BİR GECƏNİN QONAĞI

 

(sənədli-hekayə)

 

Şəmistan Nəzirli,

istefada olan polkovnik-leytenant

 

İlk gəncliyimin yaddançıxmaz insanı, şən və şux təbiətli, ailə faciəsi yaşayan mərhum Bahar Məhəmməd qızının əziz xatirəsinə.

- Ana, yuxum gəlmir...

- Gözünü yum, onda yuxun gələcək - deyib, ana balaca Baharını qucaqlayıb başını sığalladı.

- Gözümü yumanda atamı görürəm, elə bilirəm evimizdədir, amma məni öpmür-qucaqlamır. Atam bizdən küsüb?

- Yox, niyə küsür, qızım? İşi çoxdu, sırağa gün zəng eləmişdi, dedi bəlkə bu yaxınlarda gəldim. Sən yat, gecə keçir, yoxsa dərsə gecikərsən.

Bahar köksünü ötürüb üzü divara baxdı. Kədərlə:

- Eh, kaş atam gəlsin, - dedi, - səhərə kimi yatmasam da məktəbə hamıdan tez gedərəm.

- Qızım, mən heç bilməzdim ki, sən belə xəyalpərvərsən, - deyib ana yenidən balasını bağrına basdı. Ətirli saçlarını sığallayıb öpdü.

Ana az qaldı desin ki, atanı yadıma salma, onsuz da iki gündür yerimə qor dolub, yata bilmirəm. Axşam da, sabah da səsi qulağımdadır. Yəqin o da tez-tez bizdən danışır, bizi anır. Eh, elə hey gözüm də yol çəkir, Allah xeyrə calasın.

Ana narahat idi. Əri son dəfə zəng vuranda demişdi ki, bəlkə İrəvana ezamiyyətə gedim. Vaxtım qalsa gəlib sizə dəyəcəm.

Gəlin də canıyananlıqla:

- Uzaq yoldu, bir gecə yol gəlib əldən düşərsən. Kənd də qatar yolundan uzaqdı, qışın çovğununda necə gələcəksən? - demişdi. İndi isə özünü danlayırdı; səsini eşidəndə ağlım başımdan çıxdı, nahaq elə dedim. Heç olmasa bir günlüyə, üç-dörd saatlığa da olsa ərinin gəlməyini arzulayırdı. Öz-özünə: ay allah, bu uzun qış gecəsini necə yatacam. Kaş möcüzə baş verəydi, bircə saatlığa da olsa gələydi. Ehtiraslı gəlinlik şəhvəti onu odsuz-ocaqsız yandırırdı. Sahib kimi əri hələ məktəb yaşlarından sevib-seçməkdə özünü xoşbəxt sanırdı. Ailə taleyindən çox razı idi. Bircə ayrı yaşamaqları onu fikirdən-fikrə salırdı. Sahib isə jurnalistlik peşəsinin vurğunu idi. Onu atıb, gəlib kənddə müəllim işləməyi ağlına belə gətirmirdi. Axı, deməzlərmi beş il jurnalistika fakültəsində zəhmət çəkib oxudun, redaksiyada yaxşı da hörmətin vardı, niyə onu atıb kəndə qayıtdın?

Bəturə özü də ərinin kəndə qayıtmağına yarıkönül razı idi. Bir yandan da ayrı yaşamaq cavan gəlini üzürdü. Məktəbə qoşa gəlib-gedən cavan ərlə arvadı görəndə həsrətlə onlara baxmaq Bəturəyə əzab verirdi. Altıncı sinifdə oxuyan Sahib adında bir oğlun vardı. Jurnal yoxlayanda, dərs soruşanda Sahib adını çəkmək Bəturə üçün həm xoş, həm də ağır idi. oğlan sifətdən onun əri Sahibə oxşamırdı. Amma oğlanın üzündəki xırdaca çillər də ona doğma və əziz idi.

Bu hüsni-rəğbət oğlana qarşı ərinə görə idi. Sahib adını çəkəndə əri gözünün önündə nur dağı kimi durardı.

