ZƏNGİN
YARADICILIQ YOLU KEÇMİŞDİ...
("Ədəbiyyatımızın
cəfakeşləri" silsiləsindən - Qılman
İlkin)
Cəmi
dördcə il də yaşasaydı bu il Xalq
yazıçısı Qılman İlkin ilk Azərbaycan ədibi
olaraq tarixə düşəcəkdi. Yəni
100 yaşını sağlığında qeyd edən birinci
yazıçımız olacaqdı. Amma həyatın
öz qanunları var və 96 il yaşamaq
özü də sənət aləmi üçün
rekorddu. Özü də Qılman müəllim
vəfatına yaxın çox da ciddi bir xəstəlik
keçirmədi, necə deyərlər, bu dünyadan əziyyətsiz,
rahat köçdü.
Onun 90
yaşı olanda elə bizim bu jurnalda bir yazı (həm də
sonunda kiçik bir müsahibə) dərc etdirdim:
"Yaşamaq gözəlliyi" idi adı. O yazıda mən
Qılman müəllimin əsərlərindən demək
olar ki, söz açmamışdım, onun çox
maraqlı ömür yolundan bəzi epizodları təqdim
etmişdim. Həm də daha çox öz dili
ilə. Amma indi onun 96 illik ömür
yolunu bir daha xatırlatmaq istəyirəm.
Əslən bakılı idi, Mərdəkanda
doğulmuşdu. Amma öz dediyinə görə onun
babaları Dağıstandan-Teymurxanşuradan gəliblər.
Babası Məşədi Musa dənizçi,
atası İsabala xarrat olublar. Anasını
isə altı yaşı olanda itirib. İbtidai
təhsilini Zeynalabdin Tağıyevin Mərdəkanda
açdığı bağbançılıq məktəbində
alıb. Sonra "Rüşdiyyə" məktəbi
adlandırılan 18 nömrəli orta məktəbdə təhsilini
davam etdirib. Yuxarı sinifdə oxuyanda
müəllim çatışmazlığı üzündən
Xaçmaz rayonunda, Əhmədoba kəndində müəllim
də işləyib.
Qılman müəllim üçün otuzuncu illər
Bakısı çox hadisələrlə yaddaşına həkk
olunub. O,
"Gənc işçi" qəzetində işləyib və
o zaman bu qəzetə yazı gətirən S.Vurğunla,
M.Müşfiqlə, S.Rüstəmlə, M.Rahimlə,
Əbülhəsənlə, M.Hüseynlə, Ə.Vəliyevlə
tanış olub. Ən
çox xatırladığı şair Müşfiq idi.
Qılman müəllim APİ-yə daxil olur, oranı da
müvəffəqiyyətlə bitirir, hətta bir neçə
il müəllimlik də edir institutda. Otuzuncu illərin ədəbi mühitində fəallığı
ilə səçilən Əli Nazimi, Atababa
Musaxanlını, Mikayıl Rəfilini, Seyid Hüseyni də
ehtiramla xatırlayırdı.
Sonra İkinci Dünya müharibəsi. Qılman
müəllim əvvəlcə Qafqaz cəbhələrində
olur -qəzetdə müxbirlik edir, sonra Təbrizdə "Vətən
yolu" redaksiyasında çalışır, Cənubi Azərbaycanı
qarış-qarış gəzir, o qəzetə maraqlı məqalələr
yazır. Ordudan tərxis edildikdən sonra
ADU-da müəllim, Azərnəşrdə baş redaktor,
"Azərbaycan" jurnalında baş redaktor, Azərnəşrdə
direktor vəzifələrində çalışır.
Sonra fərdi təqaüdçü həyatı.
Sağlığında kitablarının sayı
qırxa yaxın olub. Ömrünün son illərində də
qələmini yerə qoymurdu. Hekayələr
yazırdı.
Uzun müddət öz ad və familyası ilə
tanınıb (Qılman Musayev), yalnız 70-cı illərdə
"İlkin" təxəllüsünü
götürüb.
Onun yaradıcılığı zəngindir. Həm bir
nasir kimi, həm kinossenarist kimi, həm də publisist kimi fəaliyyət
göstərib.
