Uzaq Komidə - Sovet uran yatağını
kəşf etmiş alim-geoloq
Azərbaycan
tarixində baş vermiş ən ağrılı və kədərli
hadisələrdən biri də ötən əsrin 20-ci illərindən
başlayaraq, 30 ilə yaxın davam edən repressiyalar
olmuşdur. Bu illərdə digər Sovet Respublikalarında olduğu
kimi Azərbaycan Respublikası ərazisində insan
hüquqlarına zidd olan qanunlar əsasında totalitar dövlət
rejiminin törətdiyi özbaşınalıq və
zorakılıqlar nəticəsində yüz minlərlə
günahsız insan milli özünüdərk və milli
dövlətçilik əqidəsinə görə
repressiyalara məruz qalmışdır. Əslində
bu dəhşətlər, uzun müddət davam etsə də,
30-cu illərdə amansızlığına görə
xüsusi ilə seçilmişdir. Bəs
bu amansızlıqların, repressiyaların kökü harada
idi? Haradan qaynaqlanırdı bunlar?
Uzun zaman ərzində təbəəsi olduğumuz
Rusiya İmperiyasında 1917-ci ilin fevral inqilabının
insanlara verdiyi "azadlıq, bərabərlik və
qardaşlıq" vədi cəmiyyətin bütün təbəqələrində
görünməmiş bir ruh yüksəkliyinə səbəb
oldu. Hamı cəmiyyətin siyasi və iqtisadi həyatında
əsaslı dəyişikliklər gözləyirdi.
Lakin yeni yaradılmış hökumət müharibələrdən
əldən düşmüş və ac insanların həyatında
müsbət dəyişikliklərə nail ola
bilmədi.
Bolşeviklərin 25 oktyabr 1917-ci ildə təşkil
etdiyi silahlı üsyan zamanı məşhur "Avrora"
kreyserindən açılan yaylım atəşi Petroqradda
İmperator ailəsi yaşayan Qış sarayının ələ
keçirilməsinə bir siqnal oldu ki, bu da ucsuz-bucaqsız
İmperiyanın tarixində yeni bir səhifə
açdı.
Bu tarixdən sonra vətəndaşların
şəxsi azadlıq haqlarına yer qalmadı. Artıq
1918-ci ilin bahar-yayında ölkədə ərzaq
diktaturası təyin edildi, az sonra isə
proletariatın diktaturası bərqərar oldu.
Kommunist Partiyasının törətdiyi ilk siyasi
repressiya qurbanları da məhz, çar sülaləsinin
nümayəndələri idi. 1918-ci il iyun
ayının 16-dan 17-ə keçən gecə imperator II
Nikolayın bütün ailə üzvləri, məhkəmə
və istintaqsız uzaq Yekaterinburqda güllələndilər.
Elə hər şey də məhz buradan başladı!
Ötən
əsrin 20-ci illərindən başlayaraq, Azərbaycanda da
insanları "əksinqilabçı",
"trotskiçi", "casus", "müsavatçı",
"millətçi", "üsyançı" və
s. kimi ittihamlarla kütləvi repressiyalara məruz qoydular.
Repressiya illərində Azərbaycan ərazisindən 100 mindən
artıq ziyalı, hərbçi, mədəniyyət və
incəsənət xadimi, alim, yazıçı, müəllim,
din xadimi Sibirə, Qazaxıstana və digər yerlərə
sürgünə göndərilmişdilər. Bununla
da Azərbaycan cəmiyyətinin ağıllı, elmli,
istedadlı, əməksevər, mənəviyyatlı təbəqəsinin
çox böyük hissəsi məhv edildi. Bu da faktdır ki, əhalinin hər min nəfərə
düşən repressiya qurbanlarının sayına görə
Azərbaycan digər sovet respublikaları arasında əvvəlinci
yerlərdən birini tuturdu.
Azərbaycanda 1930-1950-ci illərdə repressiya edilənlərin
içərisində təkcə 29 min nəfər seçmə
ziyalı olmuşdur. 1937-ci ildə 16 Azərbaycan generalı qətlə
yetirilib. Repressiyaya məruz qalanlar içərisində
Abbas Mirzə Şərifzadə, Bəkir Çobanzadə, Cəmşid
Naxçıvanski, Hüseyn Cavid, Mikayıl Müşfiq,
Yusif Vəzir Çəmənzəminli, Əhməd Cavad və
s. kimi görkəmli elm, mədəniyyət və ictimai
xadimlər olmuşdur.
