SƏYYAD ARANIN
HEKAYƏLƏRİ
ƏDƏBİ
HƏYAT
Azərbaycanda Səyyad Aranı yaxşı tanıyırlar - desəm, səhv etmərəm. O, Yeni Azərbaycan Partiyasının sadiq üzvlərindən biridir, Milli Məclisin deputatı olub, sonra qardaş Türkiyədə konsul işləyib. İndi də ictimai-siyasi fəaliyyətini davam etdirir.
Ancaq Səyyad Aranı bir yazıçı kimi
də təqdim etmək olar.
Yaradıcılığa hələ İmişlidə müəllim
işləyərkən başlayıb və ilk
hekayəsini 1978-ci ildə "Ulduz"
jurnalında çap etdirib.
İlk kitabı "Körpü"
(səksəninci illərin əvvəllərində) ilə ədəbiyyata
bir körpü salmaq istəyib. Deyərdim ki,
istəyinə çatıb. Müasir nəsrimizdə
Səyyad Aranın da səsini eşitmək
olur, yol
aldığı cığırı bələdləmək
mümkündür.
Bu
yaxınlarda Səyyad Aranın "Sandıqda qalan
muştuluq" hekayələr kitabı işıq
üzü gördü. Səhv eləmirəmsə, bu, Səyyad
Aranın beşinci kitabıdır. Otuz illik
yaradıcılığı ərzində beş kitab
azdır, amma söhbət kəmiyyətdən yox, keyfiyyətdən
gedirsə, Səyyad Aranın hekayələri bədii səviyyəsinə
görə bizi qane edir.
Məlumdur
ki, ədəbiyyatda hər yeni kitab, əslində, müəlliflə
yeni görüş imkanıdır. Bu yaxınlarda
Yazıçılar Birliyinin "Natəvan" klubunda Səyyad
Aranın bu kitabının təqdimatı oldu və hiss edildi
ki, onun ünvanına yağdırılan təriflər səmimidir,
həqiqəti ifadə edir. Həmin bu
"Natəvan" klubunda elə təqdimatlar
da olur ki,
ilk dəqiqəsindən sonuncuya
qədər qeyri-səmimiyyət havası üstündə qurulur. Müəllifin ünvanına
yağdırılan təriflər nə ona,
nə də onun cızma-qaralarına aid deyil, nəyə aiddir, allah bilir.
Axı, hər bir kitab
müəllifin elə özü deməkdir,
əgər müəllifin özü o kitabda
görünmürsə, onun bir yazıçı kimi yoxluğuna hətta sevinmək olar.
Belə kitablarda növbənöv
janrlar-şeir, poema,
hekayə, povest çin-çin
düzülür, amma
müəllifin özü görünmür.
Çünki cümləsi, sözü və bu
cümlələrin, sözlərin müəllifə məxsus
ifadəsi yoxdur. Çox
təəssüf ki, belə təqdimatlar
tez-tez keçirilir.
Səyyad
Aranın hekayələr kitabını oxuyandan sonra bir az rahat
nəfəs alırsan ki, bax, son illərdə belə təbii,
bədii səviyyəsi ilə razılıq doğuran hekayələr
də yazılır.
Hekayə
nəsrin həcm etibarilə kiçik janrı sayılsa da,
onun bir çox böyük həqiqətləri uğurla
öz "kiçik ərazisinə"
sığışdıra bilir. Dünyanın Mopassan,
Çexov, Mirzə Cəlil kimi dahi hekayə ustaları olub və
Azərbaycan ədəbiyyatına gəlincə, Mirzə Cəlildən
sonra istedadlı hekayəçilər nəsli və gözəl
hekayələr meydana gəldi. Səyyad Aran da bu nəslin
axırıncı nümayəndələrindəndir ki, o ənənələri
davam etdirir.
"Sandıqda
qalan muştuluq" kitabındakı hekayələr, həmçinin
müəllifin digər kitablarındakı hekayələri fərqləndirən,
onlara özünəməxsusluq qazandıran cəhətlər
hansılardır?