Bəri
başdan bir məsələni qeyd edim: Qılman İlkinin
"Şimal küləyi" romanı, "Madam Qədri"
povesti və bir sıra hekayələri kommunist-bolşevik
mövqeyini ifadə edir və burada onu qınamaq doğru
olmazdı. Qılman İlkin yaşda
olanların və ondan sonra da ədəbiyyata gələnlərin
bir çoxu sovet ideologiyasını ifadə edən əsərlər
(nəsr, poeziya, dram) yazmışlar. Bu əsərlərə
bir başqa gözlə də baxmaq lazımdır. Məsələn, Q.İlkinin "Şimal küləyi"
romanında təsvir olunan qəhrəmanlar-Heydər və
Yetim kimi gənclərin inqilabdan əvvəl bolşeviklərə
rəğbət göstərməsi yalan deyil və
Q.İlkin bunları heç də özündən
uydurmayıb. Doğrudur, "Şimal
küləyi"ndə müsavatçıların əleyhinə
fikirlərlə qarşılaşırıq, bu da təbiidir,
bolşevik mövqeyindən irəli gəlir. Və onu da unutmayaq ki, yetmiş ildən artıq bir
dövrdə Azərbaycan tarixinin XX əsr dövrünü
(Müstəqilliyə qədər) biz Azərbaycan Kommunist
partiyasının tarixi kimi mənimsəməmişikmi?
Təbii ki, "Şimal küləyi"
romanında Qılman İlkinin bir nasir kimi özünəməxsus
olduğu da göz qabağında idi. Obrazları
hansı siyasi partiyaya meyl etməsindən asılı olmayaraq
bir insan kimi də təsvir edirdi. Yazıçının
sənətkarlıq məharəti romandakı
ayrı-ayrı səhnələrdə də qabarıq nəzərə
çarpırdı. Budur, çox təsirli bir səhnə:
"Bütün küçələrdə söhbət
Parapetdə dar ağacından asılmış adam haqqında gedirdi. Lakin Yetim elə
bil birdən-birə duymaq, eşitmək qabiliyyətini
itirmişdi. O, Heydərin qabağınca, adamlara
toxuna-toxuna qaçırdı. Sanki ən
yaxın bir adamının fəlakətli aqibətini öz
gözləriylə görməyə tələsirdi. gHeydərə elə gəldi ki, Yetim onu nəinki
görmür, bəlkə də heç tanımır. Heydəri də anlaşılmaz bir həyəcan
bürüdü, bədənindən soyuq gizilti keçdi.
Uzaqdan dar ağacını və orada yellənən
adamı gördükdə Heydərin içərisində elə
bil nə isə qırılıb düşdü. Bu
vaxt o, Yetimin bərkdən
çığırdığını eşitdi:
- Səttardır!..
Tamaşaya toplaşmış adamlar, təəccüblə
dönüb onlara tərəf baxdılar. Heydər əlini
Yetimin ağzına qoydu. Dar
ağacından asılan Səttar idi. Həmişə
sakit, mülayim xasiyyəti ilə adamların ürəyində
özünə məhəbbət qazanmış olan bu gəncin
solğun, cansız sifəti indi də sakit idi. Onun sinəsinə
yapışdırılmış iri kağız
parçasında bu sözlər yazılmışdı:
"İmperiya qoşunlarını təhqir edən hər
bir adamı belə bir aqibət gözləyir". Camaatı təəccübləndirən Səttarla
yanaşı dar ağacından asılmış
bülbül qəfəsi idi. Qəfəsin içində
xırdaca sarı bülbülün başı bədənindən
üzülmüş, günahsız quşcuğaz da sahibi ilə
birlikdə edam olunmuşdu. Kim isə
yavaşcadan söyləndi:
- Görəsən, bülbül imperiyanı necə təhqir
edib?"
Burada Bakıda ağalıq edən ingilislərin vəhşi
əməlindən söhbət gedir və Q.İlkin heç
də bu səhnəni özündən uydurmayıb.
"Madam Qədri" povestində də bolşeviklərə
meyl, rəğbət güclüdür. Amma burada da o dövrkü
Bakı və orada gedən ictimai-siyasi hadisələr,
savaşlar haqqında maraqlı məlumatlar az
deyil. Əsərin bir yerində müəllif Hacı
Zeynalabdin Tağıyevin fikirləri ilə oxucunu tanış edir: "Siyasətdən birinci məqsəd
ölkənin özünün möhkəmliyidir. Bunun üçün pul lazımdır. Hökumət isə ölkənin varlanması qeydinə
qalmır. Camaatı yedirtmək
lazımdır. İngilislər də bir tərəfdən
camaatı çapıb-talayırlar...gQoy cavanlarımız
Londona, Parisə, başqa xarici ölkələrin
paytaxtlarına, ali təhsil almağa
getsinlər. Savad yoxsa, millət irəli gedə
bilməz". Tağıyev ancaq bu cür
düşünə bilərdi.
