Seyid Əzim
ateist idimi?
"Görmədim
ömrdə bir zövqü səfa məsciddən"
Seyid
Əzim Şirvaninin ictimai motivli şeirlərində ən
çox diqqəti cəlb edən riyakar din xadimlərinə
qarşı olan neqativ münasibət, bəzən isə hətta
nifrətdir. Lakin o heç zaman Allahı inkar etmir, İslam
dininə hörmətlə yanaşır və əsl ibadət
yolunu tutan həqiqi ruhaniləri tənqid etmirdi. Seyid Əzim
yalnız istinad vasitəsi kimi Qurandan istifadə edərək,
İslam və şəriət ehkamlarını əldə
bayraq tutub xalqı istismar edən imtiyazlı silklərə qarşı
düşmən mövqedə dayanırdı.
Çünki
bir ziyalı olaraq, o başa düşürdü ki, həmin
insanlar üçün din mövcud feodal-patriarxal münasibətləri
davam etdirə bilməkdən ötrü əla bir vasitədir
və onlar, əslində, şərə qulluq edən ruhanilərin
xidmətlərindən gen-bol yararlanırlar. Buna görə də,
Seyid Əzimin ictimai motivli şeirlərinin əsas tənqid hədəfləri
yalançı vaizlər, riyakar zahidlər, ikiüzlü
abidlər idi.
Aləmə
fitnə salan mədəni-şərdir vaiz,
Haşəlillah demənəm mən ki, bəşərdir
vaiz.
Şairin vaizi "şər mədəni" adlandırması
təsadüfi deyil. Çünki yalançı din xadimləri
İslamın adından istifadə edərək sadə, avam
camaatı qəflətdə saxlayır, cəhənnəm
qorxusu ilə onları savadlanmaqdan, elm və bilik əldə
etməkdən çəkindirir, xalqın irəli getməsinə
imkan vermir, özlərindən uydurduqları fitvalarla əhalini
xof altında saxlamağa çalışırdılar. Ona
görə Seyid Əzimin ruhanilərdə ən nifrət
etdiyi xüsusiyyət onların riyakar olması idi: zahirən
özünü ibadət əhli, təqvalı Allah qulu kimi
göstərən bu "möminlər" gizlində spirtli
içki içir, rüşvət alır, eyş-işrətlə
məşğul olur, bir sözlə, hər cür günaha əl
atırdılar. Ona görə şair deyir ki, sən
ki özün bu qədər günah işləyirsən, nə
ixtiyarın var ki, bəndə ilə Yaradan arasına girir,
günahlarımızın bağışlanmayacağına
dair fitva verirsən? Axı günahsız
insan yoxdur və kimi bağışlayıb, kimin
günahını əfv etməyəcəyini Allahdan
başqa bir kimsə bilməz.
Zahid,
tutalım həşr günü duzəxiyəm mən,
Hardan gəlibən
sən, görək oldun belə eymən,
Sən
qullar ilə rəbbin ədasın nə bilirsən,
Bakim nə
mənim duzəxin atəşgədəsindən,
Almazsa əgər lücceyi-çeşmi-təri məndən.
Hətta qəzəllərindən birində deyir ki,
zahidlə behiştə düşməkdənsə, Seyidlə
(öz əqidəsində olan insanları nəzərdə
tutur) cəhənnəm atəşində yanmaq daha
yaxşıdır. Bəs şairin din xadimlərinə bu səviyyədə
nifrətinin səbəbi nə idi?
Bəllidir
ki, İslam dini çar Rusiyası şəraitində Orta
Asiya, Qazaxıstan, Şimali
Qafqaz,
Zaqafqaziya, Volqaboyu və başqa xalqların müsəlman əhalisi
arasında imperiyanın dayağına çevrilmişdi. Çarizmin müstəmləkəçilik siyasəti
ilə yerli burjuaziya və başqa hakim təbəqələrin
sadə camaat əleyhinə mənafeyi bir nöqtədə kəsişirdi.
