"SEVGİM - MƏLƏKLƏR
YUXUSU"
Yusif Nəğməkarın yeni kitabı
Azərbaycan oxucusu, eləcə də dinləyici və
tamaşaçısı Yusif
Nəğməkarı yaxşı
tanıyır. Həmişə oxucu qəlbinə sözlə,
nəğməylə yol
tapan Yusif Nəğməkar demək
olar ki, yaradıcılığının bütün dövrlərində
daha çox folklora, xalq yaradıcılığına, yəni milli dəyərlərə söykəndiyindən
onun şeirləri, dillər əzbəri olan nəğmə mətnləri müəllifinə
rəğbət qazandırmışdı.
Bu da təsadüfi
deyil.
Mən Yusif Nəğməkarı şəxsən
tanıdığım gündən
onun bir ruh adamı olduğuna inandım. Gördüm ki, başdan-ayağa sözlə, nəğməylə
dolu olan və elə bununla da yaşayan
Yusif Nəğməkar
öz yaradıcılığının
hər bir anını, hər bir məqamını rahat bir şəkildə
sərgiləyə bilir.
Yəni onun təqdim etdiyi istənilən misra, istənilən şeir həm deyilişinə, həm yazılışına, həm
məna yükünə
görə, dinləyicini,
oxucunu ayaq saxlamağa, düşünməyə
vadar edir. Bu da istənilən
söz adamının
ən böyük istəyidi. Yəni şair həmişə
arzu edib ki, kimsə onu oxusun, kimsə
onu ürəyinə köçürsün və
onun misraları ilə özünü ifadə etsin. Bax, bu mənada Yusif Nəğməkarın
poeziya çələngi
uğurlu bir ömür yaşayır.
Bu günlərdə qələm
dostum özünün
yenicə işıq üzü görmüş
"Sevgim - mələklər
yuxusu" kitabını
avtoqrafla mənə bağışladı. Çox
yığcam, əsl şeir görünüşlü
bu kitab dərhal məni özünə çəkdi
və "Şəms"
nəşriyyatının Vaqif
Bəhmənlinin redaktorluğu
ilə nəşr etdiyi bu kitabı
qısa zamanda oxuyub başa çıxdım. Gördüm ki, Yusif Nəğməkar
yenə öz dəsti-xəttinə sadiq
qalır... yenə onun poetik fikirləri
doğma torpaqdan, el-obadan, Azərbaycandan, Azərbaycan təbitətindən,
onun halal adamlarından bəhrələnib.
İki hissədən
ibarət olan kitabın birinci hissəsi "Mən vətənə oxşayıram"
adlanır. Bu bölümdə
şair daha çox özünün iç dünyasını,
yəni atasına, anasına, doğmalarına,
eləcə də özəl hisslərinə
aid düşüncələri poetikləşdiribdi. Şair
yazır:
Gah sevincəm, gah kədərəm, naləyəm,
Özümdəndi özümə öz
gileyim...
Yaşamaqdı, yaşatmaqdı taleyim;
Qismətimə ölüm çata
- çatmaya...
Və yaxud:
Ev də əzizləyər pilləkənini
Kişi ayağına asmaqdan ötrü.
Ata qız köçürər,
Kürəkənini
Oğul tək bağrına basmaqdan ötrü.
Sizə təqdim etdiyim və fərqli ovqatların bəhrəsi
olan bu şeir
parçalarının hər
birində şairin təkcə özünün
özünə, özünün
ətrafına yox, həm də özünün sözə
münasibəti, sözə
bağlılığı çox ustalıqla ortaya qoyulub. Yəni bu
şeirin misraları əslində bir rəsm əsərinin görüntüsüdü və
oxuduqca həmin mənzərə, həmin
şəkil gözlərimin
qarşısında canlanır.
Bu da Yusif
Nəğməkarın sözlə
işləmək imkanının
dərəcəsini göstərir.
Şairin:
Könül qapısında dər
yığın-yığın,
Talehin hökmüylə
barışa gəldik.
Ata, çağırışına getdin torpağın,
Bizsə
həsrətinlə görüşə
gəldik...
