Əlisəmid Kür: "Elə bilərlər
qumar oynayıb ev-zad yıxmışıq"
Ədəbiyyatımızda
adları "itirilmiş ədəbi nəsl"in nümayəndələri
kimi hallanan 80-ci il ədəbi nəslin nümayəndələri
ilə söhbətə start verildi! Layihənin ilk
qonağı tanınmış şair Əlisəmid
Kürdü.
- Əlisəmid,
redaksiyamıza xoş gəlmisən. Qoy, elə, əvvəlcə
iş-gücdən başlayaq, neçə ildir işsizsən?
- Dəvətə
görə çox sağ olun! Mən, demək olar ki,
1993-cü ildən işsizəm.
-
Sonuncu dəfə harda işləmisən?
- Sənin
də bildiyin kimi sonuncu dəfə "Yol" ədəbiyyat
qəzetinin baş redaktoru olmuşam. Publika üçün
demək istərdim ki, "Yol" ədəbiyyat qəzeti Ədəbi
Tərcümə Mərkəzinin mətbu orqanı olub. Mənə
qədər qəzetə tanınmış tənqidçimiz
Məti Osmanoğlu başçılıq edirdi.
-
"Yol" qəzetindən ötrü darıxırsan? Yəni
o tipli yeni bir qəzet buraxmaq istərdinmi?
-
"Yol" qəzeti üçün elə də
darıxmıram, çünki orda kifayət qədər
ürəyimizi boşaltdıq, ancaq bu gün belə bir qəzeti
mənim öhdəmə versəydilər, məmnuniyyətlə
yeni formatda, yeni estetikada gözəl bir qəzet buraxardım. "Yol"
qəzetindən sonra ən çox bəyəndiyim ədəbi
qəzet sizin dərc elədiyiniz "Proloq" qəzeti oldu.
Qəzet ədəbiyyat fədaisi, əziz dostumuz Tahir
Kazımlının şəxsi təşəbbüsü və
maddi dəstəyi ilə çıxırdı. Çox
heyflər olsun ki, o qəzetin də ömrü çox uzun
olmadı. Ancaq çox istərdim, ədəbiyyatımızın
gəlişməsi, yeni ədəbi qüvvələrin ortaya
çıxması üçün belə qəzetlərin
sayı və ömrü uzun olsun.
- Bəs
necə dolanırsan? Yaxşı, bilirəm necə
dolanırsan, sadəcə, publika üçün
soruşuram.
-
Şəxsi dostlarımın maddi dəstəyindən
asılıyam. Belə baxanda, xətrimi istəyən dostlar
çoxdur. Yaşayışımdan narazı deyiləm.
- Biz
neçə illərin dostuyuq, ona görə sənin ailə
tarixçəni çox yaxşı bilirəm. Hazırda
yaşadığın sənin 3-cü ailəndir. Sonuncu həyat
yoldaşından bir qızın var. Mənə həmişə
deyirsən bu uşaq nəvəm yerindədi. Ən kiçik
qızınla necə davranırsan, ata-bala kimi, yoxsa nəvə-baba
kimi?
- Bu
balaca qızımla mənim hisslərim bir-birinə
qarışıb, onu gah qızım, gah da nəvəm kimi əzizləyirəm.
Şəklini sənə göstərmişəm, heyrətamiz
dərəcədə o biri qadından olan böyük
bacısına bənzəyir.
- Ata
bir, ana ayrı uşaqların bir-birilərinə necədirlər,
mehriban davranırlarmı?
- Mən
fürsət düşdükcə övladlarımla tez-tez
görüşürəm, onları bir-birilə
görüşdürməyə çalışıram.
Onlar öz aralarında həmişə mehriban və doğma
kimi davranıblar.
-
Oğlun Qorqud indiki balaca bacısını çoxmu istəyir?
- Hə,
əlbəttə! Qorqud bizə gələndə saatlarla
balaca bacısı ilə oynayır.
