Eldar Baxış - Axır
sözünü əvvəl deyən adam
(Eldar Baxış xatirələr
İşığında)
Azərbaycan ədəbiyyatının elə ünlü imzaları var ki, dünyanın üstümüzə ələdiyi dərdindən-sərindən, kirindən, dedi-qodusundan arınmaq, paklanmaq üçün onların yaradıcılığına dönə-dönə qayıtmaq lazımdır. Bəzən, amansız əcəl, vaxtsız ölüm elələrini sıralarımızdan zamansız aparsa da, onları unutmamaq, gənc nəsilə xatırlatmaq, təbliğ etmək borcumuzdur.
Belə işıqlı imzalardan biri Eldar Baxışdır. Ədəbiyyat tariximizdə "İydə çiçəyi","Üçtəpə bayatıları", "Allı qız, ballı qız, xallı qız", "Ağ saçların işığı", "Qara ilə Qaracanın nağılı","Deyə bilmədiyim sözlər", "Atlı oğlanlar","Ölüsü ilə ərəbcə, dirisi ilə rusca" kitabları ilə ədəbi mərhələ yaradan Eldar Baxış yazdığı məqalələrdən çəkdiyi filmlərə qədər hər yerdə öz dəst-xətti ilə seçilir. Onun yaratdıqlarının müdafiəyə ehtiyacı yoxdu. Onlar illər uzunu özlərini oxutduracaq, izlədəcəklər.
Bəs bu gün Eldar Baxış necə xatırlanır ? Onu unutmamışıq ki? Eldar Baxış haqqında nə bilirik?
Bu sualları aydınlatmaq üçün yazarın çiyindaşlarından gənc yazarlara qədər ədəbi cameəmizin müxtəlif imzalarına üz tutduq. Gəlin, xatirələri və rəyləri bir yedə izləyək.
İlahi, mənə yox, mən istəmirəm,
İlahi, yazığın gəlsin bu qıza.
Elə eləmə ki,
oğlanlar, qızlar,
Kişilər, arvadlar gülsün bu qıza.-Onu kimə sorduqsa, öncə bu şeiri xatırladılar. Ondan kimə söz açdıqsa, bir nisgil süzüldü sözlərindən.
XX yüzilliyin Azərbaycan ədəbiyyatına bəxş etdiyi ən istedadlı və ən səmimi qələm sahiblərindən biri idi O. Sanki Taleyini Nostradamus biliciliyi ilə qələmə alan Eldar Baxış:
Tək dedilər - təklədilər,
qanına yeriklədilər.
sonra da dərdini alıb
dağa-daşa yüklədilər,
çəkə bilmədi-bilmədi.
Əsim-əsimcə əsdilər,
öldürməyə tələsdilər,
günün günorta çağında
ağacı elə kəsdilər, -
kölgə bilmədi-bilmədi.
Xallandı gül - butasında.
nər qarnında -qartasında.
bir şairi öldürdülər
bir ölkənin ortasında, -
ölkə bilmədi-bilmədi.
Ədəbiyyatın vaxtsız Eldar Baxış itkisi ilə könlü-gözü barışmayanlarının ən böyüyü şairin yaxın dostu ədib, nasir Azad Qaradərəlidir.
"Eldar haqqında gərək həyəcansız danışam ki, bir şey alına. Amma bacarmıram. Mənim yaxından iştirakımla Eldar haqqında iki dəfə xüsusi buraxılış buraxılıb. Mən sağlıq olsun, gələcəkdə onun haqqında kitab yazmaq istəyirəm."-deyə kövrələn Azad müəllim Eldar Baxışın xatirəsinə həsr etdiyi "Yuxarıda kim var?" adlı uzun hekayəsini xatırladır. Müxtəlif vaxtlarda və saytlarda çap edilən "Eldar Baxışı güllələmədilrər", "Eldar baxışın ad gününə" adlı yazıları canlı ensiklopediya yazıçımızın dostuna sədaqətinin, bağlılığının bariz nümunəsidir. "Bunlar tariximizdir yazıram ki, unudulmasın. Siz də sağ olun ki, maraqlanırsınız."-deyə xoş niyyətimizi uğurlayan Azad Qaradərəlinin "Eldar Baxışın ad gününə"yazısından bir parçanı təqdim edirik:
"Eldar möcüzə idi. Poeziyasıyla, publisistikasıyla, yeyib-içməyiylə, yeriməyiylə, adicə həyat tərziylə. Məsələn, dostunun qızının şəxsiyyət vəsiqəsi almasını bayram kimi qeyd etməsini təkid edirdi və fəhlə dostunu buna inandırırdı - müstəqil ölkənin vətəndaşının pasport alması elə bayramıdı də!
