PROYEKTİMİZƏ
DAVAM EDİRİK: ALTMIŞINCILAR
PUBLİSİST-YAZAR:
- BÖYÜKXAN BAĞIRLI-2
"Altmışıncılar"
dedikdə adətən yazıçıları nəzərdə
tutular və bütün vur-həşir də, bildiyimiz kimi hər
zaman onların başında olur. Bunun nədən olduğunu
mən araşdıran deyiləm, amma bunu bilirəm ki,
ALTMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin
bütün sahələrində özlərini göstərməkdə
idi. Və mənə elə gəlir ki, dünyamızın
altmışıncı illəri təkcə bizim məmləkətdə
deyil, başqa məmləkətlərdə də eyni anlamda
intibah illəri kimi yaddaşlara həkk olunub. Məsələn,
sevgili Türkiyə Cümhuriyyətində ALTMIŞINCILAR
adıyla bir dərnək də var. Həmişə
gönlüm keçib belə bir təşkilat və ya dərnək
bizlərdə də olsun, amma bizlər ayrı, Türkiyə
ayrı. Hər zaman adları ortalıqda hallanan yazan və sənət
adamları sornakı nəsil tərəfindən heç də
gönül xoşluğu ilə qarşılanmayıb. Mən
onlarnı müdafiəsinə qalxmaq məqamında
uzağam. Mən, sadəcə, onlardan bəzilərini yenidən
xatırlatmaq istərdim. Ən çox o
yaradıcıları ki, onlar ədəbiyyatçı deyillər.
Yazar-çizər deyillər. Amma bu sırada yazarlar da ola bilər.
Daşlaşmış "ALTMIŞINCILAR" sırasına
salınmayan ALTMIŞINCILAR da olub. Kimlərdir bunlar?
O ki,
qaldı sualınızın "NECƏ OLDU
JURNALİSTİKANI VƏ YAZARLIĞI SEÇDİNİZ"
cavabına, doğrusu, durum deyim ki, mən nəsə
düşünüb-daşınıb seçim eləmişəm,
belə şey olmayıb, həyatın öz axarı məni
gətirib yazı-pozu işinə çıxarıb. Yəni
bu, sümüyümdə olub. Hacı Qaranın sözü
olmasın, mən yazı-pozunu yox, onlar məni əyləyib.
1962-ci ildə 8-ci sinfi bitirəndən sonra yaşlı
valideynlərimə kömək məqsədi ilə kəndimizdəki
Əzizbəyov adına kolxozda işə düzəldim.
Arıq, cılız, təcrübəsiz bir yeniyetmə
olmağıma baxmayaraq, yaşca məndən böyük olan
iş yoldaşlarımla ayaqlaşmalıydım ki, onlar məndən
briqadirlərə, baş aqronoma şikayətlənməsinlər.
Biz su arxlarını təmizləyir, tirə çəkir, dəmiryolu
stansiyasından pambıq çiyidi, dərman preparatları,
müxtəlif mal-material daşıyırdıq. Sonra məni
taxıl xırmanına göndərdilər, burda elevatorla
taxıl təmizləyirdik. Səhərdən axşamadək
tozun-torpağın içindəydik. Payıza dönəndə
məni elevatordan ayırıb kolxozun ağır işlərinə
göndərdilər. Odur ki, işə çıxmadım.
Kolxozda əkin texnikasının taxıl səpininə
hazır olmaması barədə tənqidi məqalə
yazıb, Biləsuvarda çıxan rayonlararası "Məhsul"
qəzeti redaksiyasına göndərdim. Məqalə tez
çap olundu. O, kənddə bərk səs-küy
salmışdı, məni kolxoz sədrinin yanına
çağırdılar. Getdim. Sədrin yanında ucaboy, orta
yaşlı, saçları seyrəlmiş, səliqə-sahmanlı
bir kişi əyləşmişdi. İti baxışları
diqqəti cəlb edirdi. Öyrəndim ki, bu adam Astraxanbazar
(indiki Cəlilabad) Rayon Partiya Komitəsinin məsul
işçisidir. O, birdən yumruğunu stola vurub məni hədələdi:
"Cavan oğlansan, - dedi, - indidən demaqoqluq edirsən".
Mən təmkinimi pozmadan sakit bir tonda
cavab verib dedim:
- İndidən eləməyim,
sonraya saxlayım, yəni deyirsiz hələ tezdir?!
Kişini gülmək tutdu. "Ə, sən
yaxşı kişinin
oğlusan, - dedi, - otur izahat yaz,
məqalənə düzəliş
ver. Yaz ki, cavan olmuşam, səhv eləmişəm..."
- Siz Lenin komsomolçusuna,
- dedim, - belə tərbiyə verirsiniz, onu bu sayaq
əyri yola çəkirsiniz?! Yaxşı
olar ki, düzəlişi mən yox, kolxoz rəhbərliyi
eləsin, texnikanı
əkinə vaxtında
hazırlatdırsın...
