Çingiz Abdullayev:
"Yazıçı heç vaxt təvazökar ola bilməz"
"Ömür
boyu işləməsəm, divanda yatsam, acından ölmərəm"
Modern.az saytında"Pəncərə”layihəsinin budəfəki
qonağı Azərbaycan Yazıçılar Birliyinin katibi,
xalq yazıçısı Çingiz Abdullayevdir.
Adalet.az həmin
müsahibəni təqdim edir:
- Çingiz müəllim,
yaradıcı adamlar həmişə yenilik
axtarışında olur. Sizin
yaradıcılığınızda yeni nələr var?
-
Yaradıcılığımda yeni çox işlər var.
Yeni-yeni kitablarım çıxır, əsərlərimə
filmlər çəkilir.
- Bir
vaxtlar əsərlərinizə çəkilən filmlər
sizi qane etmirdi. Bu gün bir fərqlilik varmı?
- İndi də əsərlərimə çəkilən
filmlərdən razı qalmıram. Artıq əsərlərimə
2 serial və 7 film çəkilib. Bir
şeyi deyim, yazıçı heç vaxt razı qalmır.
Ona görə ki, yazıçı öz
dünyasını, rejissor da öz dünyasını
yaradır. Məsələn, Jorj Seminor
öz kinolarına heç baxmırdı. Hətta hirslənirdi. Aqata Kristi
də həmçinin. Düşünürəm
ki, belə də olmalıdır.
- Bəzən
yazıçıları hədsiz təvazökarlıqda
ittiham edirlər. Sizcə, yazıçı təvazökar ola bilərmi?
-
Yazıçı heç vaxt təvazökar ola
bilməz. Mən niyə görə yazıram?
Ona görə ki, yazdıqlarımı oxusunlar.
İstəyirəm ki, yazdıqlarımı
bölüşüm. Təvazökar
özü üçün yazır və evdə gizlədir.
Təvazökar yazır və istəyir ki evdə
arvadı oxusun. Yaradıcı adam
heç vaxt təvazökar ola bilməz. Heminquey
deyirdi ki, hər yaxşı yazıçının bir
oxucusu olmalıdır. Hüqo isə
deyirdi ki, yaxşı yazıçının 80 oxucusu
olmalıdır. Mənim 27 milyon kitabım
çıxıb. Ən azı 40-50 milyon adam
oxuyub. Hətta bilirəm ki, kitablarımı
neçə-neçə prezident, baş nazir oxuyub. Mən bu qədər oxucu auditoriyamın olmasına
sevinirəm.
- Çingiz Abdullayev bu
gün Azərbaycanda davamçılarının
olmadığını düşünürmü?
- Belə
düşünmürəm. Azərbaycanda 20-yə
yaxın dedektiv yazar var. Amma siyasi dedektiv janrda yazan yoxdur.
Əsərin oxunması janrdan asılı deyil.
Kitab maraqlıdırsa, onu oxuyacaqlar. Məsələn, nağılları götürək.
Coan Roulinq yazıb, onu oxuyurlar. Bu, janrdan asılı deyil. Bəzən
deyirlər ki, dedektiv yazsaydım məni də oxuyardılar.
Buyur, götür qələmi yaz, yaza bilməyəcəksən
axı. Mənim "Məhkumlar”
serialım yayımlananda jurnalistlər dedilər ki, axı, bu
dedektiv deyil. Mən müxtəlif janrlarda
yazıram. Beş ildir siyasi dedektiv
yazmıram.Kitabıma qadın adı qoyanda mənə dedilər
ki, niyə rus qadının adından yazmısınız.
Deyirdim ki, Azərbaycan qadınının
mentaliteti ona oxşamır. Qadının
hisslərini bir kişinin yazmasının çətin
olduğunu dedilər. Amma mən
yazmışam. İndi də mənə
deyirlər ki, bunu yazmaqda sənə qadınlar kömək
edib. Kişi heç vaxt belə mövzuda
yaza bilməz. Təbii ki, heç kim
kömək etməyib. Lev Tolstoy "Hərb və
sülh” əsərində qadının necə
doğduğunu yazmışdı. Halbuki,
Tolstoy heç vaxt doğmayıb. Onda o necə
yazmışdı?! Belə hallar da olur.
- 3-4 günə bir roman bitirdiyiniz
vaxtlar olub. Belə başa düşmək olarmı ki,
qayğılardan azad insansınız?
- Mən əsərlərimi
yazanda yaşamışam. Qəhrəmanlar mənimlə
mübahisə edir, fikirlərimlə razılaşmır.
Ona görə də mən işləyəndə
telefonları da söndürürəm. Bəzən
xaricdə gedib yazıram ki, mənə mane olan olmasın.