Yaxud, o qızının soyadını elə özü kimi Baxış yazdırmışdı və hamıya da milli soyad götürməyi məsləhət görürdü - elə bil tələsirdi, ürəyinə dammışdı ki, bunu sonralar qulaqardına vuracaqlarg
Eldar özgür şair idi. Hamının şairi olmasa da, hamıların sevgisini qazanmışdı:
Anam deyir
ki,
Allah
hamının Allahıdı -
yaxşının, pisin,
əyrinin, düzün
namərdin, mərding
Allah
hamının Allahıdı,
Ancaq mən
Hamının
şairi
Ola bilmədim,
anag
Eldar verilişin təsdiqinə qol çəkən yerdə
müavininə yer qalmazdı. Eldar söz deyən məclisdə hələm-hələm
adam danışmağa ürək eləməzdi.
Eldar ilk dəfə şeirə ünvan, ad gətirdi
- katibə ("Ala-bula adam"), prezidentə ("Məktub")
yazdığı şeirlərdə sözünü
düz-düzünəqulu deməkdən çəkinmədi.
O yazırdı: "Venesuellada Sessar Valexonun sözünün
başına döyürdülər, Fransada özünün
başına, ancaq o, sözünün başına
döyülən yerdən qaçıb, özünün
başına döyülən yerdə yaşayıb, şair
özünün başına döyülən yerdə
yaşaya bilər, sözünün başına döyülən
yerdə yox!"
Tənqidçi
alim Vaqif Yusifli dostundan ayrı keçən bütün illərin
ağırlığını, nisgilini, acısını,
Eldarsızlığını bircə cümləylə ifadə
etdi: "Eldar Baxış bənzərsiz şair idi, dostum
idi."
Özü, "Ölsək də tapmarıq əncam
ölümə" deyib, təkrarsız nəfəsli
şair Qulu Ağsəs.
Amma Eldar Baxışdan bir ayrı cür
danışdı. Sanki DOSTunun (məhz böyük hərflərlə) da
"ölümə bir can borclu" olduğunu qəbul etmək
istəmirdi:
"Eldar Baxış Azərbaycan ədəbiyyatının
unikal şəxsiyyətlərindən biri olub. Xasiyyəti və
yaradıcılığı ilə kişi
bir adam idi. O əlində qələm tutanda da kişi
kimi tuturdu, kövrələndə də kişi kimi kövrəlirdi,
məğlub olanda da kişi kimi məğlub olmağı
bacarırdı.
Eldar
Baxış poeziyası məğrur poeziyadır.Onun şeirlərində
fağır misra yoxdur.O misralarında da qabağından yeməyən
adam idi.
Olur ki, ədəbiyyatda ikiləşmə olur. Onda ikiləşmə
yoxdu. Eldar Baxış axır sözünü əvvəl
deyən adam idi.
Biz onunla Azərbaycan televiziyasının radio
proqramında çalışmışıq. Demək olar
ki, hər gün onun kabinetində ədəbi aləmi vərəqləyirdik.
Eldarın hər şeyə özünəməxsus
baxışı vardı. O şeirə də, həyata da,
sevincə də, oluma da, ölümə də özünəməxsus
yanaşırdı.
Həyatının son anlarında mən onunla
bağlı "Yol" proqramında bir verliş
hazırladım. Kim inana bilərdi ki,o cüssəli,
canlı adam - sıxılıb bambalaca qalacaq? O çəkiliş
zamanı verlişin rejissoru göz yaşlarını saxlaya
bilmirdi. Mən onda bu lövhəni belə
adlandırdım":Şair ölüm
ayağında deyil,Ölüm şair
ayağındadır."
Eldar mənə çox doğma idi. Dünyasını
dəyişəndə sona qədər onunla oldum. Onun qardaşı yox idi.Ona qardaş mən oldum.
Yuyulmağa mən apardım, qəbir evinə də
mən yola saldım. O xatirələrimin canlı
sakinidir.