Əlbəttə, bu həngamədən sonra mən kolxozda işləyə bilməzdim, işdən çıxdım. Oturub "Anbardar" adlı
bir pərdəli, iki şəkilli komediya yazdım. Kənd Mədəniyyət evinin direktoru, rəhmətlik Tarverdi Əliyevin xeyir-duasıyla bu komediyanı kənd cavanlarının - həvəskar
aktyorların ifasında
tamaşaya qoyduq.
Özüm baş rolda
oynayırdım. Tamaşa kənd
klubunda göstərilərkən,
yalan olmasın, iynə atsaydın yerə düşməzdi.
Klub ağzınacan adamla doluydu. Tamaşa böyük uğur
qazanmışdı. Kənddə hamı ondan danışırdı. Sorağı bütün rayona yayılmışdı. Həvəskar rejissor Əlifağa Həsrətovun verdiyi quruluşda bu tamaşa rayonun bir çox yaşayış məntəqələrində
nümayiş etdirildi.
Bundan sonra kolxoz sədri məni yanına çağırıb dedi:
qayıt işinə.
Razılaşmadım, əvvəla,
kolxozda əməkhaqqını
gec, bəzən ilin yekunlarına görə verirdilər, ikincisi, özümə yaxşı iş tapmışdım.
İLK QƏLƏM MƏHSULUNUZ?
Puşkin rayon (indiki Biləsuvar) Mexaniki Suvarma İdarəsində maşinist
vəzifəsində çalışırdım. Həm də
müəssisə rəhbərliyinin,
ictimai təşkilatlarının
orqanı olan "İrriqator" divar qəzetinin müəlliflərindən
biri kimi tanınmışdım. Bir
gün, səhv etmirəmsə, bu,
1964-cü ilin noyabr günlərindən biri idi, idarəmizin rəisi İmran Məmmədov məni kabinetinə çağırtdırıb
dedi: "Oğlum,"
"İrriqator"da məqalələrinizi
oxuyuram, sən bizə yaxşı kömək edirsən. Qorxma, heç kimdən çəkinmə. Gördüklərini yaz. Mexaniki yığma sexindən
yazdığın tənqidi
məqaləni yoxlatdırmışam,
düz yazıbsan, onu müzakirə eləyəcəyik. İndi
isə get "Məhsul"
qəzetinin redaktoru Həmdulla Əzizovun yanına. Demişəm, o səni qəbul
edəcək. Məqalələrinin çap olunmasına köməklik göstərəcək.
Həmdulla Əzizov xeyirxah,
qayğıkeş bir
insandı. O, mənə
yaxşı tövsiyələr
verdi, əlindən
gələn köməyi
etdi. Sonralar isə bu kişinin,
eləcə də istedadlı jurnalistlər Əlövsət Bəşirovun
və Dilarə Vəkilovanın zəmanəti
ilə SSR Jurnalistlər
İttifaqına üzv
qəbul olundum...
- Keçənlərdə
sənin "ulduz"
jurnalında bir hekayən çıxmışdı
və orada yekə-yekə yazmışdılar
əyalət - Cəlilabad.
Nə deməkdi bu? Boynuna bir minnətmi qoyurlar. Sən bilən nə
deməkdi bu əyalət yazıçısı?
- Dediyin o hekayə "Ulduz "
jurnalının onuncu
sayında dərc olunub. Soruşa bilərsən: Bəs niyə "Ulduz"da? Bu, qəlbimdəki nostalji bir hiss, duyğuyla bağlıdı.
Mənim
ilk ədəbi yazım-"Qonşular"sərlövhəli şeirim unudulmaz şairimiz Məmməd Arazın xeyir-duasıyla
1968-ci ildə "Ulduz"
jurnalının üçüncü
sayında dərc olunmuşdu. Gənclik illərimdə
hər bir sayını oxuyub, yatandan sonra başımın altına
qoyduğum "Ulduz"
bu gün də mənimçün
doğmadır, əzizdir.
Jurnalın saylarını diqqətlə
izləyirəm. Gənc həmkarlarımın
uğurlu axtarışları,
həqiqi, istedadın
bəhrəsi olan yazıları məni sevindirir və mən bu yazılara
istinadən ədəbiyyatımızın
sabahına çox nikbin baxıram.
"Ulduz"da dərc
olunan "Tələ"
adlı hekayəmə
gəldikdə, bunu deyə bilərəm ki, müəllif kimi mənimçün əsas onun "Əyalət" və qeyri hər hansı bir rubrika altında verilməsindən asılı
olmayaraq, çap edilməsidi, oxucuya çatdırılmasıdı. Bu işi də, sağ olsunlar, "Ulduz"un redaktoru
və şöbə
müdiri görüblər.
