Xəzərdə döyünən ürək

 

Yüz altmış ildən çox tarixi olan Azərbaycan neft sənayesində yüz minlərlə insan işləyib. Lakin adını neft sənayemizin salnaməsinə yazdıran insanların sayı çox az olub. Belə xoşbəxt neftçi-şəxsiyyətlərdən birineft sənayesinin qazma sahəsində şərəfli ad qazanmış, şan-şöhrətə sahib olmuş, ismi, soyadı Ağa Nemətulla, Usta Piri, Usta Baba Pirməmməd, Usta Dostəli, Mixail Kaveroçkin, Neftçi Qurbanb. məşhur simalarla bir sırada çəkilən buruq ustası Süleyman Orucəli oğlu Bağırovdur. O Süleyman Bağırov ki, dəniz neft sənayesinin ilk cığırdaşlarından, zəngin "qara qızıl" ehtiyatlarına malik Xəzərin qəhrəman fatehlərindən olmuşdur.

Neft Daşlarının dünyaya tanıdılmasında müstəsna xidmətləri olmuş bu məşhur buruq ustasını yaşlı nəsil neftçilər yaxşı xatırlasa da, orta və gənc nəsil neftçilərin onun necə peşəkar neftçi, necə böyük insan olması barədə təsəvvürləri çox təəssüf ki, səthi xarakter daşıyır. Ən yaxşı halda ad-soyadını çəkə bilirlər. Çünki onun barəsində həddən artıq az yazılıb. O, başqaları ilə müqayisədə çox az təbliğ olunub. Nəzərdən keçirdiyimiz yüzlərlə qəzet-jurnalda, kitablarda Süleyman Bağırovun adına, soyadına təsadüfi hallarda rast gəlmək olar. Halbuki onun qürur doğurucu tərcümeyi-halı vardır. Onun mənalı, keşməkeşli ömür yolu gəncliyə xalqa xidmətin bariz nümunəsi kimi gözəl örnək ola bilər. Unutsaq, unudularıq. Xatırlamasaq, xatırlamazlar. Süleyman Bağırov unudulmamağa layiq, ləyaqətli neftçi - şəxsiyyət ömrü yaşamış bir insan kimi daim xatırlanmalıdır, daim anılmalıdır. Sovet ideologiyasının mənəvi qurbanlarından olmuş (birini ucaldıb, digərini aşağılatmaq) Süleyman Bağırov haqqında düşünərkən müdrik bir fikir yada düşür: "Ölümdən sonra da bir həyat var. Ölümdən sonrakı həyat, xalqın şüuru, yaddaşında yaşamaqdan ibarətdir. "Əgər mən sağlığımda faydalı görmüşəmsə, deməli, bu həyatı, "öləndən sonra yaşamağa" haqq qazanmışam. Həyatın əsl mənası budur: elə yaşa ki, ölümdən sonra ölmə".

