AŞIQ ŞƏMŞİRİN SƏNƏT DÜNYASI

 

Azərbaycan aşıq sənəti zəngin yaradıcılıq ənənələri olan sinkretik bir mədəniyyət və incəsənət hadisəsi kimi öz xarakterik mahiyyətini və xüsusiyyətlərini XIX və XX yüzilliklərdə qoruyub saxlamaqla yanaşı, həm də parlaq istedadı, çeşidli repertuar - ifa və havacat imkanları ilə seçilən saz və söz ustalarının bu möhtəşəm sənət aləminə gəlişi ilə özünün yeni yaradıcılıq mərhələsinə qədəm qoyur.

Qurbaninin, Aşıq Abbas Tufarqanlının, Sarı Aşığın, Xəstə Qasımın, Aşıq Valehin və Dədə Ələsgərin sənət və yaradıcılıq estafetini XX əsrdə xüsusi bir məharət və səriştə ilə davam və inkişaf etdirən ustad sənətkarlardan bəhs edəndə ilk növbədə, istər-istəməz Aşıq Şəmşirin adı dilə gəlir, müdriklikdən, nəciblikdən yoğrulmuş obrazı göz önündə canlanır. Söz yox ki, o da sələfləri kimi dədə statusuna birdən-birə yiyələnməmiş, əksinə, sənətin bərkindən-boşundan çıxmış, ağır el yığnaqlarında əsil münsif olan xalq kütlələrinin qarşısında imtahan sınaqlarından şərəflə çıxaraq bu ad və titula layiq görülmüşdür.

Aşıq Şəmşirin nəsil-şəcərə etibarilə XVI yüziulliyin böyük sənətkarlarından biri olan Miskin Abdalla qan qohumluğu, öz dövrünün tanınmış saz-söz ifaçısı kimi ad-san qazanan Ağdabanlı Qurbanın ailəsində dünyaya göz açması, bütövlükdə uşaqlıq və yeniyetməlik illərindən başlayaraq Göyçə-Kəlbəcər aşıq mühitinə məxsus saz havalarını, onun ifa-repertuar əlvanlığını pərdə-pərdə, ilmə-ilmə ruhuna, mənəviyyatına hopdurması şübhəsiz ki, bu azman el sənətkarının tale və qismətinə düşən ilahi töhfə və alın yazısı kimi xüsusi qeyd oluna bilər.

Bir cəhəti də qeyd etmək lazımdır ki, aşıq sənətinə məxsus başlıca əlamətdar keyfiyyətlərin kompleks halında Aşıq Şəmşirin yaradıcılığında özünü büruzə verməsi məhz onun yaşayıb-yaratdığı mühit və yaradıcılıq ənənələrindən irəli gələn məziyyət kimi diqqəti çəkir.

Məlumdur ki, coğrafi ərazi baxımından Kəlbəcərlə Göyçə arasında elə bir uzaq məsafə yoxdur. Bu da olduqca maraqlı faktdır ki, ruhi-mənəvi yaxınlıq sarıdan burada məsafə sözünü işlətmək lüzumuna da ehtiyac yoxdur, hər iki ərazini vahid bir sənət müstəvisində birləşdirən bir sıra amillər var ki, onların üzərində təfsilatı ilə dayanmaq lazım gəlir. O da diqqəti çəkən bir faktdır ki, Göyçədə yaşayıb-yaradn bir çox aşıqların zaman-zaman Kəlbəcərə üz tutması, el məclislərində öz ifaçılıq məharətlərini nümayiş etdirməsi həm də bu əlaqə və bağların qırılmasına imkan verməmiş, əksinə belə bir təmas və ünsiyyət bu mühitin bütövlüyünə və formalaşmasına, yetkin bir səviyyəyə çatmasına təkan vermişdir. Aşıq sənətinə aid tədqiqatlarda doğru olaraq, Göyçə-Kəlbəcər aşıq mühitinin digər bölgə və regionlara da öz təsirini göstərməsi dönə-dönə vurğulanır.

XIX yüzillikdə Göyçə aşıq sənətini təmsil edən Qızılvəngli Aşıq Alı, Alçalı Məhərrəm, Şəmkirli Aşıq Hüseyn, Şişqayalı Aydın, Ağbulaqlı şair Kazım, Zodlu Mirzə Bəylər, Zodlu Hacı bəy, Usta Abdulla, Aşıq Çoban, Məzrəli Aşıq Əziz, Zodlu şair Məhəmməd, Kəlbəcərli Aşıq Qurban, Aşıq Musa Göyçəli və ustad Aşıq Ələsgər kimi qüdrətli aşıq-sənətkarlarının və el şairlərinin təmsil etməsi aşıq sənətinin sonrakı inkişafına və yaradıcılıq axtarışlarına öz müsbət təsirini göstərmişdir.

