ŞƏRƏFLİ ÖMÜR

(Sənədli hekayə)

 

Bir insan ömrü bir tarixdironu başqası yox, o insan özü öz əliylə yazmalıdır, uşaqlıq, gənclik, qocalıq, sevinc-kədər, qazanc-itki, hər şey birər-birər yaddaşa yazılır. İstəsək ötənləri zaman-zaman solmağa, saralmağa qoymayıb, arxivə çevirərik. Arxiv dünəndi, bu gündü, lap elə sabahdı, ömrümüzün dolaylarıdı. Qoy o qalsın gələcək nəsillərə; nəvə-nəticələrə, ərmağan ola bilər. Heyf, heyf, özəl arxiv düzənləmək heç ağlımıza gəlmir. Amma bu, lazımdır, başqa millətlərdən, ələlxüsus yaponlardan şəxsi arxiv düzəltməyi öyrənə bilərdik.

Kimlərəsə yol göstərmək, ağıl dərsi vermək düşüncəsindən uzağamözümü qınağa çəkirəm.

Öncə rastlaşdığım həyat gerçəklikləri, vaqiələr ancaq dünyamda qalıb, yazılı qeydlərimi cırıb zibil qutusuna tullamışam. Onun - qocalsa da, azman gövdəli, qartal baxışlı, nurlu-işıqlı insanın söylədiklərini hələ mənə bivəfa çıxmayan yaddaşımın köməyi ilə qələmə alıram.

 

***

 

Qışın oğlan çağı. Üç gündü kiçik çillə gəlib. Ağzı odludu, qardaşı böyük çillənin arxasınca söylənir: mən sənin vaxtında gəlsəydim, gəlini gərdəkdə, qarının əlini un çuvalında dondurardım. Hərbə-zorbasını, zərbə-zəngini göstərir. Çovğundu, quşbaşı qar yağır, bu azmış kimi soyuq külək əsib, qarı o yan-bu yana sovurur, irəlini görmək necə çətindig

Soyuğu iliyə işləyən bu havada Araz sahilində iki nəfər var-gəldədi. Cavan, laydivar kişinin şaxta, qar vecinə deyil. əlləri arxasında gəzinir, qamışlıqda kiçik şaqqıltı, hərdən bir qurbağa qurultusu belə nəzərindən yayınmır; diqqəti qarşı tərəfdədir: niyə gəlmir, gecikir bu alçaq? Ələ keçdi? İnanmıram! Naşı deyil, dəfələrlə gedib-gəlib qonşu dövlətə! Ağzı bağlı məktub gətiriləcək lap yaxınlıqdakı evə, Yadullanın uzaq qohumunao da o məktubu keçirəcək bu taya... Keçəl Yadulla - bizim agent səfeh, axmaq, ağzıbaşına danışan adam deyil. Ordakı qohumu ilə get-gəli, əlaqəsi möhkəmdi. Bəs niyə yubansın? Görünür, nəsə baş verib. Beləcə, öz-özünə sual verib, cavab alır Məmmədtağı Quliyev - DTK Zəngilan rayon şöbəsinin rəisi.

O biri gözləyən Bakıdan gəlib, elə məktubun ardınca yollayıblar onu. Çəlimsiz, yaşlı bir kişidi Həsənov. Üşüyür, çovğun, soyuq əhdini kəsib. Əlində qalın əlcək var, paltosunun boynunu qaldırıb, amma yenə dözə bilmir şaxtaya, hərəkətləri çətinləşir...g O da Quliyev kimi narahatdır, üzüntülüdür: niyə geciksin agent? Bəyəm yol-rizi tanımır?