- Nə
yazırsan indi?
-
Silsilə yazılarım var, onun üstündə işləyirəm.
- Bir
dəfə demişdin, dəlixana haqda dram yazmısan. Niyə
üzə çıxarmırsan?
-
Gülmək üçün sənə bir söhbət eləyim,
bu yaxınlarda Oskara təqdim olunan filmlərdən birinin
adı "Sevgilim dəlidir" idi. Yəqin başa
düşdün söhbət nədən gedir. Belə
plagiatlıq eləyib pyes yazmağa nə var? Bizdə bu adda
yazılmış çox bədii əsərlər var. Mən
isə bacardıqca yazdıqlarımın sanbalına fikir verən
adamam. Yazdığım pyesi oxuyub rəy bildirməsi
üçün zövqünə hörmət elədiyim bir
neçə adama vermişəm. Hamısı da yüksək
fikir söyləyib. Orada söhbət insanın altıncı
hissinin təlatümlərindən gedir. Hələlik o hissi
ürəyimcə tapıb verə bilmədiyim
üçün pyesi tamamlaya bilməmişəm.
-
Yaradıcılıqla ardıcıl şəkildə məşğul
ola bilirsənmi?
- Mən
hər zaman, hətta bu dəqiqə də
yaradıcılıqla məşğulam.
- Ən
çox hansı ilə məşğulsan, arağı
çox içirsən, yoxsa şeiri çox yazırsan?
-
Arağı hamımız içirik dəə! Araq həm də
yaradıcılığın yorğunluğunu götürmək
üçündü.
-
Razıyam, araq həm də dostları baş-başa
yığmaq üçün bir vasitədi.
-
Bizdə bəzən yazarı pisləmək üçün
deyirlər, filankəs içəndir.
-
Sovet dövründə işsizləri, tüfeyliləri
qınağa çəkmək üçün onlara əyyaş
damğası vururdular...
-
İçməkdən, öz həyatımı olduğu
kimi yazmaqdan heç vaxt çəkinməmişəm. Mənim
belə bir şeirim var:
Hamı
iftar açır günah içində
Alqışla
hamını, alqışla, Allah.
Sənin
sağlığına içmişəm, Allah
Bağışla, sən Allah, bağışla, Allah.
-
Stalin dövründə yazıçını cəzalandırmaq
üçün birinci tənqidçiləri işə
salırdılar. Tənqidçilər yazarı
"yıxıb-sürüyəndən" sonra onun
"leşini" necə istəyirdilər elə də cəzalandırırdılar.
Bizim
indiki yaşlı nəslin canında bu xof indi də qalır. Çoxları
hələ də elə bilir tənqid olunan kimi sürgünə
göndəriləcək, yaxud güllələnəcək.
- Mən "Yol" qəzetinin baş redaktoru olanda
sevimli şairimiz Musa Yaqub redaksiyamıza gəlmişdi. Bilirsən ki,
mən redaksiya mühitində azadlıq yaratmış
adamlardan olmuşam. İllərlə
çap olunmayan, Mehdi Hüseynin tanıdığı ədəbiyyat
müəllimi, zəif şeirlər müəllifi
salyanlı Cəfər Mehdinin oğluyam. Allah
şans yaratdı, redaktor oldum. Redaktorluğum
sizin gözünüzün qabağında olub. Heç vaxt özümü baş redaktor kimi
aparmamışam. Musa Yaqubu
qarşıladım, görüşdük, redaksiyaya gətirdik.
Qəzetimizdə çap olunmaq
üçün şeirlərini gətirmişdi. Yadındadımı, redaksiyadakı azadlıq
ab-havasından ilhamlanan Musa Yaqub məndən soruşdu ki,
burda sizinlə içmək olarmı? Mən də
dedim, olar nədi, mütləq lazımdı! Balaca
dar otaqda yeyib-içdik. 1992-ci il idi,
Musa Yaqubun dediyi söz indiyə kimi də yadımdadır.