Qılman İlkinin "Qalada üsyan" romanı da
tarixi səpgidə qələmə alınıb. Bu əsərdə
1905-ci ilin yayında "Potyomkin" zirehli gəmisində
üsyan qaldıran matrosların aqibətindən söhbət
gedir. Onlar bir müddət Xarkov həbsxanasında
saxlanandan sonra Zaqatalaya göndərilirlər. Ancaq bu ucqar yerdə də matroslar dinc dayanmır,
imperiyaya qarşı çıxırlar. Mübarizə
kəskinləşir, matrosların bir neçəsi güllələnir,
lakin onların çara, imperiyaya nifrətini söndürmək
olmur.
Çox təəssüf ki, Qılman İlkinin
yaradıcılığını çox zaman bu iki romanla məhdudlaşdırmış,
onun digər nəsr əsərlərindən söhbət
açmamışlar. Halbuki, Qılman İlkinin XX əsr Azərbaycan nəsrində
səçilə, fərqlənə bilən bir sıra
maraqlı hekayələri, povestləri də var. Onu bir nasir
kimi tanıdan ilk əsər - əllinci illərdə qələmə
aldığı "Həyat yollarında" povestidir. Bu əsər görkəmli dramaturq Nəcəf bəy
Vəzirovun Bakıda realnı məktəbdə oxuduğu illərdən
(1868-1874) söz açır. Onun müəllimi Həsən
bəy Zərdabi idi və Q.İlkin məlum faktlara istinad edərək
Nəcəf bəyin həmin illərdə Zərdabi ilə
birlikdə Mirzə Fətəli Axundovun "Hacı Qara"
komediyasını tamaşaya qoymasından danışır,
müəllim-şagird münasibətlərindəki səmimiyyəti
təsvir edir.
Qılman
İlkinin hekayələri içərisində mənim ən
çox bəyəndiyim "Flaminqo", "Kaktus
tikanı", "Qoca tramvayçı", "Tovuz lələyi",
"Köşk-balaban", "Sərvinazım mənim",
"Nə yaxşı ki, dəniz var",
"İntizar" hekayələridir. Bu hekayələrdə
Q.İlkin adi insanların həyatından lövhələr təqdim
edirdi. Xüsusilə "Flaminqo" hekayəsi
bu janrın ən gözəl nümunələrindən biri
sayıla bilər. Flaminqo-qızıl
qaz-quş adıdır. Onun sayəsində
iki gənc sevgi dünyasına qovuşurlar və Qılman
İlkin novellavari bir sonluqla bu sevginin şərbətini
cavanlara dadızdırır.
Onun bir nasir kimi özünəməxsusluğu yaddaqalan,
real və inandırıcı obrazlar yaratmasında və təsvirlərinin
bədii dolğunluğunda idi. Bu cəhət onun
"Dağlı məhəlləsi", "Dəniz həmişə
göy olmur" povestlərində qabarıq nəzərə
çarpır.
Qılman İlkin Bakı həyatını, Bakı
mühitini çox yaxşı bilirdi və qətiyyətlə
deyə bilərəm ki, onun nəsr əsərlərinin bir qəhrəmanı
da BAKI idi. Əvvəlcə gəlin, Qılman İlkinə bir
yazıçı-publisist (hətta tarixçi də deyərdim)
kimi şöhrət qazandıran "Bakı və
bakılılar" publisistik romanından söz açaq.
"Bakı və bakılılar"
doğrudan da romandır, amma bədii romandan daha artıq
tarixi-publisistik bir roman. Çünki bu əsərə
başqa ad vermək olmur. Əsərin də
əsas qəhrəmanı Bakıdır. Bakı
haqqında çoxlu elmi əsərlər yazılıb.