Neyləməli? M.Quliyev saatına baxır, 5-in yarısıdır, səhərin açılmasına az qalıb. əməliyyat uğursuz alınacaq? Sabah yuxarı narazılıq eləsə, günahkar o olacaq, yoxsa Həsənov? Əli qılınclı çovqun əhdini kəsib Bakıdan gələn qonağın, amma deyəsən külək səngiyib azacıq, tay qarı sovurub kiçik təpəciklər düzəltmir, Həsənov dili söz tutar-tutmaz nəsə mızıldanır: "Qqqqqayıdaq geri, ssssabah bir şey fikirləşərik" M.Quliyev öz aləmindədi, nəsə götür-qoy eləyir. İri, qara qaşları düyünlənib...g Anidən özü üçün sərt, gözlənilməz qərar verir: soyunur, paltarını qayışı ilə bağlayır, qaldırır başı üstə, qaça-qaça düşür çaya, keçir o üzə, təzədən əyin-başını düzəldir, irəliyə cumur. Heç 200 metr getməmiş, qaibanə səs eşidir. Kimsə, xəndəkdən, toparlanmış qar tığından çıxmağa çalışır... Əlindəki fanarı irəli tutur, paho, bu ki, keçəl Yadulladı...gTez yapışır onun yaxasından, dartıb çıxarır uçqundan, qaldırır yuxarı, atır belinə qaça-qaça gətirir Arazın sahilinə. Yolda təngnəfəs soruşur:

- Ədə, keçəl, necə oldu o məktub?

- Qoyun cibimdədi, arxayın ol, naçarnik.

- İslanıb?

- Yox, yox.

- Bəs niyə yubandın?

- Əmioğlu geçikmişdi. Heç xoşagələn, ürəkaçan söz-söhbət eləmirdi o. Şah qudurub, yenə asıb-kəsir Təbrizdəki azəriləri.. Neçə məşrutəçini aparıb Tehrana, salıblar zindana... Belə baxanda deysən bizim Şura hökuməti sözündən qaçır... Nolacaq bunun axırı, naçarnik?..

"Politurka" maşını tapdı, Həsənovu yola saldı. Sonra evə gəldi. "Bir az dincəlim" düşündü. Azadxanlı Balaqardaş Mədinəyə qısılıb, səhər yuxusuna getmişdilər. Axşam gec yatıblar yəqin, yolunu gözləyiblər. Balaca Kamilsə, yatıb doymuşdu, onu görcək "ata gəldi" deyib, tullandı qucağına... Gözlərini açdı Mədinə, "nə gec gəldin Mamed, sənə dolma bişirmişdim" - dedi.

 

***

 

O vaqidən üç il ötmüşdü. İranla həmsərhəd rayonların şöbə rəislərini Bakıya çağırmışdılar. Əlaqə saxladı qonşularla, nə baş vermişdi görəsən? Nə tədbir var, yoxsa "ÇP" olub? Heç kimin səhih məlumatı yox idi. narahatçılıq, təşviş, fikrin, xəyalın neçə yozumu... Güman ki, SSRİ ilə İran arasında baş verən situasiya ilə bağlıdır...

Yuxarıda kimin işdən götürdülər, kimin aşağı vəzifəyə keçirdilər. Onu isə göndərdilər əvvəllər DTK sədri işləyən Azərbaycan KP(b) MK-nın birinci katibi Mir Cəlal Bağırovun qəbuluna... Rəhbər bu ucaboy, qartal baxışlı, zəhmli cavan çekisti başdan-ayağa süzdü və nə düşündüsə:

- Əyləşin, Quliyev, - dedi, - Sənə mənə verilən məlumata görə, Biləsuvar rayonundansan. Bilirəm, İranla həmsərhəd rayondu sənin doğma el-oban. Yəqin ki, o tayda qohum-əqrəbalarınız çox deyil, eləmi? Atan-anan, bilməmiş olmazsan gizlincə o üzdəkilərlə əlaqə saxlayırlar. Düzdü? Əvvəlcə, mızıldandı, istədi, bu dolaşıq, yuxarıda əyləşən vəzifəli yoldaşlardan eşitdiyi ironik, şifrəli eyhamlar kimi M.C.Bağırovla söhbətində də dərin getməsin: "Görünür, baş idarədəki məxfi şöbə: olmayan yalan. Böhtan dolu danoslar yazıb qoyub onun şəxsi işinə...

 

(Ardı var)

Ədalət.-2014.-18 aprel.-S.6.