MƏMMƏD ARAZ QAYASI

(poema)

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə jurnalistlər üçün tikilmiş binanın açılış mərasimindəki unudulmaz çıxışında Şuşa və Məmməd Arazı böyük sevgiylə xatırlayaraq məni bu poemanın yazılmasına ilhamlandıran əziz qardaşım Rəşad Məcidə sonsuz sayğı və şükranlarımla!

 

Araz axır - su ağlayır, çağlayır,

Araz axır... yolumuzu bağlayır...

Hər şairin ömründən

bir Araz çayı axır,

Hər şairin ürəyində min illərin

hayı, harayı axır.

Axır, axır, durulur,

axır min illər boyu.

Dağlar ayağa qalxıb

əsrlər arxasından

baxır min illər boyu.

Bura odlar yurdudu -

hər dağı bir ordudu.

Bu qədim məmləkətdə

hər şairin çiynində

bir durna qanadı var.

Hər şairin öz ilhamı,

öz şöhrəti, öz adı var.

bir hər şairin

adında Araz yaşayır.

Bu torpaqda şairlər qızılgültək

tez açılır, tez solur,

Şairlər az yaşayır.

Ordu-ordu qayalar arasında

Şairlər məşəl kimi

alışır, yanır, sönür.

Şair ölümündən sonra

ya bir yalçın qaya olur,

ya da bir daşa dönür.

Şair ölür, şeirləri diri qalır,

şeirləri vətəndaşa dönür.

Şair ölür, şeirləri diri qalır,

hər şeirdə şairin bir gizli sirri qalır...

 

"Bir qayaya söykənmişəm,

deyirəm kaş,

Bax beləcə daşa dönəm

yavaş-yavaş"...

 

Dağlara bax, daglara; -

dağlar dumandı.

Araza bax, Araza, -

Arazın suyu qandı...

Ağlama Ana Vətən,

sən hönkürüb ağlasan

daş üstündə su yanacaq.

Sən ağlasan Məmməd Araz

yuxusundan oyanacaq...

 

***

 

... Bahar çiçəkləyirdi

bizim İsa bulağında-

Məmməd Araz qonaq idi Şuşada...

Aradan illər, sənələr ötüb

hələ şairin gur səsi qalıb

qayaların, dağların qulağında.

Şairin köksündə ilham bulağı

qaynayırdı,

daşırdı.

Məmməd Araz o gecə

dağlarla pıçıldaşırdı...

Qayalara, dağlara sığmırdı

Vətənin ərköyün şair oğlu,

Dostluqda mərdi-mərdanə,

döyüşlərdə Babək oğlu,

Cavanşir oğlu.

Dağlar həmən dağlardı -

bir az rəngini dəyişib,

dağ çayı şaqraq səsini,

ahəngini dəyişib.

Fəqət şair dəyişməyib,

Elə həmən Məmməddi -

dağlara sığınan şair

elə dağlar kimi sərtdi,

elə dağlar kimi mərddi...

Dağların zirvəsində

bəyaz duman sürünür,

qarlı dağın zirvələri

gah itir, gah görünür,

yamaclar Xançobanın

ney səsinə bürünür...

***

 

Bu gün düşmən əlindədi,

bu gün əsirdi

mənim doğulduğum şəhər.

Daşına-torpağına

qurban olduğum şəhər.

Şair, sən Şuşanı necə görmüşdün,

Şair, sən Şuşanı gecə görmüşdün.

Bu şəhərin şəninə

söz çələngi hörmüşdün.

Şuşa güman yerim idi,

Şuşa uman yerim idi.

Şuşa mənim taleyim.

Şuşa taxta beşiyim.

Şuşa ömür ağacım,

Şuşa evim-eşiyim.

Şuşa mənim sirrim idi,

Laylam, nəğməm, şeirim idi...

Gecələr yuxuma girir

doğulduğum qədim şəhər -

qurd kimi içimi gəmirir kədər.

Hanı sənin gördüyün,

görüb könül verdiyin

o çilçıraq şəhər,

o qəndil şəhər.

Söylə şair, neçənci ildi,

neçənci ildi, hansı fəsildi.

Hanı sənin gördüyün

o çilçıraq şəhər, o qəndil şəhər.

Hər evi bir insan yuvası,

hər evi bir qızıl qərənfil şəhər.

O gecə sən kəşf elədin

Şuşa bürcünü -

xatırlayırsanmı Ustad,

xatırlayırsanmı o günü.

 

"Bu gecə gecənin son qatındayam,

Bu gecə bir qəndil qanadındayam"...

 

Sən qəhrəman yurdumun

sinəsi dağlı bir saz şairi.

Məmməd Araz! Məmməd Araz! -

Araz şairi...

Bu gecə yuxuma girmişdi Şuşa -

Şuşanın dağları dumandı, çəndi.

Şair qədəm qoyub basdığı torpaq

Mən uğrunda baş qoyduğum

Vətəndi...

 

***

 

Qarlı dağlarımız al-yaşıl geyib,

Ana yurda yaz gəlibdi, bahardı.

Araz axıb gedir xəyalım kimi,

Məmməd Araz Araz üstə çinardı.

 

Mən Şuşasız solan Xarı Bülbüləm,

Mənim Şuşam cənnət kimi diyardı.

