfindən
qadınlara bir sədəqə kimi verilib. Lakin qadınlar daha mübariz olmalıdılar.
Lazım gələrsə, o
hüquqlarını zorla tutub almalıdılar. Mən
demirəm ki, Azərbaycanda gender problemi var. Ancaq məişət
səviyyəsinə gələndə görürük ki,
belədir.
Tarixə nəzər salsaq görərik ki, o vaxtı
fizika, astranomiya, kimya fənləri ilə məşğul
olan, bir azca belə deyək də ayıq, haqqını tələb
edən qadınları şeytanla ittifaqa girməkdə lənətləyib,
tonqallarda yandırırdılar. İndi ya şeytanlar
ağıllanıb, ya da qadınlar.
- Bəs feminizmə münasibətin
necədir?
- Feminist
qadınları sevmirəm. Feminist
düşünən kişiləri daha çox sevirəm.
Mənə bu sahə maraqlı deyil. Adətən
dünya ədəbiyyatında belə söz var: feminist
yazıçı. Bu adı da sevmirəm.
Çünki bu artıq yanaşmanı əvvəlcədən
bəlli edir ki, qadının tərəfini saxlayacaq.
Halbuki mən kişi obrazına girib düşünməyi
də çox sevirəm.
- İndi yeni çap
olunmuş romanlarda filosofların, klassik
yazıçıların əsərlərindən
götürülmüş qədərindən artıq
sitatlara rast gəlmək olar. Bax
mən sənin romanında buna rast gəldim. Bir çoxları bunu intellekt görməmişliyi
hesab edir. Sənin fikrincə
yazıçı öz intellektini bu cür yolla
nümayiş etirməlidir? Ümumiyyətlə
yazıçıya intellekt nümayişi
lazımdırmı?
-Tamamilə
razıyam. Çox düzgün müşahidədi.
Bəli, bunu mən özümdə də
müşahidə eləmişəm. Və
bunu artıq aradan qaldırmağa çalışıram.
Təzə-təzə yazmağa başlayanda doğurdan da adam istəyir ki, öz savadını göstərsin.
Olur ki, bəzən bu təbii, bəzənsə
qeyri- təbii alınır. Məsələn,
mən fikirləşirəm ki, mənim vasitəmlə qoy bu
kitablar oxunsun. Digər tərəfdən də ola bilər ki, mən ciddi bir material ortaya qoymaq
istəmişəm və həmin sitatları ora daxil eləmişəm.
Amma indi bundan qaçıram. Çox vaxtı həmin intellekt göstərən
faktları özümdən uzaqlaşdırmaq
üçün onları sosial şəbəkələrdə
paylaşıram ki, yazıma təsir etməsin. Mənə elə gəlir ki,
yazıçının öz savadını oxucuya bu cür
göstərməsinə ehtiyac yoxdur.
- Zəif, gücsüz qadınlar cəmiyyət
də bir balaca büdrəyən kimi insanlar tərəfindən
acınacaqlı hala salınıb, alçaldılırlar. Sonra da elə o insanlar tərəfindən əfv
olunub cəmiyyətə qaytarılırlar. Lakin bərbad və biabırçı şəkildə.
Çox vaxt da həmin qadınlara elə öz
cinslərinin nümayəndələri, yəni qadınlar qənim
kəsilirlər. Yəni qadınlar bir-birlərinə
qarşı bu qədərmi qəddardılar?
- Ola bilər...
Açığı mən etiraf etmək istəmirəm
ki, bizi bu günə salan elə özümüzük. Düzü mən bu barədə heç fikirləşməmişdim.
İndi sən dedin, mən fikirləşirəm ki, deyəsən
belədir. Bəlkə də bu
qısqanclıqdan irəli gəlir. Məsələ
burasındadır ki, qadınlar açıq rəqabətdə
deyillər. Bəzi qadınların əllərində
imkanlar daha çoxdu, bəziləri isə bu imkanlardan məhrumdular.
Və bu qeyri-sağlam rəqabət içəridə
istər-istəməz üsyan yaradır. Heç
bir şeyə əli çatmayan qadınlar artıq
hücuma keçməyə başlayırlar. Çünki onların da içində önə
keçmək, qalib olmaq istəyi var. Lakin bir çox
qadınlar bu hisslərini etiraf etmirlər, əksinə
hücuma keçirlər. Çox vaxt
etiraz haqsızlıqdan doğur. Və
haqqı tapdalanmış insanlar da aqressiv olurlar.
- Belə bir fikir var ki, məişət
yazıçını, sənət adamını məhv
edir. Məişət yazıçı
üçün doğurdan bataqlıqdır?
