BİR GECƏNİN QONAĞI

 

(sənədli-hekayə)

 

Şəmistan Nəzirli istefada olan polkovnik-leytenant

 

(Əvvəli ötən sayımızda)

 

- Bəturə, - dedi, yola düşürsən demə, yola düşürük desən yaxşı olar. Üçümüz də, mən, sən və şeytan balamız. Mənim sizdən başqa kimim var? Elə bilirsən vətəni, ata-ana məzarını qoyub getmək mənə asandı. Mən də sənin kimi bu kənddə doğulmuşam. Yadından çıxıbmı, orta məktəbdə birgə oxumağımız? Sən yeddinci sinifdə, mən də səkkizincidə.

- Yadımdadı, lap yaxşı yadımdadı. Dəcəlliyinlə müəllimlərin canını boğazına yığmışdın. Doqquzuncu sinifdən sonra Bakıya oxumağa gedəndə müəllimlərin sevindi... Yalnız bir adam qəm, kədər içində həsrətini çəkirdi. Allahıma şükür elədim ki, məni unudub şəhərli qızlara ilişmədin. Yoxsa dəli olardım. Mənim gecə-gündüz elədiyim dualar səni o şalvarlı qızlardan xilas elədi. Nə yaxşı bir-birimizə urcah olduq, demək qismətim sənsənmiş, a vəfasız. Eh, indi o vaxtdan da pis həsrət çəkirəm, gözüm-könlüm yollardan yığışmır. Məktəbdə müəllimlər məni bəxtəvərləyir ki, xoşbəxtsən, Sahib kimi ağıllı, ziyalı ərin var.

- Yenə mən məktəb illərində olduğu kimi vəfasız deyib danlayırsan, Bəturəm. Eybi yox dözərəm.

Bəturə zərif əlini onun ağzına uzadıb dodaqlarını yumdu. Ətli dodaqları ilə Sahibin hər iki üzündən ehtirasla öpdü.

- Vəfasız, - dedi, sözümü kəsmə, səhərə az qalır, yenicə əlimə keçmisən, qoy ürəyimi boşaldım. Mənim ilk və əziz məhəbbətim, klassik şairlər demiş, nuri-didəm, sənin yaxşı şeir deməyin var. Yadındamı, əsgərlikdən də mənə şeirlər yazıb göndərirdin. Məktublarını da, şeirlərini də saxlamışam. Nişan gətirilən çəmadanımdadı. Eşit, gör nə deyirəm, həmişə məni görəndə Nizaminin bir rübaisini bədahətən deyərdin. Onu astadan elə oxu ki, balamız oyanmasın.

Sahib az qaldı desin ki, mən nə hayda, sən nə... Demədi, susdu. Bəturə elə bildi ki, Sahib fikir-xəyal içində durmaqda rübaini yadına salmaq istəyir. Sahib isə bu dəmdə İrəvanda daşnaklardan xalqımıza qarşı gördüyü soyuq düşmən münasibətinin sonunun nə ilə qurtaracağını, "Qarabağ bizimdir" -deyib yığıncaqda hay-küy salan dığaların səsini eşidirdi.

Bəturə dözməyib ərinin qolunu silkələdi:

- Nə oldu, əzizim, sən heç vaxt mənim sözümü cavabsız qoymazdın. Mürgüləyirsən, gözümün nuru, başımın tacı. Başa düşürəm səni, yorğunsan...

- Bəturə, hansı rübaini deyirsən, məni bağışla, son günlərdə elə bil yaddaşsızlaşıram. Sən məndən hafizəlisən, de, ötən günləri yada salaq.

- Sənə "Vəfasız" ayamasını deyəsən yerində vermişəm. Qoy deyim, yadına düşəcək.

 

Məni naqis sanırsan, nə qəm, elə o cür san,

Ey qeydimə qalmayan, eşqimə laqeyd insan!

Öləcəyəm dərdindən, bircə qorxum var ancaq:

Heç qəbrim üstündə də gəlib dayanmayasan.

 

- Bəturə, əzizim, bu gecənin qaranlığında belə kədərli şeiri niyə deyirsən? Özün də rübaini düz oxumadın. Axı, mən dahi şeyx babamız Nizami Gəncəvidən üzr istəyib birinci misrada dəyişiklik eləmişdim, sənin məhəbbətin xatirinə, yadında deyil?

- Yadımdadı, ona görə də mən o misranı sənin dilindən eşitmək istəyirdim. Amma görürəm o qədər yorğunsan ki, halın özündə deyil. Al, bu da sənin dəyişdiyin misra: "Vəfasızam deyirsən, nə qəm, elə o cür san".

