USTADDAN DƏRS ALDI...

 

Özü də ustad oldu

 

Onu qiyabi tanımışam. Necə deyərlər, adını eşitmişəm, müsiqilərini dinləmişəm və adi bir Azərbaycan vətəndaşı kimi barəsində yazılanları oxuyub mən də qürur duymuşam. Amma heç vaxt ağlıma gəlməyib ki, mən də nə vaxtsa onun barəsində nə isə yazmalı olacam və yaxud da yazmaq həvəsinə düşəcəm. Görünür, bizi bizdən kənarda idarə edən böyük güc el bizdən xəbərsiz ağlımızdan gəlib keçənləri başımıza gətirir, qarşımıza çıxarır. Və biz də bu taleyi, bu ömrü yaşayırıq...

Həyatda mənim üçün böyük dəyəri olan insanlardan biri də Elman müəllimdi. Özünü də, şəxsiyyətini də, dünya görüşünü də özümə çox doğma bilirəm. Mənə elə gəlir ki, Elman müəllim kimi insanlar dünyanın tarazlığını saxlamaq üçün, dünyada yaşamaq üçün ətrafa müsbət impulslar verir, çevrələrində müsbət aura yaradırlar. Mən də bu dəyərli dostumdan həmişə o müsbət impulsları məmnuniyyətlə qəbul edirəm, onun səsini eşidəndə, söhbətlərini dinləyəndə içimdə bir rahatlıq hakim olur. Düşünürəm ki, yaxşı ki, belə insanlar, belə dostlar var...

Ötən ilin sonlarında, yəni Elman müəllim ürəyindən əməliyyat olunmağa hazırlaşanda sözarası mənə bir ipucu atdı. Doğrusu, bu ipucunun nə üçün olduğunu, nə üçün atıldığını əvvəl-əvvəl bilmədim. Lap səmimi deyim, anlamadım. Duruxduğumu görüb özünəməxsus səsi ilə dedi ki, "sənə bir kitab göndərəcəm, oxuyarsan, sonra söhbət edərik".

Ertəsi gün artıq Elman müəllimin göndərdiyi kitab stolumun üstündə idi. Açığını deyim ki, bu kitab və onun müəllifi də mənim üçün çox da anlaşıqlı olmadı. Amma buna baxmayaraq, dostumun göndərdiyi kitabı öncə vərəqlədim. Kitabdakı şəkillərə, əlyazmalarına, notlara diqqət yetirdim. Elə bil hər şey də bu diqqətdən başladı. Bir də gördüm ki, artıq kitabı demək olar ki, axıra gəlib çıxmışam. Kitabı qatlayıb yenə stolun üzərinə qoydum. Elə həmin aralıqda Elman müəllim mənə telefon etdi. Hal-xoşdan sonra dedi:

- Kitabı oxuya bildin?

- Bəli.

- Necədi, xoşuna gəldi?

- Qardaş, açığını deyim ki, mən Azərbaycanın xalq artisti, professor, "Şöhrət" ordenli bəstəkar Musa Mirzəyev barəsində çox informatik bilgiyə malik idim. Allah köməyin olsun, əməlli başlı savadlandım.

Elman müəllim gülüb dedi:

- Musa müəllim mənim ən yaxın dostlarımdan biridi. Bu günlərdə 80 yaşı tamam olacaq. Başa düşdün də, daha sənə ayrı nə deyim.

- Təbii ki, arifə bir işarə bəs edir - deyib sağollaşdıq.

Yenidən kitaba qayıtdım və gözümün qarşısında 80 il bundan öncəki Bakı gəlib dayandı. Həmin Bakıda1933-cü ilin yanvar ayının 26-da Abdulla kişinin evində dünyaya gələn oğulun şadyanalığı yaşanırdı. Elə bil ki, Allah bu ailəni xüsusi seçmiş, Abdulla kişi ilə Səkinə xanıma böyük sevgi ilə yanaşı, böyük ürəkli, həmişə sevilən, diqqət mərkəzində olan övladlar da pay etmişdi. Çünki bu ailənin üç oğlu və bir qızı - Musa, Sabir, Kamil və Tamilla özləri ilə birlikdə ailənin arzularına yeni arzular calamaqla atanın musiqiyə olan sevgisinin çiçəklənməsi üçün ilk addımlarını da atırdılar. Məhz musiqiyə olan sevgi Abdulla kişinin övladlarını bu istiqamətə yönəltməyə həvəsləndirirdi. Odur ki, sabahın musiqi, mədəniyyət xadimləri olacaq bu övladlar artıq ilk addımlarında haraya və niyə getdiklərini fəhm edirdilər.

