SÜKUTU
ŞEİRƏ ÇEVİRƏN ADAM
Ovcumda əlinin ətri qalıbdı -
Bahar çiçəyinin qoxusu kimi
Mənə elə gəlir ki,
sükut daha gözəldir.
O ana qədər ki, sən
o sükutun içində
özün-özünlə, öz xəyalınla,
xatirələrinlə, düşüncələrinlə, hətta
özündən qovmaq istədiklərinlə
də baş-başa qala
bilirsən. Səni dinləyən, sənə
şərait yaradan sükutun
içində öz dünyanın özəlliklərini
ipə-sapa düzürsən, ifçinləyirsən və bir də baxıb görürsən ki, sənə yer
üzündə ən doğma olan nədirsə onun özü də sükutun
içərisindədir. Lap
obrazlı desəm, bu sükut
güzgüyə çevrilib onu sənə göstərir. Amma...
Mənə
elə gəlir ki, sükutun gözəlliyi onun özünə
layiq şəkildə pozulması ilə də yadda qalan olur. Yəni
sükutu pozan, sükutu əks etdirən
pıçıltı, nəfəs, hənir, bir sözlə,
ruhu oxşayan nələr, nələr. Bax, onda sükutun
pozulmasını hiss etmirsən. Çünki sükutu
pozanlar sükutun köynəyinə, sükutun cisminə,
sükutun ruhuna çevrilir. Bilirsiniz
bu necə gözəl olur?..
Bilmirəm
ifadə edə bildim, ya yox, amma düşünürəm ki,
sükut adamları, sükutu sevən adamlar və bir də
öz qeyri-adi pıçıltıları ilə sükutu
pozan adamlar yəqin ki, məni anlayarlar, nə demək istədiyimin
fərqinə vararlar. Digət tərəfdən arzuyla, diləklə
pozulan sükutlar da könül oxşayır. Çünki
arzuladığının, gözlədiyinin, addım səslərini
eşitməyə tələsdiyinin sükutu pozması əslində
sənə o sükutun içərisində bir
qoşalıq, bir cütlük, bir baş-başa qalmaq
imkanı verir. Zənnimcə, bundan gözəl dünyada
heç nə yoxdur...
Öncə
imzasını tanıdığım və publisist kimi
yazılarını maraqla oxuduğum sükutu pozmağa səsləyən
həmkarımın silsilə şeirlərini səhv etmirəmsə,
Rəşad Məcidin təqdimatında "525-ci qəzet"də
oxudum. Ona görə bu faktı dəqiq xatırlayıram ki,
o şeirlərin müəllifi özü "525-ə"
üz tutmağının səbəbini
açıqlamışdı. Doğrudur, ona qədər də
Elçin Mirzəbəylinin ayrı-ayrı şeirləri ilə
qarşılaşmışdım. Amma nədənsə
dediyim məqam xüsusi olaraq yadımda qalmışdı.
Sonra onun kitabı ilə baş-başa qaldım. Özü də
orijinal tərtibatı olan bu kitabı təqribən
üç ay öncə əldə etmişəm və
kitabı gözdən keçirdikcə sükutun necə
rahatca pozulduğunu təkcə çevrilən vərəqlərin
səsində yox, həm də misraların arasındakı nəfəsdən
duymuşam.
Səmimi
etiraf edim ki, mən Elçin Mirzəbəylinin sosial şəbəkələrdə
oxuduğum şeirləri ilə yanaşı, bu kitabda ruhuma
doğma olan şeirləri arasında nədənsə həmin
o sükutu tuta bilmirəm. Ola bilsin ki, kitab sosial şəbəkələrdən
daha çox mənə doğma, daha çox canlı
olduğundandır ki, mən bu sükutu "Poz bu
sükutu" kitabında yaşayıram, hiss edirəm və
şairin misraları onda mənim üçün bir musiqiyə
çevrilir... həzin, kövrək, güclə eşidiləcək
pıçıltı kimi bir musiqiyə:
Bir
sükut içində məmləkət,
Yorğun
və kimsəsiz-
Qəbristan
yolları kimi...
Ölüm
uzanır üstümə
Anamın
qolları kimi...
Və
yaxud:
Salam, ulu Tanrı, salam, bu
mənəm-
Əlləri qırılmış yurdun
adamı.
Mavi gözlərindən tənhalıq
yağan
Ağzı od püskürən yurdun adamı.
Tarixin alnında izi yol azmış...