1957-ci ilin payız günlərinin birində Xəzərdə tufan, qasırğa, təbii fəlakət zamanı özüldə qazdığı Qala Lay Dəstəsindən 378 saylı quyunu uğurla başa çatdırmaq əzmi ilə çalışaraq öz briqadası ilə sona qədər quduz dalğalarla mübarizə aparmış, fəqət son nəticədə faciəli surətdə həlak olmuş Süleyman Bağırov da ölümündən sonra ölümsüzlük qazanmış buruq ustası kimi bu günyaddaşlarda yaşamaqdadır. Görkəmli buruq ustası, məşhur neftçi-qazmaçı Süleyman Orucəli oğlu Bağırov 1926-cı ilin dekabrın 27-də Əcəmi, Mominə xatun, Hüseyn Cavid yurdu Naxçıvanın Nehrəm kəndində kasıb kəndli ailəsində dünyaya göz açmışdı. O kənddə ki, məşhur yazıçı-dramaturq, böyük demokrat Cəlil Məmmədquluzadə ən gözəl əsərlərini yaratmış, Nehrəmli uşaqlara dərs demişdir. Balaca Süleyman da həmin məktəbdə oxumuş, yeddi illik təhsilini burada başa vurmuşdu. Erkən yaşlarından zəhmətə alışmış, ağır güzəran keçirmiş, cadar-cadar olmuş qabarlı əlləri ilə dinclik bilmədən ata-anasına köməkçi olmuşdur. O, şanaçı kimi taxılın xırmanda döyülüb anbarlara yığılmasında kolxozçulara da yaxından iştirak etmişdir. Əmək stajı 1940-cı ildən rəsmi sürətdə hesablanmış Süleymanın əslində zəhmətlə ilk tanışlığı isə 8-9 yaşlarından başlamışdı. 1944-cü ildə ordu sıralarına səfərbər olunsa da minlərlə həmyaşıdı kimi neft mədənlərinə göndərilən Süleyman Bağırov "Artyomneftqaz" trestində işə düzəlir. Qazmaçı köməkçisi peşəsinə yiyələnir. Tezliklə ustasının, yoldaşlarının hörmətini qazanır, zirəkliyi, çalışqanlığı, işə vicdanlı münasibəti fəhmi-fərasəti ilə rəhbərliyin də diqqətini cəlb etdiyi üçün köhnə neftçilərin zəmanətləri əsasında partiya sıralarına qəbul edilir. O vaxt üçün Sov.İKP üzvü olmaq hər kəsə nəsib olmurdu. Yalnız əmək qabaqçılarını, yetkin insanları partiyaya qəbul edirdilər. O, bu etimadı işi, əməli ilə qazanmışdı. İyirmi yaşında gənc kommunist, beş il sonra "Əməkdə fərqlənməyə görə" medalına layiq görüldü. Bu mükafat onu daha da ruhlandırdı. Öz üzərində işlədi, qocaman ustalardan bilmədiyini öyrəndi, qazmaçı kimi püxtələşdi. Yüksək hasilatlı dərin quyuların qazılmasında böyük əmək sərf etdi. Sürətlə və keyfiyyətlə qazma o zamanın tələbi olduğu üçün Süleyman Bağırov da yoldaşları kimi gecə-gündüz nə olduğunu bilmir, yorulmadan çalışırdı. Əməyi də daim mükafatlandırılırdı. Odur ki, ata-anasına, qohum-əqrəbasına da köməyi dəyir, tez-tez onlara pul, pal-paltar, ev-eşiyə gərək ola biləcək başqa əşyalar, uşaqlara lazım olan ləvazimatlar göndərməyi unutmurdu. Həmkəndliləri onu səxavətli, təəssübkeş adam kimi tanıdıqları üçün xətrini istəyir, onun adını tutub Pirallahıya gəlirdilər. O da onlara mənəvi, maddi dayaq olur, yaramaz, naqis adamlardan qoruyurdu. Qabaqcıl neft ustası kimi o Pirallahı qəsəbisində mənzillə təmin olunmuşdu. Bir May küçəsi 79-da yerləşən 13 nömrəli mənzil nəinki qohumların, onu tanıyan Nehrəmlilərin üzünə daimə açıq olardı.

Ötən əsrin 50-ci illərinin əvvəllərində açıq dənizdə qazma işləri böyük vüsət almışdı. Qabaqcıl qazma ustalarını seçib açıq dənizdə işləməyə göndərirdilər. Sınaqdan çıxmış, "Azərdənizneft"in tədris-kurs kombinatında xüsusi dərslər almış və buruq ustası ixtisasına yiyələnmiş təcrübəli insanlardan biriSüleyman Bağırov idi. O, belə peşəkar neftçilərdən biri olaraq öz məsuliyyətini aydın anlayır, dərk eləyirdi ki, tarixi işlərin iştirakçısıdır. Ona görə də köçürülmə yolu ilə işə qəbul olunduğu Çilov adasında yerləşən 2 saylı Qazma kontorunun rəhbərliyinin bütün tapşırıqlarını vicdanla yerinə yetirir, adada qazılan quyuları vaxtından əvvəl, qəzasız, həm də yüksək keyfiyyətlə, məhsuldarlıqla təhvil verirdi. Bunun da əsas səbəbi gözəl, işgüzarmehriban briqada formalaşdıra bilməsi, peşəkarları ətrafına cəm etməsi idi. Yeni gələn gənclər bu briqadada məktəb keçib tezliklə kollektivə uyğunlaşırdılar. Kollektiv qazma prosesi zamanı yaranan geoloji mürəkkəbləşmələri, qəza təhlükəsini ümumi səylə aradan qaldıra bildikləri kimi, işdənkənar vaxtlarda da bir-birinin həyati çətinliklərini birgə sovuşdurmağı da bacarırdı. Buna görə də bəzən bu briqadaya keçmək arzusuna düşənlər də olurdu. Süleyman Bağırov son dərəcə tələbkar, riskli, qətiyyətli buruq ustası olduğu kimi, həm də həssas qəlbə malik, təmiz ürəkli, kin- küdurət bilməyən, paxıllıqdan, həsəddən uzaq ipək xasiyyətli bir insan idi. Başqa briqadalara da köməyini əsirgəməzdi. Axı zəngin təcrübəsi vardı. Zəngin təcrübənin qazmada nə demək olduğunu neftçilər gözəl bilir. Bəlkə də çoxları bilmir ki, Cilov adası neft kəşfiyyatçılarının qərargahı, istinad nöqtəsi olmuşdur. Bəli, Neft Daşları, Xəzərdə digər neft-qaz yataqlarımızın kəşfində, işlənməsində, istismarında burada vaxtilə aparılmış elmi-tədqiqat işlərinin nəticələrinin təhlili mühüm rol oynamışdır. Cilov adasında yaşayan, işləyən eksped - isiya Neft Daşlarına hücumun hazırlıq mərhələsini burada başa çatdırmış, orda görüləcək işlərin planını burada hazırlanmışdır.

