2013 - İlin ədəbi mənzərəsi
2013-cü il müstəqil Azərbaycan respublikasının tarixində bir sıra mühüm ictimai-siyasi hadisələrlə, onun iqtisadi inkişafını, beynəlxalq aləmdə nüfuzunu, həyatın bütün sahələrində irəliləyişini əks etdirən reallıqlarla zəngin bir il oldu. Biz bu ili də sevinclərlə yaşadıq; Azərbaycan bayrağının dünya ölkələrində dalğalandığını fərəhlə, qürur hissi ilə müşahidə etdik. Azərbaycan ilk peykini fəzaya qaldırdı, siyasətdə uğurlar əldə edildi, iqtisadiyyatın, kənd təsərrüfatı və sənayenin inkişafında yeni addımların atıldığının, ən başlıcası isə hər bir azərbaycanlının öz ölkəsində azad yaşadığının, artıq bütün yasaqlardan, maddi və mənəvi buxovlardan qurtulduğunun şahidi olduq.
Hər bir xalqın mədəniyyəti də onun tərəqqisinin başlıca stimullarından biridir. Millət mədəniyyətlə başlayır və mədəniyyətlə də qurtarır. Millətin səviyyəsini təyin edən ən başlıca ölçü də elə mədəniyyətin varlığı və tərəqqisi ilə bağlıdır. Bu mənada biz böyük mütəfəkkir şair Məhəmməd Hadinin bir zamanlar pessimistcəsinə söylədiyi acı həqiqəti indi bir sözü dəyişməklə "İmzasını qoymuş miləl övraqi-həyata, Var millətimin xətti bu imzalar içində" kimi ucadan, lap ucadan söyləyə bilərik.
İlin ədəbi mənzərəsindən söz açmamışdan əvvəl bir neçə əhəmiyyətli faktı nəzərinizə çatdırmaq istəyirəm. Keçən il Ulu öndərimiz, bütün fəaliyyəti boyu ədəbiyyata, incəsənətin digər sahələrinə böyük qayğı ilə yanaşan Heydər Əliyevin anadan olmasının 90 illiyi böyük təntənə ilə qeyd edildi və bu yubileydə Azərbaycan yazıçıları da fəal iştirak etdilər. Görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illik yubileyi də klassiklərimizə olan böyük məhəbbətin ifadəsi kimi yadda qaldı. Öz zərif, incə ruhlu poeziyası ilə ədəbiyyatımızı zənginləşdirən Nigar xanım Rəfibəylinin 100, Azərbaycan nəsrinin çox istedadlı bir nümayəndəsi - Ənvər Məmmədxanlının 100, görkəmli şairlərimitz olan Əhməd Cəmilin 100, Məmməd Arazın 80, Cabir Novruzun 80, Xalq yazıçıları Anarın 75, Elçinin 70. Mövlud Süleymanlının 70 illik yubileyləri də ədəbi ictimaiyyətimizin sevinclə qarşıladığı ədəbi mərasimlərə çevrildi. Xalq yazıçısı Anarın Türk xalqları ədəbiyyatının başqanı seçilməsi də fərəh doğuran bir hadisədir. 2013-cü ildə görkəmli Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun, "Qobustan" jurnalının baş redaktoru, istedadlı şair Ələkbər Salahzadənin, daim öz publisistik yazıları və gözəl şeirləri ilə gündəmdən düşməyən Tofiq Abdinin, Yazıçılar Birliyi Mətbuat xidmətinin sədri işləmiş şair Ədalət Əsgəroğlunun dünyalarını dəyişməsi təəssüf hissi doğurur. Allah rəhmət eləsin, - deyirik.
