Skapenin rus dilində kələkləri

 

Aldanmağa layiq olanlar həmişə aldanacaq

 

Bu da yeni ilin ilk premyerası. Dövlət Musiqili Komediya Teatrı Qərbi Avropada klassik komediya janrının banilərindən biri Jan Batist Molyerin "Skapenin kələkləri" pyesinin yeni səhnə həllini tamaşaçılara təqdim etdi. Teatr kollektivi daha bir klassik əsəri repertuarına daxil etməklə növbəti bir uğura imza atdı. Özü rus dilində. Üstəlik Dövlət Rus Dram Teatrının səhnəsində.

 

Guya...

 

"Tartüf", "Kişilərə ibrət dərsi", "Xəsis", "İstəksiz nikah", "Mizantrop"... Bu Jan Batist Molyerin qələmindən çıxan pyeslərin tam siyahısı deyil. Təkcə ölməz komediyalar yazmaqla kifayətlənməyən fransız dramaturq bəzi ədəbi qəhrəmanlarını aktyor kimi səhnədə canlandırıb. Hətta ölümündən bir neçə saat əvvəl tamaşaçılarının gözü qarşısında olub. Həmi gün səhnədə "Zorən xəstə" tamaşasında Arqan rolunu ifa edib.

Əsrlərdi ki, dünya teatrları Molyerin əsərlərinə öz repertuarlarında yer verir.

"Skapenin kələkləri" dünyaca ünlü Jan Batist Molyerin ən məşhur əsərlərindəndi. Pyesdə baş verənlər, əsərdə ustalıqla yaradılan obrazlar Azərbaycan tamaşaçısına da yaxşı tanışdı. Çünki teatrlarımız müxtəlif illərdə bu əsərə müraciət ediblər.

Arqant vaxtından əvvəl səfərdən dönür. O, burada olmadığı müddətdə elə bir hadisə olub ki, Arqant eşidincə aləmi bir-birinə vuracaq. Oğlu Oktavı, sadiq nökər Silvestri ciddi cəzalandıracaq. Çünki oğlu Oktav onun xeyir-duası olmadan Qiaçinita ilə evlənməyə hazırlaşır. Ata oğlunun bu hərəkətini öz ad-sanına yaraşdırmır.

Bu anda gənc sevgililərin dadına Skapen çatır. Məşhur kələkbaz bu məsələni Arqantdan elə bir üsulla gizlədir ki... Təbii ki, yaxşı qonorar müqabilində.

Jerontun da başı qalmaqaldadı. Övladları onun ad-sanına yaraşmayan addım atırlar. Jerontu bu vəziyyətdən kim çıxara bilər? Yenə bütün gözlər Skapenə dikilir. Sanki belə vəziyyətlər üçün doğulmuş Skapen kömək etməyə razılaşır. Ortada qazanc varsa Skapen hər cildə girməyə hazırdı. Üstəlik hadisələr davam etdikcə məlum olur ki, Arqant, Jeront göründükləri kimi məsum deyillər. O qədər günahları var ki...

Düzdü, belə insanları aldatmaq Skapenə asan başa gəlmir. Arada az qalır ki, rüsvay olsun. Lakin xarakterindəki hiyləgərlik ətrafındakıların insanların meşşanlığı ona bu çətin durumdan çıxmaqda kömək edir. Qurduğu növbəti kələk nəticəsində Skapen yenə ətrafdakılara qalib gəlir.

 

Amma...

 

Molyer pyesdəki qəhrəmanları qələmə alanda XVII əsr idi. "Skapenin kələkləri"nə quruluş vermək üçün Musiqili Komediya Teatrına dəvət olunan əməkdar incəsənət xadimi, prezident mükafatçısı Əsgər Əsgərov tamaşaçını inandırır ki, XXI əsrdə Skapenə tez-tez rast gəlmək olur. o, yenə bütün vəziyyətlərdən bəhrələnərək istəyinə nail olmağı bacarır. Çünki bu günün öz Arqantları, Jerontları var.

İstedadlı rejissor Əsgər Əsgərov həm Naxçıvan Dövlət Musiqili Dram Teatrında baş rejissor kimi çalışarkən, həm Akademik Milli Dram Teatrında quruluşçu rejissor olarkən uğurlu tamaşaları ilə teatr ictimaiyyətinin diqqətini cəlb edib. Rejissor Dövlət Musiqili Komediya Teatrının rus truppası üçün yad adam sayılmır. Əsgər Əsgərov bu truppa ilə Mark Kamolettinin "Xoşbəxt ailə oyunu oynayırıq yaxud fransızsayağı qarnir" əsərinə quruluş verib. Həmin səhnə əsəri bu gün teatrın repertuarında ən çox oynanılan tamaşalardandı. Məhz bu kollektivin yaradıcılıq potensialına yaxından bələd olan istedadlı rejissor "Skapenin kələkləri" kimi klassik əsərə maraqlı quruluş verməyi bacarıb. Tamaşanın uğurundan söhbət gedərkən Skapen rolunun ifaçısını xüsusi qeyd etməmək insafsızlıq olardı. Gənc istedadlı aktyor Emil Heydərov bu obrazın daxili aləmini tam açmağı bacarıb. Aktyor öz bacarığı sayəsində demək olar ki, bütün epizodlarda tamaşaçını inandıra bilir. Emil Heydərovun Skapenini son illərdə səhnəmizdə yaradılan uğurlu obrazlardan biri kimi qiymətləndirmək olar.

Tamaşada rol alan əməkdar artist Boris Qrafkin (Jeront), Elvin Əliyev (Oktav), Rauf Babayev (Leandr), Marina Litvinenko (Zerbinetta), Yuliya Heydərova (Qiaçinita), Əliməmməd Novruzov (Silvestr), Svetlana Bulax (Nerina) öz təbii ifaları ilə yadda qalırlar.

Arqant obrazının ifaçısını özüm qəsdən sona saxladım. Xalq artisti Səfa Mirzəhəsənov Rus Dram Teatrının səhnəsində oynadığı rollarla tamaşaçıların rəğbətini qazanıb. Musiqili Komediya Teatrı aktyor mübadiləsi ənənəsinə sadiq qalaraq bu istedadlı səhnə ustasına Arqant rolunu həvalə edib. Səfa Mİrzəhəsənov Arqant kimi mürəkkəb obrazı özünəməxsus tərzə tamaşaçıya təqdim etməyə nail olub.

Anşlaq keçən premyerada iştirak etmək fürsəti qazanan tamaşaçılar quruluşçu rəssam Vüsal Rəhimin, baletmeysterlər Zakir Ağayev Yelena Ağayevanın da işini müsbət qiymətləndirdilər. Musiqi tərtibatçısı Emin Həsənov tamaşanı daha baxımlı edən musiqilər seçib. Rauf Babayev isə həmin musiqilərə maraqlı, səhnədə baş verənləri tam açan mahnı mətnləri yazıb. Əməkdar artist Boris Qafkinin rejissor, Tamilla Aslanovanın rejissor assistenti kimi zəhməti qeyd olunmalıdı.

Musiqili Komediya Teatrının təqdim etdiyi "Skapenin kələkləri"nə baxan tamaşaçılar sərf etdikləri vaxta görə yəqin ki, təəssüflənməyəcəklər. Ən əsası isə bir daha əmin olacaqlar ki, Skapen kimi adamlar bu gün var. Belələri bəzi insanları aldatmağı ustaca bacarırlar. Aldanmağa layiq olanlar isə həmişə aldanırlar.

 

 

Etibar CƏBRAYILOĞLU

 

Ədalət.- 2013.- 26 yanvar.- S.14.