30-cu ildə
siyasi repressiyaya məruz qalaraq uzaq Sibirə göndərilmiş,
yuxarıda qeyd etdiyimiz siyahıdakı görkəmli
insanlarımız sırasında yer tutmağa layiq olan, fəqət,
geniş ictimaiyyətin hələ lazımi səviyyədə
tanıya bilmədiyi şəxsiyyətlərdən biri də
SSRİ Elmlər Akademiyasının Azərbaycan
filialının Rəyasət Heyətinin sədr müavini,
Almaniyanın ən seçmə akademiyalarından birində
təhsil almış, alim-geoloq, hətta uzaq Komidə həbsdə
olarkən Barens dənizi sahillərinə yaxın yerdə, o
zaman Sovet İttifaqında ən iri uran yataqlarından birini kəşf
etməklə ölkənin nüvə təhlükəsizliyini
təmin edənlərdən biri olmuş Cəfər Ələsgər
oğlu Kazımovdur. O, 21 dekabr 1896-cı ildə Bakıda
ziyalı ailəsində anadan olmuşdu. Hələ
uşaq ikən valideynləri vəfat etmişdi. Onu böyük qardaşı böyütmüş
və mükəmməl təhsil vermişdi. Bakı real məktəbini 1916-cı ildə bitirdikdən
sonra Moskva Kommersiya İnstitutunda təhsil almışdır.
Azərbaycan Demokratik Respublikası 1920-ci ilin
yanvarında xaricdə təhsil almaq üçün 100 nəfər
seçmə tələbə göndərəndə
onların arasında Cəfər Kazımov da vardı. O, ilk öncə Almaniyada
Darmştad Texniki Universitetində oxumağa başladı. Qeyd edək ki, bu tədris müəssisəsi 1877-ci
ildə Darmştad Texniki Məktəbi adı ilə
yaradılmışdı və dünyada ilk dəfə
elektrotexnika fənni də (1882-ci ildə) məhz, burada tədris
olunmuşdu. O, eyni zamanda Avropanın ən
tanınmış texniki universitetlərindən
sayılır. Bu texniki universitet "bizim
görkəmli şəxsiyyətlərimiz və əldə
etdiyimiz yeniliklər dünyanı dəyişdirdi" deyərək
indi də fəxr edir.
Darmştad Universitetində lazımi texniki savada yiyələndikdən
sonra, Cəfər Kazımov təhsilini dünyanın ən qədim
dağ-mədən təhsil müəssisələrindən
olan Frayburq Dağ-Mədən Akademiyasında davam etdirir. Qeyd etmək
yerinə düşər ki, məhz, bu akademiyada 2 kimyəvi
element indium və germanium kəşf edilmişdir.
Cəfər Kazımov 1925-ci ildə akademiyanı
yüksək səviyyədə bitirərək dağ mühəndis
geoloqu ixtisasına yiyələndikdən sonra doğma Azərbaycana
qayıtmışdı.
Hələ Moskvada Kommersiya İnstitutunda oxuyarkan
sosial-demokrat ideyalarına yoluxmuş C.Kazımov, Almaniyadan vətənə
Kommunist Partiyasının mətin üzvü kimi
qayıtmışdı. Azərbaycan Kommunist Partiyasının
tapşırığı ilə o, əvvəlcə
Bakının Suraxanı sahəsində mədən
müdirinin müavini, 1927-1930-cu illərdə N.Nərimanov
adına Sənaye Texnikumunda direktor müavini, eyni zamanda
mineralogiya, petroqrafiya və qazma işləri fənnləri
üzrə müəllim işləmişdi.
1931-1932-ci illərdə Azərbaycan SSR Dövlət Plan
Komitəsində Sənaye bölməsinin sədri və Rəyasət
heyətinin üzvü olmuşdur. 1932-ci ildə o əvvəlcə
SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan
bölməsinin, 1933-cü ildə isə SSRİ EA Azərbaycan
filialının Rəyasət Heyətinin sədr müavini
olmuş, bir sıra elmi tədqiqat mərkəzlərinin
yaradılmasında yaxından iştirak etmişdir.
1935-ci ildə Akademiya filialının fəaliyyəti
barədə geniş hesabatın məruzəçisi də
Cəfər Kazımov olmuşdu. Arxiv sənədlərindən
göründüyü kimi o, geologiya üzrə ciddi elmi tədqiqat
işləri aparmış və "Azərbaycanın
yeraltı sərvətləri" adlı monoqrafiya
yazmışdı. Lakin bu dəyərli əsər
o, həbs olunarkən digər əlyazmaları ilə birgə
müsadirə olunmuş və yoxa
çıxmışdı. 1937-ci ilin
may-iyul aylarında SSRİ-də XVII Beynəlxalq Geoloji Konqres
keçirilirdi. C.Kazımov da
bacarıqlı elm təşkilatçısı və
geologiya sahəsi üzrə görkəmli mütəxəssis
olduğu üçün bu forumun Təşkilat Komitəsinə
üzv seçilmişdi. Lakin Konqres
başa çatmamış onu həm Təşkilat Komitəsindən,
həm də Akademiyada tutduğu vəzifədən
uzaqlaşdırdılar. Azərbaycan Mərkəzi
İcraiyyə Komitəsinin üzvü nəinki həm alim və
dövlət xadimi səlahiyyətlərini, eyni zamanda adi insan
hüquqlarını da itirdi. Bununla da, Almaniyadan vətənə
qayıdandan sonra 12 il ərzində davam edən
qaynar və xoşbəxt həyata son qoyuldu və o, evdə
oturaraq nə zaman həbs olunacağını gözləməli
oldu. Nəhayət ki, 279 gündən sonra (!)
