Maraqlı bir görüş
Jurnalist
Qadınlar Assosiasiyası Türkiyənin Azərbaycandakı
Səfirliyinin Mədəniyyət və Turizm müşaviri Əhməd
Seyyid Arslanla mətbuat nümayəndələrinin
görüşünü təşkil edib. Seyid Əhməd
Arslan jurnalistləri maraqlandıran sualları cavablandırıb.
-
2013-ci ildə bizim ilk qonağımız olmaq sizin qismətinizə
düşdü.
-
Bakıya gəlməyimin bu gün (16.01.2013) tam bir ili oldu. Görüşümüzün
də bu günə təsadüf etməsində bir xeyir var yəqin.
Mənim Ankarada Mədəniyyət və Turizm Nazirliyində
yüksək bir vəzifəm var idi. Buna baxmayaraq, Azərbaycana
sevdam mənim ordan buraya qədər gəlməyimə səbəb
oldu. Bu gün mən bura gəlməyimdən çox
şadam, yaxşı ki, bura gəlmişəm və
yaxşı ki, burda sizlərlə tanış
olmuşam.
- Bakıya gəldiyiniz bu qısa vaxt
ərzində nələr etdiniz, nələr qaldı növbəti
ilə?
- Bir il ərzində gördüyümüz işlərdən
danışsam, sizin ayırdığınız bir neçə
saata sığışdırmaq mümkün olmayacaq. O
üzdən də mən sadəcə görülən
işlərin ümumi mənzərəsini qısa - özət
şəklində sizlərə çatdırım.
Səfirliyimizin həm mədəniyyət, həm də
turizm şöbəsi birbaşa mənim nəzarətimdə
olduğuna görə, biz ilin ilk hissəsini daha çox
turizm işləriylə məşğul oluruq. Çünki
xüsusilə iyun, iyul, avqust və sentyabr aylarında
Türkiyəyə turistlərin ən çox üz
tutduğu aylardır. Bildiyiniz kimi
Türkiyə bir turizm ölkəsi olaraq, dünyada bu sahədə
6-cı yeri tutmaqla dünyada xüsusi bir çəkisi olan
ölkədir. Bu səbəbdən də
bizim bütün dünyada turizmlə əlaqədar çox
geniş işlərimiz olur.
- Nədən ibarətdir bu işlər?
- Reklam fəaliyyətimiz
olur. Ona görə də ilin ilk 6 ayında daha
çox reklam fəaliyyətlərinin
planlaşdırılması, onların
uyğunlaşdırılması və yerləşdirilməsi
kimi işlər görürük. Ötən il də küçə reklam lövhələrində
və monitorlarında Türkiyə tanıtma reklamları yer
almışdı. Bu il bu daha aktiv və daha
çox olması ilə nəzərə çarpacaq. Çünki büdcəmizi artırdıq. Avtobuslarda, London taksilərində, internet saytlarda,
televiziya kanallarında Türkiyəni tanıtım
reklamları daha çox izləniləcək.
- Müşavirlik olaraq Türkiyənin
daha çox hansı turizm potensialının
tanıdılmasına ehtiyac duyursunuz?
-
Türkiyənin sadəcə yaz və yay turizmi deyil, həmçinin
alternativ turizmini də tanıtdırılnası, inkişaf
etdirilməsi əsas amallarımızdan biridir. Türkiyə
tam bir qış turizminin məsləhət
görüldüyü bir ölkədir. Xüsusi
ilə Türkiyənin qış turizminin burada
tanıdılması üçün böyük bir proqramlar
həyata keçirdik. Məsələn, Qarsa, Ərzuruma,
Bursaya buradan media mənsublarını, xüsusilə
televiziya əməkdaşlarını göndərdik. Sağlıq turizminə də xüsusi diqqət
verdik. Çünki Türkiyənin sağlıq və
sağlamlıq istiqamətində çox ciddi müvəffəqiyyətləri
var. Türkiyədən həkimlər gətirdik,
sağlıq qurumlarını gətirdik, burdakı
sağlamlıq müəssisələri ilə onları
uyğun məkanlarda görüşdürərək,
"World shop"lar baş tutdu.
Türkiyənin alternativ turizmindən biri də termal
turizm - isti su turizmidir. Türkiyə isti su turizmi
baxımından dünyada 7-ci, Avropada 1-ci yerdə dayanır.
Türkiyənin isti su potensialı bu qədər
böyük bir səviyyədədir. Təəssüflə
qeyd edim ki, Azərbaycanda Türkiyənin bu potensialı
çox tanınmır. Biz bunun da
tanıdılması üçün bir səfərbərlik
olaraq bir sıra işlər görməyə də cəhd
etdik. Məsələn, Türkiyənin
Afyon Qarasihar deyilən bir bölgəsi var. Bura Türkiyədə
isti su turizminin mərkəzi sayılır. Burada 5 ulduzlu müəssisələr var ki, artıq
dünyada tanınan yerlərdir. Afyona 2
qrup jurnalist göndərdik və terminalın Azərbaycanda
tanıdılması üçün belə bir veriliş
hazırladıq.
