Yun şal

(hekayə)

 

Birdən-birə göz dəydi Gülgəz nənəyə? Həmişə deyib-gülən, şaqqıltısından qulaq tutulan, qızlara, gəlinlərə zarafat edən, məzəli-məzəli əhvalatlar söyləyən Gülgəz nənə heç kimlə kəlmə kəsmək istəmir. Qaş-qabağı yerlə gedir. Noolub nənəyə?

Gülgəzin gülgəz dövranı olub ha! Sürahı boyu baxışları, yerişində-duruşunda bir gözəllik, yaraşıq varmış onun; ucu butalı, kəlağayını atmaca atıb, qanovuzdan tikdiyi 8-9 taxta tumanı, ipək qıyılı köynəyi geyib kəndə çıxanda kişiləri yox ey, elə qadınları da hayıl-mayıl edərmiş; gülüşü dağların hörüklərinə bənzər şəlalə təki çağlayırmış bu canı yanmışıng

İndi hanı? Hanı o Gülgəz? Sifətində sanki hörümçək tor qurub. Qaş-qabağından qar yağır, bət-bənizi büzüşmüş payız almasına dönüb, suyu sözalan, ətrafı torbalanan gözlərinin dərinliyində əzab, peşmançılıq var... Oturub öz əliylə toxuduğu "Əsli-Kərəm" xalçasının üstündə, damarları apaydın görünən əlləri isə hələ öz işindədi, corab toxuyur - güllü, naxışlı corab. Kim geyəcək onu? - Bu heç vecinə də deyil, ömrünün sonuna kimi corab, əlcək, köynək, xurcun toxuyub qız-gəlinə pay verəcək!

Hə, lap huşsuz olmuşam, vallah. Bə soruşan gərək,

Gülgəz nənə kimnən küsüb? Gəlini Sevdadan! Seva, özünün yox ey, oğlunun gəlinidi.

Əri Səfər 2-ci Cahan savaşına getdi, qayıtmadı. Cavan, gözəgəlimli gəlin elçi düşənlərə "hə" demədi, bircə Fuadını böyütdü, oxutdu, ev-eşik sahibi elədi. 30 il qabaq əhd eləmişdi ki, oğul nəvəsi olsa, onu evləndirən kimi gəlini Qərənfillə oturmayacaq. 3 qızdan sonra Fuadla Qərənfilin bir oğlu dünyaya gəldi və kənddə hamı bildi ki, bu, Gülgəzin payıdı, Allah-təala onun nidasını eşidib. Uşağa özü ad qoydu - əri Səfərin adını.

Sonra, sonra mehrini-məhəbbətini nəvəyə saldı Gülgəz. Oğlu kimi nəvəsini də böyütdü, oxutdu, evləndirdi və budu ha, həkim işləyən nəvənin də ayrıca evi var, vaxt-vədə tamamlanıb. Əhdinə əməl eləmək zamanıdı. Fuadla Qərənfili yanına çağırdı.

- Day siznən qurtardım. Sizinki sizdə, mənimki məndə, sağ olun, salamat qalın. Sabah tezdən qonşular durmamış, mənim sandığımı, pal-paltarımı aparın Səfərin evinə!

Gülgəzi köçürəndə Qəfənfil bir az ağır basdı, niyəsə gec tərpəndi, istədi qarıya "mənə baxma, ay arvad, səninki Sevyala tutmaz" - desin, amma dinmədi, dilinə sahib durdu... Və Gülgəz getdi nəvənin yanına. Ürəyində, "bir şirinlik yaradacam, Qərənfil məəttəl qalacaq".

Əcəb məəttəl qaldı Qərənfil. Bir həftə ötməmiş, eləki, Seva (əsl adı Sürəyya idi) doğum evindən qucağı körpəli qayıtdı və elə o gün Gülgəz nənə anladı ki, yox, bu xına o xınadan döyülmüş, Qərənfilin zənni düz çıxır deyəsən.

... Hay gəldi Fuadın üstünə- anan deyir: məni axşama qaytarsın öz evimizə və bununla da hər şey bitdi. Qarı təcili olaraq qayıtdı köhnə hücrəsinə. Qərənfil əvvəl-əvvəl soruşmadı ki, ay arvad, nooldu, niyə tezcə geriyə döndün? Üstündən bir həftə ötəndən sonra, eycahannıx olan kimi, o, marağını gizlətmədi.

