Telman Adıgözəlov: Yanlış
diaqnoz və qəfil ölüm
"Anamla
bacımı televiziya kanallarında atamın hansısa
tamaşasını göstərəndə qoymuram
baxsınlar. Dözə bilmirlər, ağlayırlar... Biz hələ
də onun yoxluğuna alışmamışıq. Atamın
yeri, o boşluq çox hiss olunur. Neyləsək də, o
boşluq heç nəylə dolmaz. Bu itki bizi həmişə
göynədəcək " – oğlunun dediklərindən.
Uşaqlığı və…
Abasqulu
kişinin ailəsi Balakəndə sovxozda işləyirdi. Ailədə
iki oğlan uşağı böyüyürdü, ailə
bütün o vaxtkı Sovet ailələri kimi sadə, xudmani
dolanırdı. Elə bir dərdi-sərləri də yox idi,
ailə sadəcə özlərini yerlərində hiss
etmirdilər, elə bil qəribçilikdə
yaşayırdılar.
Adıgözəlovlar
ailəsi əslən Ordubaddan idilər. Tarixin gedişatı
ilə o vaxt Ordubaddan bir çox ailələr Balakənə
köçürülüb. Sovet rəhbərliyinin nə isə
düşünülmüş siyasəti olub ki, Ordubaddan
Balakənə insanları nəsillikcə
köçürüb. Bu ailə də daxil olmaqla Balakəndə
Ordubaddan olan ailələrin yaşadığı məhəlləyə
“Ordubad” məhəlləsi də deyirmişlər.
Bir
gün ailənin kiçik oğlu Telman möhkəm
soyuqlayır, anası onu çimdirdikdən sonra həyətdə
oynamağa qaçan uşaq soyuqlamadan müalicə alır və
sağalır. Ancaq uşağın bir qolunda soyuqlamış
limfalar şişir, irinləyir sağalmaq bilmirdi. Həkim
deyir ki, Balakənin iqlimindən çıxmasa bu uşağın
qolu qanqrena eləyəcək, kəsməli olacayıq.
Ailə
uşağı da götürüb Bakıya köçməli
olur, həm uşağın müalicəsini elətdirmək,
həm də nə qədər zaman da keçmiş olsa
sürgün həyatının alınlarına vurduğu
möhürdən xilas olmaq üçün. Cənnət də
olsa Abasqulu kişiyə Balakənə məcburən
köçürüldükləri fikri rahatlıq
vermirdi.
O
vaxt dördüncü sinifdə oxuyan Telman və
qardaşı Vaqif üçün Balakən doğma idi,
çünki bu dünyaya gözlərini orda
açmışdılar, orda dostları, doğma məktəbləri
vardı.
Bakıya
da tez öyrəşdi, tezliklə özünə yeni dostlar
tapdı, yarası da sağalıb keçdi.
Bir
gün məktəb yoldaşları ilə dərsdən
qaçıb kinoya getmişdilər. O vaxt çox sevilən
bir hind filminə baxmaq üçün dərsdən
qaçmağa dəyərdi, həm də bunun zövqü təkcə
kinoya baxmaqla bitmirdi, dərsdən qaçıb kinoya getməyin
öz romantikası vardı.
Kinodan
çıxanda bir nəfər Telmana yaxınlaşıb ona
televiziyaya gəlməyi təklif etdi. Yuxarı siniflərdə
oxusa da hələ peşə seçimi barədə müəyyən
bir fikrə gələ bilməyən Telman təklifi qəbul
etdi. Dövlət televiziyasında çalışan rejissor
Nazim Zeynalov onu “Evrika” verilişində fantastik səhnələrə
çəkir. “Yasəmən” televiziya teatrında iştirak
edir. Yeddinci sinifdə oxuyanda isə Adil İsgəndərovun
kinoaktyor kurslarına yazılır. Beləliklə, Azərbaycan
incəsənətinə yeni bir imza gəlir – Telman
Adıgözəlov.