İlk
növbədə, müəllifin təsvir etdiyi həyat
lövhələrinin reallığı və
inandırıcılığı. Həyat həqiqətlərinin
bədii həqiqət məqamına çatması.
Səyyad
Aranın təsvir etdiyi lövhələrin məkanı,
qaynağı kənddir. Onun təsvir etdiyi kənd
çağdaş nəsrimizdə məxsusi koloriti, adət-ənənələrinin,
insan xarakterlərinin canlı sərgisi ilə seçilə
bilir. Bu kəndin konkret bir adı, ünvanı olmasa da, təsvirlərin
hədəfindən, detalların konkretliyindən hiss edirsən
ki, bu Aran kəndidir. Bu fikri vaxtilə Səyyad Aranın
"Soyuq günəş" adlı kitabına
yazdığım kiçik resenziyada söyləmişdim və
indi də o fikirdəyəm. Yeri gəlmişkən, qeyd edim
ki, Səyyad Aranın həmin o kitabındakı on hekayə və
iki kiçik povesti duyumlu müşahidələrdən, həyati
hadisələrdən yaranmışdı.
"Sandıqda
qalan muştuluq" kitabındakı hekayələrdə də
Səyyad Aran, yaradıcılığına xas olan o təbiiliyə,
duyumlu müşahidələrə, real və həyati hadisələrin
təsvirinə sadiq qalır. İstənilən bir hekayəni
oxuyan kimi hiss edirsən ki, bu yazının müəllifi kənd
həyatına, orada yaşayan insanların psixologiyasına, adət-ənənələrinə,
məişət tərzinə yaxşı bələddir.
S.Aranın
təsvir etdiyi kənd və insanlar 70-80 və 90-cı illərə
aiddir. Bu hekayələrdə təsvir edilən obrazlar sadə
və adi insanlardır. Müstəsna qəhrəmanlar tapa
bilməzsən. "Əfəl" hekayəsinin qəhrəmanı
kənd adamlarının ağıldan kəm hesab etdikləri
İbişdir. "Bu tərəflərdə İbişi
tanımayan yoxdur. Hamı bilir ki, uşaqlıqda hasardan
yıxılıb, "ağlı başından
çıxıb". Buna da səbəb
qonşularının şipşirin, baxanda nəinki
İbişin, hətta böyük-böyük adamların da
ağzının suyunu axıdan şaftalı ağacı
olmuşdu. Qohum-qardaş, dost-tanış, bütün kənd
əl-ayağa düşüb əlac axtardılar.
"Körpədi, yazıqdı, kasıbdı".
Doxturların böyüyü rəhmətlik Siyab Rüstəmovdan
tutmuş qələmi ağır, balta, ülgüc
mollalaracan nə qədər müalicə, dava-dərman edilsə
də, dualar yazıldısa da, İbişin başından
çıxan ağlını tapıb yerinə qoymaq
mümkün olmadı. O vaxtdan İbiş olmuşdu kəndin
məzəsi, zarafat selbəsi".
Bu
İbiş kolxoz sədrinin bacısı qızıyla dostluq
edir. Ülkər hər gün ona cürbəcür konfet,
şokolad gətirir, İbiş isə əvəzində onun
üçün naxışlı çubuqlar yonur, kəpənək
tutur, meşədən quş yumurtası tapır, çaydan
alabəzək xırda balıqlar tutub gətirir, bir sözlə,
onlar böyüklərin münasibətindən asılı
olmayaraq mehrlərini bir-birinə salmışlar. Sədrin
adamları və Ülkərin qohumları onu hər vasitə
ilə İbişdən ayrı salmağa
çalışırlar. Və buna nail olurlar. Müəllif
bu ayrılığı çox təbii, ürəyi titrədəcək
dərəcədə təsvir edir. "Uzun müddət
Ülkəri sakitləşdirə bilmədilər. Xeyli əziyyətdən
sonra onu birtəhər yatızdırdılar. İbiş nəmli
gözlərini böyük və işıqlı pəncərələrə
dikib, kal və yoğun səsi ilə neçə vaxt bir yerdə
xoş günlər keçirdiyi, ağlı kəsəndən
bəri ona ən əziz və doğma olan
oyundaşını səslədi: - Ülkər, ay Ülkər!..
hardasan? Sabah ora gələssən?"
