2013 - ilin ədəbi mənzərəsi

(əvvəli ötən saylarımızda)

 

"Bu gün Azərbaycan oxucusunun roman oxumağa, yaxud povest, hekayə mütaliə eləməyə vaxtı yoxdur" deyirlər və ilk baxışda bu fikrə haqq qazandırırsan. Çünki oxucu internet səhifələrində istədiyi romanı, povesti, hekayəni oxuyur onun "Azərbaycan", "Ulduz" jurnallarında dərc edilən, həmçinin kitab halında çap olunan romanlara girişməyə həvəsi qalmır. Amma bu, heç doğru fikir deyil əgər yaxşı bir roman meydana çıxırsa, özü internetdə yox, deyək ki, "Azərbaycan" jurnalında dərc edilirsə, onun oxucuları həmin jurnalın öz tirajından qat-qat çox olacaqdır. Bunun əyani şahidiyəm ki, Aqil Abbasın Qarabağ hadisələrini əks etdirən "Dolu" romanı "Azərbaycan" jurnalında işıq üzü görən kimi bir nüsxəsi belə satışda qalmadı. Bunun sirri nədəydi? Onda idi ki, müəllif həqiqəti qələmə alırdı. Deməli, romançı ilk növbədə, yaşadığı dövrün reallıqlarını ədəbiyyata gətirməlidir, minlərlə oxucunun ürəyindən keçənləri bədii həqiqətə çevirməlidir.

Müasir nəsrimizlə bağlı bir məsələni açıqlamaq istərdim. Bizim müşahidələrimizə əsasən, Azərbaycan nəsrində sosial təfəkkür çatışmazlığı hiss olunur. Yəni XX əsrin 80-90-cı illərinin XXI əsrin ilk onilliyinin ictimai-siyasi həyatını əks etdirən, həm bu təzadlı, son dərəcə mürəkkəb dövrü, həm dövrün özü qədər mürəkkəb insan psixologiyalarını əks etdirən nəsr əsərlərimizin sayı çox azdır. Biz nostalgiyaya qapılmırıq, amma bir həqiqət var ki, sovet dönəmində tutaq ki, Sabir Əhmədlinin "Dünyanın arşını", "Qanköçürmə stansiyası", Yusif Səmədoğlunun "Qətl günü", "Astana", "Bayatı Şiraz", Çingiz Hüseynovun "Məhəmməd, Məmməd, Məmiş", Anarın "Yaxşı padşahın nağılı", Elçinin "Ölüm hökmü", İsi Məlikzadənin "Quyu" kimi cəmiyyət həyatının müxtəlif sahələrini sanki güzgüdə əks etdirirlərmiş kimi açıb göstərən əsərlər yaranırdı, bu əsərlərdə necə deyərlər, gəmidə oturub gəmiçi ilə savaşmaq davası gedirdi. Amma indiki nəsrdə yaşadığımız cəmiyyətin təzadları, mürəkkəb insan taleləri ilə nadir hallarda qarşılaşırıq.

Yenə nəsrlə bağlı bir məsələ narahatçılıq doğurur. Müasir dövrümüz çox mürəkkəb təzadlı hadisələrlə doludur. Biz müxtəlif insan taleləri ilə qarşılaşırıq. Bəs bu dövrün qəhrəmanı kimdir? Bədii nəsrimizdə, roman povestlərdə hansı obrazı müasir dövrün aparıcı qəhrəmanı hesab etmək olar? Yəni elə bir obraz ki, o öz şəxsiyyətdə bu günün aparıcı meyllərini əks etdirsin. Bizim nəsrdə təəssüf ki, belə bir qəhrəmanla rastlaşmırıq. Ayrı-ayrı maraqlı, hətta orijinal təsir bağışlayan obrazlar diqqəti cəlb edir, amma bütövlükdə aparıcı qəhrəmanlar yoxdur... Müəlliflər bəlkə belə bir qəhrəmanı yaratmaq istəyirlər, amma bədii niyyət elə niyyət olaraq qalır... gerçəkləşmir.

Müasir Azərbaycan dramaturgiyasının 2013-cü ildə kəmiyyət baxımından mənzərəsi çox acınacaqlıdır. Dram əsərləri əsasən baş ədəbi dərgimiz olan "Azərbaycan" jurnalında çap olunur. 2013-cü ildə cəmi üç pyes- dramaturgiya ilə ciddi məşğul olmayan Aydın Talıbzadənin "Tubinot", Mehman Musabəylinin "Toy səyahəti" bir pərdəli pyesi son iyirmi ildə bir dramaturq kimi tanınan, pyesləri teatrların repertuarından düşməyən Əli Əmirlinin "Ünvansız qatar" iki hissəli dramı jurnalda dərc edilmişdir. Ona görə müasir dramaturgiyamızın vəziyyətindən söz açanda bir ilin yox, bir neçə ilin dram əsərlərindən söhbət açmaq lazım gəlir. Əslində, müasir Azərbaycan dramaturgiyası əsasən dörd müəlliflə təmsil olunur. Elçinin "Qatil", "Şekspir" pyesləri son illər Baş teatrın repertuarında birincidir. Əli Əmirlinin pyesləri həm Akademik teatrda, həm digər teatrlarda müvəffəqiyyətlə oynanılır. Bu sırada az da olsa, Afaq Məsudun da adını çəkmək olar. bir hələlik Akademik teatrda heç bir əsəri oynanılmayan, amma digər teatrlarda uğur qazanan, özü bu sahədə məhsuldar işləyən Firuz Mustafanı da unutmaq olmaz.