- 4 aprel 1938-ci ildə onu həbs etdilər.
Cəfər Kazımovun böyük qardaşı - Azərbaycan
KP MK Rəyasət heyətinin üzvü, Səhiyyə
nazirinin müavini Ağahüseyn Kazımovu isə 1937-ci ildə
xalq düşməni kimi həbs edərək güllələmişdilər. Yeri gəlmişkən,
Ağahüseyn Kazımov 1916-cı ildə Kiyev Dövlət
Universitetinin Tibb fakültəsini bitirmişdi. I Dünya Müharibəsində həkim kimi
iştirak etmişdi. Kommunist ideyalarına
sadiq bir insan idi. Azərbaycanda sovet hakimiyyəti
qurulan zaman ilk Səhiyyə Komissarı olmuşdu. 1937-ci ildə tam gücü ilə işləyən
repressiya maşını onu da "üyütdü".
Sonralar bəraət alandan sonra 1 N:-li Bakı şəhər
poliklinikasına A. Kazımovun adı verildi.
Cəfər
Kazımovun isə ən əzablı günləri də məhz,
həbsdən sonra başladı və bu 1 il
10 ay 15 gün davam etdi. Maraqlıdır ki,
müstəntiqlər onun "xalq düşməni"
olmasını sübut edəcək heç bir dəlil tapa
bilmirdilər. Azərbaycan Xalq Daxili
İşlər Komissarının müşaviri 1940-cı ildə
Moskvaya ezam olundu və o dövr üçün görünməmiş
dərəcədə uzanan bu işə nəhayət ki,
yekun vuruldu. Həmin il yanvarın 26-da
"xalq düşməni" Cəfər Kazımava 5 il
iş kəsilərək Komi MSSR-ə, Uxta şəhərində
yerləşən Qütb düşərgəsinə
göndərildi. O da digər məhbuslar kimi, çox hissəsi
bataqlıqlardan ibarət olan ərazilərdə əsasən
meşələrin qırılması və başqa
ağır işlərlə məşğul olmuşdu. Hər
tərəf buzla, maviyə çalan qarla örtülsə də
iş günü 12 saatdan az olmurdu. Belə şəraitdə məhbuslar yorulub əldən
düşür, ölümcül vəziyyətdə
olurdular. Cəfər Kazımovun milliyyətcə
polşalı olan həyat yoldaşı və Bakıda ən
hörmətli cərrahlardan biri hesab olunan Mariya xanım ərinə
məhbus üçün ən zəruri olan çəkmə,
corab, isti paltar və gizli yerdə-çəkmənin
dabanında 1000 rubl pul göndərir. Təəssüf
ki, Cəfər Kazımov o pulları tapa bilmir..."Xalq
düşməni" kimi həbs olunmuş insanların
içərisində qayğıkeş və rəhmdilli
insanlara tez-tez rast gəlinirdi. Onlardan məşhur
bakılı geoloq-alim V.Boqaçev və M.Ağamirov
C.Kazımova çox qayğıkeşlik etmiş, mənəvi
dayaq olmuşdular.
O zaman həbs
düşərgələrində alim və mütəxəssislərə
qarşı belə bir ssenari tətbiq olunurdu: - əvvəlcə
onları ağır və alçaldıcı işlərə
cəlb edir, sonra isə "xüsusi rəhmdillik əlaməti"
olaraq həbsə qədər məşğul olduqlarına
oxşar işə cəlb edirdilər. Nəhayət
ki, Cəfər Kazımova da beləcə "mərhəmət"
göstərildi və onu Uxta Kombinatının Mərkəzi
elmi-tədqiqat laboratoriyasında elmi əməkdaş
keçirdilər və 1945-ci ilin oktyabrınadək orada
işlədi. Xoşbəxtlikdən
laboratoriya rəisi gənc azərbaycanlı geoloq Rüstəm
Vəkilov idi. Sonralar, 60-70-ci illərdə
Azərbaycanda yüksək vəzifə tutacaq, əsil-nəcabətli,
son dərəcədə ziyalı və ədalətli insan
olan R.Vəkilov yeni işçisinə xüsusi
qayğıkeşlik göstərir, onunla səmimi rəftar
edirdi.
(Ardı var)
Ağamahmud Səmədov
Nəsib
İlyasov
ədalət.-2014.-10 aprel.-S.6.