On bir yaşlı yeganə körpəsi mışıl-mışıl yatmışdı. Xəyalın dumanları ilə əlləşən gəlin yavaşca sürüşüb körpəsinin yanından durdu. Ehtiyatla xalçanın üstündə addımlayıb güzgünün qabağına qoyduğu Sahibin şəklini götürüb dodaqlarına yaxınlaşdırdı. Tıqqıltı eşidib duruxdu. "Qulağım səsə düşüb deyəsən?". Qapıya boylandı. Bu dəfə qapısının döyüldüyünü yenidən eşitdi. Geri qayıdıb qızı yatan otağın aralı qalmış qapısını örtdü. Çöl qapısına yaxınlaşıb diqqət kəsildi, ürəyi tir-tir əsirdi. Sol əlini ürəyinin başına qoyub, azca çiynindən düşmüş gecə köynəyini düzəltdi.

- Kimdi? - deyə, kal, qorxaq səslə soruşdu.

Ərinin səsini tanıyıb qapının zəncirini dərhal aşağı saldı. İlk gözünə sataşan Sahibin ayazdan qızarmış sifəti oldu. onu qucaqlayıb odlu nəfəsilə buz kimi üz-gözündən öpdü. Gəlinin güləş sifəti daha da işıqlandı. Qəfil görüşdən özünü itirən gəlin qapının girəcəyində ərinin qabağında durmuşdu.

- Qoy içəri keçim, - deyən Sahib dərhal qızını soruşdu. Gəlin ağzını ərinin qulağına yaxınlaşdırıb:

- Yavaş danış, - dedi, - zorla yatırtmışam. Bu gün səhərdən "atam gələcək" deyib durur. Sənin balaca "Sərçən" görücü olacaq. Dediyi düz çıxdı.

Ayaqqabılarını çıxarıb, paltosunu soyunan Sahibin qızının otağına tərəf getdiyini görən gəlin asta addımlarla ona çatdı. Pıçıltı ilə:

- Hara belə?

- Qızımı öpüb gəlirəm, - dedi.

- Yox, getmə sən allah, oyanacaq, səhəri kimi yatmayacaq. Səhər dərsdən qalar...

Həsrətlə ərinin boyunu qucaqlayan gəlin:

- Əvvəlcə məni öp... Həsrətini çəkmədən öldüm, ay insafsız, gözümüz yollarda qalıb. Soyun yerini də salmışam. Elə bilmə təkcə sənin qızının görücülüyü var. Mənə də əyan olmuşdu, sənin gəlməyin. Birdən ac olarsan, yol gəlibsən?

- Yox, qatarda yemişəm. Bircə sənin həsrətinə iştahım var, - deyib gəlini bağrına basdı.

Xeyli vaxt ərinin həsrətini çəkən gəlin də yenidən onu öpüşlərə qərq etdi. Beş-üç dəqiqə rəngi-ruhu çiçək kimi açılan Bəturə:

- Ay insafsız, - dedi, - bir az yavaş, məni xurd-xəşil elədin ki, səhər işə gedəcəm. Üz-gözüm qaralar.

- Onsuz da səhər kəndə hay düşəcək ki, sənin ərin gəlib. Camaat hərif deyil, hər şeyi başa düşəcək. Çək əlini, qoy həsrətimi öldürüm.

- Həsrət çəkən kişi gərək arvadının yanında yaşaya. Nə qədər sən Bakıda, biz kənddə bir-birimizin həsrətini çəkəcəyik, - deyən gəlin kövrəldi. Şahanə görkəm alıb ərinin çılpaq bədənini var gücü ilə özünə tərəf çəkdi.

- Bir, iki, bu da üç, ay dadi-bidad on bir, on iki... Bəturə, gör başında nə qədər saç var? - Sahib heyrətlə, niyə belə tez ağardı, əzizim?