Hardan baxsan açıq aydın görünür,-

Məmməd Araz Araz üstə çinardı.

 

Qorxum yoxdu ayrılıqdan, ölümdən,

Ürək elə bil ki, çatlamış nardı.

Ayağı torpaqda, başı buludda -

Məmməd Araz Araz üstə çinardı.

 

"Bu da belə bir ömürdü, yaşadım", -

Bu tale, bu həsrət,

intizardı?

Günlər yarpaq kimi düşür ömürdən,-

Məmməd Araz Araz üstə çinardı.

 

O, bir zaman şair idim demişdi,

O bir zaman necə bəxtiyardı.

Yüz illərdi Naxçıvan torpağında -

Məmməd Araz Araz üstə çinardı.

 

***

 

Qələm dostum!

bilirsənmi, bəzən,

biganələr iqlimində doğulur şair.

Ana Vətən üçün candan keçsə -

biganələr iqlimində boğulur şair.

Günahsız şairləri

biganələr iqlimində doğulan

bu məmləkət bizimdir, dostum!

Qayasında, daşında yazılan tarix

sənin, mənim izimdir, dostum!

Bu Vətəni təmənnasız sevmişik biz,

bir əlçim buludu, bir ovuc torpağı,

üç rəngli bayrağı

bəsimizdir, dostum.

Biz Vətənə minnət qoyub,

Vətəndən pay ummadıq.

Biz bu Vətən uğrunda

kirpiyimizlə od götürdük -

içimiz qan ağladı,

gözümüzü yummadıq.

Biganələr iqlimindən

axıb gedir Xan Araz,

Xan Araz, Xəndan Araz,

Axır əsrlərin qaranlığından.

Hardasa boz üfüqlərdə gecikir

lalə kimi qızıl dan.

Biganələr iqliminin o tayında

qaldı Təbriz, Ərdəbil.

Məni Ərk qalasında

yaralı bir əsgər bil.

Biganəlik dumanında

qalıb Şuşa dağları.

Biganəlik yuxusundan

oyadın uşaqları,

oyadın əziz analar.

Arzuları, niyyətləri

saf təmiz analar...

Qələm dostum!

çinar olmaq istəyirəm.

Nizaminin Gəncəsində,

Şəhriyarın Təbrizində!

Xarı Bülbül olmaq istəyirəm,

hər bahar

Cıdır düzündə.

Durnalar səmadan lələk salanda

ümidlər geri dönər,

arzular gerçəkləyər.

Məmləkətin dağlarında

axar sular çiçəkləyər.

Qələm dostum!

məni bu dünyaya bağlayan

min bir ümid teli var.

Biganələr iqlimini

Novruz tonqallarında

yandırıram hər bahar...

 

***

 

Mənim yurdum, vətənim

boz qayalar yurdudu.

Araz sahili boyu

qayalar bir ordudu.

Hər qayanın üstündə

bir qartal yuvası var.

Bu gün mənim könlümdə

Məmməd Araz havası var.

Məmməd Araz havasına

oynayır sərt qayalar.

Yüz illərin sınağından

Çıxıb bu mərd qayalar.

Qayalar, çopur qayalar,

qayalar, boz qayalar.

Qol götürüb yallı gedir.

yenə bu yaz qayalar.

Bax, o qaya bir aslandı,

bu qaya bir toğludu.

Bir qaya Füzulidi,

bir qaya Koroğludu.

Buludlara baş vurur.

Məmməd Araz qayası.

Nurdan yoğrulub sanki

bu qayanın mayası.

İgid qayalarımız

burda burcu-burcudu.

Lacivərd göylərə bax -

Məmməd Araz bürcüdü.

Bir səhər çin olacaq

bizim bahar yuxumuz.

Məmməd Araz bürcünə

uçar bəyaz ruhumuz...

 

***

 

Uzun qış gecəsi... sərsəri rüzgar

Mənim ömrümdən bir Araz axır.

Göyüzündə

Məmməd Araz bürcü var -

Şair ruhu ordan boylanır, baxır.

 

İllər ötüb keçir ömürdən, illər,

Ürəkdə umudlar tumurcuqlayır.

Könül bu dünyadan səadət dilər,

Üfüqdə buludlar tumurcuqlayır.

 

Şair nəsihəti təsəllim olub,

Mən dağlara söykənmişəm əzəldən,

Hər səhər gözlərim şəfəqlə dolub,

Mən yuva qurmuşam şeirdən,

qəzəldən.

 

Uzun qış gecəsi... Araz boyunca

Vüqarlı qayalar, qartal qayalar.

Qayalar baş-başa, qayalar uca,

Sanki heykəlləşib bu sal qayalar.

 

Uzun qış gecəsi bayırda rüzgar

Masaüstü lampam oyaqdır yenə,

Uzun qış gecəsi laləli bahar

Mənim ürəyimdə qonaqdır yenə.

 

Bu gecə yuxuma girmişdi Şuşa,

Şuşanın dağları dumandı, çəndi,

Şairin ayağı dəyən hər guşə

Mən uğrunda baş qoyduğum

Vətəndi!!!

 

Yanvar, 2014

 

ELÇİN İSGƏNDƏRZADƏ

Ədalət.-2014.-26 aprel.-S.9.