Təbii ki, hər kəs kimi mənim də
qayğılarım olur. Bu cür hallarda
qayğılardan özümü bilərəkdən azad edirəm.
- Siz bəzi
o tip yazıçılardan deyilsiniz ki, ailəsi,
uşaqları olmasın. Demək istəyirəm
ki, tənha deyilsiniz. Sizi ailədə
çox yaxşı anlayırlarmı?
- Məni
ailədə çox yaxşı anladıqlarına
inanmıram. Ona görə ki, mən 24 saat
kabinetdən çölə çıxmıram. Amma
artıq ailəm mənim halıma
alışıb. Uşaqlarım İngiltərədə
oxuyur, işləyir. Çox vaxt
yoldaşım da onların yanına gedir, mən də oturub tək
yazıram. Bu cür vəziyyəti qənaətbəxş
hesab etmirəm. İstəyirəm ki, onlar
da yanımda olsun. Uşaqlarım
kiçik olanda bilirdilər ki, ataları gecələr
yatmır. 1990-cı illərin əvvəllərində
hələ belə kompüterlər yox idi. Azərbaycanda ilk notebookda kitab yazan mən olmuşam.
Ona görə də ilk notebooku Bakıya gətirəndə
məndən soruşurdular ki, bu nədir? O vaxtlar
yazı makinalarından istifadə olunurdu. Onların
da səsi çox gur idi. Ona görə də
həmin makinaların altına kiçik balış qoyurdum
ki, səs olmasın, uşaqlar da otaqlarında rahat yatsın.
- Deyəsən, həm də
yaxşı boksçu olmusunuz?
- Məndən
boksçu olmaz. Ona görə də burnumu
sındırıblar. Güləş
üzrə isə bunu deyə bilmərəm. Hətta güləş üzrə Bakı
çempionu olmuşam.
-
Yazıçıların idmana o qədər də
marağı olmur. Sizdə idmana bu qədər
maraq hardan idi?
-
Yazıçıların əksəriyyəti filoloq olur. Amma mən hüquqşünas olduğuma görə
cavanlıqda idmana da marağım olub. Çox
təəssüflər ki, indi idmanla məşğul olmuram.
Vaxtım olmur. Amma xaricə
gedəndə ən azı 20-25 kilometr piyada gəzirəm.
Piyada gəzməyi çox sevirəm.
- Bunu Bakıda niyə etmirsiniz? Piyada gəzmək üçün
böyük bulvarımız var...
- Düz
deyirsiniz, amma, Bakıda alınmır. Ən
azı yaxınlaşıb mənimlə şəkil çəkdirənlər
çox olur. Bir dəfə Fərhad Bədəlbəyli
ilə bulvara gəzməyə çıxmışdıq.
O dedi ki, bizi 15 dəfə saxlayıb şəkil çəkdirəcəklər.
Mən də dedim ki, 20 dəfə. Düz 25 dəfə
bizi saxlayıb şəkil çəkdirdilər.
- Elələri
olur ki, oxucu ona yaxınlaşmaq istəyəndə dərhal
uzaqlaşır. Sizdə belə hallar olubmu?
- Qətiyyən. 30 yaşım olanda Amerikaya getmişdim. Ən sevdiyim yazıçı Rey Breyderin 75 yaşı var idi. Mən ona yaxınlaşıb şəkil çəkdirməyə utandım. İndiyə qədər təəssüflənirəm. Fkirləşirəm ki nahaq ondan utandım. Ona görə də indi kim gəlib mənimlə şəkil çəkdirmək istəyirsə, etiraz etmirəm. Bir də görürsən toylarda gəlinlə bəy yaxınlaşıb mənimlə şəkil çəkdirir. Deyirəm, əzizlərim, mən sizin yanınıza gəlib şəkil çəkdirməliyəm, siz mənim yanıma yox. Onları başa düşdüyümə görə etiraz etmirəm. Əgər kimsə yorulmuşam deyirsə, bunu oxucuya qarşı hörmətsizlik, hətta harınlıq kimi qəbul edirəm. Axı, insanlar bizdən pis şey istəmir. Səni sevir ki, səninlə şəkil çəkdirir də. Bəzən aftoqraf verməyə etiraz edirlər. "Vaxtım yoxdur” deyirlər. Axı niyə?
- Sizin
haqqınızda pis fikirlər səsləndirənlərə
geniş şəkildə cavab vermirsiniz. Bu nə ilə
bağlıdır?