Arayış üçün xatırladım ki, artıq Sabir Abdullaoğlu haqq dünyasında olsa da, o da Moskva Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmiş, Tamilla Abdullaqızı M.FAxundov adına ADDİ-ni bitirmiş, Kamil isə özünü təsdiq etmiş rejissor və operator kimi indi 200-dən artıq sənədli, elmi, kütləvi filmlərin müəlliflərindəndi. Ancaq musiqini çox gözəl duyan, musiqi alətlərində, xüsusilə tarda və fortopianoda ifa etməyi böyük məharətlə bacaran Abdulla kişinin musiqili duyğularını oğlu Musa təkcə Azərbaycanda yox, indi bütün dünyada dinləyicilərə çatdırır, könüllərə hopdururdu.

Mütaliə etdiyim "Musa Mirzəyev" kitabından öyrəndim ki, dünya şöhrətli bəstəkarımız Qara Qarayevin tələbəsi olan Musa Mirzəyev demək olar ki, bütünlüklə özünü təsdiq etmiş, özünü sevdirmiş, musiqi aləmində imzası, yeri olan oturuşmuş bir bəstəkardır. Onun barəsində yalnız Azərbaycandan olan həmkarlarının fikirlərini - xalq artistləri, dövlət mükafatları laureatları Tofiq Quliyevin, Cövdət Hacıyevin, Vasif Adıgözəlovun, Azər Rzayevin, eləcə də SSRİ xalq artistləri Fikrət Əmirovun, Fərhad Bədəlbəylinin, müəllimi Qara Qarayevin fikirlərini gözdən keçirəndə Musa müəllim haqqında çox məhdud biliyə malik olduğum üçün daxilən bir sıxıntı keçirdim və könlümdən Elman müəllimə təşəkkür etmək, bu böyük bəstəkarla məni tanış etdiyinə görə, onun əlini sıxmaq gəlib keçdi. Elə həmin duyğularla da SSRİ xalq artisti, dövlət mükafatı laureatı Fikrət Əmirovun fikirlərini təkrar-təkrar oxuyuram: "Musa Mirzəyev, şübhəsiz, orkestri və müasir orkestr ədəbiyyatını yaxşı bilən, yaradıcılıq texnikasına layiqincə yiyələnmiş layiqli bəstəkarlardan biridir".

Başqa bir fikir. Bu fikrin müəllifi də SSRİ xalq artisti, dövlət mükafatı laureatı Georgi Sivridovdu: "Musa Mirzəyev - gözəl, heyranedici bəstəkardır. Onun musiqisini də, özünü də sevirəm. Xüsusilə onun vokal silsilələri mənə çox yaxındır. Bu gözəl insan, böyük musiqiçi ilə çoxdan bəri dostluq edirəm. O, bütünlüklə musiqiyə sadiq olan insandır".

Bu cür bir-birindən maraqlı fikirlərin sırasını artırmaq olar. Çünki Musa mülləlim haqqında demək olar ki, yaxın-uzaq ellərin - Türkiyənin, Rusiyanın, Belorusiyanın, Ukraynanın, Estoniyanın, İtaliyanın, Rumıniyanın, Hollandiyanın, Bolqarıstanın, Çexiyanın, daha neçə-neçə ölkələrin dünya şöhrətli musiqiçiləri, musiqi biliciləri, bəstəkarları öz ürək sözlərini deyiblər. Onun bir-birindən dəyərli əsərləri dünyanın ən böyük konsert salonlarında səslənib.

Mənim üçün son dərəcə maraqlı olan məqamlardan biri də Musa müəllimin özünün ən populyar əsərlərindən birini ömür-gün yoldaşı, Əməkdar mədəniyyət işçisi, "Şöhrət" ordenli, Prezident təqaüdçüsü olan əməkdar jurnalist Sveta xanıma həsr etdiyi "Birinci simfoniya"sıdır. Məhz bu simfoniya ilə onun həyatında, yəni 1964-66-cı illərdə Musa Mirzəyevin böyük uğurlarının silsiləsi başlayıb.