"Ömrüm boyu istəmişəm, bir ədəbi qəzetimiz
ola, oturub baş redaktorun otağında
yeyib-içək. Əli Kərimdən
üzü bəri, "vurmağa" getmək
üçün bir-birimizi him-cimlə, göz vurmaqla
çağırmışıq. Bir-birimizlə
pısın-pısın, xısın-xısın
danışıb "Cənub"un altında oturmağa
qaçmışıq." Bundan gözəl
heç nə yoxdur. Mən bunun təməlini
qoyanlardan olmuşam.
- İndiki ədəbi vəziyyəti necə qiymətləndirərdin?
- Ədəbiyyatımız indi xaos içində
olduğuna görə çox narahatam. Görürsən,
çox vaxt ədəbi məclislərdə əsl
yazıçılar bir kənarda qalır, ancaq ədəbiyyata
dəxli olmayanlar yuxarı başa keçib. Belələrinə
demək istəyirəm, a kişi, bu meydan
o meydandan deyil! Meydanları səhv salma! Bu cameədə
qabağa çıxmaq sənin işin deyil. Mən bunlarla mübarizə aparan adamam,
sözümü də üzlərinə dediyim
üçün pis olmuşam. Bu
yaxınlarda Azərbaycanın Xalq Yazıçısından
müsahibə alırlar və Folknerə, Heminqueyə verilən
sualları ona verirlər. O da bu suallara bəh-bəhlə
cavab verir. Yazığın xəbəri yoxdur ki, bu suallar 50 il əvvəl Folknerə verilib.
- Sən
70-ci illərdən bu tərəfə çap olunmusan. Ancaq
80-ci il ədəbi nəslinə mənsub
hesab olunursan. Çox adam 80-ci illər nəslini
- Əlisəmid Kür, Tofiq Qaraqaya, Adil Mirseyid, Adil Şirin,
Zahid Sarıtorpaq, Şaiq Vəlini itirilmiş, unudulmuş nəsil
hesab edir.
- Yazıçılar Birliyinin növbədən kənar
plenumu keçirilirdi. Elçin Əfəndiyev orda
çıxış etmişdi. O vaxt mənim dörd
şair - Nizami Aydın, Xanəmir, Mətləb Ağa və
Dəyanət Osmanlı haqda "İlham" qəzetində
"Kompas: uğurlu yol" adlı yazım
çıxmışdı. Ondan bir ay sonra
"itirilmiş nəslin" söhbəti plenumda müzakirəyə
çıxarıldı. "İtirilmiş
nəsil" söhbətini ilk dəfə Elçin Əfəndiyev
qaldırıb. Onun söhbəti təxminən belə
qurtarırdı: "Arada bir nəsil itib. İndi
Əlisəmid Kür cavan nəsli təqdim edir".
Plenumdan sonra Elçin müəllim mənə dedi ki, Əlisəmid,
adını çəkdim haa! Guya onun bu jesti məndən
ötəri böyük bir şey idi.
- Bu ifadə
ilə razısanmı? Məsələn, Zahid
Sarıtorpağı, Adil Mirseyidi, Vəli
Xıramçaylını, Şaiq Vəlini, Saday
Budaqlını itmiş ədəbiyyat hesab eləmək
olarmı?
- İndi yaxşı-pis yazıdan söhbət getmir. Yazın varsa
çap oluna bilərsən. O vaxt ümumiyyətlə,
çap olunmaq problemi var idi. İndi çap
olunmaq problemi yoxdur, ancaq yaxşı yazı yoxdur. Bu nəslin yazıları vardı, ancaq çap
oluna bilmirdilər.