Altmış il tarix üçün o qədər də böyük müddət deyil, lakin yuxarıda sadalanan faktları göz önündə canlandıranda görülən işlərin əzəməti, fədakar insanların gərgin zəhməti, qorxmaz, cəsur adamların sürəti bütün parlaqlığı ilə görünür. Bu yatağın açılmasında xidməti olan insanların dünyasını dəyişənlərin ruhuna rəhmət diləmək istəyi baş qaldırır.

Belə insanlardan biri Müslüm Vəliyev idi. Müslüm müəllim bacarıqlı mütəxəssis kimi vaxtilə Çilovda çalışmış, sonralar Kuba Vyetnam respublikalarında işləmiş, respublikanın əməkdar mühəndisi, keçmiş SSRİ-nin fəxri neftçisi kimi yüksək adlara, dövlət təltiflərinə layiq görülmüşdü. ARDNŞ -nin Dənizdə Neft Qazçıxarma İstehsalat Birliyinin geoloji şöbəsinəuzun illər başçılıq etmiş istedadlı neftçi- geoloq 1954-55-ci illərdə Çilov adasında yerləşən qazma kontorunda baş geoloq kimi məsul vəzifədə çalışmışdır. Mərhum Müslüm müəllim xatirələrini bizimlə bölüşən zaman demişdi.

- İdarəmiz köhnə qəsəbədə yerləşirdi. Balıqçıların vətəgələri burada idi. Neftçıxarma mədəninə Bədirxanov soyadlı neftçi rəhbərlik edirdi. Bizim qazma kontorunun direktoru isə Əsgər Səlimov idi. O zaman dənizdə qazma işlərinə artıq başlanmışdı. 66 saylı quyunu qazan Süleyman Bağırov, 45 saylı quyunu qazan buruq ustası Dostəli Rzayev məşhur neftçi kimi ad-san qazanmışdılar. Dənizdə ilk quyunu Qala Lay Dəstəsində qazan S. Bağırov olmuşdu. Biz qazmaçılara-Neft Daşlarından olan həmkarlarımıza da kömək edirdik. Sonralar Süleyman Bağırov tamamilə Neft Daşlarında işlədi, məşhurlaşdı.

Doğrudur, Neft Daşlarında ilk quyunun qazılamsı sonralar Dövlət mükafatına, ölümündən sonra isə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, sağlığında Ali Sovet sədrinin müavini seçilmiş deputat kimi şöhrətlənmiş Mixail Kaveroçkinə nəsib oldu onu zirvələrə ucaltdı. Amma Qara Daşların digər sahələrində çox çətin, geoloji - texniki cəhətdən mürəkkəb sabit olamayan iqlim şəraitində qazılmış quyulara həyat vermək, "can" bəxş etmək xoşbəxtliyi, kədəri-sevinci yaşamaq səadəti Süleyman Bağırov, Usta Dostəli, Neftçi Qurban, İsrafil Hüseynov, Surid Cəfərzadə, Hidayət Əliyev, Oqtay Əhmədov başqa buruq ustalarının taleyinə yazıldı. Bu parlaq şəxsiyyətlərin arasında əlbəttə ki, Süleyman Bağırovun özünə məxsus yeri olmuşdur. Çünki, Neft Daşlarında ən çətin hesab edilən sahələrdə geoloji baxımdan ən mürəkkəb onlarla quyu onun briqadasına etibar edilərdi.Onun briqadası da on min metrlərlə dərinlik fəth edərək, işi uğurla başa çatdırardı, Neft Daşlarında hasilatı artırmaqda, illik planın yerinə yetirilməsində onun briqadasınınüzvlərinin böyük zəhməti vardı. Müharibədən çıxmış bir ölkənin iqtisadiyytaının bərpasının həyati əhəmiyyəti olduğunu iqtisadçılar daha gözəl bilər. Neft həm gün-güzəran, rifahın yaxşılaşması demək idi. Bunu Süleyman Bağırov gözəl bilir, briqadası ilə fədakarlıq nümunəsi göstərirdi. Bəlkə çox keçməyəcəkdi ki, o da bir çox həmyaşıdları kimiSosialist Əməyi Qəhrəmanı adına layiq görüləcəkdi...