Bu
hekayə kövrək notlar üzərində qurulub. Ümumiyyətlə,
S.Aranın hekayələrində təsvir olunan hadisələr,
göstərilən həyat lövhələri öz
dramatikliyi ilə diqqəti cəlb edir. Bu dramatikliyi
obrazların təkcə qarşılıqlı münasibətlərində
və konflikt doğuran situasiyalarda deyil, həmçinin hadisələrin
özünün mahiyyətində də axtarmaq
lazımdır. "Ziyahimin
peşmançılığı" hekayəsini
götürək. Ziyahim kimdir?
Sadə
və sadədil bir kənd uşağı. Orta məktəbi
təzəcə bitirib.
Amma instituta girə bilməyib. Kənddə qalıb atasına,
ev-eşiyə kömək
edir. Bu gün
atasının əvəzinə
mal nobatına yollanır.
Hiss olunur ki, bu cavan uşaq
yaman darıxır, qəm-qüssədən bağrı
çatlayır, arxası
üstə çəmənliyə
uzanıb hirsini necə soyudacağı haqda fikirləşir. "Dabanları sızım-sızım
sızıldadı, özünü
götürüb çırpdı
yerə. Dizləri göynədi,
qarnı sancılandı,
ağzına göy ot və quş
zımrığı doldu,
ürəyi bulana-bulana
tüpürdü, yeri-göyü
söyüb-söyləndi və axırda çəmənliyə sərələnib
sakitləşdi".
Bu təsvirlərdən də
aydın hiss olunur ki, Ziyahim daxilən
boş deyil, o, nəyəsə can atır,
nəyinsə arzusundadır,
amma özünü ifadə edə bilmir. Onun daxili aləmi
meşəyə gələn
bir oğlanla qızın gəlişindən
sonra üzə çıxır, daha doğrusu, obrazın "mənəvi pasportu" səhifə-səhifə vərəqlənir.
Meşəyə gələn Bəbir
mənən cılız
və pozğun təbiətli bir cavandır, meşəyə
gətirdiyi qız da onun tayıdır.
Cavanlar meşədə
yeyirlər, içirlər,
amma dost ola
bilmirlər. Ziyahimın inamı puça
çıxır, Bəbir
və Elya Ziyahimin onları satacağından şübhəyə
düşüb aradan
çıxırlar. İnam
sarsılır: "İçi
göynədi. Yana-yana hönkürdü.
Başını əlləri
ilə tutub "niyə?", "niyə?"
deyərək inildəyirdi...
Onu ən çox yandıran aldadılması,
hərif yerinə qoyulması, ələ salınmasıydı. "Mən axı ədəbsizlik etmədim,
kişi kimi sizi arxayın salmaq üçün özümü görməzliyə,
bilməzliyə qoydum...
Gördüyümü orda-burda danışıb
heç vaxt əskiklik eləmərəm.
Adam balası kimi sizə qaynayıb qarışdım.
Nə gördüz ki, inanmadız?"
Hər hansı
bir hekayənin yaşarılığını artıran cəhətlər
var. Görkəmli yazıçı
Mir Cəlal yazırdı
ki, "Xarakter bir hadisə, yığcam bir süjet, ümumiləşdirici
bir mətləb, müxtəsər, şirin,
sadə söyləmə,
nəqletmə üsulu,
psixoloji dərinlik hekayənin başlıca xüsusiyyətləridir". Bu cəhətləri biz Səyyad
Aranın kitabda toplanan bir sıra
hekayələrində görə
bilərik. "Şeytanın qurbanı"
hekayəsində tənha
bir qocanın həyatından söz açılır. Bu, Təhməz kişidir.
