ƏDƏBİYYAT TARİXİMİZƏ
YENİ ELMİ BAXIŞ
Tahirə
Məmmədi 1983-cü ildən tanıyıram. Həmin il
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun
aspiranturasına xeyli iddiaçı sənəd vermişdi.
Öz fəallığı və ciddi
hazırlığı ilə onların sırasında Məhərrəm
Qasımlı və Tahirə Məmməd seçilirdi.
İnstitutun dəhlizində qızğın elmi mübahisələrimiz
olurdu. Müxtəlif elmi məsələlərin izahında
onlar müstəqil, orijinal, fikir söyləmələri ilə
diqqəti cəlb edirdi. Həmin il hər
üçümüz aspiranturaya daxil olduq. Həyat elə gətirdi
ki, 1989-cu ildə namizədlik dissertasiyası müdafiə edəndən
sonra mən "Ədalət" qəzetində fəaliyyətimi
davam etdirdim. Məhərrəm Qasımlı bir neçə
ildən onra Nizami adına Ədəbiyyat İnstitutunun elmi
işlər üzrə direktor müavini oldu. 90-cı illərin
çətin iqtisadi şəraitində çoxları
iş yerlərini tərk edib, gündəlik
qayğılarının dalınca getdi. Tahirə Məmməd
isə öz yolunu davam etdi, doktorluq dissertasiyası mövzusu
üzərində ciddi işləməyə başladı və
uzunillik gərgin elmi axtarışlardan sonra müvəffəqiyyətlə
müdafiə edərək, filologiya elmləri doktoru elmi dərəcəsi
aldı. Sonra tale elə gətirdi ki, bir şöbədə
işləməli olduq. Dissertasiya müzakirələrində,
müxtəlif elmi yığıncaqlarda, müşavirələrdə
çıxışlarını görənlərdən
sonra hiss etdim ki, Tahirə Məmməd aspiranturaya qəbul
olunduğumuz 80-ci illərin əvvəllərindən
üzübəri öz üzərində çox işləyib,
bir ədəbiyyatşünas, nəzəriyyəçi alim
kimi geniş nəzəri bilik, professionallıq qazanıb.
Diqqət
yetirsək görərik ki, Tahirə Məmmədin istər
monoqrafiyaları, istərsə də çoxsaylı məqalələri
birbaşa ədəbiyyatşünaslığımızın
nəzəri problemlərinə, dramaturgiyamızın poetika
sisteminə həsr olunub. "XIX əsr Azərbaycan ədəbiyyatı"
dərs vəsaitini yazana qədər Tahirə Məmməd
elmi yaradıcılıqda belə uzun, həm də gərəkli
bir yol seçib, daha çətin, ancaq daha müasir tədqiqat
ideyalarına və konsepsiyalarına üstünlük verib.
Mövcud
şəraitdə hər hansı bir dövrün ədəbiyyat
tarixi kursunu yaratmaq o qədər də asan deyil. Son fundamental ədəbiyyat
tariximiz 50-ci illərin sonu, 60-cı illərn əvvəllərində
yazılıb. Artıq həmin vaxtdan 60 ildən çox vaxt
keçib. Ən başlıcası cəmiyyətin siyasi
sistemi və ideoloji əsasları yenisi ilə əvəz
olunub. Milli dövlət quruculuğunun yeni mərhələsinə
qədəm qoymuşuq. Şübhəsiz ki, bu geniş
miqyaslı islahatlar ən çox humanitar elm sahələrinin
yenidən qurulmasını tələb edir. Xalqımızın keçdiyi tarixi inkişaf mərhələlərnə
və ədəbi dəyərlərinə yeni
qiymət vermək zərurəti meydana
çıxır ki, ədəbiyyat tariximizin bütün mərhələlərinə
yenidən qayıtmaq da bu
zərurətdən irəli gəlir.
F.Qasımzadənin
ədəbiyyat tariximizin yeni dövrünü əhatə edən
"XIX əsr Azərbaycan ədəbiyyatı tarixi"
1956-cı ildən istifadəyə verilib. Düzdür, ədəbi
mərhələlərin aydın mənzərəsini yaratmaq
baxımından həmin dərslik müstəsna xidmətlər
göstərib. Ancaq həmin əsərdən bu gün orta və
ali məktəblərdə dərslik kimi istifadə etmək
mümkün deyil. Sovet rejiminin siyasi və ədəbi
yasaqları F.Qasımzadəyə ədəbi həqiqətləri
özü istədiyi kimi təqdim etməyə imkan verməyib.
