HƏR QƏHRƏMAN
BİR ZİRVƏDİR
"Azərbaycan
bayrağı" ordenli Xocavəndli
Hər dəfə cəbhə bölgəsinə
yolum düşəndə mənə elə
gəlir ki, indicə sərhədi keçib doğulduğum
kəndə doğru irəliləyəcəm.
Hər dəfə də bu yolun tən yarısında əlisilahlı əsgərləri
görəndə elə bil soyuq suya düşüb
çıxıram. Bütün fikirlərim,
xəyallarım pərən-pərən düşür
və mən gerçəkliklə barışmalı oluram. İndiki zamanda isə günün iki gerçəkliyi var. Onun birincisi işğal altında olan
torpaqlar, yəni cəbhə, digəri isə
tikilib-qurulan, abadlaşan
Azərbaycanın bugünkü mənzərəsini
ortaya qoyan arxa cəbhə...
Əvvəllər
hətta bəzi həmkarlarımı da inandıra bilmirdim ki,
Dağlıq Qarabağın aran torpaqlarının müəyyən
hissəsi işğaldan azad edilib və həmin ərazilərdə
o torpağın qanuni sahibləri - xocavəndlilər məskunlaşıb.
Onlar bu ərazilərdə həm təsərrüfatla məşğuldular,
həm də qurub-yaratmaqla. Özü də bu rayon sakinlərinin
ən maraqlı və bəlkə də ən kədərli
məqamları ondan ibarətdir ki, onlar günün istənilən
saatında ermənilərin nəzarəti altında olan kəndlərində,
evlərində tək-tək də olsa yanan
işıqları, ot-ələf basmış çəpərləri,
bağları, yolları rahatca görürlər. Necə deyərlər,
ovuc içərisində olan Muğanlı, Kuropatkino kəndləri
adama gəl-gəl deyir. Buna beş addımlıqda
dözüb dayanmaq və həm də qurub-yaratmaq özü
Allahın xocavəndlilərə verdiyi dözümün,
inamın nəticəsidi. Və bir də bu inamın söykəndiyi
daxili və xarici siyasət, eləcə də Azərbaycan
ordusudu.
Qarşımda
açılmış mənzərə məni
doğrudan-doğruya heyrətləndirir. Xocavəndlilərin
yenicə məskunlaşdıqları qəsəbə əsl
şəhəri xatırladır. Enli küçələr,
yolları işıqlandıran lampalar, qəsəbənin
ortasından keçib gedən - mənim çaşıb
çay demək istədiyim kanal, eləcə də bir-birindən
yaraşıqlı inzibati binalar... Bu binaların arasında məktəb
xüsusilə göz oxşayır. Ən müasir tikinti
üslubunda inşa edilmiş ikimərtəbəli
böyük binanın geniş dəhlizi, işıqlı
sinif otaqları və təbii ki, həm də hər bir məktəblinin
arzusu olan kompüterlər. Məktəbin giriş foyesində
xocavəndlilərin qüruru olan şəhidlərin, sevilən
qəhrəmanların, ümummilli liderin şəkilləri
ilə bəzədilmiş mənzərə həqiqətən
adamı ayaq saxlamağa, xəyala dalmağa, xatirələrə
baş vurmağa vadar edir. Həmçinin məktəbin
adını daşıdığı
döyüşçünün də guşəsi onun
şücaətindən təqdimatsız xəbər verir.
Bu isə
qəsəbənin böyük səhiyyə
ocağıdı. Qarşısında "03"
yazılmış müasir təcili yardım
maşınları dayanmış bu bina
özü-özlüyündə orada
çalışanların işgüzarlığından,
xidmətin səviyyəsindən söz açır. Sadəcə,
ora yanaşmaq, söhbət etmək kifayətdir ki, xocavəndlilərin
sağlamlığı keşiyində duran insanların əməyindən,
zəhmətindən xəbər tutasan. Demək olar ki, burda əksəriyyətini
tanıdığım səhiyyə işçiləri
sıxıntıdan xilas olduqlarını, onlar
üçün rahat iş şəraiti
yaradıldığını ürəklə etiraf edir və
bunun üçün ölkə prezidentinə minnətdarlıqlarını
dilə gətirirlər.
Bax
bu isə Rayon İcra Hakimiyyətinin binasıdır. Doğrusu,
bu cür əzəmətli bina bir çox oturuşmuş,
işğaldan çox-çox uzaqda olan
rayonlarımızın mərkəzlərində yoxdur. Mən
binanın daxilin gəzib zövq ala-ala rayon icra hakimiyyətinin
başçısının otağına - ikinci mərtəbəyə
qalxıram. Köməkçi bildirir ki, icra
başçısı Eyvaz Hüseynov binanın önündə
aparılan tikinti-abadlıq işlərinə nəzarət
etmək üçün fəhlələrin yanına
düşüb. Mən də ora gedirəm. Ulu öndərin
abidəsinin qarşısında açılan böyük
meydanda əməlli-başlı torpaq işləri gedir. Eyvaz
müəllimlə söhbət zamanı onu da bildirir ki,
tezliklə bu meydan hər kəsin diqqətini çəkəcək.
Buradakı yaşıllaşdırma, abadlıq işləri
hamının ürəyincə olacaq.
Böyük
ürəklə və həvəslə görülən
işlər barəsində məlumat verən Eyvaz Hüseynov
onu da vurğulayır ki, artıq rayonumuz bir növ komleksləşir.
Yəni Beyləqan şəhəri mərkəzində
ayrı-ayrı binalarda yerləşən Xocavəndin icra
strukturları qəsəbədə tikilən inzibati binalar
köçürülür. Necə deyərlər artıq hər
kəs öz evində, öz damının altında oturub
öz sakinlərinə xidmət etmək imkanı qazanır.
Bax elə qəsəbənin girişində sürətlə
tikintisi aparılan bina da Rayon Polis Şöbəsi
üçün nəzərdə tutulub. Respublika daxili
işlər naziri Ramil Usubovun xüsusi qayğısı ilə
inşa edilən bina qısa zamanda əməkdaşları
öz qoynuna alacaqdır.
Bəli,
mən bu yeni qəsəbədə hər şeyin necə
ürək oxşadığını yaddaşıma
köçürərkən bir-birini tamamlayan üç məqamı
xüsusilə yaddaşıma yazdım. Onlardan biri təmir-abadlıq
işləri aparılan meydanda qurulmuş dövlət
bayrağıdır. Yəni Bayraq meydanında işlərin
sürətlə getməsində məncə bu
bayrağın xüsusi rolu, xüsusi əhəmiyyəti var.
Çünki o bayraq Beyləqandan və ümumiyyətlə ətraf
yerlərdən baxanda son dərəcə əzəmətli
görünür və son dərəcə də
böyük çağırış edir, özü də
qələbə çağırışı.
İkinci
məqam: Artıq adı, qəhrəmanlığı ölkə
hüdudlarını aşmış və əfsanəyə
çevrilməkdə olan "Azərbaycan bayrağı"
ordenli İbad Hüseynov da bu torpağın yetirməsidir. Onu
burda hər kəs özünə doğma bilir, onunla
qürur duyur. Məhz bu günlərdə İbadla
bağlı eşitdikləri xəbər də onların
sevincinə sevinc qatıb. Həmin xəbəri İbad belə
şərh etdi:
(ardı gələn
sayımızda)
Əbülfət MƏDƏTOĞLU
Azərbaycan Respublikasının
Prezidenti yanında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi fondunun maliyyə
yardımı ilə
Ədalət.-2013.-23 yanvar.-S.7.