YOLU SONA ÇATMASA DA...

 

ƏDƏBİ HƏYAT

 

Keçən əsrin altmışıncı illərində Azərbaycan ədəbiyyatının gənclik sırasına bir sarışın saçlı qız da daxil oldu və o, elə ilk şeirlərindən özünü ədəbi ictimaiyyətə tanıda bildi. Bu, ADU-nun filologiya fakültəsinin tələbəsi Rüzgar Əfəndiyeva idi. Onun "Qaytar eşqimi" adlı bir lirik şeiri o zaman məşhur idi:

 

Tənə , giley yersizdir daha,

Qaytar o alışan, yanan eşqimi.

Sənin ki, ürəyin buz bağlayıbdır,

Qaytar o üşüyən, donan eşqimi.

Mənim ürəyimdə dünyaya gəlib,

Sənin ürəyində sönən eşqimi.

 

1965-ci ildə ilk şeirlərini universitet qəzetində dərc etdirən Rüzgar Əfəndiyeva o illərin gənc şairləri sırasında öz lirik, rübabi şeirləriylə diqqəti cəlb edirdi. İlk mətbu şeirləri ("Könül verərsənmi", "İstərəm") çoxtirajlı universitet qəzetində dərc edilmişdi bundan sonra onun şeirləri dövri mətbuatda, ədəbi almanaxlarda müntəzəm çap olunmağa başlayır.

Üstündən illər keçir. Əsr başa çatır. Rüzgar xanım yeni əsrə öz həssas, duyğulu qəlbinin həzin çırpıntıları ilə gəlir. il yarım öncə o həzin çırpıntılar ömrünü sona yetirir.

Doğrusu, Rüzgar xanımın qəfil ölümü məni sarsıtdı. Sonuncu kitabı-"Yol gedirəm" onun iştirakı olmadan oxucuların müzakirəsinə verildi. Kitab çapa hazırlananda o, sağ idi Xalq şairimiz Fikrət Qoca o kitab da ön söz yazmışdı: "40 ildən artıq bir vaxtdır tanıdığım, istedadına, yazı üslubuna bələd olduğum şair Rüzgar Əfəndiyevanın "Yol gedirəm" kitabına ön söz yazıram. Yəni mən heç bu ön sözü yazmasam da, Rüzgar xanım Əfəndiyeva 40 ildir ki, ədəbiyyatda bu yolu gedir, özü çox ürəkli addımlarla gedir. Özünün oxucuları var, şeirlərini sevən, ona musiqi bəstələyən bəstəkarları var. Mən yalnız Rüzgar xanımın yeni kitabının işıq üzü görməsinə sevindiyimi deyə bilərəm. Şair ömrü kimi yaradıcılığı da enişli-yoxuşlu olur. Əsas məsələ şairin özünün olmasıdır, yaradıcılıq onun təsərrüfatıdır. Bu təsərrüfatın da çox məhsuldar düşəri, düşərsiz illəri olur. Bu dünyanın başından çox rüzgarlar əsib keçib. Amma Rüzgar xanım ötüb-keçən deyil". Çox səmimiyyətlə yazılan bu sözlər bir həqiqəti ifadə edir: əsl şair əsl şeir həmişəyaşardır!

Rüzgar xanımın şeirlərinə xas olan bir xüsusiyyəti öncə qeyd etmək istərdim. Bu da ondan ibarətdir ki, Rüzgar xanımın şeirlərinin əksəriyyəti mahnı ritmi üstündə yazılıb. Bunu onun istənilən bir şeirində izləmək olar. Budur, "Gecə açan çiçəklər":

 

Ay işığı dodağında bal dadar,

Gözəlliyi gözəlləri aldadar,

Yolçuların yuxusuna gül qatar

Gecə açan çiçəklər.

 

Yaz üzündə min naxışlı pərdədi,

O boylanan ulduzlar bəs hardadı?

Bir qəribin ah çəkdiyi yerdədi

Gecə açan çiçəklər.

