GÖZƏL MƏKAN – QUBA

 

Bu gün bütün regionlarda olduğu kimi, Qubada da çox böyük, möhtəşəm abadlıq, tikintiquruculuq işləri həyata keçirilir. Bu da təsadüfi deyil, çünki ölkə prezidenti cənab İlham Əliyev regionların sosial-iqtisadi inkişafına çox böyük önəm verir.

Məhz bunun nəticəsidir ki, ötən il möhtərəm prezident İlham Əliyev 18 sentyabr və 20 dekabr tarixlərdə iki dəfə Quba rayonuna səfər edərək bir sıra mühüm obyektlərin açılışında şəxsən iştirak edib, rayonda həyata keçirilən tikinti-abadlıq və quruculuq işlərinə yüksək qiymət verib. 2013-cü ildə prezident İlham Əliyev Quba rayonu ilə bağlı beş mühüm sərəncam imzalayıb. Belə ki, cənab İlham Əliyevin 01 fevral 2013-cü il tarixli sərəncamı ilə Quba-Küpçal-Küsnət avtomobil yolunun tikintisi üçün 5 milyon, 31 may 2013-cü il tarixli sərəncamı ilə Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisi üçün 3 milyon, 23 sentyabr 2013-cü il tarixdə imzaladığı 3 sərəncama əsasən Quba-Qonaqkənd avtomobil yolunun tikintisi üçün 2 milyon, Quba rayon Mərkəzi Xəstəxanasının yeni binasının tikintisindən ötrü 2 milyon, rayonun sosial iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 2 milyon manat vəsait ayrılıb.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ilə əlaqədar müvafiq tədbirlər görülüb. Proqram çərçivəsində rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün çoxmənzilli iki yaşayış binası, ümumilikdə 4020 şagird yerlik 18 məktəb binası inşa olunub. Quba şəhəri və Qırmızı qəsəbənin su kanalizasiya sistemi yenidən qurulub, Timiryazev və Quba-Qəçrəş-Qımılqazma istiqamətində 22 kilometr uzunluğunda avtomobil yolu yenidən qurulub. Rayon ərazisində meyvə saxlanması üçün soyuducu anbarlar inşa olunub. Qubanın yaşayış məntəqələrinin qazlaşdırılması ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilərək 2009-2013-cü illər ərzində 27 yaşayış məntəqəsi təbii qazla təmin edilib. Ümumilikdə rayon üzrə 157 yaşayış məntəqəsindən 48-i mavi qaz yanacağından istifadə edir.

Proqramın əhatə etdiyi dövr ərzində rayonda 4134 daimi olmaqla 6586 yeni yeri açılıb.

2013-cü il rayon üçün çox uğurlu olub. Belə ki, həmin il rayonda tikintiquruculuq işləri daha geniş vüsət alıb. Bu müddətdə Quba şəhərində rayon icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, Quba Su-Kanal İdarəsinin, DİN-in Baş Pasport Qeydiyyatı və Miqrasiya İdarəsinin regional bölməsinin, "Azərpoçt"un rayon şöbəsinin yeni inzibati binalarının, "Gənclər Mərkəzi"nin, "Dövlət Bayrağı" kompleksinin, "Fəvvarələr" kompleksinin, Uşaq Əyləncə Mərkəzinin, Quba Soyqırımı Memorial Kompleksinin, Quba şəhərində "Tağlı giriş qapısı"nın, "Yaşıl teatr" konsert kompleksinin, Qırmızı qəsəbədə Heydər bağının, II Nügədi kəndində Azərbaycan Dövlət Universitetinin tədris-təcrübə və istirahət mərkəzinin və İqtisad Universitetinin idman və istirahət mərkəzinin, Əski-İqriq kəndində "Rixos" otel kompleksinin əsas korpusununqolf stadionunun tikintisi başa çatdırılaraq istifadəyə verilib. Quba şəhəri ilə Qırmızı qəsəbəni birləşdirən tağlı körpünün təmiri başa çatdırılıb. Rayon məhkəməsinin yeni inzibati binasının, Nizami parkı ərazisində Tarix-Diyarşünaslıq Muzeyinin və Gənclər evinin yeni binalarının tikintisi davam etdirilir.

Quba şəhərinin küçə və meydanlarında əvvəlki ildən başlanmış abadlıq işləri 2013-cü ildə daha geniş miqyasda davam etdirilib. Şəhərin 223-cü atıcı diviziya küçəsində abadlıq işləri aparılaraq yeni gecə işıqlandırma dirəkləri quraşdırılıb, 1600 kvadratmetr yaşıllıq zolağı yaradılıb, səkilər təzələnib. Bakı-Quba yolunun Qaraçay kəndindən keçən hissəsində Ağçay üzərində yeni körpünün tikintisi başa çatdırılıb. Qubanı Mirzəməmmədkəndlə birləşdirən və Quba-Rusiya Federasiyası sərhədi magistral avtomobil yoluna birbaşa çıxışı təmin edən yeni yol inşa edilibQudyalçay üzərində yeni körpü salınıb. Bu da ağır tonnajlı yük avtomobillərinin şəhər ərazisinə daxil olmadan Bakı şəhərinə və əks istiqamətdə hərəkətinə imkan verir. Ümumilikdə, 2012-2013-cü illər ərzində rayon ərazisində 5 yeni körpü istifadəyə verilib.

Rayonun Küpçal, Dağlı, Aşağı Tüləkəran, Qaraçay, Xucbala və Hacıqayıb kəndlərində məktəblərin tikintisi başa çatdırılıb. Qımılqışlaq, İsnov, Məckə-Xacə, Alıc-Digah, Afurca və Əspərasti kəndlərində yeni məktəblərin tikintisi planlaşdırılıb, tikinti sahələri ayrılıb, layihə-smeta sənədlərinin hazırlanması başa çatdırılıb. Afurca kənd məktəbinin tikintisinə artıq başlanılıb.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin dövlətçiliyə və Prezidentə sadiqliyi bir daha onun əməli işində özünü göstərir. Qubalılar bundan sonra da prezident İlham Əliyevin ətrafında daha sıx birləşəcək, onun daxilixarici siyasətini qətiyyətlə müdafiə edəcək, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kursa daim sadiq qalaraq qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün var qüvvələrini, bilik və bacarıqlarını sərf edəcəklər. Biz Qubada kiminlə söhbət etdiksə, onların böyük ümidlə və gələcəyə inamla yaşadığını dərindən duyduq. Duyduq ki, möhtəşəm abadlıq və quruculuq işləri həyata keçirilən Qubada insanlar özlərini çox rahat və yaxşı hiss edirlər.

 

Ceyhun RÜSTƏMOV

Ədalət.-2014.-5 aprel.-S.17.