Bu gün bir-birirndən maraqlı simfonik əsərlərin müəllifi olan Musa Mirzəyev ömrünün 80-ci ili ilə üz-üzə dayanıb. Arxada zəngin, möhtəşəm yaradıcılıq yolu, yuxusuz gecələr, bir-birindən maraqlı görüşlər, konsertlər, dünya turnisi, uğurlarg Öndə yeni yaradıcılıq üfüqləri və bir də sabaha böyük inam!

Təbii ki, böyük Qara Qarayevin yetirməsi olan Musa Mirzəyev özünün milli kökə, milli musiqiyə, xalq yaradıcılığına, folklora bağlılığı ilə paralel olaraq dünya musiqi incilərini öyrənə-öyrənə müasir dünyanın müasir musiqi çeşidlərini, naxışlarını ortaya qoyub. Bu naxışlar həm də Azərbaycan bəstəkarlıq məktəbinin necə möhtəşəm bir yolda olduğunu təkrar sübut etdi. Göstərdi ki, Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun, Tofiq Quliyevin, Cahangir Cahangirovun, Cövdət Hacıyevin, Fərhad Bədəlbəylinin, Arif Məlikovun, eləcə də digər böyük sənətkarların çiyinlərində qurulan məktəb yeni üfüqlərə qapı açır və bu qapı həm də dünyaya açılır.

Özünün böyük yaradıcılıq yolunda təkcə simfoniyalar, orkestr musiqisi deyil, həm də vokal yaradıcılığı ilə də məşğul olan, eləcə də uşaqların dillər əzbəri olan nəğmələr bəstələyən Musa Mirzəyev demək olar ki, rəngarəng yaradıcılığı ilə hamının sevimlisinə çevrilib. Onun Hikmət Ziyanın sözlərinə bəstələdiyi "Yeni il" mahnısı, "Şənlik mahnısı", "Gənc idmançılar", "Səslən şeypurum, səslən", eləcə də İlyas Tapdığın sözlərinə yazdığı "Doğma Azərbaycan" nəğməsi respublikamızın ən populyar xoru olan "Bənövşə" uşaq xorunun ifasında dillər əzbərinə çevrilib. Demək olar ki, öz yaradıcılığında uşaqlar və gənclər üçün də xüsusi yer ayıran böyük bəstəkar özünün "Bakı haqqında mahnı", "Gənclik ordusu", "Tələbələr valsı" və digər mahnıları ilə həm böyük dinləyici auditoriyası qazanmış, həm də bu mahnılarla o, bir neçə dəfə ölkədə keçirilən müsabiqələrin qalibi olmuşdur. Barəsində yazılmış monimental əsərdən öyrəndim ki, Musa Mirzəyevin bir çox mahnıları təkcə Azərbaycanın deyil, eləcə də onun hüdudlarından kənardakı uşaq xorlarının reperturalarında özünə yer ala bilmişdi.

Xatırlatmaq yerinə düşər ki, Musa Mirzəyev həm də Fikrət Əmirovun, Əfrasiyab Bədəlbəylinin möhtəşəm əsərlərini də müəlliflərin üslubunu qoruyub saxlamaqla yenidən işləyib oranjman etmiş, orkestrləşdirmişdir. Onun bu peşəkarlığı da həm milli musiqiyə böyük sevgisindən, həm dahi sənətkarlarımıza sonsuz ehtiramımdan, həm də böyük vətəndaşlıq təəssüfkeşliyindən qaynaqlanır. Necə deyərlər Musa Mirzəyev təkcə öz yaradıcılığı ilə musiqimizi zənginləşdirmir, o həm də dünyasını dəyişmiş böyük sənətkarlarımızın ölməz əsərlərinə yenidən nəfəs verir, onların ömrünə ömür calayır.

Bəli, yanvarın 26-da, yəni, bu gün 80 il bundan öncə bu gün kino lentlərdə seyr edib acgözlüklə tamaşa etdiyimiz Bakının musiqi səmasında bir işıq yandı. Bu işıq sabahlara düşəcəkg sabahlara gedən yollara nur çiləyəcəkdi. Həmin işığı özü ilə bu dünyaya Musa Abdulla oğlu Mirzəyev gətirmişdi. Bu gün də o işıq musiqi dünyamızı öz nuruna qərq etməkdədi. Bundan sonra da belə olacaqdı. Doğum gününüz mübarək, Musa müəllim!

 

 

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.- 2013.- 26 yanvar.- S.8.