Bəturənin indi bircə arzusu, diləyi vardı. Səhər gec açılsın. Ərinin gedəcəyini fikirləşəndə səksənir, bədəni uçunurdu. Yorğanı sinəsi boyu çəkib bir az ərinin qoynunda, onun ətrində nəfəs almaq, mürgüləmək istədi. Yerində dikəlib Sahibin boynunu qucaqlayanda əli pəncərənin uzun pərdəsinə toxundu. Pərdə aralananda otaq obaşdanın nuruna qərq oldu. Həyəcanla:

- Sahib, - dedi, - get qızınla görüş, bir azdan yola düşəcəksən. Qızımız da məktəbə getməlidi. Heç bilirəm, necə ayrılacaqsınız. Amma ay vəfasız, bizi yetim qoyub gedirsən. Özündən muğayat ol, dediklərin düzdürsə, od-alov saçan yerlərdən uzaq ol. Deyirlər Bakıda mitinq başlayıb...

Sahib özünü toxdadıb inamla dedi:

- Çalışaram "Vəfasız" adımı üstümdən götürdəm, Bəturə. Bikef halda gülümsünüb dinmədi. fikirli-fikirli dağılmış saçını düzəldib - Bəlkə bir neçə gün Bakıda olmadım, zəng eləməsəm nigaran qalmayın. Yenə ezamiyyətə getməliyəm. Qızımdan və özündən muğayat ol.

 

* * *

 

Toppuş Bahar yataq otağından çıxıb çaşqın halda bir an qapıda dayandı. Gözlərini övkələyib sevinclə, ata - deyə elə qışqırdı ki, səsi evdə əks-səda verdi. Özünü atasının qucağına atdı.

- Ana, gördün mən deyən oldu? Dedim ki, atam mütləq gələcək. Ata, anam da mənə deyirdi ki, qızım, sən xəyalpərvərsən. Mən səni bu gecə yuxumda görmüşdüm, ata. Yox ey, elə hər gecə görürəm.

Mətbəxdə səhər yeməyi hazırlayan Bəturə zarafatla:

- Yaxşı, atanla az mənim dalımca danışın, - dedi, - Qızım, gəl əl-üzünü yu, çayımızı içək. Vaxt keçir, atan da... "Gedəcək" sözünü dilinə gətirmədi. Qorxdu ki, Bahar hay-küy salar, dərsə də getməz. - Nə oldu qızım, atanla öpüşüb qurtarmadın? Gəl əl-üzünü yu...

- Gəlirəm, ancaq bir şərtlə, atam mənim yanımda dursun, ona çoxlu-çoxlu baxmaq istəyirəm.

Ərinə səhər yeməyi gətirən Bəturə ana ərki ilə qızına təpindi:

- Dur, dur get üzünü yu, gəl sonra nə qədər istəsə öp, qucaqla, atan qaçmır. Dərsə gecikirsən.

- Ana, icazə versən də, verməsən də, məktəbə atamla gedəcəm. Qoy hamı görsün ki, atam gəlib. İndi gedib üzümü yuyaram.

- Yaxşı, yaxşı icazə verirəm, - deyən Bəturə dirsəyi ilə Sahibə toxundu: "Sərçə" qızın görürsən sənin üçün necə darıxıb. Sən də bizi atıb qaçırsan, heç olmasa üçcə gün qalardın, bu tifil də sevinərdi.

- Daha mən ona sərçə qızım deməyəcəm. Maşallah, böyüyüb, tərlan quşuna oxşayır. Telli-toqqalı qız olub. Səkkiz ayda necə də dəyişib, böyüyüb...

- Sən gedəli altı ay on bir gündür, - deyib Bəturə ərinin səhvini düzəltdi. Məni dərd götürüb ki, nə təhər ayrılacaqsınız. Apar məktəbə qoy, tez qayıt. Müəllimlərlə ağız-ağıza verib tarixi-nadir danışma. Sən gələnə kimi mən də yoluna yemək hazırlayım. Məktəbdə də, kənddə də hamı deyir ki, qız atasına bu qədər oxşayar, elə bil cüt almadılar. Bilirsən Sahib, qızın bu sözlərdən necə də fərəhlənir.

- Yox, zənnimcə sənə oxşarı daha çoxdu, Bəturə. Onun qaş gözünə baxıram, sənin məktəbdə oxuyan illərin yadıma düşür. O da sənin kimi zanbaq gülü deyim, yoxsa Səmərqənd kağızı...

Bəturə çaydan bir xortum içib, stəkanı yerə qoydu:

- Yanında elə demə, sən allah, səndən inciyər. Deynən mənim ağıllı balam, özümə oxşayır. Bircə onu təriflə...

Bahar dəsmalı divanın üstünə atdı.

- Qızımız üz-gözünü yudu daha da gözəlləşdi. Balamız kimə oxşayır atası? - deyib Bəturə ciyərparasını ilk dəfə görürmüş kimi ona diqqətlə başdan ayağa baxdı.

Atası dinənə qədər Bahar şəhadət barmağı ilə Sahibi göstərib.

- Atama, atama, yenə də atama oxşayıram, - deyib Sahibin sol yanında oturub onu dönə-dönə öpdü. Hamı deyir ki, bu qız atası Sahibnən bir almadı yarı bölünüb.