Amma Bakını ta qədimdən çağdaş
dövrümüzə (təxminən XX əsrin ortalarına
gəlib çatır) qədər təsvir edən, onun bir
şəhər kimi keçdiyi tarixi yolları heç kim Qılman İlkin kimi canlı, şirəli,
hətta deyərdim emosional şəkildə təsvir edə
bilməyib. Mərhum filosof, professor Fuad
Qasımzadə həmin əsərə yazdığı
Ön Sözdə qeyd edir ki: "Yazıçı publisist qələmilə
Bakının və onun kəndlərinin keçmişindən,
çağdaş həyatından, buradakı yerli xüsusiyyətlərdən
bəhs edir. O, tariximizin çoxuna məlum olmayan elə səhifələrini
açıq göstərir ki, onları həyəcansız
oxumaq olmur. Oxuduqca qəzəb və nifrət
hissi coşur, başımıza gətirilən müsibətlərin,
əvvəlki faciələrin, qanlı-qadalı hadisələrin
davamı olduğunu bütün dərinliyilə duyur, uzun
müddət totalitar rejimin bizi xalqlar dostluğu və
qardaşlıq pərdəsi altında
aldatdığını yəqinliklə qət edirsən".
"Bakı və bakılılar" əsərində
Bakının on əsrlik tarixi vərəqlənir və o vərəqlərin
hər birində tarixin müxtəlif dövrlərinin
Bakısını görürük. Elə faktlarla
qarşılaşırsan ki, bunlara ilk dəfə Qılman
müəllimin əsərində təsadüf etmisən.
Məsələn, mənə məlum deyildi Bakıda ilk neft
quyusunu kim qazıb. Məlum
olur ki, 1594-cü ildə Allahyar Məmmədnur adlı bir nəfər
ilk neft quyusunun əsasını qoyub. Yaxud,
1877-1878-ci illərdə Bakıda neft fantanları o qədər
çox olub ki, saymaqla qurtaran deyilmiş. Bakıya
xarici kapitalın axını da elə o illərdə
başlayıb. İlk dəfə, 1879-cu
ildə Bakıda-Balaxanı və Sabunçuda Nobel
qardaşları şirkəti yaranıb.
Təkcə bunlarmı? Yox! O kitabda Bakının müxtəlif
əsrlərdə hansı dövlətlərin,
xanlıqların şəhəri olması və həmin
dövrlərdə baş verən hadisələr də real
tarixi faktlar mənzərəsində nəzərə
çarpır. Xüsusilə Sisianovun
Hüseynqulu xan tərəfindən öldürülməsi
ilə bağlı səhnə, həmçinin quldur Stepan
Razinin Bakıya hücumu, amma onu ala bilməyib yalnız
Bakı ətrafı kəndləri işğal etməsi.
Bunlar olduqca maraqlı məlumatlardır. Bəs Bakını gözəlləşdirən
xeyriyyəçilər, Tağıyev, Nağıyev, Əsədullayev,
Muxtarov kimi sahibkarlar necə? Onlar
haqqında da həqiqi informasiyalar məhz bu kitabdadır.
Müəllif Bakı kəndləri, bu kəndlərdə
yaşayan əhalinin adət-ənənələri, yaşam
tərzi ilə bağlı söhbətlərində oxucuya
yeni faktlar, məlumatlar çatdırır. Ramana, Balaxanı, Biləcəri,
Qobu, Dərnəgül, Bülbülə, Sabunçu, Binəqədi,
Digah, Zabrat, Fatmayı, Novxanı, Saray, Xoca Həsənli,
Masazır, Corat, Şağan, Mərdəkan, Buzovna,
Pirşağı, Hökməli, Kürdəxanı, Goradil,
Zuğulba, Bibiheybət, Keşlə, Əhmədli,
Zığ, Hövsan, Türkan, Zirə, Qala, Suraxanı, Binə,
Əmircan, Ramana...gBu kəndlərin hər birinin özünəməxsus
"obrazını" yaradır Qılman müəllim.
