"Eldar Qasımov "Səviyyəli toy
olsa orada oxuyuram"
Eldar Qasımovun Kulis.az dərgisinə
müsahibəsi
- 4-5 il bundan qabaqkı Eldarla
bugünkü Eldar arasında hansı fərqlər var?
- Fərqlər
böyükdür. Hətta bir il bundan qabaqkı Eldarla da fərq
var. Universitet vaxtlardan dəyişməyə
başlamışam. İnsanları anlamağa
çalışdım. Dünyagörüşüm dəyişdi.
"Eurovision"dan sonra isə tam başqa insan oldum. Daha
böyük səhnə təcrübəm var artıq. Kamera
ilə işləmək təcrübəm var. İctimai həyat
təcrübəsi qazanmışam.
- Məşhurluq həyatınızda
konkret olaraq nəyi dəyişib?
-
Soyuducunun üstündə dünyanın müxtəlif
ölkələrindən gətirdiyim çoxlu maqnitlər
var (gülür). Yenə də təkrar edirəm: sadəcə
təcrübə əldə etmişəm. Üstəgəl
məni sevən, mənə pərəstiş edən xeyli
sayda insan qazanmışam. Onlarla musiqimi, sənətimi
bölüşürəm. Onlara musiqi vasitəsilə kömək
edə bilirəmsə, özümü xoşbəxt
sayıram.
- Bir az
uşaqlığınızdan danışın. Necə
keçib uşaqlığınız? Sizə nələr təsir
edib?
-
Beş illik musiqi məktəbini bitirmişəm. Orta təhsilimi
isə əksər uşaqlar kimi adi məktəbdə
almışam. Bildiyiniz kimi, mən Azərbaycanın xalq
artisti Firəngiz Şərifovanın və əməkdar incəsənət
xadimi Balağa Qasımovun nəvəsiyəm. Yəni incəsənət
ab-havasının hökm sürdüyü yaradıcı
mühitdə böyümüşəm. Həm də bu, genlə
keçib. Nənəmin tamaşalarına gedəndə
axşam qayıdıb evdə dekorasiya qurardım. Evdəkilər
üçün tamaşa göstərirdim. Maqnitofona kaset
qoyub onlar üçün fonoqram mahnılar oxuyurdum.
Bütün uşaqlığım yaradıcı mühitdə
keçib.
- Təminatlı ailədə
böyümüsünüz? Sıxıntılarınız
olubmu?
-
Ciddi sıxıntılarımız olmayıb. Həm də mən
ağıllı uşaq olmuşam. Qabağıma nə
qoyublarsa, onu da yemişəm. Heç vaxt ağlayıb bizdə
olmayan şeyi istəməmişəm.
- Valideynlərinizlə münasibətləriniz
necə olub?
-
Ünsiyyəti sevən insanlardır. Qardaşımla mənə
əvvəlcə valideyn, sonra dost kimi davranıblar.
- İndi bir yerdə
yaşayırsınız?
-
Yox. Atam və anam təxminən 2 il bundan əvvəl
ayrılıblar.
- Onların ayrılmağı sizə
necə təsir etdi?
- Adi
qarşıladım. İnsanlar uzun müddət bir yerdə
yaşadıqdan sonra bir-birlərini başa düşmədiklərini
görürlərsə, ayrılmaları normaldır. Bunu təbii
qəbul etmək lazımdır. Mən də belə qəbul
etdim. Həm də artıq uşaq deyiləm.
- Onlar ayrılanda siz kimi
seçdiniz?
-
Atamı.
- Niyə məhz atanızı?
-
Çalışıram, hisslərimin mənə diktə
etdiyi kimi yaşayım. Sadəcə belə hiss edirdim ki,
atamı seçməliyəm. Onu da seçdim. Bu gün də
görürəm ki, atamla yaşamaq mənə daha
rahatdır. Özümü yaxşı hiss edirəm. Amma ola
bilər ki, sabah yuxudan oyananda anamın yanında yaşamaq istəyim.
Əgər belə bir şey hiss etsəm...
- Ananızla
görüşürsünüz?
- Əlbəttə,
görüşürəm. Onu da vurğulamaq istərdim ki,
valideynlərim düşmən kimi ayrılmayıblar. Sivil
insanlar kimi hərəkət ediblər.
- Sən yetkin bir insan kimi necə
düşünürsən, belə hallarda insanlar bir-birlərinə
şans verməlidirmi? Zaman tanımalıdırmı?
- Məncə,
valideynlərim çox ağıllı insanlardır. Onlar bu
haqda çox fikirləşiblər. Əlbəttə ki,
onları saxlayan çox amillər vardı. Uşaqlar da bu
amillərdən biri idi. Çünki ailədə övlad
varsa, bu cür məsələləri həll etmək çətinləşir.