Aşıqlıq və aşiqlik Aşıq Şəmşirin sənət və mənəviyyat dünyasını qoşa qanadlarına alıb quşqonmaz qayalara, zirvələrə qaldıran mərifət, ədəb-ərkan məqamlarıdır. Maraqlıdır ki, bu iki istiqamət və qütb aşığın yaradıcılığında üzvü vəhdətdə olmuş, onun ilham və istedadının pərvazlanmasına zəmin yaratmışdır. Doğma təbiətə, elat həyatına, məişət və yaşam tərzinə münasibətdə də aşıqlıq və aşiqlik fitrəti Dədə Şəmşirin yaradıcılığında boya-boy görünməkdədir. Məlumdur ki, dağlar zaman-zaman aşıq şeirində də, elə yazılı ədəbiyyatda da müxtəlif baxış bucaqlarından təsvir predmetinə çevrilib. Ancaq çoxsaylı poetik nümunələrin dəyərini azaltmadan vurğulamaq lazımdır ki, Aşıq Şəmşirin dağlarla həsbi-halı öz mərhəmliyi və səmimiyyəti ilə maraq doğurur. Xarakterik bir nümunəyə müraciət edək:

 

Heç baxmırsan Çiçəklidən bəri sən,

Gəl bax çəməngahlı bizim dağlara.

Dürlü sədəf kəsim zərli şeirdən,

Rəssam olum qoy mən düzüm dağlara.

 

Məndə məharətə, zəfərə bir bax,

Binadan gərəkdi mayaq, təmtəraq,

Sürü otarmışam əlimdə çomaq,

Yayılmış qoyunum, quzum dağlara.

 

Sansız, saysız təcnis, təxnis varımdı,

Bu yollar əzəldən xubgüzarımdı,

Bir neçə kitabda yadigarımdı,

Şeirdən düşübdü izim dağlara.

 

Füsunkardı bu bəndeyi-kəminə,

Şükür yaradanın öz kərəminə.

Pərvanə olmuşam aran zəminə,

Uşaqkən öyrənib üzüm dağlara,

 

Daşqın çaylar kimi axsam da əgər,

Savalan seyrinə çıxsam da əgər,

Məğribdən məşriqə baxsam da əgər,

Həsrət qalır yenə gözüm dağlara.

 

Dağlara aşiqəm, həm pasibanam,

Xınalı dağlarda qalır nişanam.

Atam Dəlidağdı, İstisu anam,

Nəvə olub oğlum, qızım dağlara.

 

Ağır elli, buz bulaqlı yaylaqlar,

Şəmşir öpüb zirvənizi qucaqlar,

O qədər yazmışam, dolub varaqlar,

Əfsundu söhbətim, sözüm dağlara.

 

Bütövlükdə nümunə gətirilən bu qoşmanın bir-iki bəndini nəzərə çatdırmaq təbii ki, onun məna məzmununun natamamlığına gətirib çıxara bilərdi. Bu da Dədə Şəmşir yaradıcılığının məxsusi bir cəhət kimi vurğulana bilər. Ustad sənətkar dağlar mövzusuna müraciətin çoxluğuna baxmayaraq, burada təqlidçilikdən tamam uzaq bir yolla gedərək ictimai-sosial məsələləri daxil etməklə şeirin (qoşmanın) mövzu mündəricəsinə yenilik gətirməyə nail olmuşdur. Bu qoşmada Savalan həsrəti , çöl-çəmən, yaylaq-otlaq kimi təbiət lövhələri insani hiss duyğuların tərənnümü üçün bir vəsilə funksiyasını yerinə yetirir. Burada həmçinin təbiətlə insanın qarşılaşması, yaxınlıq doğmalığı da ustalıqla qələmə alınmış, canlı metaforalarla, təsirli bədii lövhələrlə bu ünsiyyətin ifadəsinə nail olunmuşdur.

Aşıq Şəmşirin aşıqlik fəlsəfəsinin mayasında humanist ideyalar, dəruni insani duyğular dayanır:

 

Məhəbbətə, sədaqətə, ilqara,

Bir çörəyə, bir də duza aşiqəm.

Bir qoca yarım var, min qıza dəyər,

gəlinə, qıza aşiqəm.

 

... Yan qaçıram naxələfdən, xatadan,

Baratımı pak almışam butadan.

Sənətimi öyrənmişəm atadan,

Şeirdən saldığı izə aşiqəm.

 

El sənətkarının yaradıcılığı məhz saflıqdan və ülviyyətdən qaynaqlandığı üçün ürəklərə tez yol tapır, insan qəlbinin dərinliklərinə nüfuz edir, onun mənəvi aləminə gur işıq saçır.

Ustadların tarix boyu yaşatdığı və bu günə ərməğan etdiyi ənənələrin yaşarı xarakter daşımasında Aşıq Şəmşir sənəti bir canlı körpü rolunu oynamış, həm də öz şəxsində xüsusi bir yaradıcılıq mərhələsinin pərvəriş tapmasında əvəzsiz xidmət göstərmiş qüdrətli el sənətkarı kimi Azərbaycan aşıq sənətinin parlaq bir nümayəndəsinə çevrilmişdir.

 

 

Xədicə İsgəndərli,

AMEA Nizami adına

Ədəbiyyat İnstitutunun

aparıcı elmi işçisi,

filologiya üzrə fəlsəfə doktoru

 

Ədalət.-2013.-24 yanvar.-S.5.