Eldar BaxışınAzərbaycan ədəbiyyatdakı
yeri həmişə görünür. Artıq poeziyanın
Eldarsız qalmasından 18 il keçir...Mən
onun şeirlərini hər zaman oxuyuram. Şeirləri
təkrarsızdır. Elə tək "Sərçə
balası"nı götürün. Elə
hamısı... Tək qalanda Eldar Baxış
şeirlərinə üz tuturam. Bəzən
dərdimi, sevincimi, kədərimi, ağrımı demək
üçün gözüm onu axtarır. Mən
Eldarın timsalında çox nüfuzlu bir dost, qələm
adamı itirdim.
O 48 il yaşadı, 49-a keçmişdi. 50 -yə
çata bilmədi.
Eldar Baxış həyatın "plansız təsərrüfat"
olduğunu bilmədi.
O
çox şey düşünürdü,
planlaşdırırdı, həyata keçirmək istəyirdi.
Təəssüf ki, Tale Eldar Baxışa bu
şansı tanımadı."
Eldar Baxışın nurlu xatirəsinə işıq
salan bu yazını hazırlayarkən kiçik bir
araşdırma aparıb, haqqında yazılanları diqqətlə
oxuduq. Xeyli maraqlı materiala rastladıq. Onların içində istedadlı gənc yazar
Cavid Zeynallının şairin ailə üzvləri ilə
söhbətləşdiyi "Sərçə
balası", xüsusilə, diqqətimizi çəkdi.
Müsahibənin illərin o üzündən
günümüzə daşıdığı
informasiyanın bəzi qaranlıq mətləblərə
çıraq tutduğunu nəzərə alıb, bir hissəsini
diqqətinizə çatdırmağı qərara aldıq.
Şairin
bacısı Ceyran xanımın C.Zeynallıya dediklərindən:
"...Biz
üç qardaş, bir bacı olmuşuq. İki
qardaşım Eldardan əvvəl dünyasını dəyişib.
1996-cı ildə Eldar məni tək qoyub getdi.
Atamız kolxoz sədri işləyirdi, biz
uşaq olanda infarktdan dünyasını dəyişdi. Yetimçiliklə böyüdük.
- Eldar Baxışın ölümü müəmmalı
qaldı. Hər kəs bu ölümü öz bildiyi kimi
yozur. Düşünürəm, bacısı kimi siz
daha doğrusunu danışa bilərsiniz...
- Eldar
95-ci ildə fars rejimi ilə bağlı kəskin
bir yazı yazmışdı. O vaxt belə deyənlər də
olmuşdu ki, İranın işidir. Rafiq
Tağının ölümündən sonra bu, mənim
ağlıma batdı. Eldarın 18 illik
dostu var İbrahim, "Semaşko" xəstəxanasında
aptek müdiridir. İbrahim zəng vurub ki,
gedək yeyib-içməyə. İndiki
TQDK-nın yanında "Tural" kafesi vardı, gedirlər
orda yemək yeməyə. Eldar xəstə
yatanda mən ondan müsahibə götürmüşdüm,
həmin kaset Mirşahindədi. Eldar həmin
müsahibəsində demişdi, biz kafedə yerimizi tutandan
sonra Prezident Aparatının işçiləri də gəlib
yanımızda əyləşdilər. Başqa stolda da
Füzulidə kolxoz sədri işləyən
üç-dörd adam vardı. Deyir, biz stolu birləşdirdik. Mən
soruşmuşdum ki, Eldar, içkilər butulkalarda qoyulurdu
yoxsa, qədəhlərdə gəlirdi? Cavab
verir ki, yox, süzüb gətirirdilər.
Öz-özümə dedim, elə orda
evimizi yıxıblar. Çörək də
alınma çörək olmayıb, kafedə bişiriblər.
Deyir, boşqabda bir tikə vardı, çəngəli
üç-dörd dəfə həmin tikəyə
batırıb, çəkildim. İstəmirdim
yeyəm o tikəni. Amma süfrədə
yeməyə başqa şey olmadığına görə həmin
tikəni yeməyə məcbur oldum.
... məni çağırıb əlimdən
tutdu ki, bacı öləcəm. sən
qağamın torpağı, get Xırdalan qəbiristanlığına,
lap axırıncı təpənin başında mənə
yer ayır, ora Qubadlının xırda təpələrinə
oxşayır. Vəsiyyət elədi ki, mənim ruhum
heç vaxt qəbirə girməyəcək, Qubadlı
alınanda Bakıda qoyma məni, apar kədimizə!