Məhz dinin müsəlman xalqları üzərindəki
güclü təsirindən istifadə edərək, onlar bu
ümumi mənafeyi pərdələyə bilirdilər. Bu işdə isə onlara özünün maddi rifahını
hər şeydən çox dəyərləndirən
"ruhanilər" yardımçı olurdular.
Çar hakimiyyəti bu xidmətlərin müqabilində
onları yüksək qiymətləndirirdi. "Ali ruhanilərə
zadəgan hüquqları verilmişdi. Məscid
ruhaniləri isə "Fəxri vətəndaşlar"
sayılırdılar. Hakimiyyət onların
torpaq üzərindəki xüsusi mülkiyyətini toxunulmaz
elan edir, vergilərdən və digər mükəlləfiyyətlərdən
azad edir, mükafatlandırırdı. Çarizm
müsəlman ruhanilərinə yerli əhaliyə vermədiyi
bir sıra hüquq və imtiyazlar da vermişdi." Ümumiyyətlə, bu, bütün dünyada
istismarçı cəmiyyətlərdə sinfi ziddiyyətləri
ört-basdır etmək üçün həyata
keçirilən ən sınanmış bir üsuldur.
İşğalçı rus imperiyasının hakimiyyəti
dövründə də İslam dininin qayda-qanunlarını
və şəriət ehkamlarını öz xeyrinə dəyişən
müsəlman ruhani silki əhalini itaətdə saxlamaq
üçün nəzarətçi rolunu ifa edirdi. S. Ə. Şirvani də əlinə
qələm aldığı gündən cəmiyyətdə
gördüyü bu neqativ hallara qarşı biganə qala
bilmirdi; onun mübarizə üsulu isə həqiqəti
öz misralarında xalqa çatdırmaq idi. Odur
ki, onun şeirlərindəki haqq səsi əzilən
xalqın ruporuna çevrilirdi.
Cənnətə
getdi və ya duzəxə mürdə, nə qəmin,
İrsinə dik gözüvü, külçəvü
həlvasına bax.
İstəyir
cənnəti zahid bu qədər hiylə ilə,
Əbləhin fikrini gör, dildə təmənnasına
bax.
Rüşvətxor, başqasının malına göz
dikən müftəxor din adamı - zahid və vaiz
obrazları Seyid Əzimin çoxlu sayda şeirlərinin,
xüsusilə də, qəzəllərinin tənqid hədəfinə
çevrilmişdir. Füzulinin "Könül, səccadəyə basma
ayaq, təsbihə əl urma", "Cəhənnəmdən
verir aşiqlərə hər gün xəbər vaiz"
misraları ilə başlayan qəzəlləri, "Ey
şeyx", "Ey vaiz" rübailəri, şairin
"bütün yaradıcılığına səpələnmiş
satirik misraları, beytləri" Seyid Əzim
üçün ilham qaynağı olmuş, dahi sələfinin
lirikasından bəhrələnərək eyni motivləri
müvəffəqiyyətlə öz yaradıcılığında
istifadə etmişdir. Seyid Əzimin
yaşayıb-yaratdığı XIX yüzillikdəki ictimai
mühit üç əsr əvvəl Füzulinin şikayətləndiyi
orta əsrlərdəki cəmiyyətdən bir o qədər
də fərqlənmirdi: eyni haqsızlıqlar, xalqı
soyub-talamaq, müftə yemək üçün istifadə
olunan üsullar ikiüzlü, riyakar zahid və vaizlərin
bütün dövrlərdə köməyinə
çatırdı. Füzuli deyirdi:
Saqın,
pamal olursan
buriyatək, məscidə girmə,
Və gər
naçar girsən,
onda minbər
kimi çox durma.
Seyid Əzim
deyirdi:
Döşənmə
buriyatək məscid içrə səcdeyi-səhvə,
Özü bu səhvdir, pamali-xəlqi-ruzigar olma.
