Əllərimə heç
vaxt dəyməyən əllər
Aysel Qarabəyli
Hər açılan səhər hələ
yaşamaqçün bəhanə
deyil...
Bilirsən
ki, yenə gələcək gecə...
Gecənin
gəlməsi də ölümə səbəb deyil.
Bilirsən hardasa var bir səhər...
Qırtlağına bıçaq kimi dirənsə də qəhər,
sabah unudacaqsan hər şeyi,
düşəcəksən bir tikə çörək dərdinə...
Hansısa bir başıbatmışın
xətrinə
çıxacaqsan küçəyə
və külək yellədəcək səni
kiminsə zivədən
asılan yırtıq
çuxası kimi...
Günəş zenit nöqtəsinə
dirənəndə
içinin göz-gözü
görməyən qaranlığında
bir-birini tanımayanda
duyğuların,
itirəndə solun-sağın,
güclə sürüdüyün
ayaqlarınla
qayıdacaqsan xarabana axşam düşəndə...
Qorxuların ruhunda
qarışqa kimi gəzişəndə,
bu gecədən səhərə sağ çıxmağa
daha qalmayanda dözümün,
məzar kimi soyuq yorğan-döşəyində
açıla bilməyəndə
buz kəsmiş dizin
düşünəcəksən ki,
gərək elə səhər asaydın özünü
düz kəllənə
düşən Günəşin
şüasından...
Ya da Ayın kölgəsi
və işığı
altında
iki
yerə bölünən
yatağında
uzanıb paralanaydın...
amma işıq düşən tərəfdə...
Heç
olmasa ölümün
işıqlı olaydı...
Və səhər dibçəkdəki
hələ açılmamış
güllərini
elə köklü-köməcli
kimisə qopardıb
hələ təzəcə
qazılmış
qəbrinin üstünə
qoyaydı...
Artıq
heç kəsə lazım olmayan
bir cüt köhnə ayaqqabını
küçə uşaqları
götürüb geyəydi,
gəlib qəbrinin
üstünə ruhuna
Fatihə
oxuyaydı...
Və biləydin ki, hardasa bir insan
qəribsəyib sənsiz...
Və hardasa bir Günəş
səni xilas edə bilmədiyi üçün
özü-özündən utanır,
hardasa bir Ay özünü sənin qatilin sanır...
***
İçimdəki şeytan yem axtarır...
Ruhumun qurbanı
bəs eləmir ona.
Sökülmüş ruhumun tülünə bürünüb
açdığı qara deşikləri sayır bir-bir...
Ulayır
yalquzaq səsiylə...
Bəzən fəlakəti maqnit
kimi çəkən,
cazibə qanununa uyan qara deşiklərin
udduğu günəşimin
qızılı hörüklərini
soldurur od nəfəsiylə.
Deyəsən, inkir-minkirə iş
qalmayacaq...
Mizan-tərəzi gərək olmayacaq...
Ruhumda söndürülən Günəşin
solmuş telləri
şahidlik edəcək
günahlarıma.
Qıl körpüsü ikiyə
bölünəcək...
İçində Günəşi söndürülən
şair
qurğuşundan ağır
olur.
Cəhənnəmin qaynar çöllərində
ruhum çürüyəcək
içində ölü
Günəş...
***
Anasının bətnində ikən
Şuşadan qaçqın düşən
uşağın
indi iyirmi yaşı var.
Mən Şuşanı görməyə-görməyə
içimdən Şuşa
düşəndə
on yaşım vardı.
O, anasının bətnində
ola-ola son dəfə görüb Şuşanı...
Mən vətənimin göbəyində
ola-ola
ilk dəfə də görməmişəm.
Mən ondan on yaş böyüyəm,
o, məndən on yaş kiçik...
Amma bu kiçikliyilə də
o, məndən iyirmi yaş böyükdü.
Çünki o, anasının ciyərləriylə
Şuşadan udduğu
sonuncu yudum havanı
düz iyirmi il böyüdüb içində.
***
Gecənin bir yarısı...
Yağışın səsinə bax...
Xışıldayan yarpaqlar
sanki əks-sədasıdı
yağış dualarının...