Görkəmli tənqidçi Yaşar Qarayev məqalələrinin birində yazırdı: "Yaddaşı olmayan ədəbiyyat - yalnız yaddaşı olmayan xalqın nəsibidir, siması olmayanın tarixi taleyi, zatı və nəsli, əsli və nəcabəti olmayanın alın yazısıdır. Üfüq, səma, göy-daş saxlamadığı kimi, mənəvi və əxlaqi boşluq da yaddaş saxlamır. Millət-genetik səviyyədə, yaddaş - ağrı səviyyəsində dərk olunmuş vəhdətdən və bütövlükdən başqa bir şey deyildir. Yalnız yaddaş olan yerdə sabitlik və tamlıq var, nəsillər və əsrlər, ilahi və bəşəri dəyərlər və sərvətlər arasında əlaqə və estafet var. Əslində, nəinki təbiət və insan, ekologiya və poeziya da yaddaşdır, həqiqi böyük poeziya - ümumbəşəri yaddaşdır".
2013-cü ilin ədəbi mənzərəsi haqda söz açmaq istəyəndə məhz bu iki söz-Ədəbiyyat və Yaddaş kəlmələrini xatırladıq. Görəsən, 2013-cü ildə yaranan bədii əsərlərdən; sayı-hesabı olmayan nəzm nümunələrindən, həndəsi silsilə ilə artan şeirlərdən fərqli olaraq az-az meydana çıxan poemalardan, nəsr ərazisində əvvəlki kimi kəmiyyətcə öncüllüyünü qoruyub saxlayan hekayələrdən və povestlərdən, XXI əsrin ilk illərindən üzü bəri aradakı sükut buzunu qıraraq "çiçəklənməyə" başlayan romanlardan, yalnız 3-4 dramaturqun araya-ərsəyə gətirdiyi azsaylı pyeslərdən, çoxlu sayda publisistik nümunələrdən və nəhayət, sovet dövründə olduğu kimi müstəqillik dönəmində də ədəbi proseslə ayaqlaşmadığı iddia edilən tənqidin ortaya qoyduğu icmal yazılardan, məqalələrdən, resenziyalardan hansı nümunələr uzunömürlü olacaq? Hansı bir ədəbi əsər təkcə yazıldığı, nəşr edildiyi dövrün - 2013-cü ilin deyil, sonrakı illərin, onilliklərin, bütövlükdə XXI əsrin Ədəbi Yaddaşına köçəcək? Təbii ki, "İlin ədəbi mənzərəsi" adlanan bu məruzədə biz bütün janrları tam əhatə edə bilməyəcəyik. Odur ki, məruzəmizdə poeziya, nəsr, dramaturgiya və ədəbi tənqid haqqında bəzi mülahizələrimizi nəzərinizə çatdıracağıq.
Başlayaq poeziyadan.
2013-cü il Azərbaycan poeziyası tarixində Kolumbun Amerikanı kəşf etməsi, ya da yeni bir Füzulinin şeiriyyət aləminə gəlişi kimi xatırlanmayacaq. Yəni biz heç bir möcüzə ilə qarşılaşmadıq, poeziyanın böyük hadisə sayıla biləcək elə bir məqamı yetişmədi ki, bu xüsusda sevincimizi bildirək. Hətta əvvəlki illərdən fərqli olaraq poeziya ilə bağlı qızğın ədəbi mübahisələrə də təsadüf etmədik. Bu nədir? Barometr niyə fırtına göstərmədi? Niyə sakitlik bu qədər hökmfərmadır?
Bu sözləri poeziyamızın ötən bir ili barədə söyləyərkən qətiyyən o fikirdə deyilik ki, şeirimiz bərbad vəziyyətdədir, onun minləri, on minləri əhatə edən mənzərəsində seçilən, fərqlənən, yaşamağa qadir olan nümunələri gözə dəymir... Belə bir özündən narazılıq, özünü inkar kimə və nəyə lazımmış? Doğrudur, barometr fırtına göstərmir, doğrudur, şeiriyyət aləmində sakitlik hökm sürür, amma Azərbaycan şeiri öz əvvəlki missiyasını şərəflə yerinə yetirir. Və bu missiya ondan ibarətdir ki, Azərbaycan şeiri Azərbaycan gerçəkliyini ifadə edir. Azərbaycan şeiri bizim daxili dünyamızın poetik əks-sədasıdır. Şeir yenə ictimai həyatımızın, mənəvi dünyamızın inikasıdır. Şeir sevgi, təbiət və Vətən məhəbbətinin, dünyaya, cəmiyyətə, yaşadığımız mühitə münasibətimizin şairanə ifadəsidir. Az sonra siz poeziya ilə bağlı iki məruzədə şeirimizin 2013-cü ildəki uğurlarından xəbər tutacaqsınız.