- Sizin Azərbaycana verdiyiniz töhfələr
arasında xüsusi vurğulayacağınız varmı?
-
Xüsusilə, turizmin Azərbaycanda da inkişaf etdirilməsi
üçün mənim ilk verdiyim töhvələrdən
biri turizm təhsil proqramı idi. Bura Türkiyədən
mütəxəssisləri gətirərək yüksək səviyyəli
beynəlxalq bir oteldə xidmətin necə verilməsini
öyrədən bir proqramla təxminən 117 nəfərə
təhsil almaq imkanı yaratdıq. Əlbəttə
ki, bu proqram Bakı Turizm Universiteti və Mədəniyyət
və Turizm Nazirliyinin xətti ilə baş tutdu. Turizm sahəsində gördüyümüz işlərdən
biri də Bakıda Beynəlxaq Turizm Sərgisinə partnyor
ölkə olaraq qatıldıq. Qeyd edim
ki, bu ildə bu prosesə qatılacayıq. Buradakı sərgidə hətta bizə "Ən
aktiv işləyən stend" mükafatı verildi. Bir sözlə, turizm sahəsini daha çox önə
çəkmək əsas amalımız
sırasındadır.
Bu tip fəaliyyətləri
həyata keçirməyimiz Mədəniyyət və Turizm
Nazirliyinin də diqqətini çəkib ki, burada iyun
ayında Beynəlxalq Kulturoloqlar Forumu keçirildi və
formda bizə sürpriz olaraq Azərbaycanda ən
bacarıqlı, ən səmərəli mədəniyyət
proqramları həyata keçirən səfirliyin
müşavirliyi olaraq Mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev "Şərəf" diplomuyla bizi təltif etdi. Bu
bizim üçün sürprizlə bərabər, həm də
bizə o cür yüksək bir beynəlxalq platformada, eyni
zamanda mədəniyyət sahəsinin ən öndə gedən
şəxsləri qarşısında sevindirici bir an yaşatdı. Bu mənim həyatımda
heç vaxt unuda bilməyəcəyim bir hadisəyə
çevrildi.
- Azərbaycan və Türkiyə ədəbiyyatının
mübadiləsi istiqamətində necə, layihələrin həyata
keçirilməsi planlaşdırılırmı?
- Azərbaycan Milli Elmlər Akademiyası ilə də
bir ünsiyyətimiz var. Görüşdük, artıq
danışıqlar aparırıq. AMEA-nın Türk xalqları
ədəbiyyatı şöbəsi ilə münasibətlərimiz
var. Çünki orda türkiyəli ədəbiyyatçıların
bir çox əsərlərinin Azərbaycan türkcəsinə
rahatlıqla tərcümə olunduğunu söyləyə
bilərəm. Mecid Fazil, Yahya Kamal, Əlişir Nəvai,
Yunus Əmrə, Nazim Hikmət kimi şairlərin Azərbaycan
ləhcəsi və ya şivəsinə çevrilməsi ilə
bağlı danışıqlarımız var. Bunlar
tamamlandığı zaman bizə ötürəcəklər
və biz bunların çapını həyata keçirəcəyik.
- Türkiyəylə bağlı
burdakı işlərinizi bildik. Bəs Azərbaycanla
bağlı Türkiyədə hansı tanıtım işləri
həyata keçirmisiniz?
- Bəli,
elə mən özüm də bu məsələyə
keçmək istəyirdim. Sualınızla məni
qabaqlamış oldunuz. Mən
özümü sadəcə Türkiyə mədəniyyət
tanıtma müşaviri kimi deyil, eyni zaman da Azərbaycanın
da bir mədəniyyət tanıtma müşaviri kimi
görürəm. Məsələn,
Türkiyənin ən çox izlənilən
telekanallarından CNN Türk kanalının mətbəx
verilişi olan "Ləzzət durakları"
proqramını Azərbaycana gətirdik. Bu
veriliş vasitəsilə Azərbaycanın mətbəxi ilə
bağlı 10 buraxılış hazırlatdıq və
çox gözəl nəticə əldə etdik. Bundan başqa, Mirzə Fətəli Axunzadənin
doğum günü ilə əlaqədar keçirilən tədbirlərə
Türkiyədən şairlərin və yazarların gəlməsi
ilə qatıldıq. Sonra Şəki
şəhər bayramına qatılaraq, Şəkinin Konya
Meran bələdiyyəsi ilə qardaşlaşmasına
öz töhfələrimizi verdik. Bunu
qarşılığında da bu yaxınlarda Türkiyədə
Konyada bir park açıldı və bu, Şəki-Azərbaycan-Türkiyə
dostluq parkı adıyla xidmətə başladı. Və bununla da Azərbaycanın Türkiyədə
tanınması üçün bir qatqı vermiş olduq.
2012-ci ili nəzərdən
keçirəndə 60-a yaxın layihə həyata
keçirdiyimizi demək mümkündür.
- 2013-cü ildə nələr
gözlənilir?
