NURLU ÖMÜR
(Şair Teymur
Elçinin 90 illiyinə)
Mart -
yazın nübar ayı... Mart - duyğulara, hisslərə
qanad verən, insan xəyalını pərvazlandıran
gül-çiçək, xeyir-bərəkət fəsli...
İlin bu çağında doğulanlar təbiətən
romantik olur, qəlbini, taleyini sözə, sənətə
bağlayır və çox vaxt da bu yolu tutur, ömrün mənasını
bu yolda görürlər.
Yada salaq:
M.S.Ordubadi, C.Cabbarlı, S.Rəhimov, S.Vurğun, M.Hüseyn,
İ.Şıxlı, Anar... Və daha kimlər, kimlər... Bahar ünvanlı sənətkarlar sırasında qəlbən
sevdiyim, özümə ustad saydığım, xatirəsini
uca tutduğum bir insan var - Teymur Elçin.
Azərbaycan
yazıçılarının ensiklopedik-məlumat
kitabından: "Əliyev Teymur Süleyman oğlu - şair,
publisist, 1958-ci ildən Yazıçılar Birliyinin
üzvü, Azərbaycan Dövlət mükafatı
laureatı.
1924-cü
il martın 28-də Azərbaycanın
Şuşa şəhərində anadan olmuşdur. 1931-ci ildə ailəliklə Bakıya
köçmüşlər. Burada 132
nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan
Dövlət Universitetinin filologiya fakültəsində təhsil
almışdır (1941-48). Eyni zamanda "Gənc
işçi" qəzeti redaksiyasında ədəbi
işçi (1941), Azərbaycan Radio Komitəsində
ştatdankənar müxbir, diktor, redaktor, məsul redaktor
(1941-43), Zaqafqaziya cəbhəsində kursant, alay komsomol təşkilatçısı,
hazırlıq kurslarının müdavimi (1943-45)
olmuşdur".
Ordu həyatı arxada qalır, o, taleyini komsomol-partiya
işinə bağlayır və illərin qanadında
yüksəlir. Bir ara Azərbaycan Radio Məlumat
Komitəsi sədrinin müavini vəzifəsində
çalışır. Sonra yenidən partiya
işinə irəli çəkilir - Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin elm və mədəniyyət
şöbəsinin, sonra isə təbliğat və təşviqat
şöbəsi müdirinin müavini vəzifələrinə.
O vaxtacan
mən onu uzaqdan-uzağa tanıyırdım. Heç
ağlıma da gəlməzdi ki, bir gün gələcək,
o, əlimi sıxıb, radio müxbiri kimi məni təbrik edəcək.
Yaddaşımda nəqşələnən, illər
boyu qəlbimdə əzizlədiyim xoş xatirələr yada
düşür. 1957-ci ilin yazı... Tələbə idim,
Universitetin ikinci kursunda oxuyurdum - filologiya fakültəsində.
Radioya təzəcə ayaq
açmışdım. Oçerklərim,
reportajlarım efirdə səslənəndə
dünyanın sevinci qəlbimə axırdı. Azərbaycan
Radiosu Xarici Ölkələrə Verilişlər İdarəsinin
rəisi Muxtar Hacıyev (soyadımız bir olsa da, heç bir
qohumluğumuz yox idi) mənə doğmadan doğma bir adam kimi qayğı göstərirdi. Bu da məni maddi sıxıntıların, mənəvi
sarsıntıların əlindən almışdı.
Günlərin bir günü səs yayıldı ki, təzə
bir qəzet açılır - "Bakı" axşam qəzeti. Sədrimiz Nəsir
İmanquliyev həmin qəzetə redaktor gedir. Başqa bir xəbər də bu idi ki, hələ
ilk addımlarını atan televiziya radio ilə birləşir
və yeni bir qurum - Radio və Televiziya Verilişləri Komitəsi
yaradılır.
Hamını
düşündürən bir sual dildə-ağızda gəzirdi:
"Görəsən sədr kim
olacaq?"
