YENİDƏN QURULAN DAŞKƏSƏN

 

Ahıllar demiş, indi qışın oğlan çağıdır. Amma paytaxtda, bütövlükdə ölkə ərazisində mülayim hava şəraiti qışın bu oğlan çağını deyəsən çaşdırıb. Ona görə də nə geyinmək, necə davranmaq bir az çətin olubdur. Buna baxmayaraq, qış fəsli özünün böyük çilləsindən irəliyə doğru addımlamaqdadır və biz də fəslin qaydalarına uyğun olaraq özümüzü qış notları üzərində kökləməyə çalışırıq. Təbii ki, bu işdə bizim yardımçımız başı qarlı dağlarımız, onlardan axıb gələn sərt hava və bir də gözümüzü oxşayan dağların ağappaq örpəyidir. Amma...

Azərbaycanın dilbər guşələrindən biri olan Daşkəsən də həmin gün ölkənin digər bölgələri kimi, faciənin ildönümünü, anım mərasiminin ağırlığını yaşayırdı. Belə ki, ümumrayon anım tədbirində insanların çöhrəsindəki üzünü görməmək mümkün deyildi. Əslində 20 Yanvar faciəsinin ağrı-acısını biz o qanlı gecədən öz ruhumuza hopdurmuşuq: həm ağrı kimi, həm də şərəf kimi. Bax, ölkəmizin bu yüksək dağlıq rayonunda həqiqətən qışın oğlan çağının hiss edildiyi bir məqamda insanların çöhrəsindəki hüzn həm də bir məğrurluğu, bir qəhrəmanlığı, bir azadlıq eşqini də duydurur, hiss etdirirdi. Bu hüzndən xəbərsiz olan bir kimsə insaların çöhrəsinə baxmaqla bir anda iki hissin, yəni faciə ilə qələbənin necə qürurla bizim həyatımıza hakim olduğunu görəcəkdi.

Həmin gün Daşkəsən sözün bütün mənalarında faciə ilə qələbəni qovuşdurub azadlığa çevirən insanların ruhu qarşısında sanki baş əyir, daşkəsənlilər isə bu ruhların əbədi yaşayacağına ehtiramlarını nümayiş etdirirdilər. Keçirilən anım tədbirini rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevin şəhid ailələrinə, anıma qatılanlara müraciəti bir növ insanların həmin o kövrək hisslərini özünə çəkdi. Bu çıxışda müstəqilliyimiz yolunda şəhid olmuş, torpaqlarımız uğrunda qurban getmiş insanlara ölkə rəhbərliyinin, rayon ictimaiyyətinin böyük ehtiramı öz əksini tapmışdı. İcra başçısı anım tədbirinə qatılan daşkəsənlilərin hər birinə adı əziz olan Ülvi Yusif oğlu Bünyadzadədən də söhbət açdı. Bu torpağın yetirməsi olan Ülvinin gözünü qırpmadan azadlıq yolunda şəhid olmasını daşkəsənlilərin qürur yeri adlandırdı.

Ümumiyyətlə, anım tədbirində o da vurğulandı ki, rayon rəhbərliyi 20 Yanvarda və torpaqlarımız uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş oğul və qızlarımıza, eləcə də əlil olmuş soydaşlarımıza, onların ailə üzvlərinə həmişə böyük diqqət yetirir. Onların maddi durumunun yaxşılaşması, müalicəsi, məşiət problemləri ilə yaxından ilgilənir və demək olar ki, ilbəil bu istiqamətdə görülən işlərin kəmiyyət və keyfiyyəti də artır.

Müşahidə etdiyimiz anım tədbirindən sonra Daşkəsəni yaxından seyr etmək imkanı qazandıq. Ətrafı ağappaq qar örpəyinə bürünmüş rayonun görünüşündən əvvəldə qeyd etdiyim qış xatirələri səpələnmiş bu yerlər göz, könül oxşayır, istər-istəməz görülən işlərlə təbiətin həmahəngliyini müqayisə edir və Daşkəsənin zaman-zaman gözəlləşən, yeniləşən durumu ürək açır. Təbii ki, görülən bütün işlərin hamısı daşkəsənlilərin zəhməti, alın təri və bir də ölkə rəhbərliyinin diqqət və qayğısının bəhrəsidir. Yəni regionların inkişafına dair Dövlət Proqramına uyğun olaraq ölkəmizin digər bölgələri kim Daşkəsəndə də kifayət qədər diqqət çəkən, rayona səfər edən insanların maraq dairəsinə düşən yenilikləri, işlər görməmək mümkün deyil. Bax bu mənada həmsöhbət olduğumuz daşkəsənlilərdən öyrəndiyimiz faktlar bizdə rayonun ümumi inkişaf mənzərəsi barədə müfəssəl məlumatlara sahib olmaq imkanı verdi.

