XOŞBƏXTLİYİNİ
ETİRAF EDƏN ŞAİR
"Könül səltənəti" kitabı
barəsində düşüncələrim
Öncə
ordan başlayım ki, Azərbaycanın tanınmış
söz adamları sırasında özünəməxsus yeri
olan Rafiq Yusifoğlu poeziya dünyamızda öz
imzasını kifayət qədər sevdirə bilib. Yəni
bu imza istər elmi araşdırmalarda, istər poeziya
axarında, istər nəğmələrdə, istərsə
də baş redaktoru olduğu "Göyərçin"
jurnalında oxucular tərəfindən gözlənilir,
axtarılır, izlənilir.
Uzun
illərdən bəri şəxsən
tanıdığım və
yaradıcılığının böyük bir hissəsi ilə
şəxsən ünsiyyət qurduğum, baş-başa
qaldığım Rafiq Yusifoğlu bir söz adamı kimi
özü həmişə arxa planda dayanır.
Bir
addım sözündən geridə dayanıb,
sözünü oxucuya təqdimatsız təqdim edən Rafiq
Yusifoğlu birmənalı olaraq başını
aşağı salıb öz dünyası ilə. Öz qələmi
ilə yol-yoldaşlığı edir. Onun
dünyasının qapısı da, pəncərəsi də,
yolu-yolarası da sözdü, qapı-pəncərəsi də
elə o dünyanın işığı da, sərhədləri
də. Mən Rafiq Yusifoğlunu tanıdığım,
mütaliə etdiyim gündən bəri özüm
üçün müəyyənləşdirmişəm ki,
Rafiq Yusifoğlu sözdən uzaqda yaşaya bilmir. Onun nəfəsi
də sözdü, qidası da sözdü,
bütövlükdə sözdən yoğrulub Rafiq
Yusifoğlu. Görünür, bu qənaətində
yanılmadığını sübut etmək
üçün Rafiq Yusifoğlu yazıb bu şeiri:
Ağlayıb
gülürəmsə,
xoşbəxtəm,
Allahım!
Kiminsə
xoşuna gəlirəmsə,
xoşbəxtəm,
Allahım!
Sənin
yaratdıqlarını
sevə
bilirəmsə,
xoşbəxtəm,
Allahım!
Doğrudan
da, belə dərindən düşünəndə, məhz
bu şeirin içərisinə girəndə xoşbəxtliyin
hər kəsin öz ovcunun içində görməmək,
ona sahib çıxmamaq adama bir az qəribə gəlir. Yəni
qarşında olan xoşbəxtliyi doğrudanmı görə
bilmirsən? Axı xoşbəxtlik üçün çox
adi, çox elementar şeylər gərəkdir. Taxt, tac,
villa, pul-para, şöhrət, mənsəb yox, məhz Rafiqin
dedikləri gərəkdi insana xoşbəxt olsun.
Yəni
ağlayıb gülə bilsin, sevə bilsin, düşünə
bilsin, duya bilsin və bir də kiminsə xoşuna gələ
bilsin. Zənnimcə, bu, şairin xoşbəxtlik barəsindəki
konkret bir riyazi düsturudur. Mən bu düsturu
alqışlayıram.
Rafiq
Yusifoğlu məhz o düsturdan çıxış edərək
təbiətə də heyranlığını, sevgisini
çox rahatlıqla ifadə edib. İstər gül
bayramı olsun, istər lalə dənizi, istər
Bakının küləkləri, meşələr, ormanlar, fərqi
yoxdur. Bunların hamısına Rafiq Yusifoğlu həmin
düsturdan yanaşır və yazır:
Meşəyə
heyrətlə baxıram,-
Meyvə
ağacları kimi
çiçəkləyib
içim də...
Bəbəklərim
bahar
buludlarına
bənzəyir,
-
Bir
leysan uyuyur
içimdə...
Ürəyim
səksəkədə
gözlərimsə
uşaqlara
baxır...
Meşəyə
bahar,
qəlbimə
isə
həsrət
yağışları
yağır...
Bəli,
doğrudan da dünyaya içindəki sevgidən baxa bilsən
onun sirlərinə də yol tapa bilərsən. Özünə
də, hətta sirlərindən agah olduğun,
yaşadığın bu dünya səni öz gözəlliyi
ilə, öz sehrləri ilə dərddən-qəmdən
çəkib qopara bilər. Təəssüf ki, biz bəzən
bunun fərqinə varmırıq. Eləcə dərdin, qəmin
yaxasından yapışıb ancaq onun izlərini
ömrümüzdən silməyə cəhd göstəririk.