Bu boşluğu Xeyrulla Məmmədov "XIX əsr Azərbaycan
ədəbiyyatı" əsərində qismən doldurub.
Belə hesab edirik ki, Tahirə Məmmədin yeni dərsliyi bu
yolda atılan ən uğurlu addımdır.
Buna
qədər nəşr olunan "XX əsr
dramaturgiyasının poetikası" (1999) əsəri alimin
təxminən 15 illik elmi axtarışlarının nəticəsi
kimi meydana çıxmışdı. Ədəbiyyatımızın
üç böyük sənətkarının - H.Cavidin,
C.Məmmədquluzadənin, C.Cabbarlının
yaradıcılığı kontekstində milli
dramaturgiyamızın tipoloji xüsusiyyətlərinə
aydınlıq gətirən tədqiqatçı ədəbi
düşüncəmizin Şərq və Qərb
qaynaqları, Azərbaycan ədəbiyyatında dramatik
növün təşəkkülü və inkişaf mərhələləri,
dramaturgiyada müəllif konsepsiyası və obraz, müəllif
konsepsiyası və süjet, janrın müəyyənləşməsində
konfliktin rolu və s. problemlərə müstəqil ədəbi
konsepsiya səviyyəsində qiymət verməyə nail olub.
Bütün hallarda çağdaş ədəbi istiqamətlərə
diqqət yetirib, ədəbi ənənələrdən gələn
cəhətlərə daha çox fikir verib, həmişə
bir qayda olaraq problemin alt qatlarına nüfuz etməyə
çalışıb. Bunun nəticəsidir ki, o "XX əsr
Azərbaycan dramaturgiyasının poetikası" monoqrafiyasında
XX əsr Azərbaycan dramaturgiyasında klassik Şərq təsəvvüf
ənənələrinin davamını ardıcıllıqla
izləyib, həmin dövr dramaturgiyasının yeni dövr və
XX əsr türk ədəbiyyatı ilə əlaqələrini
obyektiv-tarixilik prinsipi ilə tədqiqata gətirib.
Sovet
dövrü ədəbiyyatşünaslığında XIX əsr
Azərbaycan ədəbiyyatının rus və Qərbi Avropa
ədəbiyyatı ilə əlaqələrinə daha
çox diqqət yetirilib. Ancaq yeni dövr ədəbiyyatının
tipologiyası, bədii yaradıcılıq texnologiyaları o
qədər zəngin, mürəkkəb və əhatəlidir
ki, onun yaradıcılıq axtarışlarının nəticəsini
yalnız xarici təsirlərlə, ədəbi əlaqələrlə
izah etmək mümkün deyil. Maarifçilik, təriqət
ideyaları, dini ənənələr, ədəbi məclislərin
poetik axtarışları müvazi şəkildə davam
etdirilən bu dövrün ədəbiyyatına daha geniş
kontekstdə yanaşmaq lazım gəlir. İlk növbədə
XIX əsr Azərbaycan ədəbiyyatının dini və təriqət
ədəbiyyatı, yazılı və şifahi ədəbi
irslə -bir sözlə milli ədəbi ənənələrlə
təmasını, vəhtətini üzə çıxarmaq
zərurəti meydana çəxır.
Tahirə
Məmmədin "XIX əsr Azərbaycan ədəbiyyatı"
(2010) dərsliyi bu kontekstdə yazılan qiymətli bir əsərdir.
Məlumdur ki, müstəqillik dövründə XIX əsr Azərbaycan
ədəbiyyatı ilə bağlı bir neçə dərslik
və monoqrafiyalar yazılıb. Lakin onların heç birində
dövrün ictimai-siyasi və ədəbi mənzərəsi
bu qədər aydın, geniş verilməyib. Ən əvvəl
XIX əsr Azərbaycan ədəbiyyatı ümümtürk ədəbiyyatı
çərçivəsində tədqiqata cəlb edilib, əsas
diqqət ədəbiyyat tariximizin dövrləşdirilməsinə
yönəldilib, bu istiqamətdə ədəbiyyat tariximizdə
XIX əsr Azərbaycan ədəbiyyatının mövqeyi,
yeri müəyyənləşdirilib, türk ədəbiyyatşünası
Fuad Köprülüzadənin türk ədəbiyyat tarixini
dövrləşdirməsinin prinsip və meyarları üzərində
dayanılıb.