Burada bir məqamı nəzərə çarpdırmaq istərdik. Vaxtilə Azərbaycan teatrları müəlliflərlə sıx işləyirdi, Sabit Rəhmanın, Səməd Vurğunun, Mirzə İbrahimovun, Anarın, Bəxtiyar Vahabzadənin bir dramaturq kimi yetişməyəndə teatrlar mühüm rol oynayırdılar. Son illərdə, bəzi istisnaları nəzərə almasaq, bu əməkdaşlıq o qədər hiss olunmur. Teatrların, xüsusilə əyalət teatrlarının səhnəsində ortabab, zəif əsərlər tamaşaya qoyulur.

Nəhayət, ədəbi tənqidin vəziyyəti ilə bağlı bir neçə kəlmə...g

Neçə illərdir ki (həm sovet dövründə, həm indi-müstəqillik dönəmində), tez-tez "bizdə ədəbi tənqid yoxdur", yaxud "tənqid öz vəzifəsini, missiyasını yerinə yetirə bilmir" s. bu qəbildən olan fikirlərlə qarşılaşırıq. Özü bunu söyləyənlərin əksəriyyəti tənqidçi olmayanlardır - şairlər, nasirlər... Bəli, bütün janrlarda olduğu kimi, ədəbi tənqidin müəyyən nöqsanları, tənqidçilərin özünəməxsus çatışmazlıqları olmuş indi var. Amma "tənqid yoxdur" kimi qeyri-elmi hətta qeyri-etik səslənən bu fikir yanlışdır. Dostayevskinin bir fikrini misal gətirmək istəyirəm: "Bəşəriyyətin inkişafında tənqid təbii hadisədir. İncəsənətin bizə ancaq obrazlarda təqdim etdiyini tənqid şüurlu olaraq araşdırır. İncəsənəti idrak etməklə tənqid həyatı, gerçəkliyi idrak edir". Bu fikri bütünlüklə Azərbaycan ədəbi tənqidinə şamil etmək olar.

Bu gün "tənqidçi" deyəndə biz həm "tənqidçi-ədəbiyyatşünas" tipini nəzərdə tuturuq. Hər hansı bir tənqidçinin həm ədəbiyyatşünaslıqla bağlı kitablar, məqalələr çap etdirdiyini görürük əslində, ən yaxşı tənqidçi həm ən yaxşı ədəbiyyatşünasdır. Təbii ki, sırf ədəbiyyatşünaslıqla məşğul olanları tənqidçi kimi səciyyələndirmək olmaz.

Tənqidin spesifik idrak hadisəsi olduğunu, ədəbiyyatşünaslıqdan bir sıra fərqli xüsusiyyətləri ilə seçilməsi məlum məsələdir. Ancaq bu gün sırf tənqidçi tipinə nadir hallarda rast gəlmək olar. Çünki əksər tənqidçilər ədəbiyyatşünaslıqla da məşğuldurlar.

Bu gün mətbuatda onlarla, yüzlərlə resenziyalar, məqalələr çap edilir bunların əksəriyyətinin tənqid janrına heç bir aidiyyəti yoxdur. Kiminsə əsərini tərifləyib göylərə qaldırmaq, hansı müəllifin şəninə difiramb oxumaq adiləşib bu tipli yazılarda tənqidçi təfəkkürü yox, tost demək, ciddi, ağıllı təhlil əvəzinə məzmun danışmaq ön plandadır.

Bəs müasir ədəbi tənqidi kimlər təmsil edir 2013-cü il daxil olmaqla son iki ildə bu tənqidçilər ədəbi prosesə hansı töhfələrini vermişlər.