- Mənə ünvanlanan pis sözlərə cavab yazmayanda deyirlər: "Niyə cavab vermirsən”. Deyirəm, mən milçəyə, ağcaqanada necə cavab verim. Hətta, həmin adamları ağcaqanad, milçək adlandırmaqla onları saymıram. Qoy onların heç olmasa bir milyon kitabı çıxsın. Mən də o zaman onları özümə bərabər səviyyədə görəcəm. Düzdür, cavab yazdıqlarım da var. Məsələn, Zori Balayana yazmışam. Hesab edin ki, öz vətənimi müdafiə etməli olduğumu nəzərə alıb yazıram. Amma Azərbaycanda kiməsə nəsə cavab verməyə, yaxud yazmağa rəqib görmürəm. Siyasi məsələlərə nəinki qarışıram, hətta yazıram da. Qarabağla bağlı kitablarım da çıxır. Haqqımda pis danışanlar ən azı düşünməlidir ki, mənim kitablarım 29 dildə çap olunub. Sən bir sətir yaz ki, onu 5 dilə tərcümə etsinlər. Əgər onu edə bilmirsənsə, sənə necə cavab verim?! Ona görə də heç kimə cavab vermirəm.
- Qarabağ
işğaldan geri qayıtmayana qədər
kitablarınızdan qonorar almayacağınızı demisiniz.
Təxminən nə vaxt dediyinizi xatırlayırsınız?
- Bəli, 1991-ci ildə belə demişəm. O vaxt SSRİ dağılanda
bilirdim ki, çətin olacaq. Çünki Xocalı faciəsi
oldu, ardınca Şuşa, Laçın,
Kəlbəcər də getdi. Hətta sonuncu dəfə
"Nərgiz” jurnalında mənə qonorar
yazmışdılar. Həmin qonorardan
imtina etdim. Dedim ki, mənə qonorar lazım deyil,
keçirin uşaq evinə.
- Siz həm
də imkanlı ailədə böyümüsünüz...
- İmkanlı yox, çox imkanlı ailədə
böyümüşəm. Atam pespublika prokuroru
olub. Baki şəhərinin birinci katibi, sonra da neçə
il Azərbaycan Vəkillər Kollegiyası
Rəyasət Heyətinin sədri olub. Sonradan 30
ildən çox Mərkəzi Komitədə işləyib.
Təbii ki, evimizdə böyük
kitabxanamız olub. İnandırım sizi,
atam dünyasını dəyişəndə 40 gün
çadırı yığa bilmədim. Naxçıvandan
belə adamlar axışıb başsağlığı
verməyə gəlirdilər.
-
Övladlarınız bir ata kimi sizdən razıdırmı?
Çünki onlara kifayət qədər diqqət ayıra
bilməmisiniz...
- Əvvəla, övladlarım deyir ki, yaxşı ata
olmuşam. Digər tərəfdən, fəxr edirəm ki,
qızım Mopassanı fransız dilində, Bernard Şounu
ingilis dilində, Dostoyevskini rus dilində oxuyub. 20 yaşında ən azı üç
yazıçının əsərlərini öz dillərində
oxuyan azərbaycanlı gənclər barmaqla sayılası qədərdir.
6-7 dildə təmiz danışan qızım
dünyada ən tanınmış London Universitetini bitirib.
İndi də oğlum orda təhsil alır.
Təbii ki, bir ata kimi övladlarımın belə
çalışqan olmaları ilə fəxr edirəm.
- Maraqlıdır, ilk
oxucularınız kimlər olub?
- İlk oxucularım atam və anam olub. Atam hüquqşünas
olduğuna görə biz nəinki ata-oğul, həm də
dost idik. Qızımın 14 yaşı olanda
bir kitabımı oxuyub yanıma gəlmişdi. Soruşurdu ki, bu əsərdəki baş qəhrəmanın
kimdir? Sənin kimi geyinir, sənin kimi balı
sevir, sənin kimi zarafat edir, sənin kimi saçında
tük azdır. Sən kimdən yazmısan
axı? Dedim, qızım başa düşmədin ki,
özümdən yazmışam. Qızım cavabında nə
desə yaxşıdır: "Ata, onu başa
düşdüm, axı sən onun kimi belə ağıllı
deyilsən”. Sonra qızımı başa
saldım ki, onu mən yazmışam, onun atası mənəm.
Ona görə də ondan ağıllı
olmalıyam. İndi də həmin əhvalatı
xatırlayanda gülürük. Heç
vaxt əlyazmalarımı heç kimə göstərməmişəm.
Yazılarım çap şəklində
çıxanda görürlər.
- Xanımınız
göz həkimidir. Ailə qurduğunuz gündən
onun sizin yaradıcılığına münasibəti yəqin
ki, çox əla olub?