 

* * *

 

Onların ikiotaqlı mənzili "dövlət evi" deyilən binada idi. Oradan ancaq müəllimlərə və qulluqçulara mənzil verilmişdi. Sahib saat bir üçün maşın çağırtdırıb qatara getməyə tələsirdi. Yola salmağa Bəturə də həyətə düşdü. Günorta konserti verilirdi. Kənd klubu yaxınlıqda olduğundan radioda oxuyan aşığın səsi bütün məhəlləni bürümüşdü. Sahib maşına minmək istəyəndə doluxsunmuş Bəturə onun biləyindən tutub saxladı:

- Dayan, bir eşit, gör aşıq nə oxuyur.

Abbas ağlar arsız-arsız,

Dünya olub etibarsız,

Deyirdin, dözərəm yarsız,

Döz, bağrı daş olan könlüm!

Bəturə iki əli ilə üz-gözünü örtmüşdü. Sahib onun əllərini aşağı salanda gözlərindən sel kimi axan yaşı görüb sarsıldı. Özünü toxtadıb gücnən də olsa gülümsündü:

- Ay gözəl insan, - dedi, - bəs uzaq yola gedən əri də belə yola salarlar. Bu nə göz yaşıdı axıdırsan? Yaxşı, özünü ələ al, qayıt evə. Amandı, qızım gəlib səni gözü yaşlı görməsin, - deyib maşına oturdu.

Evə qayıdan Bəturə üzü üstə düşüb hönkürürdü.

 

* *

 

Sahib gedəndən sonra Bəturə həmişəki kimi qəzetləri izləyir, onun yazılarını oxuyurdu. Bir neçə gündən sonra o, ərinin İrəvandan yazdığı sərt ruhlu reportajını oxudu. Bir həftə keçər-keçməz onun Qarabağdan, Şuşadan "Erməni məkri, erməni iştahı" vətənpərvərlik ruhunda yazdığı silsilə yazılarını oxuyurdu. Bəturə ürəyinə, varlığına hakim kəsilən səksəkəni, qorxunu qova bilmirdi. "Ermənilər - deyirdi - müxənnət millətdi, ona xətər yetirərlər, duruxub gözü yol çəkdi özü-özünü danlayırdı. Dilim-ağzım qurusun, gör bir nə fikirləşirəm...". Balaca Bahar isə atasının qəzetdə çıxan şəklini gündə on dəfə öpməkdən doymurdu.

Bir ay on gündən sonra tovuzlu bir zabit Sahibdən məktub gətirdi. Bəturə onun xəttini zorla tanıdı. Bəzi hərflərin yanakı yazılışından oxşatdı ki, əri yazıb. Sahib yazırdı: "Bəturə, əzizim, mən hələ də Qarabağdayam. Daşaltı kəndi uğrunda aramsız döyüşlər aparırıq. Kefini pozma, fikir də çəkmə, hər şey yaxşı olacaq. Bu torpaq dığalara qismət olmayacaq. Bizim könüllü dəstəmiz on iki nəfərdir, hamısı da qələm əhlidir. Hamımız son nəfəsimizə qədər vuruşmağa and içmişik. Orduya köməyə gəlmişik.

Sən qızım Bahardan muğayat ol! Qismət olsa onu oxut, qoy ali təhsil alsın. Harada olmaq xəbəriniz mənə çatıb. Xeyli arxayın oldum.

Daha nə yazım, öpürəm səni və şirin şəkər balamız Baharı. Sən allah, gələndə məni danlama, sənə yalan danışdığıma görə. İşdi, başıma bir iş gəlsə Nizami babamızın sənin xoşuna gələn rübaisini baş daşıma yazdırarsan. Bağışla, səni qəmləndirdiyimə görə... Sizi sevən Sahib".

Yanvar ayında hər axşam hava-məlumat bürosunun xəbərlərinə qulaq asan Bəturə Qarabağda havanı necə olmasını izləyir, orada qışın daha sərt keçməsindən narahat idi. Son günlər "Daşaltı əməliyyatı"ndan çox danışırdılar. Qəzetlərdə Sahibin reportajları olmurdu. "Yəqin Bakıya qayıdıb, - deyə fikirləşən Bəturənin qəlbində bərk narahatçılıq da var idi: əgər qayıtsaydı, gəlib bizə də baş çəkərdi, axı Mingəçevir Bakıya yaxındır...".

Yanvarın iyirmi altısında "Xəbərlər" verilişində iki zabit "Daşaltı əməliyatı"ndakı uğursuz döyüşlərdən danışır, mübahisə edir, az qala dalaşacaqdılar, müdafiə nazirini və hökuməti günahlandırırdılar. Sonra bu döyüşdə qəhrəmanlıqla həlak olanların siyahısını oxudular. Bu siyahıda jurnalist Ağabəyli Sahib Qədir oğlunun adı birinci idi...

 

 

Ədalət.-2013.-25 yanvar.-S.4.