Tədqiqatçı,
hər şeydən əvvəl, yeni dövr ədəbiyyatı
anlayışına aydınlıq gətirməyə
çalışıb, ədəbiyyatşünaslığımızda
vahid bir dövrün iki mərhələsi kimi qiymətləndirilən
XIX və XX əsr ədəbiyyatının fərqli və
oxşar cəhətləri üzərində dayanıb və
doğru olaraq belə nəticəyə gəlib ki, XIX əsr,
eləcə də XX əsrin əvvəlləri vahid ədəbi
nəslin müstəqil mərhələləridir.
Tahirə
Məmməd XIX əsr Azərbaycan ədəbiyyatının
"yeni dövr" tipologiyasına diqqət yetirir və bu
"yeni dövr"ün müstəqil ədəbi istiqamətlərini
eyni dərəcədə tədqiqata cəlb edir. Bu mənada
ədəbiyyatımzın Qərb ədəbi cərəyanları
ilə əlaqəsinə rəğbətli münasibət
ifadə etməklə yanaşı, klassik divan ədəbiyyatı,
dini müqavimət ədəbiyyatı, təriqət
şeiri, xalq aşıq şeirinin ədəbi-ənənəvi
təsir imkanlarını da tədqiqata gətirir.
"XIX
əsr Azərbaycan ədəbiyyatı" əsərində
maarifçilikdən, yaxud Qərbi Avropa tipli ədəbiyyatdan,
klassik divan ədəbiyyatından, xalq aşıq şeiri tərzindən
danışılsın - fərqi yoxdur, tədqiqatçı
bütün hallarda ədəbi-tarixi kontekstdən, konsepsiyadan
çıxış edir. Heç vaxt ənənəvi təhlil
vərdişlərinin arxasınca getmir. Müstəqil, cəsarətli,
həm də əsaslandırılmış fikir və
mülahizələrə üstünlük verir, ədəbi
faktları, sənədləri saf-çürük edərək
çağdaş ədəbi düşüncə
işığında ədəbiyyat tariximizin mühüm
bir dövrünün qiymətli ədəbiyyat tarixini
yaradır.
XIX əsr
tariximizdə və ədəbiyyat tarixçiliyimizdə
öz obyektiv dəyərləndirilməsinini gözləyən
məsələlərdən biri də Azərbaycanın
Rusiyaya birləşməsinin siyasi-ictimai, mədəni - tarixi
aspektlərini və nəticələrini
aydınlaşdırmaqdır. Azərbaycanın Rusiyaya birləşdirilməsinin
müsbət cəhətləri ilə birlikdə, mənfi nəticələri
də olub, işğal faktoru xalqımızın taleyində
silinməz izlər buraxıb. Artıq bu gün tarixə
dönən həmin əsrin gerçək qiymətini vermək
üçün real imkan yaranıb. Tarixi və ədəbi-tarixi
faktları olduğu kimi təqdim etmək lazımdır. Bu
vacib məsələni daim diqqətdə saxlayan Tahirə Məmməd
etiraf edir ki, vurulan ən böyük zərərlərdən
biri mədəniyyətimizə, ədəbiyyatımıza
müstəqil yanaşıb dəyərləndirmə
hüququnu itirməyimizdir.