Kədərlə gülümsünən gəlin:

- Yəqin ərim qürbətdə olduğuna xiffət eləyirəm - deyib, üz-gözünə dağılmış ipək saçlarını geri eləyib özünə təsəlli verdi. - Ər yolu gözləyən arvada o da bir yaraşıqdı, - cavabını verdi. Döşəyin üstündə ağzı üstə uzanan Sahibin kürəyinə, boynuna sığal çəkdi. Od tutub yanan üzünü ərinin çiyninə qoydu. - Necə də ətirli bədənin var, ondan gül iyi gəlir. Lap balamız Baharın ətri kimi. Ömür keçir, əzizim, biz hələ də bir-birimizin həsrətilə yaşayırıq, ay insafsız...

- Bəturə, özünə arvad demə, sən mənim gözümdə həmişə gəlinsən. Anam rəhmətlik sənə sular sonası gəlinim deyərdi. Yadından çıxıb?

Sahib üzünü gəlinin ağ mərmər sinəsinə qoyub:

- Yaxın vaxtlarda sənin də, mənim də, hətta qızım balaca sərçənin də həsrətinə son qoyulacaq.

- Burax sən allah, belə zarafatı, ildə bir dəfə gəlirsən, hər dəfə də bu sözləri deyirsən. Qayıdıb gəlirsən? Kənddə müəllim işləməyə, yer də var, çıx gəl də direktor özü də neçə dəfə soruşub, deyir bircə Sahib gəlsin dərs verərik.

Sahib dinmirdi. Bəturə əyilib odlu nəfəsini onun üz-gözündə gəzdirdi.

- Hə, - dedi, - indi təzə nə fikirləşirsən?

- Mən yox, yuxarıda oturanlar fikirləşiblər.

- Sirr deyilsə de, biz də bilək nə fikirləşiblər? - deyə Bəturə şən səslə soruşdu.

- Burda, Qərbi Azərbaycanda yaşayan bizim millətin hamısını köçürəcəklər.

- Nə, köçürəcəklər bizi, hara? - deyən gəlin şəstlə onun üzünə baxdı. Ərini itələyib yerində dik oturtdu. Təəccüb və həyəcanla: - Sahib, ağzından araq iyi də gəlmir deyəm ki, içmisən. Sən nə danışırsan, kimi, hara köçürürlər?

- Bilirsən Bəturə, dünya yaman qarışıb, Sovet hökuməti dağılır. Məni də İrəvana bu məsələ ilə bağlı göndərmişdilər. Tək mən deyildim. Bakıdan yeddi-səkkiz nümayəndə vardı. Guya belə qərara alınıb ki, hər millət öz dindaşları ilə birgə yaşasın. Azərbaycanda olan ermənilər də Ermənistan deyilən torpağa köçəcəklər. Hələ üstəlik xaricdən gələn daşnaklar Qarabağı da istəyirlər. Ona görə yığış, Sizi Bakıya aparacam. Burada möhkəm qarışıqlıq olacaq...

Bayaqkı şən, gülümsər sifətli gəlini təəccüb hissi bürüdü. Özünü toxdadıb:

- Sahib, gecə bivaxt gəlişinlə məni sevindirdin. İndi bu nə danışıqdı. Düz deyirlər ki, siz jurnalistlər hap-gopsunuz. Ayə, ulu babalarımızdan tutmuş dədələrimizə qədər bu torpaqda doğulub, burda yaşayıblar. Biz də, hələ nəvə-nəticələrimiz də bu Qərbi Azərbaycan torpağında min illər belə yaşayacağıq. Sən nə danışırsan? Mən bu ağ otaqlarımı, evimi-eşiyimi qoyub heç yerə gedən deyiləm. Burda ata-babamın, əcdadlarımın ruhu yaşayır. Səhər kəndin içinə çıxanda da belə şeylər danışsan, səni daş-qalaq eləyərlər.

- Bəturə, sənə mən sözümün əvvəlində dedim ki, dünya qarışıb. Sovetlər İttifaqı deyilən bu quruluş dağılır. deyirlər, daha doğrusu ölkə başçısı Qorbaçov köpək oğlu Amerikaya satılıb. Məhz Amerikanın və kapitalist dövlətlərinin fitvası ilə bu quruluşu dağıdır. Ona görə də Qorbaçova Nobel mükafatı verdilər. Bunun sonu yaxşı olmayacaq, mütləq Qarabağ torpağına görə müharibə olacaq. Ermənilər ruslarla arxalanıb qan-qan deyirlər.