Belə olan halda isə ömrün qayğılar içərisində
necə keçdiyindən bəzən xəbərimiz də
olmur. Xəbər tutanda isə... Rafiq Yusifoğlu yazır:
Qoymadı
səpdiklərim
bitə,-
ələndi
qar şuma...
Ürəyin
böyük sevgiyə
hazır
deyildisə,
Niyə
çıxdın
qarşıma?
Doğrudan
da sevgi adlı uzun, ağrılı-acılı, oddan-alovdan
keçən yola hazırlıqsız çıxmaq nə
deməkdir? Ümumiyyətlə, bu kimə lazımdır? Zənnimcə,
sevənlərə gərək deyil. Heç onlar bunun izinə
də düşmürlər. Olsa-olsa sevgini əyləncə
sayanlara, sevgi ilə oynayanlara gərək ola bilər. Olsun. Bəs
son? Sonda dörd divar arasında qalmaq, atılmaq, sınmaq necə
bəs? Onu göz önünə alırsınızmı?..
Mən
Rafiq Yusifoğlunun üç fəsildən ibarət olan
kitabını oxuduqca yuxarıda vurğuladığım
sualların cavabları ilə hər misrada
qarşılaşdım. Mənə elə gəldi ki, Rafiq təkcə
yaşadıqlarını, duyduqlarını yox, həm də
özündən bir addım qabaqda olan sözünün diqtəsi
ilə tablo çəkir. Bu tabloların hər birində məhz
yaşamın, yaşanacaqların cizgiləri
üzümüzə gülümsəyir. Bu təbəssüm
həm də bir işıqdı.
Elə
bil ki, asılıb
Qəlbim
göy qurşağından.
Yol
gedirəm gecələr
Sevgimin
işığında.
Həsrət
nuru bərq vurur
Damlasında
yağışın.
İçimi
nurlandırır
Onun
bircə baxışı...
Və
yaxud:
Daha
sevinc boylanacaq gözündən,
Əzabların
baş götürüb gedəcək.
Mənli
dünya səni aldı özündən
Mənsiz
dünya səni xoşbəxt edəcək...
Və
yaxud:
Dərdin
əlləri var sənin yaxanda
Gözlərin
önündən duman, çən keçir.
Tanrı
dərgahından yerə baxanda
Səni
xoşbəxt görmək könlümdən keçir...
Zənnimcə,
son dərəcə səmimi hisslərin, etirafların
işığında ancaq sevməyi, sevilməyi
düşünmək dünyanı başdan-başa
işıqda görmək mümkündür.
Çünki
şair bütün varlığı ilə öz ürəyini
alovlandırır, öz varlığını da o alova
bükür və sərgiləyir oxucunun
qarşısında. Əslində Rafiq Yusifoğlunun
sözü budur, poeziyası budur! Özü də
vurğulayır ki, başqasının sevincinə sevinməyən
tənhalığa məhkumdur. Rafiq həmin fikri poetik olaraq
belə misralayır:
Təkcə
özünü düşünən
Cücərə
bilməyən
çürük
tumdu.
Heç
kəsin sevincinə
şərik
olmayan
tənhalığa
məhkumdu...
Bəli,
mən Rafiq Yusifoğlunun poeziyasında böyük etiraflarla
da üz-üzə gəldim.
Həmin
etirafların hər biri də şairin özünün
özündən sorğusudu, özünün özünə
diqtəsi, özünün özündən cavab umması,
özünün özü ilə bir növ haqq-hesab çəkməsidi.
Bax, bu şeirdə olduğu kimi:
Mən
ki, sənə heç zaman
əziz
olmamışam,
indi
bu nə umu,
bu nə
küsüdü?
Gizli
yazışmaların
sənin
qəlbinin
güzgüsüdü...
"Könül
səltənəti"ni oxuduqca Rafiq Yusifoğlu
poeziyasının könlümə hakim olduğunu bir daha hiss
etdim. Və birmənalı olaraq duydum ki, söz qələmlə
ürək arasında körpüdü. Ürəkdən qələmə,
qələmdən kağıza, kağızdan isə təkrar
oxucu könlünə qayıda bilən söz yaşayan
sözdü. Rafiq Yusifoğlu yaşayan sözün sahibidir.
Mən
bu kiçik qeydlərimi elə onun öz misraları ilə
yekunlaşdırıram. Düşünürəm ki, bu
misralar qələm dostum barəsində söylədiyim fikirlərin
daha bir sübutu olacaq:
Məni
dinc durmağa qoymur ürəyim,
Qaynar
ocaqların közü məndədir.
Bu
gözəl dünyadan doymur ürəyim,
Elə
dünyanın da gözü məndədir...
Əbülfət MƏDƏTOĞLU
Ədalət.-2013.-30 yanvar.-S.6.