Qılman İlkinin bədii əsərlərində də
Bakı obrazı və onunla müvazi Dəniz obrazı
xüsusi yer tutur. Onun "Dağlı məhəlləsi"
povestini oxuyanlar bilir ki, bu povesti ancaq o məhəllənin hər
künc-bucağına bələd olan, adamlarının xasiyyətini,
əxlaq və davranış qaydalarını yaxşı bilən
bir yazıçı yaza bilər. "Bu məhəllədə
evlər var ki, həyətlərinə 5 nəfərdən
artıq adam sığmır. Dalanlar,
döngələr var ki, iki adam
yanaşı keçə bilməz. Burada
yaşayanların çoxu sadə adamlardır, amma geniş
ürəkləri var. Elə genişdir ki, nəinki sinələrinə,
heç həyət-bacaya, dalanlara, döngələrə də
sığmaz". Tənqidçi Akif Hüseynov vaxtilə
bu povest haqqında yazmışdı: "Qılman İlkin
bir məhəllənin əxlaqi özünəməxsusluğunu
rəsm etməyə səy göstərmişdir və bu niyyətinə
müvafiq olaraq düşündüyü süjet xəttini,
hadisələrin cərəyanını həmin məhəllədən
kənara çıxartmamağa
çalışmışdır. Sürücü Vəfadar,
mantyor İsgəndər obrazları da yazıçıya əksəriyyəti
zəhmət adamlarından ibarət olan məhəllə
sakinlərinin sadə yaşayış tərzini,
açıq, qayğıkeş təbiətlərini,
saflığını, pis, nəlayiq hərəkətlərə
qarşı qətiyyətliliyini ifadə etmək,
bütünlükdə məhəllənin mənəvi
simasındakı yaxşı cəhətləri qabarıq
göstərmək üçün lazım olmuşdur".
Qılman İlkinin "Dəniz həmişə göy olmur" povesti də onun ən maraqlı, mən deyərdim, bədiiyyatca ən gözəl povestidir. Burada təsvir olunan həyat, müharibə illərinin əzablı günləri amma oğul və nişanlı yolu gözləyən anaların, qızların obrazları necə də zərif, incə detallarla, təbii və real səhnələrlə (hətta romantik səhnələr də az deyil) təqdim edilir. Povestin qəhrəmanı Qənirə dərrakəli, hər şeyi başa düşən, incə qəlb sahibi olan bir qızdır. O, ildə yüzdən çox corab toxuyub hərbi fonda verir, bu işdə öz bəzək şeylərini də əsirgəmir. Lakin Qənirənin xarakterini aydınlaşdıran əsas cəhət onun baş verən hadisələrə ayıq münasibət bəsləməsidir. Qənirə cəbhədə olan nişanlısı Yavərin göndərdiyi məktubda sızıltılı ifadələr görəndə əsəbiləşir, bunu qorxaqlıq adlandırır. Məlum olur ki, o, Yavəri çox da möhkəm sevmirmiş, lakin Sərdardan üstün olduğu üçün onun təklifini rədd etmir. Sərdar isə müharibənin başlanğıcında bir əlinin dörd barmağını kəsmiş və bununla da cəbhəyə getməkdən yayınmışdır. Zahiri gözəlliyi ilə hamıdan seçilən Sərdarın bu hərəkəti Qənirəni daha artıq düşünməyə məcbur edir, onun düşüncələrində bir aydınlıq və saflıq yaranır. Bir vaxt sevdiyi Bəbirin müharibədən yaralı qayıtması və onların görüşü Qənirəni öz həyatına nəzər salmağa, adamları daha yaxşı tanımağa sövq edir. Qənirə başa düşür ki, orada - cəbhədə hər şeyi - dostluğu, yoldaşlığı, lap məhəbbətin özünü də təzədən dərk etmək, anlamaq olar. Sərdarın cəbhəyə getməkdən boyun qaçırması və taygöz Cəbinin axşamlar əsgər ailələrinin namusuna toxunmaq istəməsi Qənirənin mənəvi aləmində pisliyə və rəzilliyə qarşı nifrət duyğusunu alovlandırır, bu duyğu özündəki cəsarətsizliyə və zəifliyə də yönəlir. O, qəti addım atır, könüllü olaraq tibb bacısı kimi cəbhəyə yollanır.
...Cəmi dörd il. Dörd il də yaşasaydı, indi 100 yaşlı Qılman müəllim, ədəbiyyatımızın görkəmli simalarından biri öz yubileyinin canlı iştirakçısına çevriləcəkdi. Amma bu 100 yaşı o olmadan da ədəbi ictimaiyyətimiz böyük sevinclə, Xalq yazıçısına ehtiramla qeyd edir. Ruhun şad olsun, Qılman müəllim!
Vaqif
YUSİFLİ
ədalət.-2014.-5 aprel.-S.23.