İLĞIMDAN DAĞ
ŞƏLALƏSİNƏ
Ağacəfər
Həsənlinin 60 yaşına
Hər bir söz adamı
ilk sətirindən, oxucuya ilk müraciətindən böyük sözün karvanına qoşulur.
Onun həyatı artıq o karvandan, o keçib gedəcəyi yoldan və bir də o karvandakı
yerdən asılı
olur. Oxucu əgər
onun imzasını axtarırsa, onun sözünü öz sözü kimi pıçıldayırsa, lap bir
az çılpaq
desəm, bir cavan oğlan o sözü sevdiyi qıza ürəyinin ifadəsi kimi yazıb göndərirsə,
demək onda söz sahibi xoşbəxtdi. Amma gəlin etiraf
edək ki, söz sahiblərinin heç da hamısı
bu mərtəbəyə
yüksələ bilmir.
Sözün Nizamisi, Füzulisi,
Cavidi, Müşfiqi, Səməd Vurğunu, Bəxtiyarı, Məmməd
Arazı və digərləri elə bil kəhkəşan qurublar ki, bəzən
bir oxucu marağı ilə əlimi gözümün
üstünə qoyub
həmin o ucalığa
boylanıram və boylandıqca da sözün ömrünün
nə qədər uzun olduğunun fərqinə varıram. Görürəm ki, söz sən demə, bu dünyayla yaşıddı.
Mən də bu söz dünyasının
qapısını döyəndən
imzasını, sözünü
soraqladığım, yeni
yaradıcılıq uğurlarına
sevindiyim bəlli dostlarım, sözünün
vurğunu olduğum qələm adamları həyatımda öz izlərini salıblar. Yəni mən
bu adamların hər təzə kitabını, hər təzə şeirini, hər təzə yazısını bir ürək genişliyi ilə, bir oxucu
aludəçiliyi ilə
gözləmişəm. Sevinirəm ki, qələm dostlarımın uğurları
çox olub və mən də bu uğurlara
qoşula bilmişəm.
Görmüşəm ki, söz necə tərdi, necə təravətlidi.
Artıq ilin əvvəlindən dostların yazılarından,
necə deyərlər,
söz-söhbətlərindən hiss etmişdim ki, aprelin 30-da, yəni bu gün Ağacəfər
Həsənlinin 60 yaşı
tamam olacaq. Təbii ki,
bu yuvarlaq rəqəm məni də Ağacəfər Həsənli barəsində
söz üstündə
köklədi. Çalışdım
ki, şairin elə 60 yaşına hədiyyə olan, yəni özünün özünə hədiyyə
etdiyi "İlğım"
kitabındakı şeirlərin
işığında ürəyimdən
keçənləri Ağacəfərə
söyləyim. Özü də
təkcə Ağacəfər
Həsənliyə yox,
həm də onun oxucularına.
Gözüyumulu açıram. Qarşılaşdığım ilk şeir "Ağaclar
adamlar kimidi".
Şeirin adı məni özünə çəkir və oxumağa başlayıram:
Ağaclar elə bil
heç ayılmayacaq.
Ağac
yerinə qoyulmayacaq,
sayılmayacaq...g
Arxayın-arxayın yatıblar,
soyuq qış hara, yuxu hara?
Həyətimdə üşüyən ağacların
dodaqları dəyir
bir-birinə
özlərini vurublar qara.
Bu şeiri oxuduqca
gözümün qarşısında
qara-şaxtaya bürünmüş,
budaqlarında şaxta-qırov
bağlanmış ağaclar
gəlib dayanır. Eyni zamanda,
bu şeiri oxuduqca qışın soyuğunu bir köynəkdə çıxaran
evsiz-eşiksiz insanlar
gözümün qarşısında
canlanır. Onların da
ağaclar kimi üşüdüyünün fərqinə varıram.