- Anar Yazıçılar Birliyinin sədri olandan sən
ona qarşı hücum kampaniyalarında iştirak etməmisən
və hər zaman kənarda durmusan. Anar müəllimin adına
hörmətlə yanaşmısan. Bir dəfə də mənə
demisən o adama qarşı ona görə getmirəm ki,
üç nöqtə...
- İcazə ver o üç nöqtəyə
aydınlıq gətirim. Mən Anar müəllimi
şəxsiyyət kimi də, yazıçı kimi də
çox istəyən insanlardanam. Anar
müəllim "Qobustan" jurnalını buraxmış,
o yazıları yazmış yazıçımızdır.
Mən istəyərdim ki, o, beş il də
işləyib, sonra getsin. Yazıçılar
Birliyi ilə ən yaxşı bacaranı odur. Allaha and
olsun, Anar olmasa o idarə bir hala düşər ki! 1850 nəfər üzvü olan təşkilatı
idarə etmək asan deyil.
- Öz
aramızdı, Birliyin 1850 üzvünün olması
Anarın şəxsi günahıdı. Bu kişi
Yazıçılar Birliyini kolxoza döndərib, lakin sən
ona həmişə loyal münasibət bəsləmisən. Ancaq mənə bəzi söhbətlər elədiyinə
görə səni yaxşı başa düşürəm.
Kişi gərək yaxşılıqları da unutmasın...
- İki
dəfə Ukraynanın Xarkov şəhərində adam soymaq maddəsilə həbs olunmuşam. O
vaxtlar təzə-təzə çap olunurdum. Türmədə
olanda Anar müəllim mənə qayğı göstərib.
Xəlil Rza mənə göndərdiyi məktubda
"Azərbaycanın Xalq Şairi Əlisəmidə Azərbaycanın
Xalq Şairi Xəlil Rzadan" yazmışdı. Onda heç Xəlil Rzanın özü Xalq
Şairi adı almamışdı. Bu mənə
qarşı böyük jest idi. Aləm
bir-birinə dəymişdi. Orda bilirdilər
ki, mən yazaram. Yazılarım çap
olunan materialları gətizdirmişdim. "Yol"
qəzetini Anar müəllimin xeyir-duasıyla çıxarmışam.
İkinci dəfə türməyə
düşəndə mənə dedilər ki, sənin
şeirlərin "Min beş yüz ilin oğuz şeiri"
kitabına düşüb, bu jesti də mənə Anar eləmişdi.
Hər halda mənəvi bir dayaq idi.
- Bilirsən,
düzdü, bu söhbətlər artıq bizim
üçün öz qüvvəsini itirib, lakin, Yazıçılar
Birliyində istedadsız adamı qabardıb önə çəkəndə,
ona yersiz qayğı göstərəndə bəzi sadəlövh
gənclər hətta yaradıcılıqdan perikirlər...
- "Yol" qəzetinin baş redaktoru olanda Novruz
bayramı axşamı Yusif Səmədoğlunun yanına
getdim. Yazıçılar Birliyinin
aşağısında iki mənzil boşalmışdı.
Dedim ki, Yusif müəllim, bilirsinizmi, xalq Səməd
Vurğunu nəyə görə çox istəyir? Dedi, nə
olub? Dedim, aşağıda bir neçə
otaqlıq mənzil boşalıb, çağırın, Əhməd
Oğuzu, kirayələrdə qalan şairdi, açarı
verin ona, bayram günü onu sevindirin. Yusif
müəllim Çingiz Abdullayevi yanına
çağırtdırdı. Çingizdən
soruşdu ki, açar kimdədir. Çingiz cavab verdi
ki, açar məndədir. Dedi, açarı ver bu adama! Çingiz müəllim açarı verənə
kimi bizi boğaza yığdı, Əhməd Oğuz də
bezib o evə köçməkdən imtina etdi. Nə isə. Səməd
Vurğun təkcə şair yox, həm də el adamı idi.