Atam və anamın ayrılmaq qərarı çox
düşünülmüş, ağıllı addım idi.
Onlar bilirdilər ki, həm qardaşım, həm də mənim
üçün, ümumiyyətlə ailə
üçün çətin olacaq.
- Almaniyada oxumusunuz. O vaxta kimi
Avropada olmuşdunuz?
-
Yox. Olmamışdım.
- Şərqdə
böyümüş bir gənc kimi Avropaya düşəndə
hansı hisslər keçirdiniz? Necə təsir etdi sizə
Qərb?
-
Avropada olanda özümü çox rahat hiss etdim. Sanki öz
evimdə idim. Orda məni çox yaxşı başa
düşürdülər. Mən də onları başa
düşürdüm. Onların dünyagörüşləri,
həyata baxışları, davranışları, bir-birlərinə
olan münasibətləri, mədəniyyətləri mənə
çox yaxın gəlirdi. Bəlkə bu onunla
bağlıdır ki, Avropa sayağı mühitdə
böyümüşəm. Həmişə qərbli kimi
düşünməyə çalışmışam. Qərb
mədəniyyəti ilə daim maraqlanmışam, Avropa ədəbiyyatını
oxumuşam.
- Azərbaycanlıların
avropalılara qərəzli münasibəti var. Elə bilirlər
ki, Avropa əxlaqsızdır, ora ancaq homoseksuallardan ibarətdir
və s.
- Hər
bir ölkədə belə şeylər var. Fahişələr
də var, homoseksuallar da, əxlaqsız insanlar da. Şərqdə
də var, Qərbdə də. Bunu qəbul
etmək lazımdır. Qabartmağa ehtiyac
yoxdur. Avropa ölkələrində
insanlar əxlaqsız deyillər. Sadəcə
azaddırlar. İstədikləri kimi
yaşayırlar. İnsanlar
başqalarının fikri ilə oturub-durmur. Öz həyatlarını yaşayırlar. Özlərini ifadə etmək üçün
geniş imkanlara sahibdirlər. Qərb
insanı xarizmatikdir. Həyatdan nə istədiyini
bilir.
- Bir azərbaycanlı kimi bizim
avropalaşmağımızın, qərb dəyərlərini
əxz etməyimizin tərəfdarısan?
-
Avropalaşmaq lazım deyil. Sadəcə ən
yaxşı dəyərləri götürüb mənimsəmək
lazımdır. Hər bir mədəniyyətdən
ən yaxşı şeyləri götürmək gərəkdir.
Əlbəttə, tam olaraq müasirləşmək
üçün bir neçə nəsil dəyişməlidir.
- Azərbaycan mentalitetində bəyənmədiyiniz
nələr var?
-
Başqalarının fikri ilə yaşamaq. İnsan
çalışmalıdır ki, qərarı özü
versin. Başqalarının fikri onu
yayındırmasın. "Qonşu nə
deyər" prinsipi ilə yaşamasın. Sənə necə xoşdursa, o cür də
yaşamalısan. İnsan öz vicdanı
qarşısında pak olmalıdır.
- Bizim adamlar mentalitetdən çox
danışırlar, amma gənc oğlanlar küçədə
qızlara söz atırlar. Heç qızlara
söz atmısan?
-
Heç vaxt. Mən nəsə edirəmsə,
məqsədim olur. Mən belə addım
atanların hansı məntiqlə hərəkət etdiklərini
başa düşmürəm.
- Yəqin
məşhur-cahan olduqdan sonra qızlar sizə söz
atırlar...
-
(gülür) Təkcə qızlar yox, hamı söz
atır...
- Avropa ölkələrinə
çox səfər edirsiniz. Özünüz də dediniz ki,
azad həyat tərzi yaşayırlar. Bəs sizin narkotikaya,
içkiyə həvəsiniz olmayıb?
- Siz
dediyiniz ölçüdə deyil, müəyyən
bayramlarda, mərasimlərdə cüzi miqdarda içki
içirəm. Hər bir şeyin çərçivəsi
olmalıdır. Həm də elə bir işlə məşğulam
ki, çox içki içmək mənə mane ola bilər. Tutaq ki, axşam
çoxlu içmişəm. Səhər
duranda gözlərimin altı şişəcək, səsim
tutulacaq, özümü əzgin hiss edəcəyəm.
Zahiri görünüş pis gündə
olacaq, daxilən narahat olacağam. Əgər
sən hardasa dincəlirsənsə, sadəcə əyləncə
xətrinə müəyyən qədər içki içə
bilərsən.
- Məşhurlaşdıqdan sonra
hansı şayiələr qulağınıza dəydi?