Qeyd edək
ki, nə Füzuli, nə də Seyid Əzim "məscidə
girmə" deyərkən İslam
dinini,
ona məxsus ibadətləri pisləmək niyyəti
daşımamışlar - hər iki şairin
məqsədi din adından istifadə edərək fanatizmi yayan
yalançı dindarlığı tənqid etmək
olmuşdur. "Ayaqaltı kimi məscidin yerinə sərilmə
ki, ayaqlar altında qalmayasan", - deyən şairin əsl
fikri budur ki, hamıya qoşulub, sən də bu riyakarlardan
olma. Şair vaizlərin daim cəhənnəm qorxusu ilə
avam camaatı xof altında saxlamasından cana
doymuşdur; onlar İslam dinini sevdirmək, onu insanlara məhəbbətlə
tanıtmaq əvəzinə, qorxu təlqin edərək, əhalini
şəriətin çox vaxt öz xeyirlərinə
uydurduqları ehkamlarına əməl etməyə məcbur
edirdilər.
Can məşaminə
gəlir buyi-riya məsciddən,
Görmədim ömrdə bir zövqü səfa məsciddən.
Buriyatək
döşənir məscidə hərdən zahid,
Heyf tərk olmadı əsla bu riya məsciddən.
Diqqət etsək, görərik ki, Seyid Əzimin zahid və
vaizləri tənqid edən şeirlərində bu obrazlarla
"riya" kəlməsi həmişə yanaşı gəlir. Deməli, həqiqətən
də, şairin tənqid hədəfi İslam dini və həqiqi
ruhanilər deyil, məhz yalançı din xadimləri
olmuşdur. Riyakar dindarların tənqidi o dövrdə
təkcə Seyid Əzim yaradıcılığı
üçün xarakterik deyildi; şeirlərində asketizmə
qarşı çıxan Əbülhəsən Raci, Molla
Ağa Bixud, Abdulla bəy Asi, Bahar Şirvani, İskəndər
ağa Şair və b. lirikası üçün əxlaqi-ictimai
ideal arzusu, humanizm, mənəvi azadlıq həmişə
prioritet mövzu olmuşdur.
Seyyida,
bunca ki məsciddən edillər nifrət,
Nə
görüblər, görəsən kim,
şüəra məsciddən.
Bu
şeirlərdə bir-birinə zidd iki tərəf
qarşılaşdırılır: dinin ehkamlarından avam
camaatı əldə saxlamaq üçün tələ vasitəsi
kimi istifadə edən zahid və vaiz obrazları və
ömrünün mənasını həyatın nemətlərindən
zövq almaqda görən azadfikirli arif obrazı. Birincilərin təbliğ etdiyi məkan məscid,
arifin üstünlük verdiyi poetik məkan isə meyxanədir.
Seyid Əzimi din xadimlərindən narazı salan cəhətlərdən
biri də İslamda təriqət ayrı-seçkiliyi məsələsi
idi. O başa
düşürdü ki, bu ixtilafı araya məqsədli
şəkildə "ruhanilər" salmışlar, lakin
süni şəkildə ortaya atılmış bu dini
ayrı-seçkiliyin daha dərin - siyasi məqsədlər
güddüyünü, yəqin ki, şair bilmirdi.
Dinc xalqın arasında ixtilafa səbəb olan
sünni-şiə məsələsinə neqativ münasibətini
isə Seyid Əzim şeirlərində, xüsusilə də,
satiralarında sərgiləmişdir. Oğluna müraciətlə
yazdığı şeirlərdən birində müəllif
deyir ki, mən özüm şiə olsam da, o birilərinə
də müxalif deyiləm - əgər Əbubəkr, Osman,
Ömər günah ediblərsə, cəzanı Allahdan
alacaqlar. Həsən bəy Zərdabiyə
ünvanladığı şeirində S. Ə. Şirvani
camaatın avamlığından şikayətlənərək
deyir ki, hər vilayətdə beş-on qəsəbə, hər
qəsəbədə də əlli min seyid, axund, dərviş,
mərsiyəxan və s. var. O çalışır xalqa
başa salsın ki, yalnız dini elmlərə yiyələnməklə
savadlı olmaq mümkün deyil, savadsızlığın nəticəsidir
ki, fikri yalnız xalqı soymaq olan "hoqqabazi-naqabil"lər
camaata yalanlarıyla tələ qurur, din qardaşları
arasına ixtilaf salırlar.