-Təəssüf
ki, mənim məişətdə, mətbəxtdə
xüsusi bir təcrübəm yoxdu. Evdə
anam, bacılarım olduğuna görə mənə hələ
növbə gəlib çatmayıb (gülür). Çoxlu reseptlərim var, ancaq onların heç
birini hazırlamamışam.
Ancaq mən belə fikirləşmirəm ki, məişət
bataqlıqdır. Biz niyə romantik əsəri mətbəxtdə
düşünməyək?!
- Açıq-saçıq yazan
yazarlara münasibətin necədir? Nə zamansa
belə yazılar yazarsan?
- Belə
yazıları sevmirəm və özüm də yaza bilmərəm.
Çünki mənim özümün buna
heç vaxt daxili tələbatım olmayıb. Mənim
çevrəm, iş yoldaşlarım bu
cür yazıları bəyənmirlər. Və
düşünürəm ki, o yazılanların sırf on
faizi onların içindən gəlir. Qalanları
reklama hesablanmış mətnlərdir. Bunun
üçün vizual effektləri olan mənbələr var.
Bunu ədəbiyyat deyə ortalığa çıxartmaq
doğru deyil. Ola bilsin ki, mən çox
mühafizəkar yanaşıram. Demək
olmaz ki, konkret bu pisdi. Amma bir halda ki, mənim
çevrəmdəki oxucu belə mətnləri sevmir. Bir halda ki, oxucu sevmir, onda bu yazılar niyə
yazılır anlamıram.
- Səncə yazıçı
köşə yazısı yazmalıdır?
- Mən
özümə söz vermişəm ki, köşə
yazmayacam. Baxmayaraq ki, bir çox saytlardan belə
təkliflər almışam. Mənə
elə gəlir ki, bu insanın qarşısına məcburiyyət
qoyur. Yalnız köşə yazan
insanı yazıçı kimi də qəbul eləmirəm.
Heç olmasa, o adamın bir hekayəsi olsun, mən
oxuyum görüm ki, burda bir uydurmaçılıq da var,
çünki mən ədəbiyyatda
uydurmaçılığı sevirəm. Ondan sonra həmin adamı yazıçı kimi qəbul
edə bilərəm. Bir də ki,
köşə yazmaq dərin düşünməyin
qarşısını alır. Bəlkə
də yanılıram. Amma hər halda
yazıçılığa zərbə vurur hər dəfə
bir mövzudan başqasına, atlanmaq.
- Gənc, subay, yaradıcı bir
xanım kimi ailəyə münasibətin necədir? Yaradıcılıq baxımından ailə
gözünü qorxutmur?
- Yox,
qorxutmur. Məncə çatdırmaq olar.
Sadəcə olaraq düzgün adamı
seçmək lazımdır ki, dünyaya baxışlar eyni
olsun. Həm də ki, ailə elə bir
birlikdəlikdir ki, ona düstur müəyyən etmək
olmur. Amma gələcəkdə ailə
quranda sözsüz ki, həyat yoldaşıma da, körpəmə
də özüm qulluq etməyə çalışaram.
- Bilirəm ki, filmlərə
baxmağı çox sevirsən. Sevdiyin
rejissorlardan bir də Trierdi. Bir çoxları onu həm
dahi, həmdə qəddar rejissor adlandırırlar. Sən necə Trierin "qəddarlığını"
hansı filminə görə bağışlayardın?
- Mən
sözün açığı Trieri o qədər də qəddar
rejissor saymıram. Trieri çox sevirəm.
Düzdür, mən bilirəm ki, o həyatı
çılpaqlığı ilə verir. Bax
bayaq biz açıq-saçıqlıqdan
danışdıq. Məncə onun filmlərində
bu olmasa, olmaz. Onun məhsulu, filmi o qədər
keyfiyyətli və maraqlıdır ki, mən onun qəddarlığına
göz yumuram. Məsələn, onun
"Antixrist" filmi mənim baxdığım ən ağır
filmlərdəndir. Bu filmə baxmaq üçün adam özünü mütləq
hazırlamalıdı. Çünki o film nəinki
kiminsə çəkə biləcəyi, hətta baxa biləcəyi
bir film deyil. Bir də ki, insanın xislətində
qəddarlıq, haqsızlıq etmək var. O da insanın xislətini
özünə göstərir ki, sən busan. Biz doğurdan da buyuq axı, bizim genlərimiz budur.
Mən özüm də bilmirəm ki, kütlənin
içinə girəndə necə hərəkət edəcəm.
Ola bilər ki, kütlənin emosiyası mənə
keçə bilər. Bəlkə mən də xilas
olmaq üçün kiminsə boğazına
ayağımı qoyub, onu öldürüb keçəcəm...
- Həm dünya, həm öz ədəbiyyatımızdan
kimləri oxuyursan?
