BİR DUYĞUNUN İKİ DİLDƏ İFADƏÇİSİ

 

Söz adamı Səkinə Sadiqin doğum gününə

 

Çoxdan tanıyıram Səkinə xanımı. Tanışlığımızın da səbəbi SÖZ olub. Belə ki, həmişə sözün içində olan Səkinə Sadiq bir neçə il öncə redaksiyamıza gəlmişdi. Özünü ədəbiyyat adamı kimi təqdim edən bu xanım müasir ədəbi proseslərdən, sözə münasibətdən, xüsusilə rusdilli ədəbiyyatımızdan ürəklə danışdı. Onun fikirləri, sözə fərqli münasibəti diqqətimi çəkdi. Və beləcə Səkinə Sadiqi tanıdım...

İllər ötdü, bu tanışlıq dostluğa çevrildi. Ortaq dostlarımız, xüsusilə dəyərli söz adamı, naşir, türk dünyasında, Azərbaycanın hüdudlarından kənarda gənc yaşından özünü təsdiq etmiş Elçin İsgəndərzadə bu əlaqələrimizin möhkəmlənməsində xüsusi rol oynadı. Ardıcıl olaraq müxtəlif ədəbi məcmuələrdə, günümüzün sayılan KİV-lərində Səkinə Sadiqin imzasını gördükcə mən də sevindim. Onun etdiyi tərcümələr, publisist yazılarım, mövzuya yanaşma tərzim bu istedadlı xanımın sözə necə dəyər verdiyini bir daha ortaya qoydu.

Artıq "Vektor" Beynəlxalq Elm Mərkəzinin koordinatoru olan, uzun müddət ölkəmizdə ziyalılıqla bağlı layihələrin müəlliflərindən sayılan, həmin layihələrin həyata keçirilməsində çox böyük işlər görən Səkinə Sadiq üç kitab müəllifidir. Onun kitablarında şeirləri, qəzəlləri, rübailəri, eləcə də seçilmiş publisist yazıları yer alıb. Bir məqamı xüsusi vurğulamaq lazımdır ki, Səkinə Sadiqin yaradıcılığının böyük hissəsini rus dilində araya-ərsəyə gətirdiyi bədii nümunələrdir. Paralel olaraq Səkinə xanım öz şeirlərini, yəni yaradıcılıq nümunələrini doğma dildə də oxuculara təqdim edir. Digər tərəfdən Səkinə Sadiq həm də Azərbaycan oxucuları üçün, ilk öncə isə uşaqlarımız üçün digər dillərdən, o cümlədən rus dilindən bir-birindən maraqlı tərcümələr edir. Artıq onun tanınmış rus şairi Sergey Mixalkovun uşaqlar üçün yazdığı şeirlərdən ibarət bir kitabı Azərbaycan dilinə tərcümə olunub və işıq üzü görübdü.

Bu gün doğum gününü qeyd edən Səkinə Sadiq elmi araşdırmaları ilə yanaşı, ictimai fəaliyyətini də bir gənclik həvəsi ilə davam etdirir. İndiki vaxtda ədəbiyyat adamı olmaq, iki dildə yazıb yaratmaq o qədər də asan deyil. Baxmayaraq ki, rus və Azərbaycan poeziyasının qaynaqları fərqlidir, bu ədəbi mühitlərdə mənzərələr də daha çox milli kökə söykənir, ancaq hər iki poeziyanın yolunu, dəst-xəttini, çalarlarını özünəməxsus şəkildə mənimsəyən və ondan istifadə etməyi bacaran Səkinə xanım müraciət etdiyi bütün mövzularda öz nəfəsini hiss etdirməyi bacarır. Onun uşaqlıq illərinə səyahətlə bağlı yazdığı bir şeirdə vurğuladığı bir məqamı xüsusilə qeyd etməliyəm:

 

Dedilər: "görüşə gəlmişdik biz də,

Sənin möcüzəli uşaqlığından".

 

Həqiqətən də hər birimiz bir fərqli, bir möcüzəli uşaqlıq yaşamışıq. O uşaqlığın bir şirin anı da var - o da doğum günüdür. Mən də sevimli ədəbiyyat adamı, dəyərli söz sahibi olan Səkinə Sadiqi məhz doğum günü münasibəti ilə təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzu edirəm.

 

Azərbaycan Salnaməsi

Misilsiz sərvətim, bollu varım var,

Neft səltənəti tək bir diyarım var.

Millətlər içində imza atmağa

Azərbaycan, külli ixtiyarım var.

 

Böyük səlnamədir torpağın, daşın,

Nələr çəkmiyibdir bəlalı başın

Tarixdən boylanır Cavidan, Aqşin,

Babək tək igid qəhrəmanın var.

 

Türkün türk olubdur həmişə yarı,

Füzuli, Nizami türkün vüqarı.

Çəkilib ortaya - Arazdan barı

Məmməd Hüseyn təki Şəhriyarın var.

 

 

Azəbaycan Naminə

 

Oba-oba, şəhər-şəhər parçalandıq.

Zaman keçdi - haçalandıq.

Ayılmadıq bundan, heyhat

İçimizdə özümüzlə qovğa saldıq.

Biz, dübarə haçalandıq, parçalandıq:

 

İqtidar bir cəbhə oldu, bir cəbhə - müxalifət.

Bəs deyilmi yumruqları silkələdik bir-birinə,

Yetər artıq, meydanlarda haray saldıq küy xətrinə.

Fövqəladə an yetişib, silahını al döşünə.

 

Tələb edir indi zaman

Tamam başqa bir hərəkat,

Azərbaycan naminə,

Böyük Vətən naminə!

 

 

SƏNSİZ

 

Sənsiz sənləydi dünyam bəxtəvər

Bütün varlığıma sən idin hakim.

Üz-üzə dayandıq soyuq, birtəhər,

De kimdi əzizim, günahkar de, kim?

 

Tanrı xatirinə nədir bu qəhər,

Hər gün üzümüzə gülürdü qəhər.

Daim uzaqlarda olurdun ancaq,

Səndən ayrılıqda duymurdum kədər...

 

Sənsiz sənləydi ruhum, həm canım,

Bəs niyə görüşdük de yadlar kimi...

Göylərə and olsun sevgimizlə biz -

Doğulduq cüt qoşa qanadllar kimi...

 

 

FÜRUZƏ RƏNGİNDƏ XƏZƏR

 

Füruzə rəngində Xəzər,

Mavi Xəzər, gözəl Xəzər.

Sahilində sevgililər qoşa gəzər,

Gələcəyin təməlini qoşar, düzər.

Mavi Xəzər.

Qoynuna almısan şəhər

Qədim şəhər, qala şəhər-

Səni sevər.

Qucaqlaşıb öpüşürsən axşam, səhər,

Bu əbədi simfoniya

Şairlərə, rəssamlara

İlham verər.

Qərinələr yola salar, əsrlərə salam deyər,

 

 

Füruzə rəngində Xəzər.

 

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.-2013.-29 yanvar.-S.6.