Və yaxud:
O yun koftanı da tutun üzümə
Boynuma dolanan qolundan öpüm.
O qara çarşabı verin özümə,
Anamı ağlayan gözümə
təpim.
Sonra da gizlədin qalmasın üzdə,
Üstümə bir süküt boyası yayın.
Gözümdən hər şeyi gizlətsəniz də,
Ana kədərimə siz toxunmayın.
Ata-ana itkisi nə
qədər ağır
olsa da, bu, pozulması, qarşısı alınacaq
bir iş deyil. Yəni bir ucdan dolub boşalan dünyada analar da, atalar da
bir gün bu dünyaya "əlvida" deyirlər.
Biz övladlar bunu bilə-bilə yenə sızıldayırıq,
yenə atasız-anasız
qaldığımız üçün
fərqlənirik, kövrəlirik.
Ancaq söz, ruh adamları bunu bir az da ürəklərinə
yaxın buraxır, bir az da
o dərdin köynəyini
ürəklərinə çox
geyindirirlər. Ona görə
də onların bu itkiyə ünvanlanan, bu itkidən bəhrələnən
misraları oxucunu dərhal öz təsiri altına alır, oxucunun dünyasında öz hakimiyyətini qurur. Yuxarıdakı bəndlərdən də göründüyü
kimi, torpağın çağırışına gedən ata və yaxud həsrəti
övladın çöhrəsində
yaşayan ana əslində torpağı
da şərəfləndirir,
torpağı da and yeri edir. Şair isə həmin məqamları poetik şəkildə gözəl
bir şeir çevirib oxucu qarşısına çıxarır.
Kitabın bir-birindən maraqlı şeirləri arasında
"Mən vətənə
oxşayıram" şeiri
xüsusilə diqqətimi
çəkir. Bu şeirdə
şair Azərbaycanın
ən ağrılı
məqamlarını, ən
böyük nisgilini, ən böyük faciələrini poetikləşdirir
və vətənin bir zərrəsi kimi özünü də həmin o ağırıları yaşayanlardan,
daşıyanlardann biri
olduğunu ifadə edibdi. Şair yazır:
Ağ günüm qara bağlanıb,
Gümanım hara bağlanıb?!
Vücudum Qarabağlanıb,
Mən vətənə
oxşayıram.
Bənzərim yaz-qışı bir
az
Otu bir az, daşı bir az...
Alnım
qırışı - Araz,
Mən vətənə
oxşayıram.
Kitabın ikinci bölümü "Unutmağı öyrət mənə" adlanır. Bu bölümdə şair daha çox sevgi şeirlərini toplayıb. Həmin şeirlərin demək olar ki, hər biri ayrı-ayrılıqda müzakirə mövzusu ola bilər. Çünki şeirlərin hamısının ovqatı səmimiyyətdi, hamısının damarından ilıq bir sevgi axıb gedir. Məsələn:
Həsrətin duman tək uçur zirvədən
Qəminlə güclüyəm, xoşbəxtəm, nə qəm!
Həyatı onunçün sevirmə ki, mən
Səndən özgəsini sevə bilmirəm.
Zənnimcə, sevgini bundan gözəl təqdim etmək, sevdiyini həyatın bilib onu həyatınla eyniləşdirmək əsl poetik tapıntıdı, əsl sevgi etirafıdı.
Mən Yusif Nəğməkarın "Sevgim - mələklər yuxusu" kitabı barəsində oxucu fikirlərimi sizinlə bölüşərkən onun bir şeirinə də üz tutdum:
Sevgi duyğularım - qəlb evində şam...
Mən heç bir mənzilə, səhər, ya axşam
Əliboş getməyi bacarmamışam
-
Sevgi aparacam qəbir evinə.
Son olaraq Yusif Nəğməkarı bu gözəl söz çələngi, sevgi çələngi münasibəti
ilə təbrik edir və oxucuları,
xüsusilə sevməyi
bacaranları bu kitabı əldə etməyə, oxumağa səsləyirəm.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2014.-29 aprel.-S.7.