- Hal-hazırda Devid Robertsin "Şantaram" əsərini
və Şəms Təbrizi oxuyuram. Sevdiyim
yazıçılar isə Cəlil Məmmədquluzadə,
Hüseyn Cavid, Con Steinbek, Viktor Hüqo, Lev Tolstoydu.
- Gənc yazarlarımızdan kimləri
oxuyursan?
- Şərif Ağayarın yazılarını
çox sevirəm. Baxmayaraq ki, köhnə mövzularda
yazır. Bunu özünə deməmişəm.
Amma mən çox istərdim ki, o müasir
mövzularda da yazsın. Məsələn,
feminizmlə bağlı yazılarını görmək istərdim.
Seymur Baycanı da çox bəyənirəm.
Axırıncı romanı mənim xoşuma gəldi.
Nərmin Kamalı oxumuşam, o xanımı həm
də bir obraz olaraq çox sevirəm. Svetlana
Turanın hekayələrini, düşüncə tərzini
çox bəyənirəm. Feyziyyəni,
Cavidi də oxuyuram.
- Yerində olmağı
arzuladığın ədəbi qəhrəman olubmu?
-
Çox qəşəng sualdı (gülür). Orta əsrlərdə
quvernantka olmaq istərdim. Kiçik bir çamadanım olsun,
uşaqları başıma yığıb, onlarla məşğul
olardım.
- Yazıçı
istedadını necə cilalamalıdı?
-
Yazıçnın ən yaxşı vasitəsi oxumaqdır.
Çünki oxuduqca yazmaq istəyi yaranır. Amma bunu elə
etmək lazımdır ki, təkrarçılıq
olmasın. Dünyadan xəbərdar olmalıdı. Bir də
ki, yazıçı öz oxucusunu, oxucu da
yazıçısını yetişdirməlidir. Və
yazıçı öz-özünün oxucusu, tənqidçisi
olmağı bacarmalıdı.
- İş prosesin necədir?
-
İşdən saat 7-8-də gəlirəm. Bir, iki saat dincəlirəm.
Sonra mütləq yazıram. Bəzən dostlarım məni
qınayırlar ki, sən çox ütülü, burjua rahat
həyat keçirirsən. Ancaq mən düşünmürəm
ki, yazıçı mütləq havalı gəzib-dolaşmalıdı.
Bu bəlkə də şairə aid ola bilər. Amma
yazıçı üçün adiyyəti
olmamalıdır. İki-üç gün yazmayanda soyuyursan.
Bir həftə yazmayanda isə tamamilə yazıdan uzaq
düşürsən. Bunun üçün də mən hər
gün mütləq nəsə yazıram.
- Bayaq dedin ki, ədəbi qəhrəmanın,
Jan Valjandır. Bax indiki dövrdə real həyatda
onun kimi bir qəhrəman görürsən?
- Yox,
hal-hazırda Jan Valjnan kimi bir qəhrəman görmürəm.
Ümumiyyətlə indi ədəbiyyatda qəhrəmanların
iflas dövrüdü. Biz indi ədəbiyyata
qəhrəmanlar verə bilmirik. Daha
çox kədərli, bədbin obrazlar yaranır ki, onları
oxuyanlar da elə o cür olurlar.
- Sartr deyirdi ki, "insan
azadlığa məhkumdur". Azadlıq sənin
üçün nədir?
- İnsanın şəkli çərçivəyə
sığa bilər. Onun özü isə sığmır.
Məsələn, mən özüm
üçün deyə bilmərəm ki, mən çox
azadam. Bəzən azadlıq məni qorxuda
bilir. Lakin azadlıq insanla doğulan bir məhfumdu.
Və insan məhkumluğa öyrəşmir, məhkumluğu
sevmir. Bəlkə özünü elə
göstərə bilər, amma sevməz.
- Son sualımı isə yeni
kitabındakı "Məhv edilən xilaskarlar" povestinin
başlığına uyğunlaşdırıb vermək istərdim.
Səncə, Xilaskarlar hər zaman məhv edilirlər?
- Həmişə
yox əlbəttə. Bu məsələyə bir az bədbin yanaşsaq, deyərik ki, çox
vaxt edilirlər. Bu qədər əsərlər
yazılırsa, filmlər, humanist fikirlər meyana
çıxırsa və yenə də müharibələr
davam edir, insanlar ölürlərsə, belə
çıxır ki, məhv edilirlər. Amma nikbin
yanaşsaq, özümüz də xilaskar ola
bilmiriksə, heç olmasa xilaskara kömək edək. Və ümid edək ki, xilaskarlar hələ də
hardasa vardırlar. Şəxsən mən
özüm belə düşünürəm ki, nə zamansa
mənə bir xilaskar lazım olsa, o mütləq peyda olacaq.
Samirə Əşrəf
Ədalət.-2013.-23 yanvar.-S.6.