İlk obrazları
1975-ci
ildə indiki Mədəniyyət və İncəsənət
Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirəndə
Telman Adıgözəlovu tamaşaçı artıq
televiziyadan tanıyırdı. Aktyor beş il Tədris
Teatrında, televiziya tamaşalarında, səhnəciklərdə
işlədi. 1980 –ci ildə Milli Dram Teatrında işə
başlayan aktyor ömrünün sonuna qədər bu teatrda
çalışdı. Bir-birindən maraqlı, müxtəlif
xarakterli obrazlar oynadı. C. Məmmədquluzadənin “Dəli
yığıncağı" əsərinin eyniadlı
tamaşasında Zəncirvuran obrazından tutmuş , İ.Əfəndiyevin
"Xurşidbanu Natəvan"ında Daşdəmir,
"Mahnı dağlarda qaldı"da Rəhman, Şekspirin
“Maqbet”ində Flins, M. İbrahimovun "Közərən
ocaqlar"ında Xanəhməd,
H.Cavidin "İblis" pyesində
şeypurçu,
S.Vurğunun "Vaqif"
əsərində təlxək,
S.Rəhmanın
"Nişanlı qız"ında çeşməkli
kişi, E. Baxışın "Qədr gecəsi"ində
oyunbaz, Elçinin "Ah Paris…Paris!.."ində Əhməd,
"Mənim sevimli dəlim" də professor, R.Novruzun "Hələ "sevirəm"
deməmişdilər"ində qumarbaz obrazlarına qədər.
Eyni
vaxtda dövlət televiziyasında hazırlanmış
"Yaşıl eynəkli adam", "Ordan-burdan",
"Qonşular", "Azərbaycanfilm"
kinostudiyasında istehsal olunmuş "Nəsimi",
"Üzü küləyə", "Xatirələr
üzü" kimi filmərdə bəzən xarakterik, bəzən
epizodik rollar oynadı. Kinoda bəxti o qədər də gətirməmişdi,
bütün öz nəslinin aktyorları kimi onun çəkilə
biləcəyi illərdə kinematoqrafiya tənəzzül
dövrünü yaşadı. “Nəsimi” filmində
yalnız bir epizoda çəkilib, həmin epizod isə
artıq Telman Adıgözəlov siması televiziyadan və
teatrdan tanış, sevimli olduğu üçün gözə
çarpır.
Şəxsiyyət
Telman
Adıgözəlov siması olan, şəxsiyyətli insan
olub. Nə öz işi üçün kiminsə
qapısını döyər, nə də ev
üçün, pul üçün, yaxud fəxri ad, rol xətrinə
minnətçi düşərdi. El-obada isə
hamının xeyir-şərinə yarayırdı. Kim zəng
eləsə ki, mənimlə filan işin arxasınca gedək,
sənin xətrinə o iş həll olunar, gedərdi. Bilirdilər
ki, Telman Adıgözəlovun adı gələn yerdə ən
sərt məmur da yumşalacaq. O tay Azərbaycandan uzaq
qohumları gəlib Bakıda işlərini Telman
Adıgözəlovun köməkliyi ilə yola verirdilər.
Heç kimi rədd etməzdi, təmənnasız onlara
yardımçı olardı. Balakənlilər, hətta
başqa millətlərin nümayəndələr də onun
üstünə kömək üçün müraciətlə
gələrdilər.
Evdə
bütün problemləri təkbaşına həll edərdi.
Ailəsi – xanımı və iki övladı atanın
hansı çətinliklər bahasına onların firavan
yaşayışını təmin etdiyini bilməzdilər.
Pis yaşamırdılar, amma xalq artistlərinin hamısı
onlardan daha yaxşı yaşayırdı. Niyə
hamısına ev verilir, amma Telman Adıgözəlovun
mikrorayonda dar mənzili genişləndirilmir ki genişləndirilmir.
Hamıya prezident mükafatı, təqaüd verilir. Siyahıdan Telman
Adıgözəlovun adı çıxarılıb, ötən
il aldığı pul bu il artıq ona
verilməyəcək, deməli ailə maddi cəhətdən
geri gedəcək. Üstəgəl oğlu
ordudan qayıdıb, nişanlıdır, amma işləmir.
Qızı Tibb Universitetini bitirib işə
düzəltmək lazımdır.
Teatrda isə
son vaxtlar “Hələ
sevirəm deməmişdilər” tamaşasındakı rolundan
sonra bir rol oynamayıb. Yaş gedir, işləmək, yaratmaq
istəyir, rol oynamalıdır, bu gün olmasa sabah
gec ola bilər, amma yoxdur. Teatr təmirə
dayandığından “Mir” telekanalında onlar
üçün ayrılan bir zalda məşqlər edirlər,
tamaşalar isə hələ oynanılmır. Yeni rolu olmadığından Telman Adıgözəlov
elə vaxt olur ki, heç ora getmir.