Xeyirxah insanlar vəzifədə olanda çox
yaxşılıq edirlər. İndi ədəbiyyat
çətin bir ilğımın içərisindədir.
Plagiatlıq baş alıb gedir.
-
İndiki nəsil rus dilini bilmir deyə türk poeziyasını
yolub tökürlər.
- Bir
vaxtlar Milli Məclisdə İsmayıl Şıxlı Məmməd
İsmayılın "Kimi aldadırsan, a
zalımoğlu?" şeirindən sitat gətirmişdi. Yadıma
o düşdü, indi demək istəyirəm, kimi
aldadırsınız? Adlarını da çəkmək
olmur, o qədərdirlər ki! İstedadlı uşaqlar var.
Lap yeniyetmələrdən Aqşin Yeniseydi, Qismətdi,
Mövluddu... Ümumiyyətlə, belə baxanda ədəbiyyat
həm də tale məsələsidir. İndi hamı bu
meydanda at oynamaq istəyir. O vaxt Nemət Pənahlının
şeirlər kitabı çıxmışdı. Sabir Sarvan
onun kitabı haqqında yaxşı yazı
yazmışdı. Yazmışdı ki, "Bu meydan o meydan
deyil". Yazı heç Nemətin qəlbinə də dəyməmişdi.
-
Öz aramızdı, bir vaxtlar Əjdər Olun sənin haqda
yazdığı yazıdan möhkəm incimişdin. Yadındamı,
mən sənə dedim, Səmid, inciməyin yeri yoxdu, kişi
əla portret yaradıb...
-
Ümumi götürəndə pis yazı deyildi, səmimi
yazı idi. Əjdər Ol bizim maraqlı
yazıçılarımızdandır. İşlənilməmiş
mövzunu hamıdan qabaq götürüb, birinci özü
işlədi. Ancaq incikliyim orda idi ki, mənim haqqımda
yazdığı portret yox, karikatura idi. Rafiq Tağı haqda
yazdığı da yarı karikatura, yarı portret idi. Rafiq
haqda yazdığı yazıda belə bir yer vardı: "Əlisəmid
Rafiqin qabağını kəsib deyir ki, a kişi, burnunu
haralara soxursan? Səni vurub öldürəcəklər!"
İnanın ki, mən o sözləri Rafiqə bir neçə
il əvvəl öldürüldüyü yerdə
demişdim.
- Səmid,
yadındamı, biz Tərcümə Mərkəzində
işləyəndə həmişə maaşdan sonra
yığılıb qumar oynayırdıq?
- Hə,
o çox xoş günlər idi. Ancaq indi mən qumardan
danışmaq istəməzdim. Çünki oxuyanlar
düzgün anlamaya bilər. Elə bilərlər biz də
ciddi qumar oynayıb ev-zad yıxmışıq. Halbuki,
özün bilirsən, yığışıb dilxoşluq
eləyir, yeyib-içmək pulu uğrunda "mübarizə"
aparırdıq.
- Mənim
üçün çox maraqlıdı, sən qumarı
yaxşı oynayırdın, ancaq nədənsə, həmişə
yalnız mənimlə əlbir olurdun...
-
Düzdü, həə! Mən həmişə səninlə
əlbir olurdum, özü də sən qumarı o qədər
də yaxşı oynamırsan, çox vaxt pulları sənin
ucbatından uduzurduq, sonra mən səni kənara
çıxarıb təkcə oynayaraq uduzduğumuz
pulları geri qaytarırdım. Mən həmişə sənin
təmiz qəlbinə görə səninlə əlbir
olmuşam. İkimizin də pula münasibətimiz eynidi, həm
də ona görə birgə oynayırdıq...
-
Maraqlı söhbətə görə çox sağ ol!
- Məni
və bizim ədəbi nəsli yad etdiyinizə görə
hamınıza minnətdaram!
Murad KÖHNƏQALA
Ədalət.-2013.-30 yanvar.-S.8.