Bu yağış zümzüməsi
Haqqa yalvarışıdı
nəhayətsiz səmanın.
Sanki dəstəmaz alıb
namaza durub gecə,
Ay gecənin alnında
möhür yeri kimidir...
Ulduzlar təsbeh kimi
gecənin əllərində...
Allahın adlarını
bircə-bircə zikr edir.
Sanki mömin insantək
gecə işa namazında
Allaha təzim
edir.
***
Yox, çığırıb-bağırmaq lazımdır...
Pəncərəni açıb
guya özünü
atırmış kimi
sallamaq lazımdır ayaqlarını
aşağı...
Yoxsa bir-birinə söykənmiş
bu on altı mərtəbəli
binalarda yaşayan
bəxtəvər insanlar bilməzlər ki,
aylardı lifti işləməyən
bir doqquzmərtəbə
binanın
düz doqquzuncu mərtəbəsində
bətnində doqquz aydır
çıxa bilməyən
şeirləri çürüyən
bədbəxt bir şair var...
***
Əllərimə heç vaxt dəyməyən əllər
nə bilsinlər ki,
necə soyuq olur əllərim...
qışda da, yazda da,
yayda da, payızda da...
Bilmirəm əvvəlcədənmi
ölümə hazırlayır
özünü...
Hansı
bir fəsildəsə
xəyal edir
öz bəyaz, çəhrayı,
yaşıl, qızılı
ölümünü...
Ya sevgisiz ölüb gedəcəyi
düşüncəsi dondurub
damarındakı qanını,
ya sevmədən
sevgidən yazdığı
şeirlərin
ölüm qorxusudur
bürüyüb canını...
***
Varmı bu dünyada məntək olanlar?
Yorğun
qollarımdan qaralmış
göylər
yüz pudluq daş kimi asılıb
qalıb.
Yüz ildi Allaha sarı
gedirəm,
Orda bir məzarım qazılıb
qalıb.
Niyə
belə qərib, bu qədər yaddı
üstündə gəzdiyim
bu tanış torpaq?
Sanki Allah
məni sürgünə
atıb,
Bura qumlu vadi, sarımtıl quraq.
Bəlkə yüz il əvvəl dünyaya gələn
birinci ruhumun günahlarıyam?
Bəlkə sinəsinə güllələr
dəyən
bir nakam şairin son ahlarıyam?
Gözümə dirənən qapı-pəncərə
elə bil sabah yox, ölüm
gətirir.
Şüşə arxasında solğun
mənzərə
içimə qəribə
hüzün gətirir.
Varmı bu dünyada məntək olanlar?
Ruhumun məskəni
darma-dağınıq.
Pəncərəm önündə saç-baş
yolanlar,
Ağac da olsanız, elə yaxınıq.
Çıxıram küçəyə, üstümə çökən
yerlərə, göylərə
deyim gəlirəm.
Bu cansız bədəndə
bir can var ikən
ruhumu Allaha qurban deyirəm.
Etiraf olunmayan sevgi
Nə sən onu tanıyırdın,
nə də o səni...
Hər gün gedib-gəldiyiniz
yollarınız birdi.
Hər gün bir avtobusa
minərdiz
səhər-axşam...
Sən çox vaxt oturardın,
osa bir küncdə durub
baxardı sənin
həyəcandan
əlindəki dəsmalı
bürüb-büküb, sonra təzədən açan
sürətli barmaqlarına...
Bəlkə düşünərdi ki,
o barmaqlar o cür sürətlə
pianinonun ağ-qara
dillərində də
rəqs eləyir,
ya da vərəq üstündə
ora-bura qaçışan
sözlərin dalınca
düşüb
onları tutmaq istəyir...
Salmaq istəyir bir vəznə, ahəngə,
sonra da ad qoymaq istəyir...
ya şeir, ya hekayə, ya da kiməsə
heç bir zaman verilməyəcək
sevgi məktubu...
Sonrasa eyni bir yerdə
düşərdiz...