Bütün bu fikirlər ona rahatlıq vermir. Yaxşı
ki, arada “Müsyo Jordan Dərviş Məstəli şah”
tamaşası bir qığılcım kimi parladı onun
yaradıcı ruhunda. Müsyo Jordan rolu
ürəyincə idi, həvəslə işlədi
üstündə.
Bir
gün ürək bütün bu yükə tab gətirməyib
– bəsdir məni yüklədin dedi, küt, dözülməz
ağrı verdi kürək nahiyəsində.
Telman Adıgözəlov birinci dəfə bu
ağrıya elə də böyük əhəmiyyət vermədi. Həm də bu qədər
problem içində elə bir həkimim, iynə-dərmanım
çatmır –deyə ürəyinə cavab verdi.
İkinci dəfə ağrı elə dözülməz
oldu ki, fikir verməyə bilmədi. Getdi həkimə,
ürəyinin kardioqramasını çıxartdılar,
dedilər ki, ürəyində heç nə yoxdur, həkim
– “görünür, duzlaşmadır” deyə duzlaşma əleyhinə
müalicə yazdı. Müalicəni
keçdi, heç ağlına da gəlmədi ki, bəzən
ürəyin çəkdiyini heç bir peşəkar həkim,
kardioqrama belə göstərə bilmir.
Müalicə getdi, amma aktyor özündə
yaxşılığa doğru bir dəyişiklik hiss etmədi,
əksinə.
Yaxın
dostu Ramiz Novruz danışır ki, heç bir şikayəti
yox idi, amma görürdüm ki, tez-tez təngnəfəs
olur, durduğu yerdə tərləyir: “Deyirdim yəqin
müalicə duzlaşmanı əridir, ona görə belə
olur. Sonuncu dəfə də işə gələndə,
girdi içəri, aktyorlar bufetdə nərd
oynayırdılar, zarafat elədi ki, ey, nardovşiki, xarakteri
nardovşiki. Qaydayın bir filmində
işlədilən bu ifadə ilə zarafat elədi, sonra
ikimiz oturub mənim məhz onun üçün, qəhrəmanını
onu düşünüb yazdığım pyesi müzakirə
elədik. Oxumuşdu çox xoşuna gəlmişdi,
istəyirdik tamaşanı hazırlayaq. Hər
axşam da zəngləşib bu barədə
danışırdıq. Həmin axşam
da zəng eləmişdi mənə,
danışmışdıq”.
Ağrı
Həmin axşam – Telman Adıgözəlov bir qohum
toyuna getmişdi, amma nədənsə tez
qayıtmışdı toydan. Çəkilib
otağa pyesi oxuyurdu. Daxildə
narahatlığı vardı, həm səhhətində, həm
də özünə yer tapa bilmirdi, mənən də rahat
deyildi, amma bunların heç birini kimsəyə açıb
deməmişdi, xoşlamırdı içini kimlərəsə
açmağa.
Ömür boyu bir kiməsə öz dərdlərini
yükləməyi, bir də ailəsini üzə
çıxardıb onlar barəsində
danışmağı xoşlamazdı. Nə vaxt zəng
edərdin evdə dəstəyi də özü
qaldırardı. Şikayət də etməzdi
nə səhhətindən, nə daxili problemlərindən,
amma simasından hiss olunurdu ki, içində təlatüm var
bu adamın, bu adamın haqqı tapdanır. Çünki heç vaxt kiminsə
çaldığı havaya oynamazdı, öz musiqisi,
sümüyünün öz ritmi vardı, süni havalara girməzdi.
Oğlu
Tural danışır: “O gün atamın adi günlərindən
biriydi. Həm də həmin gün səhhətində
də bir nasazlıq olmamışdı,
ağrımamışdı. Mən məşqdən
qayıtmışdım. Yorulmuşdum deyə bir az tez yatmışdım. Bir az
keçəndən sonra atam yanıma gəldi. Soruşdu:
“Özünü necə hiss edirsən? Xəstə
zad deyilsən ki?” Dedim: “Yox, yaxşıyam. Sadəcə bir az yorulmuşam.” Vəssalam,
bu, bizim son danışığımız oldu.