Arvadı təzəcə rəhmətə gedib.
Təhməz kişinin
üç oğlu var, amma yaxşı
işlərdə çalışmalarına
baxmayaraq, vecsizdirlər:
"Mənim belimdən
gələn, sənin
halal südünü
əmən bu qurumsaqlar böyüyüb
kimə oxşadılar,
bilmədim!". Qardaşlar öz aralarında atalarının taleyi barədə "məşvərət"
aparırlar, amma heç biri atalarını saxlamaq, ona qulluq eləmək
vəzifəsini öhdəsinə
götürmək istəmir,
hərə bir bəhanə gətirir.
Müəllif başqa bir obrazın - Töhfə arvadın da taleyinə biganə qalmamışdır. O da təkdir, əri ölüb, Təhməz kişiylə qonşudur, cani dildən istəyir ki, Təhməz kişiylə
mehriban olsun. İçindən qəribə hisslər
də keçir.
Lap cavanlıqda olduğu
kimi hiss-həyəcan
burulğanına düşür,
hər gün tərəddüdlər içində
çabalayır: "Obaşdannan
nə üzlə, nə bəhanəylə durub yollanacaqdı Təhməz kişinin üstünə? Tutaq ki,
bir dəfə odunu bəhanə elədi, o biri gün inəyi, üçüncü gün
gözü dolmuş arxı təmizləməyi.
Bəs sonra? O biri günlər?
- A Təhməz, getməyim gəlmir axı..
"Daş tök,
ay Tanrı! Od
tök, ay Tanrı! Bu
nə danışır?.. Bu nə danışır? Bu yaşda
şeytana aldanmamalıydın,
ay Töhfə! Aldanmamalıydın!"
Göründüyü
kimi Töhfə arvad ürəyindən keçənləri,
ona əzab verən hisslərini saxlaya bilmir, iki yol
ayrıcında qalır. Lakin el-oba, kənd stixiyasından, əsrlər
boyu yaranan milli etik çərçivədən
sıyrıla bilmir, beləcə tərəddüdlər
içində çırpınır. Və günlərin
bir günü Töhfə arvad keçinir. Bəs Təhməz
kişi necə olur? Müəllif psixoloji təhlili daha da dərinləşdirir
və bu kişinin də qəlbindəkini əyan edir. O da
arzulayır ki, Töhfə arvaddan sonra köçsün bu
dünyadan...gƏslində, onların bu yaşda birləşməyi
mümkün deyildi. Çünki hər ikisi bunu
"şeytan işi" hesab edirdilər.
Səyyad
Aranın ən yaxşı hekayələrindən biri də
"Sandıqda qalan muştuluq"dur. Hekayənin qəhrəmanı
Dünyamalı qəribə bir tale sahibidir. O, türmədən
qayıdır. "Dünyamalı həyatda çox
ağır şeylər görmüşdü. Ağlı
söz kəsəndə atası öldü. Atasından bir
az sonra müharibənin o qanlı-qadalı illərində
"çörək" deyə-deyə hamının
gözü qarşısında bacısı keçindi.
Neçə dəfə milisionerlərin qabağında
getdi-gəldi. "tamahına güllə dəymiş",
"əclaf", "ikiayaqlı canavar" kimi
damğalandı. Firavan və rahat həyata öyrənmiş
olduğundan, həbsdə itin əzabını çəkdi,
amma bir dəfə də olsun ağlamadı, heç gözləri
də yaşarmadı".
Həmin
bu Dünyamalı həbsdən qurtulandan sonra ən yaxın
dostlarına teleqram vurub ki, gəlirəm. Amma onu kimsə
qarşılamır. Görünür, türməyə
düşməyi bir əngəl olub. "Hələ
heç vaxt kəndi belə səssiz-səmirsiz görməmişdi.