-
Eşitmişdim ki, guya biz Nigarla evlənmişik. O dəfə
taksiyə minmişəm. Sürücü mənə
deyir ki, Nigarla nə vaxt evlənirsiniz, inşallah, toyunuz
haçandır? Dedim, nə toy... Nigarın
həyat yoldaşı var, iki uşağı var.
Sürücü də qayıdıb mənə deyir ki, nolsun
əri var?
- Yeri gəlmişkən, evlənmək
fikriniz yoxdur?
- Mən
ümumiyyətlə planlı şəkildə evlənən
insanları başa düşmürəm. Məktəbdə
oxuyanda qızlar deyirdilər ki, 22 yaşımız olanda ərə
gedəcəyik. Axı bunu necə müəyyən
etmək olar? Bəlkə sən şəhərdə
bir kafedə oturanda qabağına elə bir insan
çıxacaq ki, qəflətən onunla evlənməyə
qərar verəcəksən. Bəlkə
bu 30, bəlkə 40 yaşında oldu. Əgər
mənim də qabağıma belə bir insan çıxsa,
içimdə müəyyən qığılcımlar
oyansa, evlənməyə qərar verərəm.
- Bəlkə, elələri var ki,
atalıq hissi yaşamaq istəyir. Sizdə belə
hisslər olmur?
- Olur, əlbəttə.
Nigarın uşaqlarını görəndə
içimdə belə hisslər oyanır. Amma hər şeyin bir zamanı var. Valideyn olmaq
böyük məsuliyyətdir. Uşaq
böyütmək vətənin keşiyində durmaq qədər
məsuliyyətli işdir. Sən vətəndaş
yetişdirirsən, şəxsiyyət yetişdirirsən.
Asan məsələ deyil.
- Sevgiliniz var?
- Sevgilim
var.
- Burdadır, yoxsa xaricdə?
- Rusiyada.
- Harda tanış
olmusunuz?
- Moskvada
"I:::m free" adlı yeni
mahnımı ifa edirdim. Həmin konsertdən
sonra onunla qarşılaşdım. O, dinləyicilərin
arasındaydı...
- Niyə məhz rus qızı?
- Sevəndə
millətə baxmır insan. Sadəcə
görürsən, vurulursan. Hisslər demir ki, bu rusdur,
ingilisdir, fransızdır...
- Fotosunu göstərə bilərsiniz?
- Yox. Bu, şəxsi həyatdır.
- Məşhurların
şəxsi həyatı insanlara maraqlıdır.
-
Düzdür. Özünüz tapa bilsəniz,
tapın fotosunu. (gülür)
- Neçə yaşı var?
- (hesabladıqdan sonra) Məndən 6 yaş
böyükdür. (sonra isə İlhamə
Quliyevanın "Yaşın nə fərqi var ki..."
mahnısını oxumağa başlayır)
- Bu
yaxınlarda nişan olacaq deyəsən. Belə eşitmişik.
- Bu da
eşitdiyim növbəti şayiədir.
- O, ilk sevginizdir, yoxsa?
- Bundan əvvəl
də bir sevgilim olub. Sonra
ayrılmışıq.
- Məşhur olduqdan sonra
ayrıldınız?
- Yox. "Eurovision"dan qabaq idi. Normal
ayrılmışdıq. Ümumiyyətlə,
heç vaxt dalaşaraq ayrılmamışam. Sadəcə xasiyyətlərimiz uyğun gəlmədi.
- İndi onu
xatırlayırsınız?
-
Ümumiyyətlə, sevdiyim bütün qadınlar ürəyimin
hansısa bir yerində mütləq və əbədi olaraq
yaşayacaqlar.
- İndi münasibətdə
olduğunuz xanım axtardığınız şəxsdirmi?
- Əmin deyiləm. Sadəcə bu gün
özümü rahat hiss edirəm onunla.
- Onunla harda
görüşürsünüz?
-
Bakıda, Moskvada. Ya o bura gəlir, ya mən ora
gedirəm.
- Onu atanızla tanış
eləmisiniz?
- Mənim
şəxsi həyatım nəinki media, ictimaiyyət, mənim
ailəm üçün bağlı məsələdir. Əlbəttə ki, onlar bilirlər hər şeyi.
Ancaq lazım gələrsə, tanış
edəcəyəm.
- Bəs ananız onunla tanış olmaq istəmir?
- Valideynlərim
bilir ki, mən ağıllı adamam. Həm də
onlar bilir ki, hisslərimlə yaşayan adamam, artıq bununla
barışıblar.
- Deyəsən
əhli-kef adamsınız.
-
Haqqımda belə ifadə işlətsək, bu,
şişirdilmiş fikir olar. Mən də əksər
insanlar kimi narahat adamam. Gələcəyimi
düşünürəm. Hər şeyi
vecimə alıram. Hər şeyə
görə həyəcanlanıram.