Ədəbi
fikrimizə XIX əsr rus ədəbiyyatının təsiri məsələsinə
də "XIX əsr Azərbaycan ədəbiyyatı" əsərində
orijinal, müstəqil və tamam fərqli mövqedən
yanaşılır. Belə qənaətə gəlinir ki, XIX
əsr rus ədəbiyyatının təsirindən bəhs
edilərkən ümumi ədəbi prosesdən yox,
inqilabçı-demokratların
yaradıcılığından, onların ədəbiyyatımza
təsirindən yazılıb. Ədəbi təsirdən də,
ənənələrin rolundan da, ədəbi əlaqələrdən
də danışanda Tahirə Məmməd sistemli tədqiqat
ideyasına əsaslanır. XIX əsrdə müxtəlif ədəbi
cərəyanların mövcudluğu, eyni vaxtda fəaliyyəti
müsbət amil kimi qiymətləndirilən dərsliyin
klassik irsin tədqiqat konsepsiyasında tarix, din, mifologiya və
folklor, genetik yaddaş, ədəbi ənənələr,
stereotiplər, dünyagörüşü, fəlsəfə,
ideologiya və sair amillər bir sintez təşkil edir.
Konsepsiyadan,
mahiyyətdən çıxış edəndə həmişə
obyektiv mövqeyə yaxınlaşmaq daha asan olur. "XIX əsr
Azərbaycan ədəbiyyatı" əsərində müəllif
bir qayda olaraq bu mövqedən çıxış edir, onillər
boyu ədəbiyyatşünaslığımızda
aparıcı mövqeyə malik olan zərərli təhlil
üsullarından uzaqlaşır, ədəbi faktın, tarixi
həqiqətin özündən çıxış. Məsələn,
uzun illər Azərbaycanın Rusiaya birləşdirilməsi ədəbiyyatşünaslığımızda
ədəbi prosesin taleyini müəyyənləşdirən
başlıca amil kimi qiymətləndirilib. Kitabda bu problem ətrafında
maraqlı disskusiyalar aparılır, işğal faktorunun Azərbaycanın
sonrakı ictimai-mədəni həyatına təsiri qəbul
edilməklə yanaşı, eyni dövrün Yaxın və
Orta ədəbiyyatının, Türkiyə ədəbi
mühitinin XIX əsr Azərbaycan ədəbiyyatı ilə
bağlarına, əlaqələrin də ədəbi-tarixi
aspektdə qiymət verilir.
Tahirə
Məmməd XIX əsr türk və Azərbaycan ədəbiyyatı
arasında əlaqələrin sovet ədəbiyyatşünaslığındakı
izlərinə müraciət edir. Hər iki ədəbiyyatdakı
ortaqlıq və müştərəkliyin marksist estetikada
ört-basdır edilməsinə əsaslanan qeyri- obyektiv
konsepsiyanın mahiyyətini açır. O haqlı olaraq
bütün hallarda ədəbi-tarixi faktlara əsaslanır,
bu kontesktdə Osmanlı və Azərbaycan ədəbi
mühitinin XIX əsrdəki vəziyyətinə
aydınlıq gətirir, XIX əsr Azərbaycan ədəbiyyatının
tədqiqində tamam fərqli mövqedə dayanır. Elmi təfəkkürünün
genişliyi ona imkan verib ki, yeni dövr ədəbiyyatının
Qərbə və Şərqə uzanan qollarını müəyyənləşdirsin.
Hələ
indiyə qədər XIX əsr Azərbaycan ədəbiyyatı
ilə bağlı yazılan əsərlərin heç
birində divan ədəbiyyatına bu qədər obyektiv qiymət
verilməyib. F.Qasımzadə "XIX əsr Azərbaycan ədəbiyyatı"
dərsliyində Azərbaycan divan ədəbiyyatı və
bu ənənənin yeni dövr ədəbiyyatına təsirindən
bəhs etsə də, mövzuya kifayət qədər
aydınlıq gətirə bilməyib. Dövrün siyasi və
ədəbi reallıqları ona ədəbi həqiqəti
olduğu kimi təqdim etməyə imkan verməyib. Tahirə
Məmmədin "XIX əsr Azərbaycan ədəbiyyatı"
kitabında həm Osmanlı, həm Azərbaycan ədəbiyyatında
Qərb istiqamətinin güclənməsi, hər ik ədəbiyyatında
divan ədəbiyyatı ənənələrinin
pozulması, ortaqlıq elementlərinin itməyə
başlaması öz əksini tapır, müəllif bu
yöndə başqa bir ədəbi sistemin özünü
bürüzə verməsini də müşahidə edir:
"Mümkündür ki, Qərbin hər hansı bir ədəbi
cərəyanı ilə münasibət qurmada Azərbaycan və
Osmanlı məkanında fərqli mənzərələr
müşahidə olunsun, lakin özül mahiyyətində
çat görünmür. Özülün sabitliyi onun
üzərində yüksələn divarları da bir
çox baxımından bənzədir".