"Tənqid yoxdur" deyənlərə bildiririk ki, müasir Azərbaycan tənqidi müəyyən qüsurlarına baxmayaraq Belinskinin "tənqid hərəkətdə olan estetikadır" təliminə sadiq qalmışdır. Elçinin ədəbiyyatın ən vacib və ən ağrılı problemlərinə müraciət edib ədəbi prosesdə canlanma yaratması, "Sosrealizm bizə nə verdi?", lap bu yaxınlarda "Aqoniya" yoxsa təkamül" tənqidi əsərləri, Nizami Cəfərovun müasir ədəbiyyatımızla, ayrı-ayrı sənətkarların yaradıcılığı ilə bağlı sanballı məqalələri, "Tarixiliyin müasirliyimüasiriyin tarixiliyi" tənqidi məqalələr məcmuəsi, İsa Həbibbəylinin həm yaradıcı, həm də təşkilatçılıq fəaliyyəti, xüsusilə XX əsr Azərbaycan ədəbiyyatının bütün dövrlərini əhatə edən portret yazıları, Qorxmaz Quliyevin nəzəri əhəmiyyətli məqalələri, müasir AvropaAmerika ədəbiyyatları ilə bağlı araşdırmaları, Şirindil Alışanlının "Ədəbi-bədii düşüncənin sərhədləri" və "Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı" kitabları, Tehran Əlişanoğlunun lap bu yaxınlarda çapdan çıxan "Müstəqillik illəri Azərbaycan ədəbiyyatı" monoqrafiyası və onun redaktorluğu ilə nəşr edilən "Tənqid.Net" jurnalında dərc edilən tənqidi yazılar, Arif Əmrahoğlunun Azərbaycan nəsrində epik janrla bağlı tədqiqatları, Rüstəm Kamalın "Sö işığa danışdım" məqalələr toplusu, İradə Musayevanın "Tənqidin sözü-sözün tənqidi" tənqid kitabı, Nizaməddin Şəmsizadənin müasir şair və yazıçılarla bağlı rəy və çıxışları, ədəbi tənqiddə öz fəallığı ilə seçilən Əsəd Cahangirin "Kim yatmış, kim oyaq" tənqidi məqalələr kitabı, Rahid Uluselin çox dəyərli "Müasir Azərbaycan tənqidi" kitabı və hər ilin ədəbi yekunlarına həsr olunmuş müşavirədə tənqidin vəziyyəti ilə bağlı icmalları, Cavanşir Yusiflinin Əli Kərim yaradıcılığı və bədii mətnlə bağlı maraqlı mülahizələri, Nərgiz Cabbarlının "Yeni nəsil ədəbiyyatı" iki cildlik tənqid toplusu, Elnarə Akimovanın keçən il nəşr edilən "Azərbaycan ədəbi tənqidi müstəqillik illərində" kitabı, Təyyar Salamoğlunun ədəbi tənqidimizin şəxsiyyətləri ilə bağlı oçerkləri, həmçinin Rəhim Əliyevin, Aydın Talıbzadənin, Qurban Bayramovun, Tahirə Məmmədin, Firuz Mustafanın, Zaman Əsgərlinin, Yaşar Qasımbəylinin, Məmmədəli Mustafayevin, Əlizadə Əsgərlinin, Bəsti Əlibəylinin, Südabə Ağabalayevanın, Qanturalının, Nərmin Kamalın, Maral Yaqubovanın, Mətanət Vahidin, Günay Qarayevanın məqalə və çıxışları, kitab və məqalələri "tənqid yoxdur" fikrinin yanlış olduğunu sübut edir. Təbii ki, bu adlarını çəkdiyim müəlliflərin bir qismi tənqidlə az məşğul olurlar, daha çox nəzəriyyəçidirlər, ədəbiyyat tarixçiləridir, amma bu da məqbuldur, çünki ədəbi tənqidin bazasını da nəzəriyyə və ədəbiyyat tarixi təşkil edir.

Tənqidlə bağlı daha bir məqam. Fikrimizcə, Tənqidin Baş Ştabı yoxdur. Azərbaycan Yazıçılar Birliyində Tənqid və publisistika sektoru fəaliyyət göstərir. Onun müəyyən faydalı işləri var, keçən il iki tənqidçinin-Əsəd Cahangirin və Rüstəm Kamalın tənqid kitablarının müzakirəsi keçirildi. Amma bu, sovet dövrü ilə müqayisədə dəryada damla kimidir.

Daha sonra. Ədəbi tənqidin sıralarına cavanlar gəlir. Onların sayı az olsa da, hər halda tənqiddə yeni nəfəslər, yeni səslər yaranır. Özübu yenilərin bir çoxu özlərindən əvvəlki nəsildən seçilir, fərqlənirlər, dünya ədəbi prosesinə yaxşı bələddirlər, nəzəri səviyyələri yüksəkdir. Lakin onların içərisində eləsi var ki, Azərbaycan ədəbiyyatına yad nəzərlərlə baxır və bu ədəbiyyatın özünəməxsus milli cəhətlərini nəzərə almırlar. Əlbəttə, bu, qorxuludur.

Sevinirik ki, Nizami adına Ədəbiyyat İnstitutunda "Ədəbi tənqid" şöbəsi yaradılmışdır. Bu şöbənin qarşısında böyük vəzifələr durur. Dörd cildlik "Azərbaycan ədəbi tənqidinin tarixi"ni yazmaq, ayrı-ayrı görkəmli tənqidçilərin əsərlərini çapa hazırlamaq, yubileylərinin keçirilməsində fəal iştirak etmək və hər şeydən əvvəl, tənqidçi kadrları yetişdirmək bu şöbənin öhdəsinə düşür.

2013-cü il artıq bizim üçün tarixdir, ötən ildir, aylardır, günlərdir. Amma o ildə yaranan ən gözəl əsərlərin isə köhnəlmək qorxusu olmayacaq.

 

Ədalət.-2014.-16 aprel.-S.7.