- "Eurovision"dan sonra
ilk solo klipini təqdim etdin. Klipin
təqdim olunması üçün niyə bu qədər
çox vaxt lazım oldu?
- Mən
bu işə çox ciddi, məsuliyyətlə
yanaşıram. Sənətimə əhli-kef
yanaşa bilmərəm. Sənət mənim
həyatımın mühərrikidir. Mən
indiyə kimi çox mahnıya klip çəkmək üzərində
baş sındırmışam. Heç
biri xoşuma gəlmirdi. Daha
yaxşısını seçmək istəyirdim. Mənə
qulaq asan insanlar var. Mən onların qabağına ciddi iş
qoymalıyam.
- "Eurovision"dan sonra belə şayiələr gəzirdi
ki, siz hər şeylə təmin olunmusunuz. Sizə çoxlu pul, şəhərin
mərkəzində ev, avtomobil verilib.
- Həqiqətən
də qələbədən sonra dövlət bizi hər
şeylə təmin edib. Mən və Nigar buna
görə dövlətimizə təşəkkürümüzü
bildirmişik. Amma bizim üçün ən
vacib məqam ondan ibarətdir ki, biz qalib gəldik və
xalqın gözündə ucaldıq. Bir az
pafoslu səslənir. Amma həqiqətən də
insanların səninlə fəxr etdiyini görmək ən
böyük hədiyyədir. Biz Almaniyadan
qayıdıb təyyarədən düşüb trap
qarşısındakı dayanmış insanların
gözündəki işığı, sevinci görəndə
dünyanın ən xoşbəxt adamları idik.
- Sizə
konkret nə veriblər? Mənzil veriblər?
- Bəli,
veriblər.
- Bəs
pul mükafatı nə qədər idi?
- Bu,
kommersiya sirridir (gülür).
- İlk solo klipinizdə ingiliscə
oxuyursunuz. Səbəb?
-
İngiliscə oxumaq mənim üçün daha rahatdır.
Bu tərzdə yaxşı görünürəm. Hər bir
insan onda əla alınan işi görməyə
çalışmalıdır.
- Həm də düşünmək
olarmı ki, siz ingiliscə oxumaqla Avropa bazarına çıxmaq
istəyirsiniz?
- Bəli.
Haqlısınız. Məqsədim dünyaya
çıxmaqdır.
- Toylara gedirsiniz?
-
Yox.
- Niyə?
-
Çünki çox səs-küy olur. Orda ifa etmək, orda
oturmaq mənim üçün çətindir. Amma korporativ
tədbirlərə gedirəm. Hansısa bir səviyyəli
toy olsa, gedərəm. Toya çağıran insan həmin məbləği
ödəmək imkanındadırsa...
- Onda belə çıxır ki,
özünüzə çox ciddi qiymət qoymusunuz? Bu rəqəmi
öyrənmək olar?
- Bu
rəqəmi mən yox, menecerlər qoymalıdır.
- Müsahibələrinizin birində
demisiniz ki, "Eurovision"da olanda sizə Azərbaycandakı
homoseksuallara olan münasibətlə bağlı çoxlu
suallar verirmişlər. Maraqlıdır, nə soruşurdular
və nə cavab verirdiniz?
-
Onlar Azərbaycanı tanımırdılar. Elə bilirdilər
ki, bura müsəlman ölkəsidirsə, geylərə
çox aqressiv münasibət var, harda gördülər
öldürürlər. Mən də deyirdim ki, biz qalib gəlsək,
siz bizim ölkəmizə təşrif buyurub necə tolerant
ölkə olduğumuzu görəcəksiniz.
-
Amma biz qalib gəldikdən sonra belə xəbər
yayıldı ki, Bakıda geylərin paradı keçiriləcək.
Bu xəbər yayıldıqdan sonra bizim insanlar çox
aqressiv münasibət sərgilədilər.
- Bu müsabiqənin auditoriyasının böyük bir hissəsi geylərdən ibarətdir. Ona görə bəzən "geylərin müsabiqəsi" adlandırırlar. Mənim şəxsi münasibətim belədir: tolerant olmaq lazımdır. İnsanlar fərqli həyat tərzi keçirə bilərlər. Bu, onların şəxsi həyatıdır. İnsan özü və sevdiyi şəxs üçün yaşayır. Bu, homoseksuallara da aiddir. İki nəfər arasında olan münasibət başqalarını maraqlandırmamalıdır. Hər bir insanın yaxınları arasında fərqli cinsi oriyentasiyaya sahib insanlar ola bilər. Bu, onların seçimi deyil. Bu, təbiətin qanunudur. Biz bununla barışmalıyıq. Onlar da insandır.
Ədalət.-2013.-25 yanvar.-S.8.