 

Gah hicran, gah vüsal dolu badədi,

Kimə ümid, kimə qorxu-hədədi,

Unudulmuş, yadadüşmüş vədədi

Gecə açan çiçəklər.

 

Rüzgar xanımın əksər şeirləri məhz bu musiqili, ritmik temp üzərində qurulub. "Qurulub" sözü bəlkə yerinə düşmür, deyə bilərəm ki, o şeirlər elə o cür, musiqi "donunda" dünyaya gəliblər.

"Yol gedirəm" kitabında toplanan şeirlər "Tarixim körpüdən keçdi", "Mahnılar" "Bizimlə görüşən həmin payızdı" rubrikaları ilə təqdim edilir. Elə adlarından da şeirlərin tematikası, mövzu dairəsi bəlli olur. Birinci bölmədə şairənin vətənpərvərlik duyğularını ifadə edən şeirlər toplanıb: "Şuşam", "Tarixim körpüdən keçdi", "Ölümə əyilməz zirvə", "Təzədən qayıdıb gələr oğullar", "Xarıbülbül", "Əsgər qayıdırdı", "Tanrı, mənə bir qapı ", "Bir zəfər sədası" s. Burada həmçinin şairənin təbiət duyğuları da öz əksini tapır. Təbiət şeirlərində sırf peyzaj ünsürləri o qədər diqqəti cəlb eləmir. Əsasən şairin öz duyğuları ilə təbiət lövhələri, yaxud təbiət sevgisi vəhdətdə təqdim olunur. "Şuşam" şeirinə diqqət yetirmək kifayətdir:

 

Yollar binədən yaralı,

Dağlar sinədən yaralı.

Yamac, çöl-çəmən yaralı,

Gülündə sola bilmədim.

 

Gözəllərin sinə dağlar,

Viran qaldı bağça-bağlar.

Bulaqların gözü ağlar-

Dəsmalı ola bilmədim.

 

Qayalarda Xarıbülbül,

Yarı güldü, yarı bülbül.

Gəl incimə, barı. Bülbül,

Dərdinə qala bilmədim.

 

Natəvan ruhu pərvanə,

Cabbarın səsi divanə.

Şəhid-həqiqət-əfsanə,

Mən niyə ölə bilmədim.

 

R.Əfəqndiyeva bir şeirində yazır ki: "Ağlama, yad əldə qalan torpağım, Şimşəklər əlimdə qılıncım olar. Zamanı titrədər nalən, torpağım, Sənin bircə zərrən inancım olar. Hanı igidliyin boyu görünmür, Bir zəfər sədası əlacım olar", -bu misralar gələcəyə inam hissindən yaranır. Şairənin "Əsgər qayıdırdı" şeirində isə bu inam hissi maksimuma çatır:

 

Vaxt keçdi, bir xəbər aldı yolları,

Əsgər qayıdırdı doğma kəndinə.

El-oba boylandı yollara sarı,

Qönçələr gül oldu əsgər gələndə.

O gün ev-eşikdə uşaq qalmazdı,

Sevinclər, mücdələr yola yağırdı.

O gün bağçalarda çiçək solmazdı,

Qızlar da gizlicə çiçək yığırdı.

 

O axşam hamıya qol-qanad verdi,

Sevinc el-obanın əynində idi.

Sanki kənd özü bir əsgər idi,

Ulduzlar bu kəndin çiynində idi.

 

Rüzgar xanım bir sevgi şairi kimi yaşıdları arasında seçilirdi. Onun təsvir etdiyi lirik qəhrəman təmiz saf hisslərlə yaşayan bir zərif qəlbli insan idi. Bu qəhrəman yaşadığı təmiz bakir hissləri dilə gətirir. O, təbiəti etibarilə romantik ruhlu bir gəncdir. Sevdiyi insanla bağlı keçirdiyi hisslər son dərəcə təbiidir, səmimidir. Bu lirik qəhrəman iki damla göz yaşında ayrılığa son qoyulacağına inanır, payız fəslini görüşlərin, xatirələrin fəsli adlandırır: "İlk görüşümüzü heyf, günəş yox, Külək yarpaq-yarpaq yollara yazdı. İllər keçdigGördüm yazın yerində Bizimlə görüşən həmin payızdı". Şairənin lirik qəhrəmanı öz hiss həyəcanlarını əox sadə, təbii, amma poetik şəkildə ifadə edir. Bu şeirlərdə bədii təsvir vasitələri məqamında işlənir şeirin gözəlliyini artırır:

 

Axan bulaq olub mən öz suyumu,

Sənin ürəyindən almaq istərəm.

