NURLU ÖMÜR
(Şair Teymur Elçinin 90 illiyinə)
(əvvəli ötən sayımızda)
Teymur müəllim Azərbaycan Radio və
Televiziyasında öz məktəbini yaratdı, şərəfli
bir ad qoydu.
Düz
yeddi il onun rəhbərliyi altında
çalışdım. Bu illər ömrümə
yazılıb.
O,
1964-cü ildə daha yüksək bir vəzifəyə - Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsi təbliğat və
təşviqat şöbəsinin müdiri vəzifəsinə
təyin olundu.
Kollektivdən ayrıldığı gün indi də
gözümün qabağındadır. Tələbkar
təşkilatçı - sədr, həssas insan, gözəl
şair və əvəzsiz bir redaktor kimi onun ünvanına
dürlü-dürlü sözlər deyildi.
Teymur müəllim çox riqqətlənmişdi. O, kövrək uşağa
dönmüşdü. Zal da eləydi. Gözlər nəmlənmişdi.
Biz Teymur
müəllimin ucalmağına qəlbən sevinirdik, ancaq
ondan ayrıla da bilmirdik...
...Teymur
müəllim ensiklopedik biliyi, erudisiyası və daxili mədəniyyətilə
sözün əsl mənasında ziyalı idi - böyük
xalq ziyalısı.
Yazıçı və şairlərdən S.Rəhimov,
M.Hüseyn, R.Rza, İ.Əfəndiyev, bəstəkarlardan
F.Əmirov, S.Ələsgərov, O.Zülfüqarov,
V.Adıgözəlov onunla dostluğu uca tuturdular. Fikrət
Əmirovu, Süleyman Ələsgərovu, Oqtay Zülfüqarovu
və bir sıra başqa bəstəkarları tez-tez onun
kabinetindəki pianonun arxasında görmək olardı.
Onların nəğməkar şair Teymur
Elçinin sözlərinə yazdıqları mahnılar bu
gün də ekrandan, efirdən düşmür. Bəstəkar Vasif Adıgözəlovun şair
Teymur Elçinlə birgə yaratdığı möhtəşəm
"Qarabağ şikəstəsi" Bakı ilə
yanaşı Moskvanın, Ankaranın ən böyük konsert
salonlarında əzəmətlə səslənmişdir.
...İlk qələm nübarını - "Azərbaycan"
şeirini 1938-ci ildə Bakı Pionerlər Evinin nəşri
olan "Şeirlər məcmuəsi"ndə dərc
etdirmişdi.
Sonra "Azərbaycan pioneri", "Yeni
yol", "Kommunist" qəzetlərində Teymur Əlizadə
kimi çıxış etməyə
başlamışdır. Geniş oxucu
auditoriyası onu Teymur Elçin kimi tanıyır.
İstedadlı
şair-tərcüməçi, dramaturq, publisist...
O,
sözlə nəfəs alır, sözlə
yaşayırdı, sözün ülviliyini uca tuturdu. Həm
xalq dilinə, həm də ədəbi dilə vaqif idi - necə
gözəl bilirdi dilin incəliklərini! Sətirlərə,
misralara zərgər kimi naxış vururdu, redaktor kimi də
misli yox idi. Bir söz, bir ifadə yerinə
düşməyəndə, necə deyərlər, adamın
"pişiyini ağaca dırmaşdırır"dı.
Ondan inciyənlər də olurdu. Muxtar
müəllim bir dəfə belə "jurnalist"dən
birinə dedi: "Bala, Teymur müəllim nə deyir, sənin
xeyrinə deyir. Vicdanı yol vermir ki, dilin
başına turp əkəsən. O, dilimizi özündən
çox istəyir".
...Radionun
"Ərəb ölkələrinə verilişlər"
redaksiyasında redaktor işləyirdim. Diktorumuz
Sinan Səid Bağdad radiosundan gəlmişdi. O, hər il yay aylarında ezamiyyətə
çıxır, vətəninə gedirdi. Həmin
vaxt onu Moskva radiosunda işləyən həmyerlisi Muştaq
Talib, ya da başqa biri əvəz edirdi.