Mən o
hekayəni yazmaqla əslində azarımı
öldürmüşəm. Yaxından tanıdığım,
hər gün təmasda olduğum bu tipləri "Ulduz"un oxucularına
göstərmək istəmişəm.
Qaldı
ki, yazıçının
əyalətdə, yaxud
mərkəzdə yaşamasına,
məncə, bunun məsələyə nə
dəxli var?! Harda və necə yaşamasından asılı
olmayaraq yazar elə yazardı. Yox, söhbət onun ədəbi məhsulunun keyfiyyətindən gedirsə,
bu ayrı məsələdi. Məsələn, indiyə kimi "Ədəbiyyat" qəzeti
mənim xeyli hekayəmi dərc eləyib. Amma heç birinin
üstündə "Əyalət"sözü
yazılmayıb. Heç
"525-ci qəzet"in 8 dekabr
tarixli (2010-cu il) sayında dərc olunmuş hekayəmin üstündə
də "Əyalət"
sözünü görmədim.
Yazsaydılar da, yenə deyirəm, mən inciməzdim. Mənimçün əsas azarımın öldürülməsidir. Mənim elə bir iddiam
yoxdu, redaksiyaları heç narahat etməyə də bilərəm. Mənimçün əsas məsələ yazı yazmaqdır, ürəyimi boşaltmaqdı.
Olmasın bir parça
kağız, yaxud qəzet, jurnal səhifəsi, yeri düşəndə arada
bəzən ürəyimi,
yaşıl yarpaqlara,
səmada üzən aya, ulduzlara boşaldıram. Kağız-qələm
tapmayanda ağzımı
quyuya tutub: "İskəndərin buynuzu
var-buynuzu..." deyir və cəmiyyət qarşısında öz
mənəvi borcumu yerinə yetirdiyimə görə mənən özümü bir az rahat
hiss edirəm.
- Bir
yazar olaraq sənin yazılarında çox gözəl bir
kolorit duyulmaqdadı və bilirəm ki, sən bu şəhərlə
də çox bağlısan. Ancaq bütün hekayələrində
cənuba bağlılıq və cənub aksenti çox
seçilir. Sizin tərəflərdən olan neçə-neçə
yazarda bunu hiss etmək çox çətindi.
-
Yazılarımda dediyin o, koloriti ilk dəfə ustad
yazıçımız Sabir Əhmədli duymuşdu. Hekayələrimi
oxuduqca altdan-altdan qımışdığını
görmüşəm, bir çox gənc yazarların
yazılarını bəyənməyərək üstlərinə
atan, ümumiyyətlə, rəhbərlik etdiyi nəsr
şöbəsinnən yazı keçirmək çox
müşkül məsələ olan Sabir Əhmədlinin
"Ədəbiyyat" qəzetində hekayələrimə
səxavətlə yer ayırması, bəlkə də, o
koloritlə bağlıdır.
-
Sizinlə razıyam, amma bu da var ki, şərti olaraq deyə
bilərik ki, cənub ləhcəsi yazılarınızda
açıq-aydın görünməkdədi...
-
Bildiyin kimi, mən Cənub bölgəsində, bir vaxtlar
yaşadığın Pokrovka kəndi ilə qonşu olan Alar
kəndində doğulub boya-başa çatmışam. Bizim
alarlıların, yaşlı nəslin dediyinə görə,
kökü Altaylara, Sibir çöllərinə, daha sonra Cənubi
Azərbaycanın Urmiya gölü ətrafına,
Şahdağı mahalına, Ərdəbil dövrəsinə
gedib çıxır. Düzünü Allah bilir. Ana tərəfdən
isə, Cənubi Azərbaycanın Ərşə mahalıyla
bağlılığımız var. Bizim evdə, kəndimizdə,
demək olar ki, bütün rayonumuzda, eləcə də,
qonşu Yardımlı rayonunun kəndlərində də
hamı Cənubun Ərdəbil dövrəsinin ləhcəsində
danışır. Sərhədlər açılanda, bir
neçə dəfə yolum İrana
düşmüşdü. Gedib gördüm ki, Ərdəbildən
tutmuş ta Təbrizəcən hamı bizim ləhcədə
danışır. Odur ki, orda darıxmadım,
özümü onlardan biri hesab etdim. Adamlara
qaynayıb-qarışdım. Yadımdadı, bir dəfə
mən, birinci kursda tarix dərsində çıxış
edərkən qeyri-ixtiyari olaraq Cənub ləhcəsində
ağzımdan sözlər çıxdı. "Ir",
"ir", "r" xəbər şəkilçilərini
"ey" sonluğuyla əvəzlədim. Bir də
gördüm ki, hamı mənə baxır və
qımışır.
(Cəlilabad- Bakı) -2012
(Davam edəcək)
abdin41@mail.ru
www.tofigabdin.com
Tofiq Abdin
Ədalət.-2013.-2
fevral.-S.15.