Tanrı dərgahından sözü
yol azmış.
Bu mənəm qılıncı
qınında- yaslı,
Bu mənəm, İlahi
dərdin adamı.
Bəli, zənnimcə bu şeir parçaları artıq sizdə də bir ovqat
yaratdı. Elə bir ovqat ki,
onu ancaq sükutla yaşamaq mümkündür, başqa
cür ola
bilməz. Yox əgər başqa
cürdüsə, deməli
onda siz hələ o sükutun qapısını açmamısınız.
Əgər açsanız
mütləq ilk eşidəcəyiniz
pıçıltı bu
olacaq:
Bir vətən içində
vətənsiz öldü
Küləklər üstündə gəzən
sərsəri.
Dünən bu şəhər
də kəfənsiz öldü-
Geyin kəfənini,
bəzən, sərsəri.
Təbii ki, Elçin Mirzəbəylinin şeirlərində
təkcə lirik qəhrəman yox, həm də müəllifin özü
obraza qoşulub həmsöhbət olur. Bəzən də
o qəhrəmanın demək
istədiyini daha bərkdən və daha sərt ifadə edir. Görünür, bu da sözü qələmə
tabe etdirmək qabiliyyətindən qidalanır.
Ona görə də qələm, söz bir-birini anlayır, bir-birini ötüb keçmir, bir-birinə yol verir. Bax, bu şeirdə
olduğu kimi:
Namərd
körpüsündən mərdə
dönüncə,
Soyuna qayıdan yurda dönüncə,
Ulamaq istərəm qurda dönüncə,
Ulamaq istərəm
sabaha kimi.
Bu misralar artıq
şairin nəyə işarə etdiyi son iki bəndində təkrar olunan sözdə özünü
büruzə verir. Bu işarə soy kökə,
bu işarə türkçülüyə, bu
işarə inanca, inama və xüsusi
olaraq hər bir türk oğlunun
içində olan və Göy türklərdən gələn
o qədim mifoloji ulamaya gedib çıxır,
Boz qurdun səsinə gedib qarışır. Ona görə
də cəmi üç bənddən ibarət olan bu şeirin mahiyyəti barədə mənim bu fikirlərim
içimin alt qatında
mürgüləyən həmin
o ulartını mənə
də eşitdirir.
Elçin Mirzəbəylinin poeziyasında
mənim ən çox diqqətimi çəkən konkretlik,
yığcamlıq və
fikir yükünün
çəkisidir. Məsələn,
onun "Kabus qatar" şeirində təqdim etdiyi məqamlar təkcə Bakıdan Ağdama və yaxud da
Ağdamdan Bakıya hərəkət edən qatarı kiməsə
xatırlatmaq üçün
yazılmayıb. Əslində bu "Kabus qatar" bizim nələr itirdiyimizə,
hardan hara gəldiyimizə, içimizdəki
Qarabağ, Ağdam, torpaq itkisi kimi
ağrılara səpilən
duzdu. O duz bizim yaramızı sağaltmaq üçün
səpilməyib, onu bir az da ağrıtmaq, bir az da
qanına qərq etmək üçün yazılıb. Misralara fikir verin:
Sükuta
bürünüb vağzal,
Sükuta...
Bir dil istəyirəm dindirə məni...
Bir əl istəyirəm əlimdən tuta
Ağdam
qatarına mindirə məni...
***
Hər gecə Ağdama bir qatar
gedir
Ayrılıq daşıyır...
Qayıtmır geri...
Hər gecə Ağdamdan bir qatar
gəlir-
Didərgin ruhlardı sərnişinləri...
Didərgin ruhlardı sərnişinləri...
Mən bu şeiri oxuduqca
təkcə Ağdama
qatarla necə, kimlərlə getdiyimi, qatarda hansı məcaraları yaşadığımı
deyil, həm də bu qatarın
məhz Ağdama getdiyini və məni də Ağdama apardığını
dönə-dönə yaşadım...
təkrar-təkrar bələdçidən
Ağdama nə vaxt çatacağımızı
ürəyimdə sükut
içində soruşdum...
Anladım ki, bu şəhər məni çox sıxır, bu şəhər məni sıxdıqca mən bu şəhərdə kimsəsizliyimi bir daha az qala görür və o kimsəsizliyə az qala əlimlə
toxunuram:
Bizim bu şəhərdə heç kimimiz yox...
Yollar yorğunuyuq, illər yorğunu...