Azərbaycan çoxsaylı şairlər ölkəsidir və bu gün qətiyyən narahat olmağa dəyməz ki, bu qədər şairi olan ölkədə niyə yeni füzulilər, sabirlər doğulmur, dünyaya gəlmir? Bu sual ilk baxışda doğrudan da həqiqət kimi səslənir, axı, niyə doğulmur yeni Füzuli, yeni Sabir? Şeirimiz yeni flaqmanlara ehtiyac duymurmu? Amma belə bir iddiada olmaq da yersizdir və deyək ki, dahilər, böyük şairlər sifarişlə, ya arzu ilə doğulmurlar, onların öz vaxtı, zamanı gəlir...
İlin poeziya mənzərəsini seyr edərkən ilk növbədə, şeirimizdə çox təmayüllülüyün olmasını təsdiqləyirik... Müxtəlif axınlar, tendensiyalarla müşayiət olunan poeziyada hətta bir qədər xaos və hərc-mərclik nəzərə çarpsa da, bunu da təbii qarşılamaq lazımdır. Əsrin əvvəllərindən başlayaraq şeirimizdə postmodernist dalğanın güclənməsi heç də ona gətirib çıxarmadı ki, bu təmayül öncüllük kəsb edəcəkdir. Yox, bu, müəyyən müddət eksperiment rolunu oynadı və hər halda yaxşı bir təcrübə oldu. Əvvəla, postmodernist səpgili xeyli şeirlər dərc edildi, məlum oldu ki, bu səpgili şeirlərə meyl edən cavan şairlər postmodernizm cərəyanının mahiyyətini fransız filosofu Cak Derridanın "Mən yaradıcı deyil, dağıdıcı bir insanam, məhv edirəm, mən dekonstruktivistəm, hər cür simvolizmin, simvolun, ehkamın qənimiyəm" fikrinə itaətlə boyun əyib guya Azərbaycan şeirində inqilabi dəyişmələrə yol açırlar... Əsasən mətnin dekonstruksiyası üzərində qurulan (Bakının dərdi var, Bakı xəstədir, məlum olub ki, prostatında şiş var-Zahir Əzəmət), real dünyanın bütün gözəlliklərinə nifrət edən, ölməyi yaşamaqdan üstün tutan (yaxşı bir təklifim var gəlin özümüzü öldürək - Rasim Qaraca), fərdin iflasını, kiçikliyini, cılızlığını, heç səviyyəsinə endirildiyini ifadə edən (mən əclafam, duzqabımız da əclafdır, əclaflığı bir-birimizə ötürmək müqəddəs borcumuzdur - Əli Əkbər), vizual görüntülərə nail olmaq məqsədini güdən (çıq-çıq, çıq-çıq, barmaqlarını qısqanıram klaviaturaya, pıq-pıq, pıq-pıq qaynayıb daşır çaynikdə su-Cavidan) gbu tipli nümunələr oxucular arasında bir müddət maraqla qarşılansa da, sonrakı illərdə tədricən unudulmağa üz qoydu və 2013-cü ildə bu tipli nümunələrlə demək olar ki, cüzi halda rastlaşdıq. Bu belə də olmalıydı, çünki minillik ənənəsi olan Azərbaycan poetik məkanında hər bir "izm" boy ata bilməz. Bir haşiyə çıxım:
Bunu da qeyd edək ki, poeziyadan fərqli olaraq nəsrdə postmodernist estetikanın prinsiplərinə cavab verən bir sıra əsərlər yarandı. Bu sırada Kamal Abdullanın və İlqar Fəhminin roman və povestlərini misal gətirmək olar. Ədəbi tənqidin də bu sahədə müəyyən fəallığını qeyd etmək olar: Qorxmaz Quliyevin, Aydın Dadaşovun, Əhməd Qəşəmoğlunun analitik xarakter daşıyan məqalələrinin çap olunmağı təqdirəlayiq hadisədir. Qayıdaq yenə poeziyaya...