Xəstə yatanda AzTV-dən, Yazıçılar
Birliyindən kimlər gəlib-gedirdilər, baş çəkirdilər?
- Qulu Ağsəsi tanıyarsan, o vaxt AzTV-də işləyirdi. Yaxşı
oğlandı Qulu. Eldarın ağır
vaxtlarında gəlib ağladı ki, Eldar müəllim, bəs
deyirdin, elçi gedib sənə qız alacam? Sən
olmasan, mənim elçiliyimi kim edəcək?!
Xəstə yatanda Anar iki-üç dəfə
gəlib baş çəkdi. Eldarın dostları
içində ən sədaqətlisi Azad Qaradərəli ilə
Aqil Abbas oldu! Anar bir dəfə mənə dedi ki, Eldarın
bizdən fərqi odur ki, o fəhləylə də,
sağıcıyla da, ziyalıyla da, deputatla da dostdur, amma biz
bu cür deyilik."
Ay özgələr,
heyyyyy!
Ay
özümüzünkülər, heyyy!
Bu milləti
qırın ki, çoxalsın,
Bu milləti
döyün ki, ayılsın,
Bu milləti
öldürün ki, dirilsin,
qırın, köpək uşağı,
döyün, köpək uşağı,
öldürün... - deyirdi Eldar Baxış. Maraqlıdır, görəsən bu ölkənin uğruna ölənlər, uğruna yaşamaq üçün mübarizə aparanların - gənc nəslin yaddaşında necə qalıb?
Ayxan Ayvaz:
"Mən onun kitabını vərəqləyəndə bir daha əmin oldum ki, Eldar Baxış Azərbaycan ədəbiyyatında heç kimə bənzəməyən şairdir. Bəzən belə düşünürəm ki, bizim ədəbiyyatımızda təpədən dırnağa şair yoxdur, bütün şairlərimiz bir-birinin təkrarıdır. Eldar Baxış isə dünya poeziyasına baş əyməmiş, öz ruhumuzu, öz düşüncəmizi şeirlərində qoruyan Azərbaycan şairdir. Onun şeirlərində bizim sevdiyimiz qızların həqiqi obrazı, qarşılaşdığımız təbii, saf insanlar var. Eldar Baxışın bütün şeirləri heç bir düşüncəyə, heç bir cərəyana sızmadan öz nəfəsiylə qarşımıza çıxır. Məncə, o sadəcə özü kimi qaldığı üçün poeziyamızda əvəzedilməz insandır".
Əziz oxucu! Biz səninlə yazar və qələm sahiblərinin aracılığı ilə Eldar Baxış adlı bir dünyaya baş vurduq.Bizim, ömrünü xalqı üçün şam kimi əridən, başdan-ayağa poeziya mücəssəməsi olan Eldar Baxışı unutmağa mənəvi haqqımız yoxdur. Şairin oğlu, rejissor-aktyor Tural Ağayevin bir xatirəsi var. Tural bəy C. Zeynallı ilə söhbətində danışır:
"Atam bir əhvalat danışmışdı, onu xatırladım. Bir xanın nökəri ölür, başqa bir xan yaxınlarını da götürüb gedir başsağlığına. Yolda çapar xəbər gətirir ki, ölən nökər yox, xanın özüdür. Xan bunu eşidəndə əmr edir ki, karvanı geri qaytarın. Vəzir təəccüblənir, xan sağ olsun, bunun hikmətini bizə başa sal, niyə belə edirsən? Xan deyir, kişi özü öldü də, daha məni kim görəcək ki? Getmirik! Bilirsən, indi də xan özü ölmüşdü! Atam öləndən sonra elə bil bu adda adam heç vaxt olmayıb. Məhəmməd Hadiyə yazdığı bir şeiri var:
Bir şairi öldürdülər,
Bir ölkənin ortasında,
Ölkə bilmədi, bilmədi..."
Eldar Baxış poeziyası bizsiz də illərin o üzünə adlayacaq. Amma biz şairin işıqlı xatirəsini yaşatmalı, bilməli, xatırlamalı, anmalı, unutmamalı və gələcək nəsillərə daşımalıyıq.
Günay Səma
Şirvan
Ədalət.-2014.-10 aprel.-S.5.