Uzaq Komidə - Sovet uran yatağını kəşf etmiş alim-geoloq

(əvvəli ötən sayımızda)

 

1945-ci ilin oktyabrından Uxtakombinatın Şimalı Timan Ekspedisiyasına R.Vəkilovu rəis təyin etdilər. C.Kazımov bu ekspedisiyanın tərkibində uzunmüddətli geoloji axtarış işlərində 2 dəfə iştirak etdi; - ilk dəfə 14 ay, sonra isə 9 ay. Ekspedisiyanın baş geoloqu A.İvanovun verdiyi xasiyyətnaməyə görə C.Kazımov "Tundra şəraitində özünü işgüzar, bacarıqlı və dözümlü bir işçi kimi göstərib. O, vəzifə borclarını həmişə vicdanla, səliqəli və düzgün icra edib".

1947-ci il C.Kazımov üçün çox uğurlu olur. R.Vəkilovun rəhbərliyi altında ekspedisiya böyük nailiyyət əldə etdi: - Qütbə yaxın yerdə ilk Sovet uranı yatağı tapıldı! Sovet dövlətinin müdafiə qabiliyyətinin yüksəlməsi yolunda bu kəşfin dəyəri o dövr üçün heç bir ölçüyə gəlmirdi. Bu kəşfin əsas müəllifi şübhəsiz ki, haqlı olaraq C.Kazımov hesab edilirdi. Düşünmək olardı ki, bununla da hər şey yoluna qoyuldu. Böyük zəhmət və gərgin əmək bahasına qazanılmış bu misilsiz nailiyyət C.Kazımovu ruhlandırdı və o Moskvaya, Sovet rəhbərliyinə müraciət edərək vətənə-Azərbaycana buraxılmasını xahiş etdi. Təəssüf ki, müsbət cavab ala bilmədi.

Nəhayət, 1948-ci ilin sonlarında SSRİ-nin Barens dənizi sahilində, Tundrada nəhəng ehtiyatlara malik uran yatağının azərbaycanlı fatehinə məzuniyyət götürərək vətənə gəlmək şansı verilir. İlahi, bu möcüzədirmi? "Xalq düşməni kimi Rusiyanın ən ucqarına göndərilən alim, məhbus, əsil fateh kimi vətənə dönür". Hətta qızı Leylaya Moskvada qol saatı da almaq istəyir. O, necə də sevinir, nəhayət, sevimli qızını, həyat yoldaşı Mariya xanımı və digər yaxınlarını görəcək. Elə bu zaman dəhşətli bir hadisə baş verir. Sibirin kəsici soyuqlarına, məşəqqətlərlə dolu düşərgə həyatına mətanətlə dözməklə əsil qəhrəmanlıq nümayiş etdirmiş insanın - Cəfər Kazımovun bədəninin sağ tərəfi qəflətən iflic olur ki, bu da onun ömürlük əlil qalmasına səbəb olur. Bu ağır xəbəri onun ömür yoldaşı Mariya xanım Kazımova-Siosinskayaya Cəfər Kazımovun rəisi və yaxın dostu Rüstəm Vəkilov məktubunda ehtiyatla, mənəvi cəhətdən yaralamaqdan ehtiyat edə-edə bildirir. Ağır xəstə olan Cəfər Kazımova nəhayət ki, 1949-cu ildə Azərbaycana qayıtmağa icazə verilir. Onu Uxtadan Bakıya həyat yoldaşı Mariya xanım ümumi vaqonda gətirməli olur. Maraqlıdır ki, köməksiz heç bir addım belə ata bilməyən insana Bakıda yaşamağa belə icazə vermirlər və o, Şamaxıda məskunlaşmağa məcbur olur. Lakin qayğıkeş və sadiq həyat yoldaşı onu tez-tez gizli olaraq Bakıya gətirirdi. Bəzən, hətta boşboğaz qonşulardan kimsə milisə xəbər verənədək lap aylarla ailəsinin yanında yaşayırdı. O, Bakıya həmişəlik yalnız 1955-ci ildə tam bəraət qazanandan sonra qayıda bildi.

Sovet İttifaqının rəhbəri Nikita Xruşşovun gəlişindən sonra insanlar, "mülayimləşmə" ab-havası hiss edən zaman o, dəfələrlə təmizə çıxarılmaq - tam bəraət qazanmaq üçün müraciət etdi və nəhayət, partiya sıralarına da bərpa olundu. Fəqət, acı olsa da artıq onun fəal həyat yaşamaq şansı sıfıra enmişdi.

Bakıda məşhur cərrah olan Mariya xanım Cəfər Kazımovun fiziki və mənəvi əzablarının yüngülləşməsi naminə əlindən gələni etdi. Xalqımızın görkəmli oğlu Cəfər Ələsgər oğlu Kazımova 1967-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Qırmızı Əmək Bayrağı Ordeni verildi. Bu dövlət təltifi onun xidmətləri və haqsız olaraq çəkdiyi əzabların müqabilində qismən də olsa mənəvi təskinlik idi.

1968-ci ildə Cəfər Kazımov bu amansız dünyaya gözlərini əbədi olaraq yumdu.

Sözardı:

Artıq nə Sovet İttifaqı var, nə də repressiyalar; bunlar hamısı çox da uzaq olmayan keçmişdə, yaxın tarixdə qalıb... Ötən əsrin 30-40-cı illərində SSRİ-də baş verən siyasi repressiyaların nə qədər insanı qanına qəltan etdiyi, nə qədər ailəni başsız qoyduğu, nə qədər uşağı, ananı və sevimli insanları gözü yaşlı qoyduğu, yüz minlərlə insanı fiziki və mənəvi cəhətdən şikəst etməsi də faktdır... Biz bəzən emosiyaya qapılaraq hər şeyi Mərkəzin, Sovet hökuməti rəhbərliyinin üstünə atırıq, sanki bizdə heç bir günahın sahibi olmayan insanların adlarını bədnam "NKVD"-nin "qara"siyahılarına saldıranlar, lazım gələndə allahsızcasına onların üzünə duranlar azmı olmuşdur? Təəssüf ki, bəzən aparılmış repressiyalara haqq qazandıranlar da olur. Ötən tarixi müddət ərzində repressiya olunanların dərc olunmuş xatirələrindən və arxiv materiallarından bəlli olur ki, bu hadisə hər bir vətəndaş üçün, hər bir ailə üçün ağır faciə idi. Amma nəticədə ən böyük zərbə vətənə, xalqa, ölkənin genofonduna dəydi.

XX əsrin əvvəllərində mükəmməl təhsil görmüş ziyalı, əsil-nəcabətli ailədə böyümüş və gənc ikən vətənə xidməti ilə fərqlənmiş alim-geoloq Cəfər Kazımovun ailəsinin müsibəti həm bizim hər birimizin, həm də bütövlükdə Vətənimizindir. Bu gün biz Azərbaycan vətəndaşları olaraq hər bir vətəndaşımız üçün Allah qarşısında cavabdehik. Çünki, hər bir dövlətin ən böyük sərvəti intellektual sərvətdir. Bu sərvəti yuxarıda qeyd etdiyimiz dövrdə bizdən aldılar və... məhv etdilər... Həmin dəyərlərin daçıyıcıları bizim namuslu, qeyrətli insanlarımızdır. Və biz bu dəyərləri göz-bəbəyi kimi qorumalı və elə etməliyik ki, 37-ci ilin faciəsi bir daha təkrar olunmasın.

 

Ağamahmud Səmədov

Nəsib İlyasov

ədalət.-2014.-11 aprel.-S.6.