Bir də gecə saat 4-ə işləmiş anamın səsinə
oyandım. Uca səslə atamı
çağırırdı. Tez onların
otağa getdim, gördüm atam xırıldayır, elə
bil boğazında nəsə qalıb. Biz
əvvəl elə bildik ki, yuxuda təngnəfəs olub.
Başladıq silkələməyə ki,
yuxudan ayılsın. Amma gördük yox,
düşündüyümüz deyil. Artıq
rəngi də qaralmışdı. Demə,
can verirmiş, biz də bilmirik. Çünki
indiyə qədər elə şey görməmişdik.
Təcili yardıma zəng vurduq. Nə olduğunu aydınlaşdıra bilmədilər.
Təzədən ikinci təcili yardım
briqadasını çağırdıq. 10
dəqiqədən sonra ikincisi gəldi. Təzyiqini
ölçdülər, sonra da elektroşok elədilər.
Amma xeyri olmadı. İki-üç
dəfə elədilər, sonra dedilər keçinib. Elə xırıldayaraq canını
tapşırdı. Nə bilim, yəqin bu
da belə taledir”.
2010-cu ildə aprelin 15-i gecə teatr sənətimiz
Telman Adıgözəlovu, yüzlərlə, minlərlə
tamaşaçı öz sevimli aktyorunu, ailəsi arxa –
dayağını, əzizini itirdi.
Sən demə ürək damarlarında tromblaşma
gedirmiş, onu kardioqrama göstərmir, daha müasir aparatlar
göstərir, vaxtında düzgün diaqnoz qoyulsaydı
yüngülvari müalicəsi varmış, həkim isə
ostroxondrozdan müalicə edib onu. Allah
hamımızı pis həkimdən qorusun.
Vida
Xalq artistinin ailəsi nə qədər gözlədi
dinlənməli instansiyaların səsi çıxmadı. Yalnız yas mərasiminə
gələn Mədəniyyət və Turizm nazirliyi bəyan
etdi ki, Fəxri Xiyabanda yer olmadığı üçün
aktyoru ailəsi harda istəsə orda dəfn edə bilər.
Çalışdığı səhnədən
isə vida mərasimi olmayacaq, çünki teatrda təmir
gedir.
Telman Adıgözəlovu onu sevənlər
yaşadığı mənzildən son evinə - Fatmayi məzarlığına
qədər yola saldılar. Yol boyu ardıcıl
insan axını gedirdi onun tabutunun arxasınca. Hamı onu 57 yaşında itirməyin təəssüfünü
yaşayırdı o gün də, ondan sonrakı günlər,
illər ərzində də, indi də.
Yas mərasimlərinin xərcini dövlət özü
çəkdi, məzarının üstü də dövlət
vəsaiti ilə götürüldü.
Qızının sənədlərini özü
sağlığında nazirliyə təqdim etmişdi. Qızı
çağırıb işə qoydular. Oğlu
da indi Fövqəladə Hallar Nazirliyinin sıralarında
işləyir.
Ötən ilin martında qızı ailə həyatı
qurdu, artıq bir övladı dünyaya gəlib. Telman
Adıgözəlov həyatdan köçəndə oğlu
nişanlı idi, ötən ilin oktyabrında evlənib.
Xanımı Büllur xanım da həmişəki
kimi bağçada uşaqların tərbiyəsi ilə məşğuldur,
qəlbinin yarasına onlarla məlhəm qoyur.
Həyat davam edir. Bircə o, yoxdur həyatda, xatirələrdə
obrazları, maraqlı jestləri və bir də şəxsiyyəti
ilə qalıb – Telman Adıgözəlov. Allah ruhuna rahatlıq versin.
”Anamla bacımı televiziya kanallarında atamın
hansısa tamaşasını göstərəndə qoymuram
baxsınlar.
Dözə bilmirlər, ağlayırlar... Biz hələ
də onun yoxluğuna alışmamışıq.
Atamın yeri, o boşluq çox hiss olunur. Neyləsək
də, o boşluq heç nəylə dolmaz. Bu itki bizi həmişə
göynədəcək ” – oğlunun dediklərindən.
Ramilə Qurbanlı
Ədalət.-
2013.- 31 yanvar.- S.8.