Bu dəfə də Moskvadan bizə bir suriyalını -
Məhvuz əl Talibini göndərmişdilər. O, yazıçı idi. Redaksiya ilə təzəcə qaynayıb
qarışırdı ki, Teymur müəllim onu yanına
çağırtdırdı. Hal-əhvaldan
sonra qonağa çay gətirdilər. Teymur
müəllim qonaqla söhbətə başlayanda mən icazə
alıb kabinetdən çıxdım.
Söhbət xeyli çəkdi. Qonaq geri qayıdanda gülə-gülə
dedi:
- Sədriniz
şair imiş ki! Qələm sahibi kimi söhbətimiz
tutdu, doğmalaşdıq. O, mənə təklif etdi
ki, sizə hekayələrimi də verim. Yaxşı
qonorar da yazılacaq. Mən təşəkkürümü
bildirdim.
Teymur müəllim mənimlə bir filosof kimi
danışırdı, şeirlərini də oxudu. Mən ona
söz verdim ki, çalışacağam bu şeirlər ərəb
dilində dərc edilsin. Qoy belə bir
gözəl şairi bizim ərəb ölkələrində
də tanısınlar, sevsinlər. Demək
olar ki, onlar hər gün görüşürdülər.
Suriyalı yazıçı Məhvuz əl Talib Teymur müəllimlə
o qədər doğmalaşdı ki, ayrılıq
günü gözləri dolmuşdu...
Teymur müəllim bizə ədəb-ərkanı, həm
də yaradıcılığı ilə örnək idi. Görkəmli
şəxsiyyətlər haqqında hazırladığı
silsilə verilişlər, dünya ədəbiyyatından səhnələşdirmələri
həmişə səs salırdı. Özbək
yazıçısı Şərəf Rəşidovun hind
mövzusunda qələmə aldığı "Kəşmir
mahnısı" povesti əsasında radiopyes efirdə səsləndiyi
ilk gündən böyük əks-səda doğurmuşdu.
Aradan yarım əsr keçsə də "Qızıl
fond"un incilərindən sayılan həmin
radiotamaşa bu gün də təravətini itirməyib.
...O bizim
rayondan - Gədəbəydən Azərbaycan Ali Sovetinə
deputat seçilmişdi. Həmin dövrdə mənim
əmim oğlu Əli Rəsulov Rayon İcraiyyə Komitəsinin
sədri işləyirdi. Onların
arasında xoş ünsiyyət yaranmışdı.
İkisi də elinə, obasına can yandıran əsil xalq
ziyalısı idi.
Əli müəllim Bakıya gələndə hərdən
yolunu Teleradio Komitəsindən (indiki Teleradio Şirkəti)
salır, Teymur müəllimlə görüşürdü. O, rayonla bağlı problemlərin
həllində deputat kimi Teymur müəllimin köməyinə
çox güvənirdi.
Belə
görüşlərin birində Əli müəllim ona
deyir: "Ay Teymur müəllim, bizim Nahidin işindən,
yazı-pozusundan razısanmı?" Teymur
müəllim qayıdır ki, o bizim güvəndiyimiz jurnalistlərdəndir.
Mən də xətrini çox istəyirəm,
Ənvər Əlibəyli də. Ona
görə də tələbə ola-ola onu işə
götürmüşük. Sonra
soruşur ki, Əli müəllim, bəlkə Nahidlə
bağlı bir xahişiniz var?
- Yox, yox!
- Əli müəllim başını
bulayır. - Sadəcə onun iş-gücüylə
maraqlanmaq istəyirdim.
Teymur
müəllim təəccübünü boğa bilmir:
- Demək
belə yaxın qohumsunuz?
O, tezcə
katibəyə deyir ki, Nahid Hacıyevi yanıma
çağır.
Mən
qapını açanda Teymur müəllim özünəməxsus
ciddiliklə:
- Ay Nahid,
- dedi, - bəs indiyəcən niyə mənə deməmisən
ki, Əli müəllimin əmisi oğlusan?
Mən çiyinlərimi çəkdim.
- Bəlkə
də belə yaxşıdır. Sən həmişə
özün özünə yol açırsan.
***
Teymur müəllim Azteleradioda bir sıra təşəbbüslərin,
böyük işlərin təməlini qoymuşdu. Biz ona
"bani" deyirdik.