...Türk
şöbəsinin müdiri Aydın Vəlixanov fasilə
zamanı tez-tez nərdə, dominoya, özünə məxsus
üsulla dəmlədiyi, adla söynəlilən
"xoruzquyruğu" çaya qonaq etdiyi dostlarını -
Soltan Nəcəfovu, Yaqub Ələsgərovu, Aydın
Qaradağlını, Şəmsi Rəhimovu yenə
başına yığmışdı. O, uca bir səslə:
-
Heç kim özünü yormasın, -
dedi. - Mən bilirəm sədrimiz kim
olacaq.
- Kim
olacaq? - yerbəyerdən dilləndilər.
Aydın
müəllim səsinə xüsusi ahəng verdi:
- İndicə mötəbər bir dostuma zəng eləmişdim. Dedi ki, gələcək sədriniz
bütün distansiyalardan keçib, birinci katib də təbrik
eləyib onu, - sözünün arxasını uzatdı, - fərmanı
bu axşam qardaşımız Aydın Qaradağlı oxuyar,
Yaqub Ələsgərov da bizə "Novı Yevropa"da, ya
da "Novbahar"da dəm-dəsgahnan bir qonaqlıq verər.
- Mən
hazır! - Yaqub Ələsgərov əlini əlinə vurdu.
- Sədrimizin adını de, mən də ayağımı
qoyum "Novı Yevropa"ya, verim sifarişimizi.
Yeyib-içməklə arası saz olan, məclislərin
ürəyi sayılan Aydın Vəlixanovun
qırışığı açıldı. O, eynəyini
çıxarıb gözlərini ovuşdura-ovuşdura dedi:
- Soltan
müəllim onu çox yaxşı tanıyır,
müharibənin ilk vaxtlarında bir yerdə külüng
vurublar.
- Ay can,
ay can, bildim kimdi! - deyə Soltan Nəcəfov
sevinclə qollarını açdı.
Aydın
Qaradağlı səbrini boğa bilməyərək, diktor həmkarının
əlindən tutub onu bərk-bərk silkələdi:
- Kimdi?
-
Qadasını aldığım Teymur Əliyev! - Soltan Nəcəfov
xüsusi bir vurğu ilə dedi.
Aydın
Qaradağlı təəccübünü gizlətmədi:
- Balam,
Teymur müəllim çox cavandı, yaşı otuzu təzəcə
keçib. Bu boyda vəzifəyə onu qoyarlar?
-
Artıq qoyublar! - Aydın Vəlixanov öz
adaşına sarı yeridi. - Teymur müəllimi mən
də yaxşı tanıyıram. Cavan olsa da, çox təcrübəli
partiya işçisidir, təşkilatçılığına,
savadına, qələminə də söz ola
bilməz. Səni inandırım ki, o, Mərkəzi
Komitənin birinci katibliyinə layiqdir.
Onlar -
radionun bu "sütunları" bir-birlərini ürəkdən
təbrik etdilər və "Novı Yevropa"ya üz
tutdular...
...Teymur
müəllimin bu yüksək vəzifəyə təyinatını
həm kollektiv, həm də respublikanın nüfuzlu şəxsləri,
elm, mədəniyyət xadimləri çox böyük fərəhlə
qarşıladılar. Yaşlı işçilər deyirdilər:
"Teymur müəllim kimi saf bir adamı bura kim
göndəribsə, Allah atasına rəhmət eləsin!"
Teleradio Şirkətinin indiki binası o zaman təzəcə
istifadəyə verilmişdi. Əvvəlcə
Televiziya məskunlaşmışdı, sonra Radio da
köçdü ora. Beləcə, Teymur
Əliyev yeni qurumun beşiyi başında duran ilk sədr
oldu. Təsadüfi deyil ki, o,
respublikamızda Televiziya və Radionun inkişafında
böyük dönüş və yüksəliş mərhələsinin
memarı sayılır.