Mən bir yağış olub damcılarımı,

Arxanca yollara salmaq istərəm.

Qara gözlərinin giləsi olub,

Gözündə əbədi qalmaq istərəm.

 

Rüzgar xanımın mahnıları da onun sevgi şeirləri kimi lirik rübabi xarakter daşıyır. Onun şeirlərinə Oqtay Kazımi. Elza İbrahimova, Oqtay Rəcəbov, Nəriman Məmmədov kimi tanınmış bəstəkarlar mahnı bəstələmişlər. Onun iki mahnısı Xalq yazıçısı İlyas Əfəndiyevin "Büllur sarayda" pyesində səslənib. Bu mahnılar janrın spesifikasına tam uyğundur. Məlumdur ki, mahnı janrının özünəməxsus özəllikləri var. Burada hər misra öz lirik ahəngi ritmi ilə diqqəti cəlb etməlidir. Unudulmamalıdır ki, bu şeir müğənninin ifasında səslənərkən həm məzmunca, həm formaca uyuşuqlu olmalıdır. Məsələn, Rüzgar xanımın "Axtarma məni" (bəstəkarı Bahadur Hüseynov) dillər əzbəri olan "Axtarma məni" mahnısı bu janrın ən kamil nümunəsi kimi diqqəti cəlb edir:

 

Gəzdiyin yerləri çox dolanmışam,

Eşqinin oduna gizli yanmışam.

Artıq bahar deyil, qarlı bir qışam,

Odlanıb yansan da axtarma məni.

 

Çıxıram dağlara, ay gülüm, sənsiz,

Dağ da qəribsəyər dumansız, çənsiz.

Dolan bu dünyanı, get, dolan mənsiz,

Peşiman olsan da, axtarma məni.

 

Rüzgar xanımın şeirləri, mahnı mətnləri öz dilinin saflığı, emosionallığı ifadə vasitələrinin zənginliyi ilə diqqəti cəlb edir. Bu şeirlərin oxucusunun dili qətiyyən pəltəkləməz, o, şeirlərdə ifadə olunan fikrin poetik şəkildə necə mənalandırılmasının şahididir.

Rüzgar xanımın ölümü qəfil oldu. Onun ömrü şeirlərində təsvir etdiyi çiçəklərin, güllərin ömrünə bənzədi. Şeirləri oxucu ürəyinə gözəl duyğular bəxş etdi. Gülün, çiçəyin ömrü kimi soldu. Amma ömür yolu sona çatmasa da, yarıda qırılsa da, Rüzgar xanımın şeirləri qaldı bizə onlar illər keçdikcə öz rayihəsini itirməyəcək. Çünki dünyada sevgi hələ tükənməyib, sevən ürəklər yaşayır.

 

Ulduzlar nəğmə-nəğmə,

Nəğmələr ilmə-ilmə.

Toxunubdu könlümə-

Nə yaxşı sevgi varmış.

 

Bahar çıxıb çəmənə,

Güllər nazlıdı yenə.

Könül açır kim-kimə?

Nə yaxşı sevgi varmış.

 

Günəşin qürub çağı,

Dağı yandırır-yaxır.

Göylər fikirli baxır,

Nə yaxşı sevgi varmış.

 

Yollar yenə sevdalı,

Sevdası min qanadlı.

Tənha eşqim sən adlı

Nə yaxşı sevgi varmış.

 

 

Vaqif YUSİFLİ

 

Ədalət.-2013.-26 yanvar.-S.13.