50-ci illərin ortalarına qədər, yəni Teymur
müəllim bizə sədr gələnə kimi
musiqiçiləri nəzərə almasaq, bir nəfərin də
fəxri adı yox idi. Bu da onunla bağlı idi ki,
çoxları radio və televiziyanı yalnız informasiya
vasitəsi hesab edirdi. Teymur müəllim
sübuta yetirdi ki, bu qurum həm də incəsənət
ocağıdır. Burada sənət əsərləri
yaranır.
Teymur müəllimin təqdimatı ilə ilk fəxri
ad - Əməkdar incəsənət xadimi adı istedadlı
rejissor Arif Babayevə verildi. Sonra Aydın Qaradağlı, Soltan Nəcəfov
əməkdar artist adına layiq
görüldülər.
O, həmişə
istedad axtarışında idi, yaradıcı
ziyalıların ən yaxşılarını ekranın,
efirin cazibəsində görmək istəyirdi. Bir sıra sənət
adamları ilk addımlarını burada atmışlar: Anar,
Fikrət Qoca, Məstan Günər, Firudin Ağayev, Sabir Azəri,
Fərman Eyvazlı, Aqşin Babayev...
İlk tammetrajlı bədii televiziya filmi -
"Aygün" onun böyük Səməd Vurğuna məhəbbətinin
ifadəsi, həm də yeni bir janrın, yaradıcılıq
sahəsinin uğurlu başlanğıcı idi. Filmi rus dilinə
moskvalı şair Boris Dubrovin çevirmişdi.
...Bir
payız günündə "Azərbaycan"
mehmanxanasının vestibülündə təsadüfən
onunla rastlaşdım. O, "Sovetski poqraniçnik"
jurnalının xüsusi müxbiri kimi Bakıya ezamiyyətə
gəlmişdi. Qonağı şam yeməyinə
dəvət etdim.
- Bir
dostumu gözləyirəm, - dedi. - Bu dəqiqə gəlməlidir.
Onun bu sözünə bənd imiş kimi, Teymur müəllim
bizə yaxınlaşdı. İkimizlə də
çox mehribanlıqla görüşdü, hal-əhval
tutdu. O zaman Teymur müəllim Azərbaycan Mədəniyyət
nazirinin müavini işləyirdi. Bizi şam yeməyinə
dəvət etdi. Onunla bir süfrə arxasında
oturmağı ağlıma belə
sığışdırmırdım. Bir
bəhanə ilə onlardan qopmaq istədim. Teymur müəllim
ərklə:
- Nahid,
inciyərəm səndən, - dedi. - Neçə il bir yerdə işləmişik. Həmişə
mənə müəllim deyirsən, adam
müəlliminin sözündən çıxar? Səninlə bir süfrə arxasında oturub
söhbətləşmək, ötən günləri yada
salmaq mənim üçün olduqca xoşdur.
Mən Boris Dubrovini çoxdan tanıyırdım. Azərbaycan
teatrının 100 illiyi münasibətilə Akademik Milli Dram
Teatrı Moskvaya qastrol səfərinə gedirdi. Mən də çəkiliş qrupunun rəhbəri
kimi bu tərkibə daxil edilmişdim.
Şair dostum İlyas Tapdıq o zaman "Gənclik"
nəşriyyatında şöbə müdiri işləyirdi. Boris Dubrovinin
sərhədçilərin həyatından bəhs edən
"Povestlər" kitabı təzəcə çapdan
çıxmışdı. İlyas məndən
xahiş etdi ki, həmin kitabdan iki bağlama aparıb, Moskvada
müəllifə çatdırım. Bu,
mənim üçün müəyyən çətinlik
yaratsa da, onun sözünü yerə salmadım.
Moskvaya çatan kimi "Ukrayna" mehmanxanasından
Boris Dubrovinə zəng elədim. O, çox sevindi. İlyasa
da, mənə də dönə-dönə təşəkkür
elədi. Sonra görüşdük,
çörək kəsdik. Boris Dubrovin
Bakıdakı dostlarını bir-bir xəbər aldı.
O, Teymur müəllimin adını xüsusi ehtiramla çəkərək:
- Bizim Teymur Süleymanoviç necədir? - dedi. - Təzə
kitabı çıxıbmı?
