PROYEKTİMİZƏ
DAVAM EDİRİK: ALTMIŞINCILAR
PUBLİSİST-YAZAR:
- BÖYÜKXAN BAĞIRLI-1
ÖNCƏ
SİZİN ALTMIŞINCILAR HAQQINDA FİKİRLƏRİNİZİ
BİLMƏK İSTƏRDİM.
"Altmışıncılar" dedikdə
adətən yazıçıları nəzərdə tutular və bütün
vurhəşir də bildiyimiz kimi hər zaman onların
başında olur. Bunun
nədən olduğunu mən
araşdıran deyiləm, amma bunu bilirəm ki,
ALTMIŞINCILAR təkcə ədəbiyyatda deyil,
sənətin bütün sahələrində
özlərini göstərməkdə idi.
Və mənə elə gəlir ki, dünyamızın
altmışıncı illəri təkcə bizim
məmələkətdə deyil, başqa məmləkətlərdə də eyni anlamda intibah
illəri kimi yamddaşlara
həkk olunub.Məsələn, sevgili
Türkiyə cümhuriyyətində ALTMIŞINCILAR adıyla
bir dərnək də var. Həmişə könlüm keçib belə
bir təşkilat və ya
dərnək bizlərdə də olsun, amma bizlər ayrı Türkiyə ayrı. Hər
zaman adları ortalıqda hallanan
yazar və sənət adamları
sonrakı nəsil tərəfindən heç
də könül xoşluğu
ilə qarşılanmayıb. Mən onlarnı müdafiəsinə
qalxmaq məqamından uzağam.
Mən sadəcə onlardan bəzilərini
yenidən xatırlatmaq istərdim. Ən çox
o yaradıcıları ki,
onlar ədəbiyyatçı deyillər.
Yazar-çizər deyillər. Amma bu sırada yazarlar da ola bilər.
Daşlaşmış "ALTMIŞINCILAR" sırasına
salınmayan ALTMIŞINCILAR da olub. Kimlərdir bunlar?
-
Tofiq bəy, Altmışıncılar bir vaxtlar ədəbiyyatımızın
üfüqlərində parlayan dan ulduzları idilər. Aydın
bir səhərin yaxınlaşmasından xəbər verən,
milləti bu aydın səhəri qarşılamağa səsləyən,
oyanmağa, yuxudan qalxmağa haraylayan dan ulduzu. Onlar -
altmışıncılar bədnam sosializm-realizmi deyilən
kiflənmiş yapma yaradıcılıq metodunun buxovları
altında nəfəsi tıncıxan ədəbiyyatımıza
yeni bir ab-hava, iqlim gətirdilər. Onların rübabı
qırmızı aprel işğalından sonra yasaq edilmiş
türkçülük, azərbaycançılıq
ideyalarının, milli-mənəvi dəyərlərimizin təbliği,
tərənnümü ruhunda köklənmişdi.
Altmışıncılar ədəbiyyatımızda milli
oyanış təbilini çalan, bolşevik konyukturasına
deyil, milli təfəkkürün, milli mənlik
şüurunun çiçəklənməsinə xidmət
edən sənət fədailəridir. Bu cəhətdən
onları zülm və istibdadın hökm sürdüyü
qaranlıq mühitdə Rusiya torpağına azadlıq toxumu
səpən narodvolçulara bənzətmək olar.
Altmışıncıların
yaradıcılığında xalqı narahat edən,
düşündürən problemlər cəsarətlə
qabardılır, bədii söz xalqın arzu və istəklərini
ifadə edirdi. Sovet ideologiyasının tüğyan etdiyi bir dövrdə
sətiraltı mənaları acı həqiqətləri əks
etdirən, oxucuların qəlbinə milli mənlik hissləri
aşılayan əsərlər çap etdirmək heç də
sadə və asan məsələ deyildi. Bu əsərləri
yazan o zamankı gənclər - altmışıncılar
rejimin qazdan ayıq məmurları tərəfındən izlənir,
müxtəlıf xoşagəlməz təziqlərə məruz
qalırdılar. Səhv etmirəmsə, Tofiq bəy, o dönəmdə
siz özünüz də izlənilənlərdən biri
olmuşsunuz. Bu barədə kitabınızda oxumuşam.
Bütün bu təqiblərə, hədə-qorxulara rəğmən
altmışıncılar ədəbiyyatımız
qarşısında öz vəzifələrıni vicdanla
yerinə yetirmişlər. Əlbəttə, öz ədəbi-bədii
imkanları, istedadları çərçivəsində.
