Rasim Balayev:
"Qınamasınlar..."
Tanınmış
aktyor Rasim Balayev yanvarın 18-də Azərbaycan
Kinematoqrafçılar İttifaqından istefa verib.
O,
istefasını son zamanlar Rüstəm İbrahimbəyovun rəhbərlik
etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqı barədə
mediada müxtəlif söz-söhbətlərin
dolaşması ilə əlaqələndirir.
Azadlıq
radiosuna müsahibəsində Rasim Balayev istefa verməsinin səbəblərini
açıqlayıb
- Rasim müəllim, Sizin bir
müraciətiniz yayılıb, dedik özünüzlə də
bir dəqiqləşdirmə aparaq. Müraciəti
özünüz yaymısınız?
- Bəli,
özüm yaymışam
- Nə oldu ki, belə müraciət
yazmaq qərarına gəldiniz?
- Gəldim
də...
- Bəlkə Sizə təzyiqlər
olub?
-
Yox, yox...
- Məktubunuzda
bir cümlə var ki, ziyalı gərək prezidentin
yanında ola. Amma bu yazdıqlarınıza görə Sizi tənqid
etməyə başlayıblar. Deyirlər, gərək Rasim
Balayev belə addım atmayaydı, belə yazmayaydı...
- Əşi... day atdım da...
- Peşman deyilsiz ki?
- Nə bilim vallah, içimdə təbəddülat
gedir, amma elədim də...
- Gənclər Sizin müdafiənizə başlamışdılar. Deyirdilər Rasim Balayevi, "Nəsimi" ni, "Babək"i sona qədər müdafiə edəcəyik...
- Bəli... Mən istəmirəm məndən ötəri aksiya-filan olsun. İstəmədim bu işdə marağı olan adamlar bu məsələdən sui-istifadə etsinlər. Hər bir adam istintaqa çağırıla, şahid ola bilər. Məni şahid kimi dindirdilər, soruşdular bu qol sənindir, sənin deyil, vəssalam. Adamın Allahı var, doğurdan da məni hörmətlə qarşıladılar. Şokolad qoydular, söhbət etdik. Bunu bir az siyasiləşdirdilər, ay, elə, ay belə. Mən zarafatla bir müxbirə dedim ki, əşi, lap uzaqbaşı tutarlar, gedib 3 öynə havayı yemək yeyərəm.
- Rasim müəllim, insanların içində
Sizin qəhrəman
obrazınız var. Bəziləri
Sizin belə bir məktub yazmağınızla barışmırlar.
- Mən qəhrəman deyiləm axı, qəhrəmanları oynamışam.
Qəhrəman deyiləm. (gülür)
- Bəlkə ailənizin məsələyə
təsiri olub, yoxsa özünüz birbaşa qərar qəbul etdiz ki, belə bir
məktub yazasınız?
- Nə bilim... O hala gəldim...
- Hansı hala gəldiniz ki, Rasim müəllim?
İstintaqa çağırdılar,
Sizə təzyiq etdilər?
- Yox, sadəcə, çox götür-qoydan
sonra belə qərar qəbul etdim. Bir də mənim
səhhətimdə problemlər
var. İstəyirəm gedim
müalicə olunam.
Mənim
65 yaşım var, artıq pensiya vaxtımdır. İndi
hansı filimdə lazım bilsələr, gedib çəkilərəm,
belə də...
- Bəs necə dolanırsınız,
maddi baxımdan deyirəm?
- Şükür, dolanıram. Mənim
heç böyük iddiam da yoxdur
axı... Mən bilən, Azərbaycan
vətəndaşı kimi
ehtiyacım yoxdur.
- Siz tək özünüzü
deyirsiz, bəs ölkədə aktyorlar, ziyalılar necə dolanır?
- Yaxşı dolanan da var, pis
dolanan da. Elə adam
var filmə çəkilir, dublyaja gedir. Amma teatrlarda
maaş çox azdır. Yəni, ehtiyac içərisində
yaşayanlar da var.
- Sizin hansısa uşaq oyuncağı ilə bağlı reklama çəkildiyiniz barədə məlumat oxudum, səsinizdən istifadə ediblər deyəsən.