-
Yaxşıdır, - dedim. - Ancaq boynuma alım ki, təzə
kitabı barədə heç nə deyə bilmərəm.
- Teymur Süleymanoviç şair kimi də, insan kimi də
əvəzsizdir. Azərbaycan fəxr edə bilər ki, belə
bir oğlu var.
Onun
sözünə qüvvət verdim:
- Boris
Petroviç, düz deyirsiniz. Doğrudan da Teymur
müəllim misilsiz bir şəxsiyyətdir.
...Məclis
məni sıxırdı. Dolu qədəhi hər
dəfə dodağıma yaxınlaşdırıb, yerə
qoyurdum. Teymur müəllim qonaq barədə hərarətli
sözlər dedi. Fikrini belə tamamladı:
- Boris Petroviç yaşca məndən xeyli cavandır. Ancaq
sözümüz, söhbətimiz yaxşı tutur. 60-cı illərdən - o, bizim "Aygün" bədii
televiziya filmini tərcümə edən vaxtdan
yaradıcılıq əlaqələri qurmuşuq. O, mənim
xeyli şeirimi rus dilinə çevirib, Moskva qəzet və
jurnallarında dərc etdirib. Ona böyük ehtiramım var, həmişə
də olacaq...
Məclis xeyli çəkdi.
Axşamdan xeyli keçmişdi. Qonaqdan - Boris Dubrovindən
ayrılıb yolumuzu dəniz qırağından saldıq.
Söhbətimiz bitib tükənmirdi. Birdən
yadına nəsə düşübmüş kimi ayaq
saxlayıb:
- Nahid, səni
təbrik edirəm, - dedi, - mətbuatda oxudum ki, Moskvada -
"Sovetski pisatel" nəşriyyatında kitabın
çıxıb. Bu, sənin üçün
də, mənim üçün də xoş hadisədir.
Bəs niyə o kitabdan mənə verməmisən?
- Teymur
müəllim, - dedim. - Düzü, ürək eləmədim.
Qorxdum ki, birdən xoşunuza gəlməz.
- O boyda "Sovetski pisatel"in xoşuna gəlir, mənim niyə gəlməsin, - deyə ürəkdən güldü. Sözünə azca ara verib:
- Nahid, - dedi, - heç bilirsənmi, sənin Teymur müəlliminin hələ Moskvada kitabı nəşr olunmayıb?!
Onun bu sözləri qəlbimi titrətdi.
- Teymur müəllim, - dedim, - istəsəydiniz, indiyəcən Moskvada bir yox, bəlkə də beş kitabınız çıxardı.
Teymur Elçin görkəmli partiya və dövlət xadimi idi. Onu respublikanın hər bucağında tanıyırdılar. O, dəfələrlə Azərbaycan KP MK üzvü olmuşdu, Respublika Ali Sovetinə deputat seçilmişdi. Bu, onun bioqrafiyasının səhifələridir.
Həyatın amansız qanunları var. İllər ötür, ən mötəbər vəzifələr belə yavaş-yavaş unudulur, yaddan çıxır.
Yazılan isə qalır, yaşayır, gələcəyə üz tutur.
Görkəmli sənətkarın qələmindən qırxa yaxın kitab çıxıb. "Qar qız", "Qulaq asın, danışım", "Sözlər, nəğmələr, nağıllar", "Bahar, adlar, uşaqlar"... Bu kitablar, eləcə də çox böyük sənətkarlıqla K.Çukovski, S.Marşak, N.Zabila, İ.Turgenev, Qarsia Lorka, Ş.Rəşidov və bir sıra sənətkarlardan etdiyi tərcümələrlə bu qüdrətli qələm sahibi Azərbaycan uşaq ədəbiyyatı klassiklərinin sırasında layiqli yerini tutub, öz zəhməti, istedadı ilə taleyini yaza-yaza şərəfli, nurlu, hamıya örnək olacaq bir ömür yaşayıb və adını doğma xalqının ürəyinə, yaddaşına əbədi həkk edib.
Söz karvanı sabaha, gələcəyə üz tutub Teymur Elçinin!
Nahid HACIZADƏ
Ədalət.-2014.-30 aprel.-S.6.