Bir vaxtlar
şeirin vəznləri arasında
"hecamı, sərbəstmi?" ikitirəliyi,
hansının üstün və daha gərəkli olmasını sübuta yetirmək iddiası da
artıq aradan qalxmışdır. Bir daha məlum oldu ki, yaxşı şeir əsl poetik
istedadın məhsuludur, burada vəznin heç bir rolu yoxdur. Şairlik filoloji diplomla da ölçülmür,
istedad, istedad, yenə istedad ön plandadır... Böyük rus münəqqidi Belinski demişkən: "Şair
olmaq indi o deyil ki, quş
kimi melodik səslər çıxarıb
civildəyəsən, şair
olmaq-poetik obrazlarla düşünmək deməkdir.
Şair olman üçün özünü
göstərmək kimi
xırda arzudan, baş alıb gedən fantaziyanın boş və mənasız xəyallarından,
gözə soxulan hisslərdən, bəzək-düzəkli
kədərdən heç
nə çıxmaz:
bunun üçün
müasir həyatın
məsələlərini dərindən
duymaq, onlara güclü ürək yanğısı ilə yanaşmağı bacarmaq
lazımdır".
Bu gün əlbəttə, istərsə mətbuatda,
növbənöv qəzet
və jurnallarda, istərsə də nəşriyyatların istehsalı
olan kitablarda şeir həddindən artıq çox çap olunur və qocaman şair Fikrət Sadıq demişkən:
"Mühəndislər, polislər,
həkimlər şeir
yazır, deputatlar, vəkillər, hakimlər
şeir yazır, Şeir yazır hacılar, məşədilər,
mollalar, yalançı
bəstəçilər, yalançı
müğənnilər, nazir
də şeir yazır, hətta lap qapıçı da... Tacirlər, satıcılar, şorsatanlar,
südçülər, cavan
qızlar, gəlinlər,
qoca təqaüdçülər".
Ardını davam etdirmirik.
Bu şeir bolluğu,
hətta bəzi televiziya kanallarının
zəif və bəsirətsiz, işıqsız,
alovsuz nəzm qırıntılarına yer
verməsi bizdən öncəki illərdə
də var idi. O səbəbdən
ki, Azərbaycanda həmişə ucuz şeir bazarı gen-bol olmuşdur, lakin bu bazarda
satılacaq mallar vaxtından tez çürümüş, sıradan
çıxmış və
heç bir qeydiyyata da düşməmişdir.
Əsl şairlərin yaratdığı
əsl şeirlər isə yaşamış və yaşamaqdadır.
Mən əlifba sırası qaydasına əməl edib 2013-cü ildə ədəbi dərgilərdə, həmçinin
digər mətbuat səhifələrində şeirləri
ilə diqqəti cəlb edən, yaxud şeir kitabları işıq üzü görən şairlərin adlarını
çəkmək istəmirəm,
"2013-cü ilin şeiri"
və "Poema yaradıcılığı" məruzələrində yəqin
ki, həmin şairlər və onların şeirləri haqqında söz açılacaq. Ancaq qısaca da
olsa, 2013-cü ildə
diqqəti cəlb edən cavan şairlər haqqında bir neçə kəlmə söz demək istəyirəm.
(ardı
var)
Vaqif Yusifli
Ədalət.-2014.-11 aprel.-S.6.