Tarixi
və bədii həqiqətlər Tahirə Məmmədin
bütün tədqiqatlarında vəhdətdədir, bir yerdədir.
O bu iki prosesi daim diqqətdə saxlayır, bədii həqiqətə,
tarixi həqiqət işığında yanaşır,
onları bir-birindən təcrid etmir. Məlum mövqeni
"XIX əsr Azərbaycan ədəbiyyatı"nda da
müşahidə edirik. Azərbaycanın Şimalının
Rusiya tərəfindən işğal olunması, Cənubunda
parçalanma nəticəsində türk gücünün zəifləməsi,
daxili itgilər bahasına Osmanlının müstəqilliyini
qoruyub saxlaması müəllifə görə türklərin
yaşadığı coğrafi ərazilərdə fərqli
vəziyyət yaradəb. Həmin fərq hansısa tənəzzüldə
və yaxud tərəqqidə axtarılmır, daha çox ədəbi
tərəqqinin mahiyyətindən çıxış
edilir. Belə təsəvvür yaradılır ki,
Osmanlının müstəqillik dövründə millilik
amili daha güclü şəkildə özünü
göstərib, eyni zamanda Azərbaycanın
parçalanması da ənənənin sıradan
çıxması mənasına gəlmir.
Türkiyə
və Azərbaycan ədəbiyyatında yeniləşmə,
Qərb standartlarına yaxınlaşma, o cümlədən
Şərq ənənələrinin qorunub saxlanması ədəbi
metod və cərəyan səviyyəsində də diqqət
mərkəzinə çəkilir. Müəllifə görə
Azərbaycanda yeni metod və cərəyanlar XX əsrin əvvəllərində
meydana çıxdığı halda, Türkiyə ədəbiyyatında
eyni proses XIX əsrdə reallaşıb. Faktın izahı ilə
bağlı tədqiqatçı belə
düşünür: "Azərbaycanda yeni metod və cərəyan
rəngarəngliyi daha çox XX əsrin
başlanğıcında gerçəkləşirsə bu
proses artıq XIX əsr türk ədəbiyyatının
xarakterik keyfiyyəti kimi formalaşır. Bu isə XIX əsrdə
Türkiyədə yeniləşmə təmsilçilərinin,
demək olar ki, hamısını Qərb ədəbi
mühitləri ilə birbaşa yaxınlığı ilə
izah olunmalıdır. Azərbaycanın XIX əsr
maarifçiləri (xüsusən də 70-90-cı illərin
maarifçilik hərəkatının təmsilçiləri)
əsasən Rusiya təhsilli idilərsə, ədəbi cərəyanların
rəngarəngliyi isə Rusiyaya nisbətən İngiltərə
və Fransa üçün, məlum olduğu kimi, daha
xarakterik idi" .
"XIX
əsr Azərbaycan ədəbiyyatı" əsərində
Tahirə Məmmədin yeni dövr Türkiyə ədəbiyyatı
tarixi haqqında sistemli elmi biliyinin olduğunu
görürük. Bu cəhət Türk və Azərbaycan ədəbiyyatları
arasında ədəbi-ənənəvi əlaqələrin
şərhində diqqəti daha çox cəlb edir.
M.F.Axundzadə, İ.Sünası, N.Kamal, Ə.Haqverdiyev
yaradıcılığını müəllif dövrün
ictimai-ədəbi mühiti çərçivəsində
kifayət qədər obyektiv mövqedən təhlil edir.
İndiyə qədər məlum ədəbi varislik əlaqələrinin
kölgədə qalan cəhətləri haqqında əsaslandırılmış
fikirlər söyləyir. Bu zaman ifadə etdiyi fikirlərin
mübahisəyə səbəb olacağından çəkinmir,
cəsarətli və fundamental elmi-texnologiyalardan istifadə
edir. O, M.F.Axundzadəni həm Türkiyə, həm də Azərbaycan
üçün fərqli bir model kimi qiymətləndirir. Ədibin
Şərqdilli dram əsəri yazmasını, əlifba
islahatlarında ardıcıl və inamlı olmasını təqdirəlayiq
hesab edir. Hətta maarifçi taktika ilə üsyana
keçmişini də müsbət cəhət kimi dəyərləndirir.