- Nooludu, ay xala, bə niyə qalmadın nəvənnən? Gəlin üzünə xoş baxmadı, hə? Gülgəz nənə zənlə baxdı gəlininə. Haqq üçün, Qərənfil onun bir sözünü heç zaman iki eləməyib. Qayınana hansı havanı çalıbsa, onu da oynayıb. Uşaqdan azad olandan Gülgəz: - Ay bala, əl-ayağuvu isti elə! - Baş üstə! - 40 gün çiləli uşağın üstünə heç kimi qoyma! - Baş üstə! - Şoraba yemə, - Baş üstə!..

Gülgəz dinmədi, dinmədi və birdən özü demiş, ağzıcıvıqlıq elədi:

- Seva roddomdan gələn kimi cumdum üstünə, onu da, nəticəmi də basdım bağrıma, üzlərindən öpdüm. Sonra sandığımı açıb o köhnə yun şalı çıxarıb verdim gəlinə:

- Şalı belinə bağla, - qızım dedim, - zahı qadının gərək beli-bədəni, əl-ayağı isti ola!.. Bıy canın ölməsin, Seva, şaqqanaq çəkdi, şalı əlimdən alan kimi pəncərənin bir layını açdı, onu tulladı çölə.

- Bu soda döyül, ay nənə! Ağaz, nə geysə yaxşıdı bu gəlin-dizdən yuxarı qırmızı uşaq şalvarı, kürəyi, döşü-başı açıq, nə bilim nə, nə.... Ay Qərənfil, mən demirəm o indi mənim kimi uzun tuman, uzun köynək geysin, ancaq yenə abır yaxşıdı...

 

***

 

Gülgəz nənənin yun şal söhbətinə burda nöqtə qoymaq istəyirdim və elə beləcə düşüncələrimdən ayrılmağa çalışırdım ki, mənə qoymaq istəyirdim və elə beləcə düşüncələrimdən ayrılmağa çalışırdım ki, mənə xəbər gəldi. Qafar, tanıdığım adamı heç kimin yadına düşməyən bir fikrə düşüb: dostları ilə sözü bir yerə qoyub klub-dərnək açır. Vurhay sənəd düzəldir ki, lap tezliklə qız-gəlinləri bu dərnəyə cəlb edəcək, milli xörəklər, geyim-keçim, nələr, nələr barədə məsləhət-məşvərət aparacaq, elmi dillə desək, treninqlər təşkil edəcək. Noolar, ağıllı fikirdi, özüindiki zamanda.

Qafar qardaş, dərnəyinin birini undan nələr hazırlanmasına aid elə. Burda çörəklə bağlı yadıma bir məsəl düşüb, qoy deyim: qalac-qarnım ac, fətir-məni bu gədikdən ötür, təndir çörəyi -ürəyimin dirəyi.

 

***

 

... Söz sözü çəkmişkən, yaddaş cədvəlimdə yazılan başqa bir məlumatı da dilə gətirmək istəyirəm. O gün çayçıda Qəzənfər - keçmiş zavmağ-nostalgiya xəstəliyinə tutulan bu kişi, gülə-gülə, şəstlə nə qırıldatsa yaxşıdı: bəs dəllək işləyən kiçik qızı Aysel, ailəyə müəllim işləyən böyük qızı Aynurdan çox qazanc gətirir. Pəh-pəh, kişi gör nəynən fəxr eləyir? Qəzənfərin bu sözü məni yaman tutdu: deməli, dəllək müəllimi üstələyib hə?..

... Nə isə, niyyətinə əhsən, ay Qafar! Qoy sənin dərnəyində qız-gəlin qovud hazırlamağı, omac ovmağı, fətir yaymağı, təndirə çörək yapmağı, əriştə kəsməyi, halva, doşab çalmağı öyrənsin. Sən Allah, Qəzənfərin o dəllək qızını da dərnəyinə cəlb elə! Və dərnəyinin ilk məşğələsində elan ver: köhnələrdən biri - Əlibala Rəhimov xəbər göndərib - kim qızılgül xəngəli hazırlamağı nümayiş etdirə bilsə, ona bir aylıq təqaüdümü mükafat verəcəm.

 

Əlibala Rəhimov

Biləsuvar rayonu

Ədalət.-2014.-8 aprel.-S.6.