-
2013-cü ildə daha fəal iş görəcəyimizi
rahatlıqla söyləyə bilərəm. Çox gözəl
bir proqramımız var bu il
üçün. Yenə telekanallarda, internet
saytlarda, küçə lövhə və monitor
reklamlarında işlərimizi davam etdirəcəyik. Bu
ildə ötən ildə olduğu kimi artıq 15 martdan
etibarən bizim reklam fəaliyyətimizə start veriləcək.
Yəni, Azərbaycanda fəaliyyət göstərən
bütün kanallarda tanıtım reklam çarxları
nümayişə başlayacaq. Reklamlarımız
yenə internet saytlarda yer alacaq. Bu
başdan demək istəmirəm planlarımızı, qismət
olarsa çox mükəmməl layihələrimiz var və
onları həyata keçirməyə davam edəcəyik.
Aprel və ya may ayının axırlarında Azərbaycanda
Türkiyə Mədəniyyət Günlərinin
keçirilməsi də bu planlarımıza daxildir.
- 2012-ci ildə Türkiyədə nə
qədər azərbaycanlı istirahət edib? Və
Azərbaycan Türkiyəyə gələn turist sayı
baxımından neçənci yerdə dayanır?
- 2011-ci
ildə Azərbaycandan Türkiyəyə 578 min nəfər
turist gedib. 2012-ci ilin dekabr ayı istisna olmaqla 11
ay ərzində 547 min civarında turist ziyarət edib. Dekabr ayının da nəticəsi
açıqlanandan sonra buradan Türkiyəyə 580 min nəfərin
getdiyini gözləyirik. O ki, qaldı neçənci
yerdə dayanmaq məsələsinə, bu, o qədər də
ürəkaçan bir yer deyil. Çünki ötən il Almaniyadan Türkiyəyə təxminən 4
milyon 800 min turist gəlib. Rusiyadan 3 milyon 500 min
nəfər turist gəlir. Düzdür,
burda əhali sayı məsələsi də var. Yəni, bu
amili nəzərə alsaq, bəlkə də normal bir yer
tutmasını qeyd etmək mümkündür. Fransadan
1 milyon 100 min, Bolqarıstandan 1 milyon 400 min, Hollandiyadan 1 milyon
200 min, İtaliyadan 700 min, Gürcüstandan 1 milyon 200 min
civarında turustlərin gəldiyi halda, Azərbaycanın daha
çox üstünlükləri var. Yəni dil problemi yox,
din problemi yox, kültür problemi yox, viza
problemi yox. Yəni mən belə
düşünürəm ki, burdan gedənlər öz
ölkəsinə gedirmiş kimi gedəcək.
- Gürcüstandan Türkiyəyə
gedən turist sayının çox olmasına səbəb nədir?
- Bu say artımının müşahidə
olunması normal haldır. Çünki viza
problemi yoxdur, pasport problemi yoxdur. Yəni təsəvvür
edin ki, burdan Şəkiyə gedirmiş kimi avtobusa minirsiniz və
gedirsiniz. Gürcüstandan da əhali
Türkiyənin istənilən bir yerinə bu cür çox
asanlıqla gedib-gələ bilir. Həm də
Türkiyə Gürcüstanın yeganə
çıxış nöqtəsidir. Başqa
alternativi yoxdur. Türkiyə tərəfindən
də bu cür asan gedib-gəlmə təşkil olununca,
onların bu sahədə heç bir əyər-əskikləri
olmur.
- Bəzən görürük ki,
türk müğənniləri Azərbaycan bəstəkarlarının
mahnılarını müəllifin adını çəkmədən,
qeyd etmədən oxuyurlar. Ədəbiyyat
nümunəıləri, şeirlər var ki, tamamilə
adsız oxunur. Bax, bu tip problemlərin
aradan qaldırılması üçün hansı işlər
görülür? Türkiyə və Azərbaycan
arasında əqli mülkiyyətin qorunması,
tanınması sahəsində qarşılıqlı bir memorandumun
vacibliyinə necə baxırsınız?
-Bunlar
olması lazım olan bir amildir. Mənim şəxsi
fikrimə görə, haqqı haqqa təslim etmək
lazımdır. Yəni bir yazar, bir şair, bir bəstəkar
ortaya bir əsər qoyubsa, bundan kim istifadə
edirsə, müəllifin adı mütləq çəkilməlidir.
Amma xüsusilə də musiqi aləmində
bunun qarşısını almaq mümkün deyil. Əlinə
bir mikrofon alan müğənni olur və
çıxar belə şeylər etməklə məşğul
olur və bu tip amillərin fərqinə varmır. Müasir texnologiya, xüsusən də, kompyüter
texnologiyası elə inkişaf edib ki, bu sahədə qoyulan və
qoyulacaq qadağa xarakterli qanunlar bu texnologiyalara qalib gələ
bilmir. Bu haqsızlıqlarla Türkiyədə
də rastlaşanlar var. Bunlar doğru əməllər deyil,
amma təəssüf ki, bu Türkiyədə də belədir,
Azərbaycanda da belədir. Dünyanın
heç bir yerində bu kimi xoşagəlməzliklərin
qarşısını almaq mümkün olmur.
Ədalət.-2013.-24 yanvar.-S.6.