Bu nöqteyi-nəzərdən İ.Sünasinin
yaradıcılığı müqayisə predmeti kimi
götürülür. M.F.Axundzadədən sonra ilk dram əsəri
yazması, gəncləri azad düşüncəyə
çağırması müsbət ədəbi hadısə
kimi qiymətləndirilsə də, mübarizədə
ardıcıl olmaması, bir çox hallarda mübarizə
meydanından geri çəkilməsi təəssüf hissi
ilə qarşılanır.
M.F.Axundzadə
və N.Kamal yaradıcılığı arasında paralellər,
müqayisələr, fərqli və oxşar cəhətlər
axtarılması da diqqətdən yayınmır. Hiss olunur
ki, tədqiqatçının hər iki sənətkarın
yaradıcılıq axtarışlarına yaxından bələdçiliyi
var. Bu incə və həssas nöqtədə müəllifin
son dərəcə diqqətli olduğunu, birtərəfliliyə
yol verməməyə, hər kəsin ədəbiyyat tarixindəki
mövqeyini aydın ifadə etməyə
çalışdığını, ədəbi dəyərlərə
çağdaş ədəbiyyat tarixçiliyi mövqeyindən
yanaşdığını müşahidə edirik.
M.F.Axundzadə
kimi N.Kamal da yeni ədəbi növə - dramaturgiyaya
üstünlük verib, onun türk ədəbiyyatında
maraqlı, orijinal nümunələrini yaradıb, eyni zamanda
yeni növün tənqid nəzəriyyəçisi kimi
çıxış edib. Tahirə Məmmədə görə
o, M. F. Axundzadədən fərqli olaraq klassik ədəbi irsə
münasibətdə ifrata yol vermir, divan ədəbiyyatına
o qədər rəğbət bəsləməsə də,
M.Füzulinin böyüklüyünü qəbul edir.
N.Kamalın M.F.Axundzadə ilə fərqi bu böyük sənətkarın
tarixə münasibətində də izlənilir, N.Kamalın
tarixi mövzuda yazdığı əsərləri türklərdə
türk olmağın qürurunu daha da artırmağa xidmət
etdiyi bildirilir. M.F.Axundzadə yaradıcılığında
isə bu vacib amilə münasibətdə ehtiyatlı
mövqe müşahidə olunur. Başqa cür desək, ədibin
yaradıcılığında türk tarixinə sevgi
duyulmur. Şübhəsiz ki, bu fikirlər yeni elmi
polemikaların açılması üçün zəmin
yaradır. Bu arqumentlə razılaşanlar da tapılar,
razılaşmayanlar da. Ancaq həqiqət budur ki, Tahirə Məmməd
son illərdəki tədqiqat konsepsiyasında mahiyyətin alt
qatlarına enir, üzdə olmayan mətləblərə
toxunur və bu zaman çox vaxt mübahisəyə yol
açan ədəbi problemllərə müdaxilə edir. Təbii
ki, əsil həqiqət, klassik irsin müasir əhəmiyyəti
bu cür müqayisələrdə ortaya çıxır.
Orta əsrlər
Yaxın və Orta Şərq ədəbiyyatı bəzən
divan ədəbiyyatı kimi də xarakterizə olunur. Həmin
ənənələr o qədər güclü olub ki, hətta
müasir dövrümüzdə də davam etdirilir.
Ümumşərq, ümummüsəlman və ümumtürk
ədəbiyyatının bir qolu olan Azərbaycan ədəbiyyatında
da məlum ənənələr çox güclü olub. Təəssüf
ki, Orta əsrlər Azərbaycan ədəbiyyatı ilə
bağlı tədqiqatlarda, ədəbiyyat tarixlərində
milli ədəbiyyatda divan ədəbiyyatının
xüsusiyyətləri, spesifikası haqqında lazımi səviyyədə
bəhs olunsa da, XIX əsr Azərbaycan ədəbiyyatında
divan poeziyasının mövqeyi kifayət qədər öyrənilməyib.