- Uşaq oyuncağı deyil, "Akkord" şirkətlər qrupunun
bir reklamı var idi. Heç xəbərim
yoxdur veriblər, ya yox. Yaxşı qonorar verdilər, çəkildim. Bəs nə
edim? İndi belədir də.
Bir də görürsən ki, futbolçular, məsələn, Messi, nə bilim digərləri
o qədər milyonlar
alır, amma yenə də reklama çəkilir.
- Yazdığınız
məktuba görə
dostlardan, tanışlardan,
Sizi sevənlərdən
qınaq zəngləri
gəlmədi ki, niyə belə etdiz və s.?
- Qınaq yox, elə sizin kimi soruşdular ki, birdən-birə nə oldu belə.
Dedim birdən-birə
olmayıb. Vaqif Səmədoğlunun bir şeri var. Deyir, birdən qəfil ölsəm, elə hesab etməyin ki, qəfil öldüm.
Bilin ki, uzun sürən
ağır xəstəlikdən
öldüm. İndi qəfil
olmur. Adamın içində təbəddülat
gedir. Gərək işlər bu
dərəcəyə gəlib
çıxmayaydı. Yəni, Kino İttifaqı parçalandı,
cürbəcür şeylər
oldu. Lazımlı-lazımsız debatlar oldu.
Belə deyək, dost adamlar düşmən oldu, bu, gərək
olmayaydı. Bütün
bunların hamısı
elə peşmançılıqdır...
- Bəlkə susmaq daha yaxşı
olardı?
- Susmadım, mən də bu cür
hərəkət etdim...
Yaxşı elədim,
pis elədim artıq elədim...
- Məktubdan, Kinematoqrafçılar İttifaqından
istefadan sonra Rüstəm İbrahimbəyov
Sizə zəng etmədi ki?
- Mən telefonumu bağlamışdım, elə
indi açdım, siz zəng etdiniz.
- Belə çıxır ki, Rüstəm İbrahimbəyovdan
uzaqlaşdınız?
- Mən uzaqlaşmadım, onun xətrini çox istəyirəm, bir dost, ağsaqqal, şəxsiyyət kimi. İndi Azərbaycanda beynəlxalq
aləmdə tanınan
iki nəfər var. Onun biri Tahir
Salahov, o biri də Rüstəm İbrahimbəyovdur. Başqa adamımız
yoxdur.
- Rüstəm İbrahimbəyova qarşı
hücumlara münasibətiniz
necədir?
- Belədir ki, o, hakimiyyəti tənqid edir, bu da
hakimiyyətin xoşuna
gəlmir. Özü bilər. O, yaşca böyükdür,
məni Kinematoqrafçılar
İttifaqına 22 il qabaq o, gətirib. Rüstəm azadfikirli adamdır.
Deyilən də bəzi
adamların xoşuna gəlmir.
- Rasim müəllim, Sizin
azadfikirli olmanıza
mane olan nədir?
- Bayaq dedim,
mən qəhrəman
deyiləm...
- Məktubu yazdığınıza görə
Sizə minnətdarlıq
edən olmayıb ki?
- Yox, yox...
- Sizi qınayanlara sözünüz,
cavabınız nədir?
"Facebook"da Sizi özünün kumiri, idealı sayanlar deyir içdən qırıldıq,
sındıq?
- Qırılmasınlar, mən
tamaşaçının qəlbinə
Kino İttifaqının 1-ci katibi kimi yol
tapmamışam. Mənim neçə
nəfər pərəstişkarım
varsa, bu, sənətimlə bağlı
olub və mən bu sənətimlə
məşğul olmaq
istəyirəm. Qırılmasınlar, mən elə həmin adamam. Sadəcə, bir az dincəlib,
çəkilişlə, işlə
məşğul olmaq
istəyirəm.
- Səhhətiniz
necədir, ötən
il Türkiyəyə
müalicəyə getdiyiniz
barədə məlumatlar
yayılmışdı?
- Türkiyəyə gəzməyə getmişdim. Problemlər var, amma həmişə deyirəm - ey böyük Allah, özümə və bütün insanlara dərd verəndə, müalicəsi mümkün olan dərd ver. Belimdə müəyyən problemlər var. Onurğamda yırtıq var. Hərdən ağrısı tutur yeriyə bilmirəm. Bəlkə müalicə üçün Türkiyəyə getdim.
Ədalət.-2013.-24 yanvar.-S.6.