- Niyə məhz Qarabağ torpağına görə. Bəs hökumət qoyarmı, iki millət biri-birini qırsın.

- Elə hökumətdi Qarabağa görə aranı qızışdıran. Çünki, xallı baş Qorbaçovun böyür-başındakıların çoxusu erməni daşnaklarıdır. Torpaq - Qarabağ Azərbaycanındı. Azərbaycan da heç vaxt öz qədim torpağı olan Qarabağı daşnaklara verməz. Ona görə də sənə deyirəm, yığış gedək. Ara qarışıb məssəb itəcək. Bu da müharibənin labüd olması deməkdir.

Bəturə yenə ərinin dediklərinə inanmır və eşitmək belə istəmirdi.

- Yox, - deyirdi, qızımız məktəbə gedir, ev eşiyimi qoyub hara gedək?.. Bəs mən gecə-gündüz sənin kəndə qayıtmağının havasına uçuram. Sən də...

Sahib gəlinin çılpaq çiynini qucaqlayıb üz-gözündən öpdü. Bir az əvvəlki, ehtirasla, şövq və həsrətlə ərini duz kimi yalayan Bəturənin od kimi isti bədəni də ərinin sözlərindən soyuyub buza dönmüşdü. Ağlamsınıb:

- Yox, - dedi, - Sahib sən gedirsən get, - duruxdu. Yuxudan kal oyanmış adamlar kimi: mənə bax, ha - deyib, ərinin əllərini əvvəlki məhəbbətlə sığalladı. Gör nə qədər axmağam ki, bir gecəliyə qonaq gələn doğmaca ərimi evdən qovuram, dilim qurusun hələ az qalmışdı deyəm ki, çıx get. Aylarla həsrətini...

- Bəturə, burda günah nə səndədi, nə məndə. nə də Qərbi Azərbaycanda yaşayan bizim dindaşlarımızda. Mənim şəxsən günahım ondadı ki, bu məsələni sənə açdım. Düz elədim, axı, səndən və qızımdan başqa bu həyatda mənim kimim var ki...

Fikir-xəyal içində dayanan Bəturə ərindən soruşdu:

- Sən neçə günlüyə gəlmisən, icazən neçə gündü...

- Günü sabah qayıtmalıyam. Əgər getsəniz bir gün də qalaram.

- Yox, Sahib, əzizim, sən get işindən qalma, istəmirəm sənə söz gələ. Biz də gözləyək, hələ buralarda köçmək, köçürülmək söhbəti yoxdu, bəlkə sən dediyin şayiədir. Camaat necə, mən də elə. Mən elimi-obamı atıb getsəm, camaat mənə nə deyər. İki ildi sənin ayrılığına dözürəm, canım çıxar, yenə dözərəm.

Sahib əsas mətləbi, əsas söhbəti arvadından gizlədirdi. Açıb ona deyə bilmirdi ki, Qarabağda artıq qarışıqlıqdı. Daşnaklar ayağa qalxıb, Sumqayıtda çaxnaşma olub. Amma Azərbaycan hökuməti bunları xalqa demirdi, xalqdan gizlədirdi.

Sahib icazə alıb ailəsini Bakıya aparmağa gəlmişdi. Uzağı iki günə Şuşaya və Xankəndinə gedəcək, heyətin tərkibində o da olmalı idi. Azərbaycana yeni təyin olunan birinci katib zəif olduğuna görə xalq ona "düdəmə" ayaması vermişdi.

İrəvandakı mitinqi görən Sahib narahat idi. Burda respublikanın rəhbərləri də ayağa qalxıb mitinqə dəstək verirdilər. Bizdə isə birinci katibdən tutmuş bəzi aşağı vəzifələr də ermənilərlə dostluqdan, qardaşlıqdan danışırdılar. Meydana çıxan xalqa qoşulmaq əvəzinə cəbhəçiləri həbslərlə hədələyirdilər. Dalbadal dəyişən yeni birinci katib Milli Məclisdə çıxış edib sevinclə "şad xəbər" verdi:

- Sevinin, mənim xalqım, Azərbaycandan köçüb gedən erməni qardaşlarımız geri qayıdırlar.