Xəlqə
bunlar hamı qurublar dam,
Bir bunu annamır bu qövmi-avam.
Şiəmiz
sünniyə edər töhmət,
Sünnimiz şiədən edər qeybət.
Bizi
puç etdi şiə, sünni sözü,
Əhli-islamın oldu kur gözü.
Ən təəssüf doğuran cəhət də
budur ki, şairin XIX əsrdə ürək ağrısı
ilə bəhs etdiyi mətləblər, təəssüf ki,
bu gün də öz aktuallığını
saxlamaqdadır. Belə çıxır ki, biz
düşüncə tərzi etibarilə hələ həmin
əsri adlayıb keçə bilməmişik.
Ümumiyyətlə, S.Ə.Şirvaninin dinlərə və
müxtəlif dini əqidələrə çox tolerant
yanaşması vardır; onun üçün önəmli
olan insanın dini mənsubluğu deyil, mənəvi keyfiyyətləridir. Odur ki,
şeirlərində dönə-dönə vurğulayır
ki, Allah nə ərəb, nə zənci, nə firəngdir, yəni
Allah birdir və bəndələri də öz aralarında
dini, irqi ayrı - seçkilik aparmamalıdırlar. Seyid Əzim bir çox əsərlərində dini
mənsubluqdan asılı olmadan savadlı, dünya
görüşlü olmağı, dilləri öyrənməyin
vacibliyini təbliğ edir.
S.Ə.Şirvani öz yaradıcılığında
İslam dininin mənəvi əsarətinə qarşı
çıxmışsa da, heç vaxt onu lazımsız,
Quran oxuyub öyrənməyi səmərəsiz hesab etməmişdir. Lakin bəzən
tədqiqatçılar şairin bu məsələyə
münasibətindən bəhs edərkən ifrata vararaq, onun
İslama və müqəddəs kitabına qarşı
olduğu fikrini irəli sürərək, obyektivlikdən uzaq
düşmüşlər. Halbuki şairin
yaradıcılığına diqqət etsək, şahid
olarıq ki, Seyid Əzim əsərlərində rus dili və
öz dilimizlə yanaşı, həm də ərəb
dilinin öyrənilməsinin vacibliyini vurğulamış,
Quranın Allah kəlamı olduğunu, onu öyrənməklə
Yaradanın sirlərinə vaqif olmağın
mümkünlüyünü dəfələrlə qeyd
etmişdir. Oğluna müraciətlərinin birində
şair Quran haqqında deyir:
İnsü
cinn olsa cəm, ey dana,
Edə bilməz bir ayəsin inşa.
Həq kəlami hara, kəlami-bəşər?
Onu inkar edən bəlayə düşər.
S.Ə.Şirvaninin əksər tədqiqatçılarının
da qeyd etdiyi kimi, şair ateist olmamış, dini inkar etməmiş,
yalnız yalançı dindarlığa və dinin mənəvi
əsarətinə qarşı çıxmışdır. Şair
dindarların uydurduğu, həqiqətdə İslama zidd olan
ayin və mərasimləri pisləsə də, onun tənqidi
birbaşa dinin özünə yönəlmədiyindən
sovet dövrü tədqiqatçıları onun
dünyagörüşündəki bu cəhəti məhdud,
zəif və ziddiyyətli xüsusiyyət kimi dəyərləndirmişlər.
Mətanət VAHİD
Ədalət.-2013.-29 yanvar.-S.8.