Doğrudanmı, bu boyda kənddə bir adam tapılmayacaq ki,
onun qabağına çıxsın, bir uşaq olmayacaq ki,
qırmızı yelənli yaylığı muştuluq
alsın?"
Bəli,
Dünyamalı zənnində yanılmır. Onun bu gün gəlməyini
hamı bilirdi, amma kimsə onu qarşılamır ki, adı
"it dəftəri"nə düşər.
Dünyamalı
"dostları"nın vəfasızlığından
sonra öz doğulduğu evə, həyətə
yaxınlaşır. İlk gördüyü uşaqları
olur, amma onu tanımırlar. Bu nisgildən sonra anası və
arvadı gəlir, hıçqırıqlar başlanır.
"Ayağının altında ölüm, ana! Halal elə...g
Sənə bir oğulluq eləmədim.
Bağışla..."
Təbii
hisslərdir və müəllif Dünyamalının psixoloji
gərginlik içində necə hisslər keçirdiyini təsvir
edir: "Ev-eşikdən burnuna çoxdan unutduğu
tanış qoxular-anasının, arvadının,
uşaqlarının iyi gəlirdi. Bir də bayaqdan bəri onu
girinc edən, neçə gün bundan irəli həbsdən
buraxılmasına baxmayaraq indicə, öz
yorğan-döşəyinin içindəcə duyduğu
azadlığın".
Səyyad
Aranın haqqında söz açdığım bu hekayələri
sovet dövrü həqiqətlərindən söz
açır. Yaşadığı o illərin sevinci, kədəri,
nəşəsi, ağrı-acıları və ümumiyyətlə,
kəndlə, Aran torpağı ilə bağlı problemlər
bu hekayələrdə öz bədii təcəssümünü
tapmışdır. "Qarpız", "Körpü",
"Külçə", "Gül iyi", "İlin
axır çərşənbəsi", "Yay gecəsinin
qəziyyəsi", "Ay Simurq quşu" hekayələri
o dövrün Aran kəndi barədə müəyyən təsəvvür
yaradır. Bu hekayələrin bir məziyyəti də
ondadır ki, Səyyad Aranın dili rəvandır, o, heç
yerdə pəltəkləmir, həm öz təhkiyəsində,
həm də obrazların nitqində səliqəli-səhmanlıdır,
dilimizin imkanlarından gen-bol istifadə edir. Xüsusilə, kənd
təbiətinin təsvirlərində özünəməxsusdur.
Səyyad
Aranın "Dərs" hekayəsi isə iki il öncə
qələmə alınmışdır. Hiss olunur ki, o, bir
yazıçı kimi bu günün-son dərəcə
mürəkkəb və təzadlı olan çağdaş
günümüzün həqiqətlərini təsvir etməyə
can atır. Təbii ki, kənddən bəhs edən hekayələrlə
"Dərs" tipli hekayələrin fərqi açıq
görsənir. "Dərs" hekayəsində artıq
dövrün cizgilərini əks etdirən lövhələr
canlandırılır. Mürsəl və Səttar. İki
dost. Mürsəd təmiz adamdır, illərdən bəri
necə yaşayıbsa, o mənəvi sifəti itirmir. Səttar
isə yeni dövrün adamıdır,
"işgüzarlığı" onu yüksək pillələrə
aparıb çıxarıb. Amma nə olsun? Onun "həqiqətləri"
təmizlikdən, mənəvi saflıqdan yoğrulmayıb, zəmanənin
yaratdığı fürsətdən barınıb.
Əlbəttə,
Səyyad Aran bu günün həqiqətlərindən daha
çox yazmalıdır! Onun buna vaxtı da var, imkanı da.
Görəsən, bir vaxt şirin nağılını, hekayəsini
söylədiyi Aran kəndinin bugünkü durumu necədir?
Bax, biz S.Arandan bu mənada yeni nəsr əsərləri
gözləyirik...
Vaqif YUSİFLİ
Ədalət.-2013.-2 fevral.-S.13.