Diqqəti çəkən cəhətlərdən biri də
odur ki, altmışıncılar o zaman ədəbi aləmə
atılarkən özlərindən əvvəlki nəsillərin
ədəbi irsinə hörmətlə yanaşmış,
nihilistcəsinə onları təkzib etməmişlər. Təəssüf
ki, indi bəziləri altmışıncılara qısqanc
münasibət sərgiləyir, onların ədəbiyyatımız
qarşısındakı xidmətlərini dəyərləndirmək
əvəzinə barələrındə qeyri-obyektıv
fikirlər söyləyirlər. Bu, əlbəteə,
yaxşı iş deyil. Altmışıncılar azdan-
çoxdan, bacardıqlarını ediblər və bu gün də
qələm əllərindədir. Onlara qiymət verərkən
ədəbiyyat aləminə atıldıqları
dövrün sərt qadağalarını, amansız
senzurasını yaddan çıxarmaq olmaz. İndi, müstəqillik
dövründə cəsarətlı söz deməyə nə
var ki. Senzura yox, qadağa yox. Odur ki, ədəbiyyatşünaslıq
elmi, ədəbi tənqid tərəfindən vaxtilə
altmışıncıların ədəbiyyatımıza
yeni bir iqlim, milli ruh gətirməsi məsələləri
diqqətlə araşdırılıb tədqiq
olunmalıdır.
- Bəlkə
bir az geniş tanış olaq.Təbii ki, Böyükxan
Bağırov (Bağırlı) imzasıyla indiki gənc
yazarlar çox az tanışdı və çoxdan
tanış olsaq da mən də sənin bioqrafiyana çox-az
bələdəm. Elə bir rayondansan ki, orada ədəbiyyat
mən bilən bir o qədər də populyar deyil: məsələn,
Qazax kimi, Tovuz kimi, lap elə Səlyan kimi... Bu rayonlardan ən
azı bir neçə ədəbiyyatçı-yazar adı
çəkmək mümkündü. Amma sənin
doğulduğun yer bir az başqa səpkidə bir yerdir. NECƏ
OLDU Kİ, JURNALİSTİKANI VƏ YAZARLIĞI
SEÇDİNİZ? DOĞRUDUR, YAZARLIQ SEÇİLMİR. BUNU
HAMIMIZ BİLİRİK.
- Mənim
yazı-pozuya meylim içində boya-başa
çatdığım mühitlə bağlıdır. Gözümü
açanda ətrafımda nağılçıları,
avazla qəsidə oxuyan dərvişləri, el arasında
"Lotu" adlandırılan xalq məzhəkəçilərini,
növbə ilə uzun qış gecələri
ayrı-ayrı məhəllələrdə haqq aşiqləri
barədə dastanlar söyləyən telli saz
ustalarını, ilaxır çərşənbə gecələrində
çillə çıxaran, dilək tası quran sevdalı
qızları, Kərbəla müsibətindən əhvalatlar
söyləyən rövzəxanları,
bekarçılıqdan kəndin o baş, bu başında
şayiələr yayan, hədəfə gələn, tilova
düşən, "zır kəndçi" deyilən
müəyyən avam, suyu şirin adamlar barədə söz
çıxardıb belələrini bir günün ərzində
dəli eləyib çöllərə salan baməzələri,
yazda havalar qızanda ilan tutan ovsunçuları, düyün
çalanları, tas quranları, divara arpa yeridən cadugərləri,
hoqqabazları... görmüşəm. Bütün bunlar zəngin
bir aləm idi. Mənim uşaq təsəvvürümdə
bu tiplərin hər birinin öz rəngi, öz
çaları, öz səsi, ritmi var. Aradan uzun illər
keçməsinə baxmayaraq, uşaq vaxtı
gördüyüm bu adamların səsləri, sözləri
hələ də qulağımdadı. Onların
görünüşü, jesti gözlərimin önündədir.