Sən tutacaqlardan tutub
yavaş-yavaş pillələrdən enəndə,
o barmaqlarının
tutacaqlarda qalan istisinə
tutardı əlini
və düşünərdi
ki,
o qız heç vaxt imkan verməz
əlləri əllərində
isinə.
Ovcunda saxlayardı
əllərinin istisini,
soyuq qış günlərində
qızınmaq üçün
avtobus dayanacağında
küləyin şiddətli
həmlələrinə
güclə tab gətirən
ağac kimi
yellənə-yellənə...
Bir-birinizə yad
və bu qədər tanış...
Və bir tək sizi
təpədən-dırnağa kimi isladıb
səhər yuxusundan
oyadan yağış
söyləyərdi sizə
hərdən:
danış ona hər şeyi, danış.
Sevginin həndəsi təzahür
İki
nöqtədən keçən bir düz xətt kimi
keçdi
içimizdən sevgi...
O iki
nöqtəyə bir nöqtə də əlavə eləyib,
ondan
iki xətt keçirib
üçbucaq
da edə bilərdik...
O iki
nöqtəyə iki nöqtə əlavə eləyib,
ondan
üç xətt keçirib
düzbucaq
da edə bilərdik...
Ancaq
təəssüf ki,
ancaq
iki nöqtəni birləşdirən
bir
düz xətt kimi keçdi içimizdən...
Keçdi
bir anlığa, ləngimədi.
Nə
sağa buruldu, nə sola...
Sevginin
bütün bucaqları
boyunca
hərəkət etmədi.
Deməli
sevgi deyildi.
Bir skripka səsiylə inləyir
gecə
Bir
skripka səsiylə inləyir gecə,
Hansısa
notunu meh oğurlayır.
Bir
evin damına çıxıb gizlicə
Səsinin notunu orda arayır.
Re-minor ladında köklənib göylər,
Baxın gözləriylə baxır
ulduzlar.
Kimsə
pəncərədən gözünü
döyər,
Qəmli
orkestrdən olubdu bezar.
Kimsə
anlamaz ki, Ay niyə solub
İlahi
musiqi melodiyasında.
Nə
bilsin buludlar nə üçün donub,
Duruxub yer ilə göy arasında.
Belə
bir söz var ki, Haqq
hüzurunda
Mələklər də Baxı ifa eləyir.
Mənim
ürəyimin qatı
buzu da
Re-minor melodiyasında əriyir.
Bir skripka səsiylə inləyir gecə,
Son notu qəlbimdə
gizləmişəm mən.
Baxıb
gözlərimə kimsə
xəlvətcə,
Anlarmı o notu necə sevirəm?
***
Yaşamağa gecikdim...
Vağzaldan çıxıb
ünvanına vaxtında
yetişməyən
qatar kimi
zəifdi
sürətim...
O
qatarı
qəfil
qarşısına çıxan
yaralı
maral mərhəməti
ləngitmişdi...
Məni isə sevgisizliyin
ömrümdən
ötüb keçən
ekspress
qatarının
qurtarmaq
bilməyən karvanı...
***
Ağacın
budaqları torpağın Allaha
dua
üçün açılan əlləridi...
Yaşıl
yarpaqları duaları.
Yağış
yağır,
yuyur
yaşıl yarpaqları..
Külək
budağından qoparıb
sonsuzluğa
aparır...
Allahın
hüzuruna tərtəmiz gedir
yarpaq dualar.
***
Lampa
işığı tavandan sürüşdü,
soyuq
döşəməylə öpüşdü...
Döşəmədə
ləpir-ləpir gəzişən,
ayaqları
bir-birinə ilişən
kölgələrini
qucağına aldı...
Bir
az xəyala daldı,
keçmişi
yada saldı...
Yadına
düşdü
çıraq
olduğu vaxtlar,
çıraqdan
axdığı vaxtlar...
Yuxarıdan-aşağı
deyil,
aşağıdan-yuxarı
baxdığı vaxtlar...
Bu dəm
uşaq gəldi,
söndürdü lampa işığını.
Eh insan, insan...
Qoymur ki, heç nəyi
öz ilkinliyində qalmağa...
Ədalət.-2013.-30
yanvar.-S.6.