Öyüd-nəsihət kitabı

 

 Hərdən bizə elə gəlir ki, həyat izharları yaradıcı şəxs üçün həyat qayəsidir. Çünki zamanın əks etdirdiyi həqiqətlər bu tipiklikdə real qiymətini alır. Buna görə həyata bağlılıq insan düşüncəsində əsas yerlərdən birini tutur. Zənnimizcə, istedadlı şair Qənbər Şəmşiroğlunun yaradıcılığında da əsas qayəçi ruh həyat və tale məsələlərinə sirayətetmə ilə təzahür edir. Bu zəruri faktı onun 2013-cü ildə Füzuli Ramazanoğlunun redaktorluğu ilə "Təknur" nəşriyyatı tərəfindən buraxılmış "Hələ vurur ürəyim" şeirlər kitabında da dəqiq müşahidə etmək mümkündür. Səmimi deyək ki, kitabda öz ənənəçilik ruhu ilə diqqət çəkən təbiət gözəllikləri, vətən, torpaq məhəbbəti, haqqı dərketmə, sevgi ahəngi və s. də məhz həyat-tale fonunda oxucuya çatır.

Kitabdakı şeirlər müxtəlif janrda - qoşma, gəraylı, qəzəl, müxəmməs və ithaflar fonunda təzahür edir. Janrlararası səsləşmələr, fikirdaxili ümumiləşmələr və s. kitabın bədii məziyyətlləri barədə müfəssəl fikir ifadə etməyə əsas verir.

Kitaba yazdığı "Sözün sehri, sözün sirri" başlıqlı ön sözdə Füzuli Ramazanoğlu qeyd edir: "...Qənbər Şəmşiroğlu poeziyasında təbiət təsvirləri, məhəbbət duyğuları ilə yanaşı, öyüdlər əsas yer tutur. Demək olar ki, bu mövzu onun poetik yaradıcılığının ana xəttini təşkil edir..." Doğrudan da, "Hələ vurur ürəyim" şeirlər kitabında duyğu əsas göstəricidir. Bu kodeks kitaba daxil edilmiş janrları əhatə edir. Yaradıcılıq qayəsi vətən məhəbbəti olan şair istər qoşmalarında, istər gəraylılarında, istərsə də digər janrlı şeirlərində bu prosesi mövzudaxili poetikliyə cəlb edir, oxucuya xoş anlar yaşadır. Müəllif həmçinin, bədii fikir ətrafında müasir yanaşmalara diqqət çəkməklə əsas məğzi lirik ovqatlara bükür.

 

...Mənə mane olur, ayə, qaşların,

Qoymur bənövşəli telindən öpüm...

***

Xəlq eləyən yol açırmı, çatasız

Arzunuza, kamınıza, lalələr?

 

***

...Sirrə ürəyində bir guşə ayır,

Bacarmasan, demək hələ heyifsən...

 

Xoşovqat yanaşma Qənbər Şəmşiroğlunun yaradıcılıq cəhdləridir. Bu cəhdlər oxucunu bir az duyğu selinə batırırsa, bir az da giley-güzara tuş edir. Yuxarıda misal gətirdiyimiz misralarda oxucu həm ruha rahatlıq bəxş edən sakitlik görür, həm qəlbə acı qədər sirayət edən rahatsızlıq da aşkarlayır. Bu müxtəliflik şairin bədii dərkində məsuliyyət yükü kimi diqqət çəkir, eyni zamanda oxucu bu zəruri yanaşmada bir həyat elementi axtarır. Bu axtarış onu mübarizliyə səsləyir, onda sabaha inamı artırır. Bu kimi təsiretmələr Qənbər müəllimin yaradıcılıq uğurudur.

Kitabın əsas süjet xətti yuxarıda dediyimiz kimi, öyüdvermədir. Yetişən nəsillər öyüd-nəsihətlər hesabına formalaşır. Qənbər Şəmşiroğlunun kitab boyu öyüd-nəsihət qayəli fikirlər ifadə etməsi həyat-cəmiyyət yanaşmasından doğur. Həm o, yaşının elə bir çağındadır ki, nəzmə çəkdiyi öyüd elementləri inandırıcı görünür.

Diqqət yetirək:

 

Lovğalanıb belə çəkmə özünü,

Ağlın olsun, elə bilmə nəhəngsən.

Sözünü bil, artıq-əskik danışma,

Başın gedər, düşünmə ki, pələngsən...

 

***

...Hap-gop eylə, desinlər ki, dillidi,

Kələklərin beş-on deyil, əllidi.