Bir gün sonra məlum oldu ki, geri Azərbaycana qayıdan ermənilər yox, Qəbələ və Oğuzda yaşayan etnik udinlərdir. Qorbaçovun ölkəyə birinci rəhbər göndərdiyi taxtadan yüngül hələ də dərk eləməmişdi ki, əgər ermənilər qayıdırsa, bəs nə üçün Zəngəzur, Göyçə və İrəvanda yaşayan azərbaycanlıları qovub çıxardırlar. Vartana kəndindəki azərbaycanlıları su borusuna yığıb ağzını qaynaqla bağlamışdılar. Göyçə mahalının əhalisi köçüb gəlib Gəncə yaxınlığında çadırlarda, üzüm bağlarının arasında məskunlaşmışdılar. Göyçənin iki-üç kənd əhalisi ermənilərin qaçıb getdiyi Şuşa və Xankəndi ərazisində məskun olmuşdu. Məhz birinci katibin əmri ilə göyçəliləri milis gücünə geri qaytarırdılar. Minlərlə insan, ailə sərgərdan gəzirdi. Əsl-nəcabəti bilinməyən respublikanın rəhbəri haqqında xalq anekdotlar, gülməcələr danışırdı. Azərbaycanın bu ağır günündə ətrafındakı özü kimi yüngül, rüşvətxor, yaltaq dəstəsini iməcliyə çıxardıb ağac əkdirəndə fəxrlə demişdi:

- Görürsünüz, necə gözəl qoz ağacı əkirik, vaxt gələcək bunlar bar verəndə mənim qozdağımdan yeyib, məni də yada salacaqsınız.

Doğma ana dilini bilməyən bişüur rəhbər Füzuli rayonuna gedib camaatla görüşəndə üzünü yaltaq nazirlərinə tutub demişdi:

- Bax, burada yeni evlər tikməndənsə, çoxlu hamam tikin, hamam, - deyə özünün "ağıllı" sərəncamını vermişdi.

Sumqayıt zavodunda fəhlələrlə söhbət zamanı üzünü qabaqcıl fəhləyə tutub soruşdu:

- Arvad var?

- Bəli, var.

- Uşaq da var?

- Bəli, üç oğlum var, yoldaş birinci katib.

- Arvad da işləyir?

- Bəli, o da zavodda işləyir.

- Bəs uşaqlar kimdəndi?

Mat-məhəttəl qalan fəhlə təəccüblə:

- Bu nə sözdü, yoldaş birinci katib, əlbəttə məndəndir.

- Aha, bu çox yaxşıdır.

Belə məlum oldu ki, bu dilbilməz, tanrı tanımaz demək istəyirmiş ki, sən də, arvadın da işdə olursunuz, bəs uşaqlara kim baxır?

Bütün Azərbaycanda anekdota dönmüş bu sualı indi də görüşən iki nəfər bir-birindən lağla soruşur: - "Uşaqların kimdəndir?".

Sahib bunları yada saldıqca Azərbaycanı idarə edən belə dayaz düşüncəli rəhbərin idarəçiliyindən çox narahat idi.

 

* * *

 

Qəm, kədər içində boğulan, fikri-fikrə calayan Bəturə lal kimi ərinə baxır, az qala hönkürüb ağlamaq istəyirdi. Özünü ağlamaqdan güclə saxlayan gəlin o biri otaqda yatan qızı Baharı oyadacağından qorxurdu. Özünü toxdadıb gözünün yaşını yarıkədərli, yarı şən olan ürəyinə, qəlbinə axıdırdı.

- Ay insafsız, - dedi, demək allah qoysa, sabah yola düşürsən eləmi? Quş kimi gəldin, huş kimi də gedirsən.

Sahib yorğun da olsa gülümsünüb xoş əhvalla:

 

(Ardı var)

 

 

Ədalət.-2013.-24 yanvar.-S.5.