Tanrı
dərgahından sevgi
dilənən
Göylərə uzanan əllər yorğunu.
Yazılan hər bir şeir
dünyaya gələn,
doğulan bir canlıdı. Bu sözlərimi
yazı adamının,
söz adamının
özündən razılığı,
özünə vurğunluğu
kimi qəbul etməyin. Həqiqətən də mənim
dərk etdiyim bu gerçəklik, yəni şeirin doğulması çox ağır və əzabverici bir prosesdir. Dəxli yoxdur, doğulan
şeir qüsurludu, yoxsa şedevrdi. Bu, sadəcə dünyaya
gələn varlıqdı.
Uşaq qüsurlu da ola bilir, mükəmməl də. Onun hər iki anlamda valideyn üçün o qədər
də böyük fərqi yoxdu. Çünki övladın hamısı
əzizdir. Bu mənada Elçin Mirzəbəylinin bütün
şeirlərində bir
təzəlik, bir tərlik, bir istilik, bir dünyaya
yenidən gəlmə
kimi məqamlar var. Həmin məqamlar toplum halında şeiri oxucuya sevdirə bilir. Yəni belə baxanda sözlər hamısı
tanışdı, durğu
işarələri tanışdı,
amma bu sözlərin,
bu işarələrin
düzümü, onların
çiynindəki yük,
arasındakı nəfəs
təzədi. Deməli,
dünyaya yeni sözün gəlişidi
bu. Məsələn:
Gözlərin -
qaranlığı dəlib
keçən işıq,
Qollarım -
zəncir topası,
Ayaqlarım -
torpağa zorla sancılmış kötük...
Dilim -
cəllad baltası...
Yuxuda özümü beləcə
görmüşdüm,
Beləcə...
Dünən gecə...
Yəqin ki, təqdim etdiyim bu misralar
yuxarıda söylədiyim
fikirləri təsdiq edə bilər. Həmin
fikirlərin təsdiqi
üçün başqa
bir şeirə də üz tuturam:
İynə ucu boyda bir ümid yeri,
Bir ilıq titrəyiş,
bir qəfil baxış...
O mənim yolumdu qayıdır geri,
Odur, göy üzünə qayıdır yağış...
Mən Elçin
Mirzəbəylinin "Poz
bu sükütü"
kitabındakı şeirləri
barəsində düşüncələrimi,
bu şeirlərin mənə bəxş etdiyi ovqatı elə sükut içində kağıza
köçürdüm. Çalışdım ki, bu sükuta
öz pıçıltılarımla
xələl gətirməyim.
Çünki son dərəcə ürəyimi rahat edən bu sükut
Elçin Mirzəbəylinin
şeir dünyasında
gəzişmələrdə idi. Bu gəzişmələr
isə onun şeirinin ahənginə uyğunlaşmış, onunla
səs-səsə vermişdi.
Çünki söhbət
sevgidən gedirdi:
Dilin çaşsa, "yox"
söyləsən
Dilini də sevəcəyəm.
Qəm saçını ağ eyləsə
Telini də sevəcəyəm.
......................................
Gəlsən ölüm sifətində
Ölümü də sevəcəyəm.
Yəqin ki, bu sevgi
şeirini şərh
etməyə, onun poetik məziyyətlərini
açmağa daha ehtiyac qalmadı. Sadəcə,
indiki durumda, yəni mənim içərisində olduğum
bu ovqatda Elçin Mirzəbəylinin
"O mənəm" şeirini
təkrar oxumaq, o şeirin iç dünyasına enmək bizləri də öz sevgimizə doğru aparar:
Bir gün qapı kimi açıla qəlbin,
Dəli
külək kimi
Bir dəli sevda
İçinə
doluşa...
Qorxma
- o mənəm.
..............................
Üşüyən
kölgəni
Yıxma
- o mənəm!
Və
nəhayət, "Poz bu sükutu" kitabı mənim
üçün bu şeirlə lap dost-doğma oldu, can bir qəlbdə.
Mən də həmin doğmalıqla məhz həmin
şeiri sizlərə pıçıldayıb Elçin Mirzəbəyliyə
"Hələlik, görüşənədək!" deyirəm:
Məni
dünən
öldürdüyün
Yerdə
dəfn eləmə, gülüm.
Çək
üstümə
Dərdlərimi
Ta
torpaq ələmə gülüm.
Əbülfət MƏDƏTOĞLU
abulfatm@box.az
Ədalət.-2013.-2 fevral.-S.8.