Üstəlik, qışları yola verən ağacların qırışları
kimi insanların da alnındakı qırışlar bu göz önündə olan mənzərəni tamamlayır. Kitabın başqa
bir vərəqini çevirirəm. Şeirin
adını oxuyuram:
"Sözümə baxmır".
Ağartdı gözünü soyuq
qış mənə
mən də qabağından yeyən deyiləm.
Ovcumda əriyən qar dənəsiylə
mən öz günahımı yuyan deyiləm.
Açdı öz sirrini yol-qırış mənə
sözümə baxmayır
addımlarım da.
Gözünü ağartdı soyuq
qış mənə,
üzünü ağartdı
addımların da.
Bilmirəm, bu bir təsadüfdi,
yoxsa zərurət, amma hər iki
şeirdə qış
fəsli, onun şaxtası, soyuğu məndə bir maraqlı assosiasiya yaratdı. Hiss etdim ki, Ağacəfər Həsənli 60 yaşında
deyəsən qışa
daha çox könül verib. Bilmirəm, bu fikrimdə nə qədər gerçəyi ifadə edirəm, amma səmimi deyim ki, doğurdan da 50-ni keçəndən
sonra payız, qış adama daha çox gəl-gəl deyir.
Bax, bu da növbəti bir şeir. Bu şeirin də adı "Nə mənim olacaq, nə sənin". Şair yazır:
Solacaq çiçəklər
köhnələcək vədlər,
üşüyəcək nigaran kədər
gözdən düşəcək
boyat sözlər.
Titrək addımlarla gələcək
yaddaşın payızı.
Nə var idi ötənlərdə
nə yoxdu indi, görəsən?
Cəsarətin çata hərdən -
durub yuxuma girəsən.
Bəli, əvvəldə vurğuladığım kimi, bu şeirdə də həm payızın nəfəsi duyulur, həm də şairin ötən günlərinə bir həsrətlə, bir qəribə həzinliklə üz tutması. Sanki Ağacəfər Həsənli bu misraları dünəninə körpü edir və yaxud da bu misralar onun üçün dünənə qayıdan bir yoldu. Mən Ağacəfər Həsənlinin "İlğım" kitabında bir-birindən maraqlı şeirlərin sırasını görüb 60 yaşlı şairin sözün böyük mənasında ömrü boşa vermədiyinə əmin oldum. İnandım ki, Ağacəfər Həsənli ürəyini qoyduğu hər misrada səmimiyyətini də, duyğularını da, hətta arzularını da özünəməxsus şəkildə ifadə etməyi bacarır. Bu, təkcə onun yazmaq vərdişinin, peşəkarlığının bəhrəsi deyil. Bu həm də onun böyük söz dəfinəsinə sahib olmasının, böyük həyat sevgisinin, qanadları yorulmayan ilham pərisinin pıçıldadığı sözlərdi. Yəni Ağacəfər Həsənli bütün mənalarda mükəmməl, oturuşmuş və oxucunun qapısını ürəklə açan şeirlərin dünyaya gəlişinə canıyla, qanıyla, ruhuyla yol açır. Onun bu yolu 60 yaşın qapısını da elə həmin o böyük ərklə döyür.
Yazının sonunda şairin özünün "Alın qırışı" şeirinə üz tuturam. Bu da səbəbsiz deyil. Axı yaş 60-dı. Deməli, hesabat verməyin, alındakı qırışların, ürəkdəki naxışların işığına qərq olmaq vədəsidi. Bax elə şairin özünün dediyi kimi:
Sevgi - alın qırışdı,
Küfr eləmə, şərə salma.
Gözlərin yalvarışıdı,
Yerə vurma, yerə salma.
Düşünürəm ki, Ağacəfər Həsənli nə sevgisini, nə gözlərin yalvarışını, nə də qələmini heç vaxt gözdən, könüldən uzağa getməyə qoymayacaq. Onlarla səs-səsə verib ömrün 80-nə doğru artıq ilğımla yox, bir dağ şəlaləsi ilə gedəcəkdir.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2014.-30 aprel.-S.6.