Teymur müəllim tələbkar rəhbər olduğu
qədər də həssas, qayğıkeş, təvazökar
bir insan idi. İşə kollektivlə görüşdən
başladı. Sözünü belə bir fikirlə
yekunlaşdırdı: "Əl-ələ, ürək-ürəyə
verib işləyəcəyik".
Bir-birinin ardınca ayrı-ayrı baş
redaksiyaların əməkdaşları ilə söhbətlər
keçirməyə başladı. Xarici Ölkələrə
Verilişlər İdarəsinin kollektivini qəbul edərkən
rəisimiz Muxtar Hacıyev adbaad hər işçi barədə
məlumat verdi. Növbə mənə
çatanda:
- Nahid
ştatdankənar müxbirdir, - dedi, - indiyəcən efirdə
xeyli oçerki səslənib. Gələcəyinə
inamım var.
Teymur
müəllim eynəyinin arxasından uzun baxışlarla məni
süzərək, mehribanlıqla gülümsədi:
- Mən
də belə başlamışam, özü də burda -
radioda. Əslində bu ən gözəl yoldur.
Bu yolu hər bir jurnalist keçməlidir.
- Muxtar müəllimə sarı döndü: - Yuxarı
kurslara keçəndə bu cavan oğlanı işə də
götürmək olar.
Onun sözləri bir işıq selinə dönüb qəlbimə
axdı.
Muxtar
müəllim:
-
Sağlıq olsun, - dedi, - qoy hələ
çalışsın, öyrənsin.
Aradan illər keçdi. Bir gün Muxtar müəllim məni
yanına çağırıb:
- Səni
sevindirmək istəyirəm, - dedi. - Teymur müəllim
ştat verir bizə, səni işə
götürürük. Elə günü bu
gün raportunu verəcəyəm.
Bir neçə gündən sonra sədrin köməkçisi
Lidiya Alyamovskaya gəldi ki, sədr səni
çağırır. Uça-uça getdim. Teymur müəllim kabinetdə tək idi.
Sorğu-sual başladı:
- Son
vaxtlar hansı bədii əsərləri oxumusan?
- Mehdi
Hüseynin "Yeraltı çaylar dənizə
axır", Salam Qədirzadənin "Qış gecəsi",
İsa Hüseynovun "Doğma və yad
adamlar"ını.
- Bunlar
yaxşı, - dedi. - "Doğma və yad
adamlar" haqqında yazılanlardan nə oxumusan?
- Məmməd
Arifin, Məmməd Cəfərin məqalələrini.
- Bu əsər haqqında sənin
öz fikrin nədir?
-
Yaxşı romandır, - dedim. - Hardasa mübahisə də
etmək olar. Fakt odur ki, istedadlı bir
yazıçının qələmindən
çıxıb.
- Bizim radio jurnalistlərindən kim daha çox xoşuna gəlir?
- Muxtar
Hacıyev, Oruc Qüdrətov, Gəray Fəzli, Nuhbala
Quliyev...
Suallar suallara calandı. Nə gizlədim, sədrin
kabinetinə girəndə ürəyim quş ürəyi
kimi çırpınırdı. Çox
keçmədi ki, Teymur müəllimin səsindəki
doğmalıq, sifətindəki işıq, dodaqlarındakı
dupduru təbəssüm məni həyəcan
burulğanından aldı. Söhbətimiz
bir saatacan çəkdi. Sualların əhatə dairəsi
nə qədər geniş idi! Düşünürdüm:
"Görəsən Teymur müəllimi cavablarım
razı saldımı?"
Ayağa
qalxıb əlimi sıxanda:
- Hər
tələbəni işə götürmürlər, - dedi.
- Bu sənin üçün böyük etimaddır. Gərək elə çalışasan ki, həm
bir işçi kimi özünü sevdirəsən, həm də
əlaçılığı əldən verməyəsən.
Uçmağa qanadım yox idi. Ancaq sən demə, bu sevincin
ömrü gödək olacaqmış...
