QƏLƏMİM VƏ KÖRPƏM

 

Otağımda oturmuşam yenə tək.

Bir şeir həvəsiylə sinəmdə çırpınır ürək.

Xəyalım dost elləri gəzib dolanır mənim,

İntizar içindədir əlimdəki qələmim.

Mən yazmaq istəyirəm, tükənməyən həvəslə,

Kağızın üzərində qələm gəzməmiş hələ

Körpəm açır gözünü.

Ağlayır için-için.

Qışqırır, sanki deyir:

"Gəl yemək ver mənimçün"

Xəyal uçur, qələmim hərəkətsiz qalır bax,

Ürəyimdə iki eşq üz-üzə gəlir ancaq:

Hər ikisi əzizdir mənimçün həyat kimi,

Hər ikisi ruh verir mənə nəqərat kimi.

Hər ikisi balamdır - ömrümün meyvəsidir,

Tükənməyən ilhamım, ürəyimin səsidir.

Bir əlimdə qələmim, bir əlimdə körpə, mən

Masamın arxasında əyləşirəm təzədən.

Körpəm baxır üzümə, gülümsünür arabir,

Onun bu gülüşləri artıq şeirə çevrilir.

 

 

YAZMAQ ARZUSU

 

Eldən soraq gəldi, sevin, ey nəğməm,

Sevincin, şadlığın bir bulaq olsun.

Azadlıq eşqilə gülsün bu aləm,

Arada həsrət, fəraq olsun.

 

Gülün, ey yazısız qalan varaqlar!

Bəyaz sinənizdə yollar görünsün.

Sizi nəfəsilə oxşasın bahar,

O qanadınız şeirə bölünsün.

 

Gül sən ey qələm, sakit durma heç,

Qəlbimin atəşi axsın qəlbinə.

Sənət yollarından cəsarətlə keç,

Elin sınağından çıxaq biz yenə.

 

Sevin, sən sevin, ey yazı masam!

Qoymaram tənhalıq sıxa qəlbini.

Yaxın dostum kimi səni anmasam

Vəfasız tanıyar bu ellər məni.

 

Çoxdandır başımı qoyub sinənə

Şirin xəyallara dalmamışdım heç.

Arzumu, sözümü bildirib sənə

Səninlə sübhədək qalmamışdım heç.

 

Gözəldir baş-başa verib axşamı

Ülkər doğanadək nəğmə deməyim.

Alışıb söndükcə göylərin şamı

Bir şeir eşqilə yana ürəyim...

 

OLMASAYDI

 

Kimdən öz gücünü alardı nəğməm

Vətən olmasaydı, el olmasaydı?

Bahara tərif yazardı qələm

Sal buzlar əriyib sel olmasaydı?

 

Qanadsız bir quşa bənzərdi aşıq,

Niskilli adam tək gəzərdi aşıq,

Bu dərdə qədər dözərdi aşıq

Sədəfli sazında tel olmasaydı?

 

Nərgiz gözlərində qan-yaş tökərdi,

O yaşıl otların artardı dərdi,

Güllərin başına kim əl çəkərdi

Səhər xəfif əsən yel olmasaydı?

 

Köyrəlmiş könlümə əl vurma, həkim,

Qoy hicran dərdini mən özüm çəkim.

Vüsalın qədrini kim bilərdi, kim

Həsrətli, nisgilli il olmasaydı?

 

Şair, günlərin eşqilə yarat,

Hünər meydanıdır anamız - həyat,

Şeirin pərvazlanıb açmazdı qanad

Orda xalqın səsi, bil, olmasaydı!

 

 

ELLƏR

 

Səsimə səs verin, nəğməmə nəfəs,

Siz ey həyatımın ziynəti ellər!

Bu könül sözümü eşitsin hər kəs,

Sizinlə tapmışam şöhrəti ellər!

 

Mən bir qaranquşam, qanadım sizdə,

Çiçəyəm, günəşim, həyatım sizdə.

Şairəm, məclisim, büsatım sizdə,

Dilim əzbəri, söhbəti ellər!

 

Nəğmə bir körpə uşaq kimidir,

Bar verən bəhrəli budaq kimidir,

Ən yaxın, mehriban qonaq kimidir,

Bu gün sizdən alar qiyməti, ellər!