İlan tutan ovsunçu Yarpaq nənənin ontaxda qanovuz
tumanının xışıltısını indi də
eşidirəm. Yaxud nağılçı Cullan
dayının əvvəl-əvvəl
"nağıl-mağıl bilmərəm, bilsəm də,
söyləmənəm..." deyə özünü
mazata qoyması, masqurada
gətirilən sarı nehrə yağını yeyib bığını sığallayandan sonra "Hə... Şah Abbas cənnətməkan, tərəziyə vurdu təkan, bir qoz, bir girdəkan"
deyə qızışar, sicilləmədən sonra keçərdi nağıla. Keçən əsrin əllinci illərinin əvvəllərində,
kəndimizdə handa bir
adamın evində radioqəbuledici olduğu
bir dövrdə rəhmətlik Cullan dayının nağılları
qaranlıq mühitə işıq saçır, xüsusən
uşaqların xatirində silinməz izlər
buraxırdı. Biz bu
nağıllarla yaşayır, bu
nağıllarla böyüyür, qol-qanad açırdıq. Yadımdadı,
1952-ci ildə qarlı-şaxtalı bir
qış gecəsində, kəndimizi gəzib
dolaşdıqdan, əzik-üzük səhifələri yaman günə düşdükdən sonra bizim evə qara meşin cildli bir kitab
gəlib düşmüşdü.
"AŞIQLAR" kitabı. Latın qrafikalı bu kitabı bizə onun
içindəki dastanları əzbər bilən Qaraxan adlı yaxın qohumumuz
gətirmişdi. Həmin dövrdə gənclik illərini yaşayan Qaraxan bibioğlunun yaxşı səsi vardı. Bal kimi şirin,
lirik tenor səsiylə
"Kərəm gözəlləməsi" üstündə
xırda-xırda gəzişər, yeddilik
lampa ətrafına toplaşan
qohum-əqrəbanı feyziyab eləyərdi.
- Maraqlısı budur ki, nə
yaxşı o dastanlar səni poeziyaya yox, məhz nəsrə
dartıb?
- Həqiqətən
də elədi.1954-cü ildə Alar kənd yeddiillik məktəbin
birinci sinfinə gedəndə bu kitabdakı bütün
dastanları, demək olar ki, əzbər bilirdim. Latın
qrafikasını da öz-özümə öyrənmişdim.
Məktəbimizin müəllimləri məni ayrı-ayrı
siniflərə aparıb "Aşıqlar"
kitabını, "Koroğlu" dastanını
oxutdurardılar. Bir az sonralar əsgərlikdən qayıdan və
Mingəçevirə gedib orada fəhlə işləyən
böyük qardaşım Əliheydərin bir payız
axşamı Ordubadinin "Qılınc və qələm"
romanını özü ilə evimizə gətirməsi
heç yadımdan çıxmaz. Həmin payız
axşamının dadı, təmi hələ də
damağımdan çəkilməyib. O axşam
qardaşım qaz kəsdi, anam boranıplov bişirdi, manqalda
çay dəmlədi. Süfrə hələ hazır
olmamış bir də gözümüzü açıb
gördük ki, evimizə xeyli qonaq gəlib. Hamısı da
öz yaxınlarımız idi. Sən demə, kimsə Əliheydər
qardaşımın qoltuğunda "Qılınc və qələm"i
görübmüş və ilmə də ondan
keçibmiş. Həmin dövürdə, ucqar bir kənddə
"Qılınc və qələm" romanı
böyük bir qənimət idi. Hamı bu əsərdən
danışırdı. Bu kitabdan, deyirdilər ki, kənd
kitabxanasına cəmi bir nüsxə göndəriblər,
onu da müharibə veteranı olan kənd sovetinin sədri
aparıb qoymuşdu evinə... Müxtəsər, həmin
payız axşamı qardaşımla Məzahim dayım
növbə ilə romanı oxuyurdular. Anam iki dəfə
lampaya nöyüt tökdü. Beləliklə, kitabın
oxunuşu bir həftədən çox çəkdi.
Müharibədən baş leytenant rütbəsində
orden-medalla qayıtmış Zöhrab əmim əlini əlinə
vurub deyirdi: "Pah atonan sənin arvad yiyəsi, bu Qətibə
(romandakı Qətibə surətini nəzərdə tuturdu)
gör nə işlər gördü, nə oyunlar
çıxartdı!.. Allah bizi məkri-zənənnən
qorusun..." 0 zaman mən qonaqlar gedəndən sonra
yorğanı çiynimə çəkib, yalan olmasın, ta
sübhə kimi bu romanı ayrı bir gözlə, xüsusi
bir ləzzətlə oxuyar, şagird dəftərimə
özümçün qeydlər edərdim.
Cəlilabad- Bakı) - 2012
(Davam edəcək)
Tofiq Abdin
abdin41@mail.ru
Ədalət.-2013.-26
yanvar.-S.15.