Onun böyük arzuları vardı. Böyük gələcəyi heç kəsdə şübhə doğurmurdu. Qiyabi yolla təhsilini artırmaq barədə düşünür, övladlarını oxudub ali təhsilli görmək istəyirdi. Çox təssüf ki, bu ona nəsib olmadı. 1957-ci ilin noyabrın 20-dən 21-nə keçən gecə ilin əksər günlərində qasırğası əskik olmayan Xəzərdə böyük fırtına qopdu. Şahə qalxan amansız dalğalar əjdahaya dönərək Süleyman Bağırov və onun briqadasını cənginə alaraq sulara qərq etdi. Lakin bu müqəddəs, şərəfli ölüm idi. Xalqın gələcək günü naminə öz zəhmətlərini və canlarını əsirgəməyən Xəzər övladlarının qəlbi bu gündalğalarda, ləpələrdə narahat ürək olaraq çırpınır, sahilə gələrək sanki insanları salamlayır. Xəzər neftinin həlak olmuş fatehlərinin bir çoxlarının xatirələri əbədiləşdirilimişdir. Amma onlar daha böyük hörmət və ehtirama layiqdirlər. Ölümündən sonra "Qırmızı Əmək Bayrağı" ordeninə layiq görülmüş, adına Pirallahıda küçə adlandırılmış, elmi - tədqiqat geofiziki işlər aparmaq üçün nəzərdə tutulmuş gəmidə adı əbədiləşdirilmiş Süleyman Bağırovunonun qəhrəman yoldaşlarının əziz xatirəsinə minnətdarlıq ifadəsinin rəmzi olan memorial Obeliskdə adları qızıl hərflə həkk edilmişdir. Amma bununla kifayətlənmək azdır. Onları unutmaq olmaz. Onlar da qısa ömürləri ilə qibtə olunacaq əbədiyyət qazandılar.Öz işləri, əməlləri ilə igidlik, mərdlik, çücaət nümunəsi göstərərək xalqa namusla, vicdanla xidmət edib ad aldılar. Onların xatırlanması, şərəfləndirilməsi gələcək nəsillərə örnək məktəbi olardı.

"Mərddən mərd törər",-deyib ulular.Süleyman Bağırov Xəzər qoynunda uyusa da onun ocağında layiqli oğulları Orucəli, Nadir, qeyrətli, təəssübkeş qızı Xalidə xanım kimi övladları, cəmiyyətdə əsl vətəndaş kimi böyüməkdə olan nəvələri vardır. Onlar ata-bablarının keçdiyi halal zəhmət yolunun, adət-ənənələrimizin davamçıları kimi Süleyman Bağırovun təmiz adının, müqəddəs ruhunun yaşadılmasına, qorunmasına öz əməkləri, elmləri, əməlləri ilə töhfələrini verməkdədirlər. Xalq şairi Xəlil Rza Ulutürk isə onun adını "Süleyman dünyası" şeirində misralarda belə əbədiləşdirilmişdir:

 

Özün su altında uyusan belə,

Dərdin yer üstündə yaşayır sənin.

 

Yaşasaydı 85 yaşı tamam olacaqdı. Ailə üzvləri ilə bu ad gününü öz halal ocağında, doğmalarının əhatəsində qeyd edəcəkdi. Bu ona nəsib olmadı. Amma onun əsl ad günü Xəzərin neft tarixinə faciəli surətdə yazılsa da, parlaq hərflə yazılmış, unudulmayan ad günüdür.

Çünki, "Əsrin müqaviləsi" nin təməli ulu Öndər Heydər Əliyevin təbirincə desək, məhz əfsanəvi Neft Daşları ilə qoyulmuşdur.

 

Vahid Hacıyev

Ədalət.-2014.-16 aprel.-S.6.