 

Ayrılıq deməkdən dil qabar oldu,

Ömrün baxçasında boran, qar oldu,

Özüm tək, şeirim intizar oldu,

Kaş balam görməsin qürbəti, ellər!

 

Fəqət, pozulmadı əhdim, ilqarım,

Bildim, qarşıdadır yenə baharım,

Təki azad olsun doğma diyarım,

Mən çəkim, mən çəkim möhnəti, ellər!

Sağalar vətənin yarası, dərdi,

Təbriz dönə-dönə imtahan verdi,

Deyirlər, ayrılıq gəldi-getdi,

Taparam sizinlə ülfəti, ellər!

 

 

ÇİÇƏKLƏR

 

Macar torpağında bitən çiçəklər,

Qorudum soyuqdan, küləkdən sizi.

Uzun yollar keçib döndüm yurduma,

Körpəm tək oxşadım ürəkdən sizi.

 

Oxşadım, oxşaram, qədər varam,

Hava da günəşdə qoy sizin olsun!

Şirin nəğmələrim, bir sinəmdə

Alışan atəş qoy sizin olsun!

Bizim bu ellərdə gözəl deyiblər:

Bəxşişin böyüyü, kiçiyi olmaz!

Yüz yol dolanaram başınıza mən,

Bircə butanız da saralıb solmaz.

 

Qoymaram toz qona ləçəyinizə,

Ey Azər qızına qonaq çiçəklər!

Hicran da yol tapmaz ürəyinizə

Azaddır bu hava, torpaq, çiçəklər!..

 

İçiniz Bakının şirin suyundan,

Ətriniz məst etsin dostu, tanışı.

O lətif tellərə mirvari taxsın

Ərköyün xislətli bahar yağışı...

 

Sizi Təbrizə aparacağam,

Ən əziz, ən gözəl ərmağan kimi.

O gün macar qızı sevgilisiylə

Gələcək yurduma bir mehman kimi.

 

O gün kama çatmış təbrizli ana

Bir məclis quracaq təzə, çiçəklər!

Sizi eyvanına düzüb deyəcək:

Səfa gətirdiniz bizə, çiçəklər!

 

 

NAZİM HİKMƏTƏ

 

Bizi tanış etdilər gözəl bir yaz axşamı,

Sevincimdən titrədi dodağım yarpaq kimi.

O mavi gözlərindən ayırmadım gözümü,

Sən dayandın önümdə başı qarlı dağlar kimi.

 

Qəlbinin hərarəti axdı qəlbimə, ey dost,

Elə bil İstanbulla Təbriz yanaşı durdu.

Salon alqışladıqca hər nəğməni, sözünü

İki zəhmətkeş elin ürəyi birgə vurdu.

 

Dedin ki, qalmamışam Cənub elində qonaq,

Sərin bulaqlarından əyilib içməmişəm.

Arpa təpəsinin, Şibli gədiyinin

Qazyalı yollarından ömrümdə keçməmişəm.

 

Dedin: eşitməmişəm mən Təbriz gözəlinin

qəmli nəğməsini, şən mahnılarını.

Oranın havasıyla heç nəfəs almamışam,

Görməmişəm o yerin qışını, baharını.

 

Dedin: oturmamışam mən Araz qırağında,

Onun ilıq nəfəsi nəfəsimə dəyməyib.

Yay isti günəşdən qorunmaqçün şairi

Söyüdlər yol üstündə başlarını əyməyib.

 

Dedin: fəqət duymuşam hər zaman, hər an sizi,

Şaxtalı qış günündə, gözəl bahar çağında.

Gah səngərə yatmışam, gah da bir aşıq kimi

Gəzmişəm azadlığın, xoş günün sorağında.

 

Dedin ki, inanmışam haqqın qalib səsinə,

Yenə Təbriz gələcək nurlu bir səhər kimi...

Mənim İstanbulum da azad olacaq o gün,

Bu qoşa ad gəzəcək Şərqi nəğmələr kimi...

 

Sən dedikcə, qardaşım, hər arzum məhəbbətim

Sinəmdə çiçəklənib qovuşdu ilk baharla.

Gördüm sən Təbrizdəsən yanında Məhəmmədin,

Mən İstanbuldayam Arazla, Etibarla...

 

Mədinə Gülgün

ədalət.-2014.-12 aprel.-S.20.