 

Bu günün Daşkəsəni

 

Əslinə baxanda təkcə Daşkəsən yox, elə ölkəmizin bütün bölgələri artıq bugünün şəhərinə, kəndinə, qəsəbəsinə çevrilməkdədir. Yəni Azərbaycan prezidenti cənab İlham Əliyevin imzaladığı məlum proqrama uyğun olaraq bu gün ölkəmizdə tikinti-abadlıq, quruculuq, bərpa, yenidənqurma yönümlü işlər böyük sürətlə davam etdirilir. Görülən işlərin hər birinin konkret plan layihəsi, icra müddəti, səmərəliliyi, xüsusi olaraq isə keyfiyyəti əsas tələb kimi ictimaiyyətə açıqlanır. Bu da öz növbəsində vətəndaşlarla dövlətin, işgörənlə işgördürənin qarşılıqlı anlaşmasına səbəb olur. Belə işgüzar bir şəraitdə ölkənin digər bölgələri kimi, Daşkəsən də yaşayır.

Bu ilin ilk ayının ortalarında ölkə prezidentinin rəhbərliyi ilə Nazirlər Kabinetinin iclasının keçirilməsi təkcə ötən ilə vurulan yekun deyildi. Bu həm də cari ildə görüləcək işlərə bir baxış, bəlkə də bu işlərin əhatəsini ictimaiyyətə açıqlamaq idi. Məhz həmin iclasda çıxış edən Azərbaycan prezidenti birmənalı olaraq vurğulamışdı ki, bu gün Azərbaycan özünün iqtisadi uğurları ilə təkcə regionda yox. Eləcə də beynəlxalq aləmdə kifayət qədər özünü təsdiq etmək, özünü tanıtmaq imkanı qazanmışdı. İndi hər kəs bu uğurları etiraf etməyə məcburdur. Hətta düşmənlərimiz də bizim iqtisadi gücümüzün artımından narahatlıqlarını gizlədə bilmirlər.

Bax, ölkəmizin bütövlükdə bir parçası olan Daşkəsəndə də ötən ilin nəticələri diqqəti çəkir. Yəni rəqəmlər istər rayon icra hakimiyyəti başçısının ötən illə bağlı açıqlamalarında, istər rayon ictimaiyyətinin fikirlərində birmənalı olaraq görünür ki, Daşkəsən də müstəqil respublikamızın qazandığı uğurlara öz töhfəsini verə bilib və bu istiqamətdə də uğurlarını davam etdirir. Daşkəsənin sosial-iqtisadi inkişafı günbəgün sürətlənir və daşkəsənlilərin də dediyi kimi, bu gün Daşkəsənin şanlı tarixini yazanlar Yeni Daşkəsənin şöhrətinin bünövrəsini də qoyurlar.

Ötən ilin göstəricilərini özündə əks etdirən rəqəmlərə üz tutsaq, onda bəlli olar ki, Daşkəsən rayonunda sosial-iqtisadi yönümlü xeyli işlər görülüb. Yəni ümumi məhsul buraxılışı 42 milyon manatdan artıq olmuşdur ki, bu da ötən illə müqayisədə təqribən 18 faiz çoxdur. Kənd təsərrüfatı rayonu olan Daşkəsəndə bütövlükdə tikinti üzrə 3 dəfəyə yaxın rabitə üzrə 7 faiz, nəqliyyat üzrə 8 faiz, kənd təsərrüfatı üzrə 10 faiz, ticarət-iaşə xidmətləri üzrə isə 19,5 faiz artım olmuşdur. Bu quru rəqəmlər isə əslində görülən işlərin mahiyyətini açır, onun miqyasını nümayiş etdirir.

 

(Ardı var)

 

 

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.-2013.-25 yanvar.-S.7.