- Xanımımın
yaradıcılığıma münasibəti çox pis
olub. Həyat yoldaşım bu gün də hesab edir ki, mən
alim olmalı idim. Öz peşəmin arxasınca getməli
idim. Gecələr yatmıram, hirslənir, gəlib deyir ki, niyə
bu qədər zəhmətlə çalışırsan? Həmişə
deyir ki, sən partiya işində çalışıb məmur
ola bilərdin. Amma sən səhərə qədər
yatmırsan, səhər gözlərin şiş vəziyyətdə
işə gedirsən. Ümumiyyətlə, bu cür
halımı bəyənmir. İnanın, nə qədər
orden-medal alıramsa onları gizlədirəm. Çünki həyat yoldaşım
hirslənir. Adam nə qədər orden-medal alar? Onu da deyim ki, bizim evdə "sən dahisən”
sözü yoxdur. Əksinə, hirslənib
deyir ki, sən alim olsaydın, digər insanlar kimi başqa vəzifədə
işləsəydin, heç olmasa gecələr rahat yata bilərdin.
Çünki hara gedirəmsə, kompüter yol
yoldaşım olur. Uşaqlarla da gəzməyə
gedəndə kompüteri özümlə aparıram. Bu da həyat yoldaşımı hirsləndirir.
Yaradıcı insana 100 ildən sonra dahi deyirlər.
Nizami Gəncəvi, Səməd Vurğun dahi olub. Mən, sadəcə yazıram. 10 il bundan qabaq Anar müəllim dedi ki Çingiz
düz demir. Onun yoldaşını da, iki
uşağını da tanıyıram. Arıq
uşaqlardır, bir belə adam işləməməlidir
ki, onları dolandırsınlar. Hamı bilir ki,
mənim nə restoranım, nə də mağazam var. Bilirsiz
ki, bizdə dəbdir. Bir az pul olan
kimi mağaza açırlar. Mən bunların əleyhinəyəm.
Bütün pulu
yaradıcılığımdan, kitablardan, kinolardan
qazanıram. Ondan başqa heç nəyim
yoxdur. İndi ömür boyu işləməsəm,
divanda yatsam, acından ölmərəm. Taleyim belə gətirib,
sonuncu 25 ili belə yaşamışam.
- Bugünkü məmurların
var-dövlətə olan hərisliyinə
ziyalılarımız mövqe bildirmir. Buo deməkdirmi ki, Azərbaycanda
ziyalı yoxdur?
- Sovet
dövründə bəzi ziyalılar mənim
üçün nümunə idi. İndiki ziyalıların
bəzisi pula, vəzifəyə görə sınıblar.
İlk növbədə ziyalılar deməlidir
ki, belə yaşamaq olmaz. 1917-ci ildə
SSRİ qurulanda elan elədilər ki, Allah yoxdur. Biz70 il allahsız yaşamağa başladıq. 1991-ci ildə SSRİ dağılanda bizə dedilər
ki, vicdan yoxdur, lazım da deyil. Başladıq
vicdansız, Allahsız yaşamağa. Son
5-6 ildə bizə deyirlər, Azərbaycanda ləyaqət
lazım deyil. Ləyaqətsiz yaşamaq
lap yaxşıdır. İndi də cəmiyyətimiz
Allahsız, vicdansız və ləyaqətsiz yaşayır.
Belə cəmiyyət hara gedəcək? Üzeyir Hacıbəyov gecə saat ikidə
küçəyə çıxanda bilirdilər ki, Monolitdə
papiros çəkəcək. Camaat
aşağıda yığışırdı ki, Üzeyir
bəyi görəcək. Yusif Məmmədəliyev
rektor olanda tələbələrə pul verirdi, pul
yığmırdı. İndiki rektorlar
pul yığırlar, utanmırlar. Başa
düşmürlər ki, tələbələr onları necə
lənətləyir. Akademiklər,
yazıçılar hörmətli insanlar olub. Akademikin maaşı bir maşının qiymətinə
bərabər idi. Mirzə İbrahimovun
"Azərbaycan dili dövlət dilidir” fikrinə görə
Xruşşov ona "siz faşistsiniz” demişdi. Hətta işdən də çıxartdılar.
İsmayıl Şıxlını götürək.
Cahandar bəy İsmayıl
Şıxlının özüdür. Bunlar
nümunə olmalıdır. Bir dəfə Heydər
Əliyev dedi ki, Əbülfəz Elçibəy
qaçıb, nə edək? Heydər
Əliyev İsmayıl Şıxlıdan da soruşdu:
"İsmayıl müəllim, siz ağsaqqalsınız,
deyin nə edək?” İsmayıl Şıxlı dedi ki,
müharibə vaxtı komandir qaçanda o komandir deyil. Ağsaqqalın bu sözündən sonra Heydər
Əliyev məsələni səsə qoydu. Bizim cəmiyyətdə belə
ziyalılarımız, yazıçılarımız olub.
Namidə
BİNGÖL
Ədalət.-2014.-26 aprel.-S.10.