Ədəbiyyatşünalar yeni dövr ədəbiyyatının
Qərb yönümünə, maarifçi istiqamətinə
daha çox diqqət yetiriblər. Tahirə Məmmədin
"XIX əsr Azərbaycan ədəbiyyatı" əsəri
bu cəhətdən fərqlidir. Burada XIX əsr Azərbaycan ədəbiyyatının
poetikası, divan ədəbiyyatında islam
dünyagörüşü, islamaqədərki
dünyagörüşlər sistemi, qədim dünya
sivilizasiyası və divan ədəbiyyatı ənənələri
ədəbiyyat tarixi aspektində nəzərdən
keçirilir.
Ədəbiyyatşünaslığımızda
bir qayda olaraq A.Bakıxanov, İ.Qutqaşınlı, M.Ş.Vazeh
"İlk Azərbaycan maarifçiləri kimi təqdim
olunub, realizmin mərhələlərinə münasibətdə
"ünsürlər" nəzəriyyəsindən fərqli
mövqe ortaya qoyan Yaşar Qarayev onların yaradıcılığını
"keçid mərhələsi" kimi səciyyələndirib.
Tədqiqatçılar "ilk Azərbaycan maarifçiləri"
hesab olunan A.Bakıxanov, İ.Qutqaşınlı, M.Ş.Vazeh
irsinin klassik ədəbi ənənələrlə, Qərbi
Avropa maarifrçiliyi ilə əlaqələrinin konkret mənzərəsini
yaratmaqda çətinlik çəkiblər. Şübhəsiz
ki, Y.Qarayevin "Realizm: Sənət və həqiqət"
(1980) əsərinin yazıldığı 80-ci illərdə
ilk Azərbaycan maarifçilərinin klassik ənənələrlə,
dünya ədəbiyyatı ilə əlaqələrini
obyektiv mövqedən təhlil etmək müəyyən
çətinliklə bağlı idi. Tahirə Məmmədin
xidmətlərindən biri bundan ibarətdir ki, o, XIX əsrin
ilk onilliklərində meydana çıxan ədəbiyyatın
spesifik xüsusiyyətlərini, dünya ədəbiyyatı ənənələrinə
söykəndiyini, eyni zamanda maarifçi realist ədəbiyyata
xas müəyyən əlamətləri özündə əks
etdirdiyini konkret faktlara əsaslandırır, ilk Azərbaycan
maarifçiliyinin klassik Şərq ədəbi ənənələri
ilə əlaqələrinə yeni ədəbiyyatşünaslıq
meyarları ilə yanaşır.
Ənənəvi
təhlil vərdişlərindən fərqli təhlil yolu
seçən Tahirə Məmməd A.Bakıxanovun "Kitabi-Əsgəriyyə",
İ.Qutqaşınlının "Rəşid bəy və
Səadət xanım" əsərlərinə orijinal
mövqedən yanaşır. Müəyyən mübahisəyə
səbəb olacağından çəkinməyərək,
"Kitabi-Əsgəriyyə"ni realist hekayədən daha
çox eşq məcarasını xatırladan böyük
bir əsərin eskizinə bənzədir, "Rəşid bəy
və Səadət xanım" əsərində dünya ədəbiyyatı
ənənələri axtarır. Bütün hallarda tədqiqatçı
bu vaxta qədər söylənən fikir və mülahizələrin
təsirinə qapılmır, mətndən
çıxış edir, real ədəbi faktlara əsaslanır.
XIX əsr
Azərbaycan ədəbiyyatında ictimai satiranın
mövqeyinə əsərdə daha çox diqqət
yetirilir. ədəbiyyatımızda satiranın
yaranmasının orta əsrləri dövrünə təsadüf
etdiyi qeyd olunsa da, ictimai satiranın bir ədəbi üsul və
vasitə kimi XIX ərdə yarandığını
vurğulanır, A.Bakıxanov, B.Şakir, Q.Zakir, S.Ə.Şirvani
yaradıcılığında satirik istiqamətin tipoloji
xüsusiyyətlərinə diqqət çəkilir. Bu zaman
ictimai satiranın yaranması dövrün ictimai-ədəbi
reallıqlarının nəticəsi kimi qiymətləndirilir.
Məhəmmədəli Mustafa
Ədalət.-2013.-25 yanvar.-S.6.