"Satira və yumor" şöbəsinin müdiri,
populyar "Arı" satirik radiojurnalının redaktoru Bəhram
Gözəlovla şöbənin əməkdaşı Novruz
Novruzov arasında bərk mübahisə olmuşdu.
Belə
yerdə deyirlər: "Çanaq kasıbın
başında sınar".
Üç
gün sonra Teymur müəllim məni yanına
çağırtdırıb:
-
"Satira və yumor" şöbəsində gərgin vəziyyət
yaranıb, - dedi. - Şöbə müdiri ilə
Novruz Novruzov arasında münasibət elə həddə
çatıb ki, onların bir yerdə işləməsi daha
mümkün deyil. Bəhram müəllim
mənim komandirim olub. Borcumdur ki,
sözünü yerə salmayım. Necə
olur-olsun, Novruz Novruzovun yerini dəyişməliyik. Boş yerimiz də yoxdur.
Səsi
titrəyirdi:
- İstəyirəm səni öz ərizənlə
işdən azad edib, Novruz Novruzovu sənin yerinə keçirəm. O, müharibə
iştirakçısıdır. İki
ayağı da protezdir. Ailəsi var,
adamın yazığı gəlir. Nə Bəhram
müəllimdən keçmək olur, nə də...
- Teymur
müəllim, siz necə deyirsiniz, elə də olsun.
Kövrəlmişdim.
-
Qanın qaralmasın, - deyə əlini saçlarımda gəzdirdi.
- İmkan yaranan kimi sənin də əmrini verəcəyəm.
Yay semestri imtahanlarını verəndən sonra səsyazan
aparatı aldım çiynimə, o zavod, bu fabrik, bu muzey, o
konsert salonu - başladım verilişlər hazırlamağa.
Artıq beşinci kursda oxuyurdum. Teymur müəllim məni yenidən sevindirdi. O, Novruz Novruzovu ürəyincə olan işə düzəltmişdi.
1959-cu ilin günəşli bir payız günündə - oktyabr ayının 19-da müxbir vəsiqəsi aldım. Dövlət imtahanlarını verməyə başlayanda, vəzifəm bir pillə də qalxdı. Təzəcə açılmış ərəb dilində verilişlər redaksiyasında redaktor vəzifəsinə təyin olundum.
Teymur müəllim bu dəfə əlimi sıxanda:
- Məktub
verərəm, - dedi, - təyinatını da bura alarsan. Kooperativ bina tikdirəcəyik, ev-eşiyin də
olar.
Üç
il ötdü. Kollegiyanın
qərarı ilə məni "Kənd həyatı"
şöbəsinə müdir vəzifəsinə
keçirdilər.
Həyatımda fərəhli, həm də çox məsuliyyətli
günlər başladı. Teymur müəllimlə
tez-tez yaxından görüşmək, danışmaq, ondan
öyrənmək imkanım yarandı.
O,
özünə də, başqalarına da çox tələbkar
idi. Bütün günü gözü
televizorda, qulağı radioqəbuledicidə olardı. "Letuçka" vaxtı gələndə elə
bil ən çətin imtahana, sınağa gedirdik. Təriflənən, təqdir edilən
vaxtlarımız da olurdu, danlandığımız günlər
də. Lakin bu danlaqlardan incimirdik. Bilirdik ki, hamısı efirin, ekranın xeyrinədir,
eləcə də bizim.
Teymur müəllim bir məktəb - universitet idi. Onun tələbkarlığı
bizim nəslin canına, qanına, iliyinə,
sümüyünə işləyib. Biz onunla -
ustadımızla həmişə fəxr etmişik, edirik və
edəcəyik də!
Hərdən çalışdığım redaksiyada
cavanların yazılarını köklü-köməcli
düzəldəndə, necə deyərlər, al qanına
boyayanda məndən inciyənlər də olur. Belə vaxtlarda deyirəm:
"Neyləyim, mən belə öyrənmişəm. Mən Teymur Əliyevin şinelindən
çıxmışam".
(ardı var)
Nahid HACIZADƏ
Ədalət.-2014.-29 aprel.-S.6.