Hiss edəndə əməllərin bəllidi,

Titim-titim titrəyirsən, əsirsən...

 

***

...Dost qəlbində şübhə yuva salanda,

Ona birdi həqiqət , yalan da.

Sərkərdə gic, əsgər bivec olanda,

Topun lüləsindən qar-qırov çıxar...

 

Kitab boyu bu cür öyüdlərə, bu cür nəsihətlərə bu cür ibrətamiz yanaşmalara çox rast gəlirik. Müəllif bu tip deyimləri ilə yaddaşının dərin qatlarında çırpınan həyat qayəsini oxucu marağı ilə tarazlaşdırır, həyatı tale çək-çevirməsi üçün bir növ geniş meydan hesab edir. Bu genişliyin özündə bir ictimailik əks olunur. Bəlkə elə oxucunu bu vacib kodekslə üz-üzə qoyan bu ədəbi hissetmələrdir.

Kitabda ağrı-acı ilə təzahür edən fikirlər çoxdur. Bu da müəllifin yurd ağrılarından, torpaq yanğısından şaxələnir. Ayrıca, onun özündə ürək ağrısı ifadə edən şeirlərində oxucu bir mübarizlik görür.

 

Bahar əhvalımı xatırlayaraq,

Payız əhvalıma dözürəm indi.

Bir zaman yerləri göydən süzərdim,

Yerlərdən göyləri süzürəm indi...

 

***

Dünya kefin qulluğunda durubdu,

İlişib əylənməz dərdin əlində.

Düşmən sökən o dağların ətrini,

Halalın, hümmətin gördüm əlində...

 

Ağrı-acıdan mübarizliyə cığır açmaq Qənbər Şəmşiroğlunun yaradıcılıq meylləridir. Bu meyllər oxucu diqqətini üç vacib məqama çəkir: həyata baxış, gerçəkliyə inanma hissi qavramalara əsaslanma. Bu kodeksləri "Hələ vurur ürəyim" kitabının oxucu-şair yanaşmalarına bədii keçid kimi qəbul etmək olar. Birincisi, ona görə ki, müəllif yaşının müdrik çağındadır əxz etdikləri real zəminə əsaslanır; ikincisi, ona görə ki, kitabda yer almış şeirlərin əksərinin obraz şəkilləri poetik quruluşludur özündə mürəkkəb həyati məziyyətlər ifadə edir.

Qənbər müəllim qoşma xüsusiyyətində təzahür edən ədəbi məziyyətləri gəraylı tipində aydın xarakterizə edə bilir. Adıçəkilən kitabda yer almış gəraylıların çoxunda bu proses dəqiq ünvanını göstərir.

 

Uçurdun fürsət quşunu,

Uzaqlaşdı, ələ gəlməz.

Qanadlanıb kənar getdi,

Bir sizin gölə gəlməz...

 

***

Heç kəsdən xeyir demirsən,

Sən Allahın, şər də demə!

Pisliyin minləri keçib,

Kişisənsə, bir də demə...

 

***

Dədələrdən eşitmişik:

İgid köhlən atı saxlar.

Ağıl, kamal sahibləri,

Mahalı, elatı saxlar...

 

Göründüyü kimi, Qənbər Şəmşiroğlu gəraylılarında da öyüd-nəsihət xarakterli fikirlər ifadə edir, oxucusunu real hissi münasibətlərə kökləyir. Bu fikri-zəmində o, həm də bir həyat qaynarlığı göstərir.

Qənbər müəllim müxəmməslərində də həyat-tale məsələlərini qabardır, uyğun fikirlər ifadə ediroxucuda xoş ovqata meyli artırır. Bu yanaşma kitab boyu tamlıq yaradır və oxucuda nikbinliyə keçidi təmin edir.

"Hələ vurur ürəyim" kitabını Qənbər Şəmşiroğlunun həyat-tale hesabatı kimi də xarakterizə etmək olar. Doğrudan da, bu kitabdakı hər şeir janrından asılı olmayaraq özündə bir haqq-hesab çək-çeviri yaradır. Bu da müəllifin yaşam dünyasından, hadisələrə usta baxışlarından və müqayisələri düzgün apara bilmək bacarığından qaynaqlanır.

İnanırıq ki, "Hələ vurur ürəyim" kitabı Qənbər Şəmşiroğlu yaradıcılığında öz poetik sanbalını təmin edəcək, oxucu-cəmiyyət kodeksləri fonunda real həyati keçidə baxış sərgiləyə biləcək.

 

Polad Qasımov

Ədalət.-2014.-5 aprel.-S.18.